Çox vaxt jurnalistikanın o sahədə çalışmağa məcbur olan
qələm adamlarının yaradıcılığına, ümumiyyətlə, həyatına mənfi təsir
göstərdiyi deyilir.
Axar.az məsələni aydınlaşdırmaq üçün media qurumu
rəhbəri, yazarlar və naşir üçbucağına belə bir sualla müraciət
etdi:
"Dolanışıq üçün davamlı olaraq çalışdıqları jurnalistika
yazarlara nə verir və ya onlardan nə alır?"
Teleqraf
Media Qrupunun rəhbəri Aynur Camal media sektorunu Türkiyə ilə
müqayisə etdi:
"Bütün iş yerləri nə verirsə, onu verir – yaxşı əlaqələr,
tanınmaq, seçilmək, peşə sevgisi, vurğunluq və sairə. Vaxt alır,
gözləntiləri doğrultmur. Türkiyədə bir jurnalist ayda 50 min
qazanır, bizdə 500–1000. Bu fərqi görmək əlbəttə yazmaq həvəsini
alır".
"Qanun"
nəşrlər evinin sahibi Şahbaz Xuduoğluya görə, jurnalistika və
ədəbiyyat vəhdətdədir:
"Bilirsiniz, mənim üçün jurnalistika və
yazarlıq bir-birinin içində olan sahələrdir. Onları tamamilə ayıran
bir sərhəd yoxdur. Məsələn, quru rəqəmlər statistikadır, amma o
rəqəmləri yalnız sözlər və cümlələr canlandırır. Və bu canlananda
artıq yazı materialı olur. Bunu yazıçı da yazır, jurnalist də. Yəni
o mənada, əlbəttə ki, bir yazarın jurnalist kimi fəaliyyət
göstərməsi onun sahəsinə yaxın bir fəaliyyət növüdür. Burda sual
başqa cürdür: jurnalistika fəaliyyəti ilə məşğul olan şəxs bu
fəaliyyət növü ilə öz yazıçılığını, öz dolanışığını təmin edə
bilirmi? Məsələn, dünyada çox tanınan yazıçılar var ki, onlar elə
jurnalistikadan, redaktorluqdan və ya nəşriyyatda adi bir işçidən
yazıçılığa gəliblər. Bu mənada bu iki sahənin arasında kəskin bir
sərhəd qoymaq, məncə, düzgün deyil. Aldığı şey isə vaxt, vaxt və
yenə də vaxtdır. Jurnalistika, əlbəttə ki, daha sistemli yazmağı
tələb edir. Və bu sistemli olaraq yazmağın iki tərəfi var. Biri
odur ki, sənin, həqiqətən də, vaxtını alır, yazıçılığa tam
qapanmağa sənə imkan vermir. İkinci bir tərəfdən isə səni daim
yazmaq formasında saxlayır. Yəni bunun həm mənfi, həm də müsbət
tərəfi var. Jurnalistikadan bir yazıçı kimi ayrılıb yalnız yazı ilə
bir əsər üzərində çalışmaq, bəlkə də, həmin yazıçıya uğur gətirməz.
Bilirsiniz, jurnalistika bəzən sonradan yazı mətninə, yəni bədii
mətnə çevrilə bilir. Məsələn, Məmməd Əmin Rəsulzadənin, Əli bəy
Hüseynzadənin, Çexovun, Tolstoyun, Cəlil Məmmədquluzadənin
əsərləri... Dövründə felyeton, esse, məqalə kimi yazılan yazılar
zaman keçdikdən sonra bədii əsər nümunəsi hesab olunub".
Kənan
Hacı jurnalistikanın istedadı məhv etdiyini düşünür:
"Sırf jurnalistika ilə məşğul olanlar üçün bu sahə dolanışığın
yeganə yoludur. Yəni onların sənəti budur və bu sənət vasitəsilə
evlərinə çörək aparırlar. Necə ki, dülgər öz sənətilə pul qazanır,
bənna pul qazanır, jurnalistika da sənətdir. Amma yazıçının
jurnalistika ilə məşğul olmağını heç cür qəbul edə bilmirəm. Yazıçı
oturub romanını yazmalıdır, gedib kimdənsə müsahibə almalı deyil.
Markesin, Heminqueyin məşğul olduğu jurnalistika ilə özümüzü
müqayisə etməyək. Jurnalist öz işi ilə məşğul olmalıdır, yazıçı da
öz işi ilə, əsərini yazmalıdır. Amma Azərbaycan reallığında yazıçı
məcburdur beş yerə yazsın. Və ya günün üçdə iki hissəsini çalışdığı
media işinə ayırsın. Çünki yazmasa, çalışmasa ac qalacaq. Bu, acı
bir reallıqdır, gözümüzün qabağında jurnalistika nə qədər istedadlı
yazıçını tükətdi, axırına çıxdı".
Cəlil
Cavanşir isə elə düşünür ki, jurnalistika böyük həyat təcrübəsi
qazandırır:
"Jurnalistika ilə məşğul olmaq mənim üçün böyük
həyat təcrübəsi qazanmaqdır. Davamlı yaradıcı axtarışlarla məşğul
olmağa imkan verməsə də, çoxlu təcrübə qazanmağıma, insan
tanımağıma böyük köməyi dəyib. Daim formada qalmağa, düşüncələrin
korşalmamasına böyük faydası var. Amma enerjimizi alır. Yazıçılıqla
məşğul olmağa, roman yazmağa, beynimi məşğul edən hekayələri
yazmağa imkan vermir. Bir sözlə, az şey verir, çox şey alır".
Şərif
Ağayar yazıçının mətbuatda işləməsini faciəvi hal hesab
etmir:
"Əksərimiz dolanışıq üçün jurnalist işləyirik. Ona görə bu peşə
haqda aşağı-yuxarı nəsə danışsaq, nankorluq olar. Mətbuatın varlığı
və yazıçının burda işləməsi elə də faciəvi deyil. Əsas odur ki,
azadlığını, təmizliyini, tərəfsizliyini qoruya bilsin. Bir də
yazmağa və oxumağa vaxt tapsın. Qalanı düzələr".