Yuxarı

Azərbaycanlı yazıçıdan Tolstoya möhtəşəm məktub

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Etibar Muradxanlı Rusiya Dumasının vitse-spikeri Pyotr Oleqoviç Tolstoya açıq məktub ünvanlayıb.

Kult.az sözügedən məktubu təqdim edir:

Pyotr Oleqoviç!

Sizin Azərbaycanı təhdid edən açıqlamanızı gördüm. “Qarabağda sülhməramlılarımızın başından bir tük əskik olarsa, Saakaşvilinin yuxusunda görmədiyi hadisələr olacaq. O vaxt Tiflisi götürmədik, amma bu dəfə hər şey daha betər olacaq. Rusiya özünü və dostlarını qorumağı bacarır”, - deyə olduqca qeyri-siyasi, işğal mahiyyətli, başqa dövlətin ərazisinə təcavüzü özündə əks etdirən bir çıxış etmisiniz.

Nəzərinizə çatdırıram ki, Azərbaycan oğullarının can verib, qan tökərək sayənizdə Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı 30 ildən sonra hərbi yolla azad etdiyi, Azərbaycanın gücünü, kimliyini bir daha nümayiş etdirdiyi və xalqımızın özünə inamının pik həddə olduğu bir vaxtda bu hədəniz heç vaxt yaddaşımızdan silinməyəcək.

Pyotr Oleqoviç, hər şeydən əvvəl onu nəzərinizə çatdırım ki, Azərbaycan xalqı əmanətə xəyanət etmir, deyəsən, bizi ölümünə müdafiəsinə girişdiyiniz ermənilərlə qarışdırırsınız. “Türkün sözü rusun imzasına bərabərdir” sözünü də bizim tarixçilərimiz və mütəfəkiirlərimiz deməyib – Rusiya tarixçiləri deyib. Bir zəhmət, öz tarixinizi yaxşı-yaxşı oxuyun. Əgər Azərbaycana göndərdiyiniz sülhməramlılar öz həqiqi vəzifələrini bilirlərsə və yalnız sülhü qorumaqla məşğul olacaqlarsa, onlar haqqında narahat olmağınıza dəyməz.

İkinci tərəfdən, Pyotr Oleqoviç, təhdidinizin mahiyyətini anlayırsınızmı? Təhdidinizin kimə ünvanlandığını dərk edirsinizmi?

Heç düşünmürəm ki, Rusiya Dumasının vitse-spikerinin türkün tarixdə oynadığı roldan xəbəri olmasın. Türklərin rus xalqının özünün belə formalaşmasında müstəsna rol oynadığını niyə unudursunuz?

Lideriniz cənab Vladimir Putin dəfələrlə deyib, rusların qanını araşdırsanız, hər üç nəfərdən birində türk qanının axdığının şahidi olacaqsınız. Prezidentinizin sözünə şübhənizmi var?

Bizi hədələməklə möhtəşəm imperiyanızın subyektləri və həqiqi vətəndaşları olan tatarları, başqırdları, yakutları, altayları... da incitdiyinizin fərqindəsinizmi? Sizin bu sözlərinizin əvvəl-axır onları da qıcıqlandıracağından heçmi ehtiyat etmirsiniz? Rusiya dövlətinin özünün varlığına böyük töhfələr verən türk qövmlərini incitməklə Duma vitse-spikeri kimi, sizin siyasi fəaliyyətinizin necə təhlükələrə yol aça biləcəyini fərq etmirsinizmi?

Rusiya böyük dövlət, super-güc kimi hər zaman dünyanın və xalqların taleyində mühüm faktor olub. Amma özünüz düşünün: Donbas, Dnestryanı, Cənubi Osetiya və Abxaziya, Azərbaycan (artıq Qarabağ yazmıram, çünki bu problemi, inşallah, bitirdik)... misalında çoxsaylı münaqişə-problemlərlə Rusiya hara qədər getmək istəyir? 150 milyon olan, sürətlə etnik tərkibi dəyişən, əhalinin artım tempi mənfiyə düşən Rusiyanın sizin kimi qonşuları ilə hədə-qorxu dilində danışan siyasətçiləri bu ölkələri dövlətinə qarşı çevirdiyini anlayırmı?

Əlbəttə, Rusiya böyük dövlət kimi öz maraqlarını qorumalıdır. Axı, niyə Rusiyanın öz maraqlarını qoruması qonşularının Avropaya, NATO-ya, Avropa Birliyinə, ABŞ-a doğru qaçmasına səbəb olur? Niyə Rusiya öz yaxın, yüz illərdir birgə olduğu qonşularını bir-birinin ardınca böyük rəqibinə uduzur? Niyə ukraynalılar, gürcülər, hətta köçürüb torpaqlarımıza gətirdiyiniz və onlar üçün dövlət qurduğunuz, torpağımızı parçalayıb, onlara verdiyiniz ermənilər belə sizdən qaçmaq istəyir?

Niyə sizin subyektlərinizdə belə mərkəzdənqaçma meyilləri sürətlə artır?

Axı, bu gözəl, əzəmətli Rusiya niyə yaxın qonşularını özünə çəkmək, cazibə mərkəzi olmaq əvəzinə hər kəsi özündən uzaqlaşdırır?

Niyə hər dəfə qonşularını öz təsir dairəsində saxlamaq üçün Rusiya mütləq güc faktoruna əl atır? Nə vaxta qədər güclə idarə olunacaq xarici siyasətiniz?

Yəqin xatırlayırsınız, Əmir Teymur ətrafına yığdığı şeyxlərə, o dövrün “siyasi təbliğatçılarına” deyirdi ki, nə vaxta qədər baş kəsməklə, qan tökməklə qalib gələcəyəm mən? Hansı sizin sözlərinizin kəraməti?

Eyni sözləri bir gün Rusiya lideri sizə də deyəcək, bəlkə də artıq deyir. Sizlər bu hədələrinizlə yalnız qonşularınızın heysiyyətinə toxunursunuz, onları alçaldırsınız. Hətta imperiyaların ən qatı tərəfdarları olan ideoloqlar hər zaman imperiya mənsublarına tövsiyə edirdi ki, insanları alçaltmayın, çünki insanlar onların ərazisini işğal edərkən döyüşdə aldığı qılınc yarasını unudur, ancaq təhqirləri heç zaman unutmur və ilk fürsətdəcə qisas almaq istəyirlər.

Siz – Kremlin ideoloqları olmaqla görəvləndirilmiş şəxslər, nə vaxta qədər Rusiyaya, bu gözəl rus xalqına qonşularının nifrətini qazanmaq üçün çalışacaqsınız? Nə vaxta qədər qonşu xalqları təhqir etməklə, onları Avropaya qovacaqsınız? Nə vaxta qədər qonşularınızın nifrətini körükləyəcəksiniz?

Siz bunun fəsadlarını doğrudanmı hesablamırsınız?

Hansı imperiya güc üstündə, hədə üstündə yüz illərlə yaşayıb? Hətta SSRİ kimi xeyli loyal olan imperiya belə 70 il yaşamadısa, siz Rusiyanın gələcəyini niyə sual altına qoymaqda israr edirsiniz?

Niyə Rusiyanı qonşu xalqların sevdiyi, can atdığı bir mərkəzə çevirmək istəmirsiniz?

Bunun üçün sizin hər şeyiniz var: gözəl rus xalqı, böyük ərazi, güc, iqtisadi imkanlar... Ancaq siz bunların hamısını qonşularınızı aşağılamaq, onlarda özünüzə qarşı nifrət yaratmaqla darmadağın edirsiniz.

Baxın ukraynalılara, baxın gürcülərə - sizə münasibətləri necədir? Heç düşünmüsünüzmü ki, Ukrayna sizdən niyə qopmaq istədi? Niyə ukraynalılar öz qardaşları ilə birgə olmaq istəmir?

Pyotr Oleqoviç, tam səmimi olaraq etiraf edin, Rusiyanın öz əhatəsində olan dövlətlər içərisində xəyanət, nifrət görmədiyi xalqların başında türk ölkələri gəlir. Bəli, ətrafınızda olan 5 türk ölkəsi...

Ancaq ən çox xəyanəti kimdən alıb Rusiya? 1828-ci ildə köçürüb Qafqaza gətirdiyi, əvvəlcə İrəvan mərkəz olmaqla 9 min, sonra 29 min kv/km-də dövlət qurduğu ermənilərdən. Hətta ermənilərdə “ikinci dövlət” eşqi də yaranmışdı Qafqazda – cəmi 130 minlik bir əhaliyə, Azərbaycan torpaqları hesabına.

Bu gün bizə ermənilərə görə nifrət püskürürsünüz, ancaq ermənilərin sizə necə xəyanət etdiyinin fərqinə varmaq istəmirsiniz. Halbuki bu ermənilər sizin torpaqlarınıza belə göz dikiblər, Krasnodara belə iddia edirlər. İnanın, ilk büdrəyəndə necə Sorosun qucağına qaçdılarsa, siz ikinci dəfə büdrəyəndə Krasnodarda “ikinci erməni dövləti” quracaqlar...

Pyotr Oleqoviç, sizin simanızda ümumiləşdirdiyim bu sözlər qonşularını təhqir, alçaltma yolu ilə onlarda Rusiyaya nifrət yaratmaq yolunu tutan hər kəsə ünvanlanıb.

İnanın ki, bu ifadələriniz, bu sözləriniz qətiyyən Rusiyanın maraqlarına uyğun deyil, əksinə, Rusiyanın gələcəyinə balta çalmaqdır. Ələlxüsus bütün dünyanın, o cümlədən ABŞ-ın Rusiyanı çökdürmək üçün böyük sanksiyalarla üstünüzə gəldiyi bir anda.

Əminəm, nə demək istədiyimi yaxşı başa düşürsünüz.

Rus xalqına və rus mütəfəkkirlərinə böyük hörmətlə,

Etibar Muradxanlı.

Tarix
2020.11.16 / 10:04
Müəllif
Kult
Digər xəbərlər

Bakı ilə danışıqlarda müsbət irəliləyişlər var - Paşinyan

Ermənistan “Azərbaycan casusu”na 18 il həbs verdi

Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı

Mişa çağırış etdi: Bəsdir rəqs etdiniz, mübarizə aparın!

Bu ölkələr COP29-da birləşməlidir - Quterreş

Qazaxın azad olunan kəndlərindən - Foto

Bu məsələlər üzərində iş gedir - COP29 sözçüsü

Əminəm ki, bu müzakirələr səmərəli əməkdaşlığa yol açacaq

Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait...

Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla