Yuxarı

Bu gün Dünya Turizm Günüdür

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 27-si Dünya Turizm Günüdür.

Kult.az xəbər verir ki, Dünya Turizm Günü ölkəmizdə 2001-ci ildən etibarən geniş şəkildə qeyd olunmağa başlayıb. Məhz həmin il Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatının Seulda keçirilən 14-cü Baş Assambleyasında təşkilata üzv kimi qəbul olunub. 27 sentyabr tarixi ölkəmizdə həm də turizm işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən Dünya Turizm Günü ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunur.

Bu il pandemiya səbəbindən turizm işçilərinin peşə bayramı geniş tədbirlərlə qeyd edilməsə də bu sahənin inkişafı hər zamankı kimi yenə də, dövlətin ciddi nəzarətindədir.

Son illər dövlət səviyyəsində turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər turizmin inkişafında öz müsbət təsirlərini göstərir.

2015-ci ildə turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsini, 2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsini, elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsini və “ASAN Viza” sisteminin yaradılmasını turizm sahəsinin inkişafı üçün görülən çoxşaxəli işlər sırasına aid etmək olar.

Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması isə bu proseslərə kompleks yanaşmanın məntiqi nəticəsi kimi özünü göstərir.

Dövlət Turizm Agentliyi tərəfindən turizm sənayesinin formalaşdırılması, turizm siyasətinin həyata keçirilməsi və sənayenin üzvlərinin bu prosesə cəlb olunması, ölkənin turizm potensialının xarici bazarlarda tanıdılması, tabeliyindəki qoruqlarda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qorunması ilə yanaşı, turistlər üçün daha maraqlı məkana çevrilməsi üçün genişmiqyaslı işlər görülməyə başlanılıb.

İlk addım olaraq “Bir daha bax” (“Take another look”) şüarı ilə Azərbaycanın yeni turizm brendi 2018-ci ilin noyabrında Londonda “Dünya Səyahət Bazarı” (World Travel Market) sərgisində dünya ictimaiyyətinə təqdim edilib. Ən mühüm tədbirlərdən biri ötən ilin dekabrında Dövlət Turizm Agentliyinin nəzdində əsas vəzifəsi qoruqlardakı mədəni irsin effektiv idarəolunmasını təmin etmək, qoruqların büdcədən kənar gəlirlərinin daha səmərəli istifadəsinə nail olmaq olan Qoruqların İdarəetmə Mərkəzi publik hüquqi şəxsinin yaradılması olub.

Rekonstruksiyası, beynəlxalq standartlara uyğunlaşdırılması və ərazisində müasir turizm infrastrukturunun yaradılması üçün ölkə başçısının tapşırığı ilə təmir olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu tamamilə yeni konsepsiyada bərpa olunaraq turistlərin ixtiyarına verilib. Bundan əlavə, ötən ilin mayında Dövlət Turizm Agentliyinin tabeliyində olan 7 qoruqdan digəri “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Prezidentin müvafiq Sərəncamına əsasən hazırlanan yenidən qurulması konsepsiyası təqdim edilib. 2018-2023-cü illəri əhatə edəcək 5 illik konsepsiyanın əsas məqsədi qoruğun uzunmüddətli qorunması, konservasiyası, bərpası yolu ilə Basqalın tarixiliyini özünə qaytarmaq və yerli əhalinin rifahını yaxşılaşdırmaqla turizmin inkişafına nail olmaqdır. Eləcə də “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun mədəni, tarixi və etnoqrafik məkan olaraq qorunması və turizm imkanlarının inkişaf etdirilməsi üçün “Xınalığın inkişaf proqramı” layihəsi işlənib hazırlanıb.

Qeyd edək ki, ötən il ölkəmiz üçün əlamətdar və tarixi bir hadisə olaraq UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Artıq Şəkidən başqa “Xınalıq” Qoruğunun da UNESKO-nun namizəd irs nümunələrinin ilkin siyahısına salınması ilə bağlı müzakirələrə başlanılıb. Hazırda Şəki şəhərinin yeni konsepsiyası üzərində iş başa çatdırılmaq üzrədir, həmçinin “Yuxarı Baş” qoruğunun ərazisində tarix və mədəniyyət abidələri siyahıya alınaraq vahid məlumat bazası yaradılıb. Digər qoruqlarda da müvafiq işlər davam etdirilir.

İnfrastrukturla bağlı layihələrin reallaşdırılması ilə yanaşı, turist məmnunluğunun artırılması məqsədilə turizm sənayesinin üzvləri proseslərə cəlb olunur, turizmin inkişafına töhfə verəcək ictimai təşkilatlandırma işinə dəstək verilir.

Azərbaycan Hotel Assosiasiyası, Bələdçilər Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və bu kimi ictimai birliklərin yaradılması turizm sənayesinin ümumi məqsəd ətrafında birləşdirilməsinə önəmli təkandır.

Turizm sahəsində ixtisaslı kadr hazırlığı xidmət keyfiyyətinin artırılması baxımından önəm kəsb edir. Bu baxımdan Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir.

Azərbaycanın turizm potensialının xaricdə təbliğatı kampaniyasının əsas istiqamətlərindən biri 2018-ci ilin sonundan etibarən Rusiyanın Moskva, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanının Ər-Riyad, Hindistanın Mumbay, Çinin Pekin və Almaniyanın Frankfurt şəhərlərində daimi turizm nümayəndəliklərinin fəaliyyətə başlaması olub. Bu nümayəndəliklərlə yanaşı, daha bir neçə fərqli regionlardan olan ölkələrdə daimi turizm nümayəndəliklərinin açılması da planlaşdırılır.

Qeyd olunan bütün fəaliyyətlər 2016-cı ilin sonunda dövlət başçısının təsdiqi ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunan məqsəd və vəzifələrin həyata keçirilməsinə hədəflənib.

Bu il koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 649,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-avqust aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olub və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə ilə həyata keçirilib.

Bu dövrdə ölkəmizə gələnlərin 28,6 faizi Rusiya Federasiyası, 25,6 faizi Gürcüstan, 17,0 faizi Türkiyə, 7,8 faizi İran, 2,1 faizi Ukrayna, 1,9 faizi Hindistan, 1,8 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,2 faiz olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, hər birindən 1,1 faiz olmaqla Küveyt və Türkmənistan, 0,9 faizi Böyük Britaniya, 0,8 faizi İraq, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və Belarus, 0,6 faizi İsrail, 5,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 77,9 faizini kişilər, 22,1 faizini qadınlar təşkil edib.

Cari ilin yanvar-avqust aylarında Çindən gələnlərin sayı 11,7 dəfə, Cənubi Koreyadan – 10,6 dəfə, İsraildən – 7,9 dəfə, Polşadan – 7,6 dəfə, Yaponiyadan – 7,5 dəfə, İraqdan – 7,4 dəfə, Səudiyyə Ərəbistanından – 7,2 dəfə, Macarıstandan – 6,4 dəfə, Omandan və Birləşmiş Ərəb Əmirliklərindən – 6,0 dəfə, Kanadadan və ABŞ-dan – 5,7 dəfə, Fransadan – 5,5 dəfə, Qətərdən – 4,9 dəfə, Almaniyadan və Niderlanddan – 4,8 dəfə, Böyük Britaniyadan – 4,6 dəfə, Türkmənistandan – 4,5 dəfə, Qazaxıstandan – 4,2 dəfə, İtaliyadan – 4,1 dəfə azalıb.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,2 dəfə azalaraq 18,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,3 dəfə azalaraq 88,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,5 dəfə azalaraq 225,6 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,8 faizi dəmir yolu və avtomobil, 29,1 faizi hava, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,6 dəfə azalaraq 1034,3 min nəfər olub. Ölkə vətəndaşlarının 31,8 faizi İrana, 28,5 faizi Gürcüstana, 19,9 faizi Rusiya Federasiyasına, 11,7 faizi Türkiyəyə, 8,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil etmişdir. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 4,1 dəfə, Türkiyəyə gedənlərin sayı 3,6 dəfə, Gürcüstana gedənlərin sayı 3,7 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 3,2 dəfə azalıb.

Bu ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 78,6 faizi dəmir yolu və avtomobil, 19,1 faizi hava, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Tarix
2020.09.27 / 14:06
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla