Finlandiya Milli
Kitabxanasının "Yazıçılar və Avropadakı güc" (Writers and power in Europe)
bayram seminarında eston
mənşəli məşhur Finlandiya yazıçısı Sofi Oksanenin oxuduğu "Qəfəsdə
aslan" adlı məruzəsi Azərbaycan oxucularına təqdim edilir. Məruzədə
Sovet İttifaqı zamanı zahiri müstəqillik əlamətlərini saxlamış
Finlandiyanın, eləcə də Estoniyanın Rusiya ilə münasibətlərinə dair
aktual mövzulara toxunulur.
Məruzəsində Oksanen Finlandiya ədəbiyyatındakı söz ifadəsi
tərzləri və böyük güclü qonşu dövləti hər zaman göz önünə alma
siyasətini analiz edir. (Fin dilində boyunəymə, tabeolma siyasətini
ifadə edən "suomettuminen" sözü Azərbaycan dilində olmadığı üçün
tərcümədə "boyunəymə" sözü işlədilir. (İngiliscə "finlandization",
rusca "финляндизация" sözləri mövcuddur...
http://en.wikipedia.org/wiki/Finlandization)
Sofi Oksanen, Estoniya tarixinin qaranlıq səhifələrinə həsr
etdiyi romanlar: "Göyərçinlər hara yoxa çıxdı?", "Stalinin
inəkləri", "Təmizlənmə" (Türkiyə türkcəsinə çevrilib: "Araf") .
Qəfəsdə aslan
Olduqca fərqli, fərqli olduğuna görə də bənzər ölkələr —
Finlandiya və Estoniya arasında böyümüşəm. Hər iki ölkənin
ədəbiyyatı milli oyanış dövründə doğulub. Fincə və estonca o zaman
yazılan ədəbiyyat, milli özünüdərk baxımından önəmli idi. Hər iki
ölkənin ziyalıları təhsillərini öz ana dilində deyil, başqa dildə
almışdılar: Finlandiyada — isveçcə, Estoniyada — baltik almanlardan
ibarət yuxarı təbəqə — almanca. Fin və eston dilləri sadə xalq və
kəndli dili idi deyə, onların ədəbiyyata uyğun olması şübhə
doğururdu. Hər iki ölkə Rusiyaya tabe idi.
Milli eposlarımızda ortaq məqamlar var, onlar eyni vaxtda nəşr
edilib və şifahi ənənəyə əsaslanırlar. Finlandiyada Elias Lönnrotun
yazdığı "Kalevala" dastanı 1835-ci ildə işıq üzü gördü. "Kalevala",
Lönnrotun Kareliya ozanlarından topladığı materiallara əsaslanır.
Estoniyada Fridrix Robert Faehlmannın təməl işi üzərində sonralar
Fridrix Kreutzvaldın yaratdığı "Kalevipoeq" eposu üzə çıxmışdı.
Şifahi ənənənin kitablaşması önəmli dönəm idi, bu — milli
kimliyin təməl daşı idi. O zaman fin və estonlar dövləti olmayan
xalqlar idi, lakin onlar mədəniyyətsiz və tarixsiz deyildilər.
Bizim öz dilimiz və böyük milli hadisələrimiz olmuş, yeni doğulan
ədəbiyyatda da özünü göstərmişdi. Tarixi və böyük hadisələri
yazılmış xalqlar, tarixi və önəmli hadisələri yazılmamış xalqlardan
həmişə daha yaşlıdır. Bu, o vaxt aydın dərk edildi. Uzun çəkmədi,
1917-ci ildə Finlandiya, 1918-ci ildə də Estoniya
müstəqilləşdi.
Müstəqil dövlətləri olan bu iki fin və eston dilləri nadir
fin-uqor dillərinə aiddir. Müstəqilliksiz nə ədəbiyyatımız, nə də
bir çox başqa fin-uqor xalqlarındakı kimi, dilimizin gələcəyi
olacaqdı. Bu dil qrupunda 20 dil var, bu dildə danışanların sayı 23
milyona çatır. Yalnız fin, eston və macar dilləri və
ədəbiyyatlarının vəziyyəti yaxşıdır, öz dövlətlərində mövcuddurlar.
Yerdə qalan digər fin-uqorların, demək olar, hamısı Rusiyada
yaşayır. Rusiya isə yerli xalqların hüquqlarına elə də cəsarətli
yanaşmır. Bu dillərin bir çoxu ölmüş və ya ölmək təhlükəsindədir.
Fin-uqor dilləri, bir çox digər yerli xalq dilləri kimi, hər zaman
sömürgəçilik təhdidi altında olmuşlar. Xalqları birləşdirən amil —
tarixi təcrübələrdir. Bizim təcrübələr — təhdidolma
təcrübələridir.
Finlandiya və Estoniya arasındakı ədəbi fərqlər —
müstəqilliyindən sonra Estoniyanın üç işğala məruz qalmasında,
Finlandiyanın isə müstəqilliyini saxlamasında özünü büruzə verir.
Bu fərq — milli yaddaşımızın ədəbiyyatımızda necə əks
etdirilməsində, yaxın tariximizin önəmli dönəmlərinin, eləcə də
milli travmalarımızın necə dəyərləndirilməsində özünü göstərir. Hər
halda, ümumi olan odur ki, siyasi səbəblərə görə ictimai analizi
mümkün olmayan məsələləri götür-qoy eləmək məkanımız —
ədəbiyyatımızdır. Bu vəziyyət — xalqın yaşam şərtidir.
Finlandiyanın ədəbiyyat tarixində Rusiya
Tez-tez sual verilir: Rusiya imperiyasına aid məsələlərdən niyə
belə çox yazıram, yazdıqlarım da niyə həmişə Estoniyanın sovetlər
tərəfindən işğalı ilə bağlıdır? Mən bunu Finlandiyanın ənənəsinə də
bağlayıram. Finlandiyada tarixi romanlar sevilir. Onların
əksəriyyəti Finlandiya tarixinə aiddir. Burada Rusiyanın da daimi
təsiri var. Milli nağılımız da, Sakari Topeliusun yazdığı
"Qayınağacı və ulduz"u da Rusiyaya bağlıdır. 1893-ci ildə çıxmış bu
nağılda, doğma ev həsrətindən, Finlandiyadan oğurlanıb Rusiyaya
qaçırılmış uşaqlardan danışılır. Uşaqlar, evlərinin həyətindəki
qayın ağacını, budaqlarında səhərlər quşların oxumasını, axşamlar
isə budaqlarının arasından ulduzun parıldamasını yada salardılar.
Uşaqlar evlərinə qayıtmağa çalışır, bir il yol gedəndən sonra
balaca quşcuğazın bələdçiliyi ilə gəlib evlərinə çatırlar. Bu
nağıl, Topeliusun qohumlarının başına gəlmiş hadisələrə
əsaslanmışdı. 1713-1721-ci illərdə rusların Finlandiya işğalı böyük
kinə səbəb olmuşdu. Sakari Topeliusun atasının babası Kristofer
Topelius böyük kin zamanı, 1714-ci ildə, anası ilə qaçıb bir
sığınacaqda gizlənmişdi. Buna baxmayaraq, kazaklar oğlan uşağını
anadan zorla alıb Rusiyaya qul etməyə aparmışdılar. İllər sonra
oğlan qaçmışdı, hər zaman günəşin qürub tərəfinə doğru addımlayaraq
gəlib cənubi Finlandiyaya çıxmışdı. Finlandiyadan Stokholma keçməyə
çalışanda, təsadüfən öz anasına rast gəlmişdi.
Finlandiya ədəbiyyatında böyük kin dövrünün başqa bir izi də —
Finlandiyanın ilk tarixi romanıdır. Rus işğalı və onun nəticələri
haqda yazıçı Fredrika Runeberq "Katarina Boyye xanım və qızı" adlı
roman yazdı. Böyük kin illərini əks etdirən bu əsər 1858-ci ildə
işıq üzü gördü.
Fredrika Runeberqin həyat yoldaşı, xalq şairimiz Lüdviq Runeberq
də tariximizi ədəbiyyata daşımaqda maraqlı idi. O, "Vənrikki
Stoolin hekayələri" poemasını yaradır. Şeirin birinci hissəsi
1848-ci ildə, ikinci hissəsi isə 1860-ci ildə nəşr edildi. Şeir,
Finlandiyanın ozamankı yaxın tarixindən, Finlandiyanın
müharibəsindən — İsveçin Rusiyaya qarşı bəhrəsiz müdafiə savaşından
bəhs edir. Poemanın ilk şeiri "Maamme" ("Ölkəmiz" - İ.U.)
Finlandiyanın milli himnidir. Bu əsər Finlandiya ədəbiyyatında
mərkəzi yeri olan və ən çox oxunulan əsərlərdən biridir.
Əsər, müharibə şəraitində olan Finlandiyanın Rusiyaya
birləşdirilməsinə fin məmurları və zadəganlarının razılaşmağa hazır
olduqlarından bəhs edir. L.Runeberqin fikrincə, buna əks olaraq,
fin xalqı siyasi rəhbərlikdən qat-qat daha vətənpərvərdir. Kitab
senzuraya məruz qalır, lakin Runeberq kitabını öz hesabına nəşr
etdirməyə müvəffəq olur. Bundan sonra su qaba girmiş olur. Kitab
milli oyanış çağında üzə çıxıb sürətlə satılır. Kitab Qış savaşı
zamanı İncil və hava təhlükəsindən müdafiə haqda broşürlər qədər
satılmışdı. Bu günədək də Finlandiyada ən çox satılan kitab
sayılır.
İncəsənət adamlarımız üçün Kareliya daima önəmli bölgə
olmaqdadır, çünki Kaleva lirikasının əksər hissəsini Lönnrot məhz
oradan toplamışdı. Kareliya musiqisi, rəsm və söz sənəti ta
qədimdən tanınır. Lakin Paris sülh müqaviləsinə əsasən Finlandiya
Kareliyanı itirəndən – Sovet İttifaqına uduzandan sonra, fin
ədəbiyyatında yeni janr — mühacirət ədəbiyyatı — yaranır.
Kareliyadan Finlandiyaya yarım milyon fin vətəndaşı qaçır. Eyni
zamanda Finlandiya Sovetlərə boyun əyməyə, tabe olmağa məcbur olur.
Mühacir qadın yazarlar öz əsərlərində güclü Kareliya yaradır.
Finlandiyanın boyunəymə dövrünün tənqidçiləri bununla razı
olmasalar da, oxucular mühacirət ədəbiyyatını sevdi. Örnəyin,
mühacirlik haqda yazmış Laila Hirvisarinin tarixi romanları beş
milyonluq Finlandiyada dörd milyondan artıq satılıb. İtirilmiş
Kareliya Finlandiya ədəbiyyatının əbədiyyən bir parçası olaraq
qaldı. Kareliya haqda ictimai müzakirələrin çətin dönəmlərində,
tariximizin bu ağrılı-acılı nöqtəsini yalnız ədəbiyyatla
ovutmuşuq.
Finlandiya ədəbiyyatında bu və ya digər yöndə Rusiya ilə bağlı
hekayələr elə çoxdur ki, səbəbləri indi heç kəsdə sual doğurmur. Bu
məsələlərdən və tariximizdən yazmaq üçün vaxtımız çox olub. Bunun
üçün öz qayda-qanunlarımız var. Rusiya haqda geniş ictimai
söhbətlər gedib həmişə siyasətə çıxsa da, tarixi romanlar öz
populyarlığını saxlamaqdadırlar. Bunun səbəbi də öz-özlüyündə
aydındır. Müqayisə üçün ən çox satılan tərcümə kitablarının
siyahısına baxaq: əksəriyyəti beynəlxalq rəğbət qazanmış detektiv
əsərlərdir, bu siyahıda tarixi romanlar olduqca azdır. Finlandiyada
tərcümə edilmiş kitablar öz yazarlarımızın kitablarından daha az
satılır. Başqa şimal dövlətləri ilə müqayisədə yazarlarımızın ən
çox satılan kitabları siyahısında detektiv romanlar azlıq təşkil
edir.
Rusiya haqda Finlandiyada necə danışmalı
İndiyədək işıq üzü görmüş romanlarımdan üçü Estoniyanın yaxın
tarixi və işğal illərinə aiddir. İldən-ilə mənə ünvanlanan
sualların əksəriyyəti dəyişməz qalır: niyə Estoniyanın yaxın
tarixindən yazırsan? Sanki bunun üçün nəsə xüsusi bir səbəb
olmalıdır. Finlandiyada ilk romanım çıxandan sonra, 2000-ci illərin
əvvəllərində, bu sual çox verilirdi, xaricdə isə sual yenə də
verilməkdədir. Hərdən belə mövqe ilə də rastlaşıram: Estoniyanın
yaxın tarixi haqda yazmaq — Rusiyanın əleyhinə yazmaq deməkdir.
2003-cü ildə ilk romanım çıxanda, Finlandiyada da bəzi jurnalistlər
kitabımın sovetlərə qarşı yazılıb-yazılmadığını düşünürdülər.
Burada boyunəymə hadisəsinin örnəyi ilə rastlaşırıq.
Boyunəymə — daha güclü dövlətin zəif dövlətin daxili işlərinə
qarışması deməkdir. Bu hal, Sovet İttifaqının rəsmi dağılmasıyla
Finlandiya üçün bitdi. Boyunəymə məsələsi senzurada özünü büruzə
verirdi, ictimai siyasətimizə, qəzetlərə, hansı filmləri
göstərməyimizə təsir edirdi. Təhsil Nazirliyi də məktəblərdə Sovet
İttifaqına qarşı hər hansı bir mənfi mövzunun, xüsusilə də tarix
dərsliklərində söylənilməsinin qarşısını alırdı. Sovet İttifaqını
yaxşı qələmə vermək üçün məktəblilərə dəyişdirilmiş məlumatlar
verilirdi, məsələn, kənd təsərrüfatının kolxozlaşdırlması
sovetlərdə guya tamamilə könüllü keçirilirdi; Praqa baharı
hadisələri hakimiyyətin qeyri-qanuni yolla devrilməsi təhlükəsi
səbəbindən baş vermişdi; Sovet İttifaqının dövlət qurumunun
fəaliyyəti yaxşıdır və heç bir sosial problemləri yoxdur. Və ya:
Baltik dövlətlərini Qızıl Ordu alman işğalından azad etdi və onlar
"yeni dövlətlər kimi Sovet İttifaqına qoşuldular".
Ona görə də qəribə deyil ki, Estoniya haqda yaşıdlarım ilk dəfə
yeniyetmə çağında, ana dili dərsində qohum dillər haqda keçəndə
eşitmişdilər. İşin qəribə tərəfi odur ki, söhbət Finlandiyanın
Sovet işğalından öncə və bu günədək ən yaxın qonşu ölkəsindən
gedir. Sovetlərin yaddaşitirmə qurğusu belə işləyirdi, qonşu ölkədə
də həmçinin.
Hər bir xalqın, hər bir dövlətin elə böyük hadisələri var ki,
onlar bütün xalqın həyat təcrübəsini dərindən zədələyir, təsir edib
xalqı birləşdirir. Ukrayna üçün bu — Qolodomordur (aclıqdan
qırılma. - İ.U.), ermənilər üçün — qətliamdır, yəhudilər üçün
Holokostdur, finlər üçün Qış savaşıdır, Baltik millətləri üçün də
sürgünlərdir.
Yazıçıların müharibəyə münasibətlərinin nə dərəcədə uyğun
olub-olmamasına baxmayaraq, Finlandiyada, demək olar, savaş bitən
kimi Qış savaşı haqda yazılmağa başlandı. Klassiklərimiz Vəinö
Linnanın "Naməlum əsgər" romanı və Paavo Rintalanın əsərləri kitab
davasını oyatdı. Lakin onlar nəşr edilən və oxunulan kitabları
Finlandiyada yazırdılar.
Stalinin ölümündən sonrakı ottepel (siyasi ilıqlıq dövrü. -
İ.U.) dövründə Finlandiyada həbs düşərgələri ədəbiyyatının —
finlərin QULAQ düşərgə təcrübələri xatırələrinin də nəşrinə
başlanıldı. Kitablar uğurla da satıldı. Siyasi vəziyyətin davamı
olaraq senzura və özünüsenzura çərçivələri yenidən daraldı. Sovet
İttifaqında olduğu kimi, bizlərdə də illər boyu senzura daima
dəyişilməz qaldı.
Mühacirət ədəbiyyatı
İşğal olunmuş Estoniyada vəziyyət başqa idi. Sovet hakimiyyəti —
Estoniya Respublikasına aid hər şeyin qadağası demək idi.
Əzbərlədiyimiz və Finlandiyanın müstəqillik günündə həmişə
oxuduğumuz "Maamme" himnini oxuduğumuz zaman Estoniyada Estoniya
bayrağı, himni və bayraqdakı göy-bəyaz rənglərin birgə nümayişi,
eləcə də müstəqillik bayramının keçirilməsi yasaqlandı.
Finlandiyada milli tarix, Qış savaşı haqda məktəbdə oxuduğum vaxt,
Estoniyada sürgünlər və işğal haqda söz açıb nəsə danışmaq yasaq
idi.
Bunun əvəzinə işğal və sürgünlər barədə mühacirətdə yazılırdı.
Sovet işğalına görə yaranmış Estoniya mühacir mərkəzləri Sovet
işğalı ilə doğranılan, senzura ilə susdurulan Estoniya ədəbiyyatını
yaşadırdılar. Estoniyadan qaçmış mədəniyyət xadimləri nəşriyyatlar,
qəzetlər, məktəblər təsis edir, İsveç və ya Kanadada kitablar nəşr
edirdilər.
Bu kitablar, əlbəttə, Sovet Estoniyasına gəlib çıxmırdı. İsveçdə
"Eesti Kiryanike Kooperativ", mühacir ədəbiyyatından başqa digər
önəmli Estoniya yazıçılarının əsərlərini də çap edirdi. Məsələn,
ömrü boyu Estoniyada yaşamış Helmi Rüütlinin əsərləri İsveçdə Aili
Helm ləqəbi ilə nəşr edilmişdi. Yazıçının sovet həbsxanasında
yaşadıqları haqda "Kuradil ei ole varju" adlı sənədli romanını
finlandiyalı Anu Marttila tarlalarının arasında gizlədərək
Tallindən Helsinkiyə, oradan da İsveçə keçirə bilmişdi.
1944-1990-ci illər arasında Estoniyadan kənarda eston dilində 75
mühacir yazıçının 267 romanı və 181 şeir toplusu, 90 yazıçının isə
151 memuarları işıq üzü görmüşdü.
Bu kitabları oxuduğum ilk məqam yaxşı yadımdadır. Kitab
biçimində və ya jurnal səhifələrində normal təəssürat bağışlayan və
məsələn, işğal və sürgünlər haqda danışılan estondilli mətnlər
adama möcüzə kimi gəlirdi. Bundan öncə mənim, həqiqətən də,
müqayisə obyektim yox idi. Sovet Estoniyasının kitab dükanlarından
eston dilində sürgünlər haqda kitab tapa bilməzdim. Sovet
Estoniyasında millətin tarixi yaddaşı şifahi ənənəyə söykənirdi,
biz də ona etibar edirdik.
Fərdidən ictimaiyə
Müstəqillik dövründə Estoniyada bioqrafiya bumu başlandı. Yaxın
keçmişə qiymət verən memuarlar, avtobioqrafiyalar və elmi ədəbiyyat
geniş vüsət aldı, fərdi təcrübələr ictimailəşdi. Müstəqillik — həm
yazı dili və ictimai söz azadlığı, həm sovet senzurası və təbliğatı
boyunduruğundan çıxmaq demək idi. Yaxın keçmişdəki hadisələr haqda
öz adınla, həm də üstüörtülü, evfemizmlərlə yox — açıq danışmaq
imkanı yarandı. İşğal haqda düşündüklərini ifadə edib ürəyini
boşaltmaq — müstəmləkəçilikdən, kolonializmdən dil vasitəsilə də
qurtulmaq demək idi. Yeni dil, müstəqillik dili istifadəyə verildi.
On illər boyu qadağan edilmiş ifadələr işlənməyə başlandı. Şifahi
tarixi xatirələrin yazıya dönməsi – "Kalevipoeq"in yazı biçiminə
düşməsinə bərabər hadisə idi.
Estoniyada nəşr edilən bioqrafik yazılar, memuar məhsullar ən
populyar ədəbiyyat janrı kimi qalmaqdadır. Tarixi romanlar bu
populyarlığa çata bilmir.
1993-cü ildə Rusiya işğalçı olduğunu etiraf etdi. Sonra tədricən
vəziyyət gərginləşməyə başladı. 90-cı illərdən bəri tarix — Baltik
dövlətlərinə qarşı aparılan informasiya müharibəsinin mərkəzidir.
Baltik dövlətləri öz tarixlərini yazmaq haqqı uğrunda indi də
mübarizə aparmaq məcburiyyətindədirlər. Putinin hakimiyyətə
gəlişindən sonra bu mübarizə daha da həyəcanlandı. Moskva
Estoniyanın işğal olunmasını davamlı olaraq inkar edir. Müstəqillik
anomal və istisna bir hal sayılır.
Boyunəymə dövrünün ən qatı çağında finlər Lenini müstəqilliyin
zəmanəti sayırdılar. Müstəqilliyin bizə Lenin tərəfindən
verildiyini sovet hakimiyyətinin yadına salırdılar. Putinin şəxsi
həyat dastanı Moskvanın Estoniya kompleksini daha da bərkitdi.
Putinin öz bioqrafik hekayələrində nəyin doğru olub-olmadığını
bilmirik, lakin ictimaiyyətə belə deyilib: sabotajçılara qarşı
aparılan mübarizə kampaniyasında iştirak etmiş NKVD işçisi —
Putinin atası — Estoniyada həyata keçirdikləri əməliyyatlar zamanı
estonlar tərəfindən isti qarşılanmamışdı. Deyilənlərə görə, atası
estonlardan yemək istəmiş, lənətəgəlmiş estonlar isə kişini
almanlara satıblarmış. Bu hadisədə məntiqə zidd məqamlara görə,
həqiqətən də baş verib-vermədiyini demək mümkün deyil. Ancaq bu
söz-söhbətlər, eston xalqını onun atasının satqını kimi qələmə
verir. Bu da Moskva ilə Estoniya arasındakı nifrətə əla əsas verir.
Putinin yaxın çevrəsində Sovet Estoniyasında zamanını keçirmiş
başqa şəxslər də vardır. Onların da başına bu kimi hadisələr gəlib,
bu haqda geniş kütləyə məlumat da verilib. Dövlət adamlarının
birdən-birə belə şəxsi təcrübələri ilə bölüşməsi, bu şayiələrin elə
Rusiyanın öz agentlikləri tərəfindən yayıldığına şühbə yaradır.
Belə hadisələr Rusiyanın Estoniyaya qarşı informasiya müharibəsinə
hazırlaşmasının bir hissədir.
Putinin şəxsi miflərində NKVD qürurverici bir agentura
şəbəkəsidir, Estoniya üçün isə NKVD – işgəncə təşkilatıdır.
İmtina çatışmazlığı
Sürgünlərin nə olduğunu bilən və ya heç nə bilməyən bir çox
ölkələrdə kitablarım haqda çıxış etmişəm. İzah edəndən sonra hər
halda insanlar söhbətin nədən getdiyini tez anlayır. Sürgünlər və
Qış savaşı bəlli il tarixi, bəlli də coğrafiyası olan konkret baş
vermiş hadisələrdir.
Boyunəymə dövrü — açıqlandıqca ağırlığı ilə diqqəti çəkən siyasi
bir haldır. Finlandiya sərhədlərindən kənarda bu, çox az tanınır,
özlərinin başına gəlmədiyinə görə də buna sadəcə siyasi həll kimi
baxılır. Bununla belə, Ukrayna savaşında bunu Ukrayna üçün hətta
çıxış yolu kimi məsləhət edənlər də var. Bu məsləhətçilər finlərin
fikrini soruşmayıblar, bu tövsiyələr Finlandiyanın özü tərəfindən
verilməyib. Araşdırmaçı Mika Aaltola boyunəyməyə məruz qalmış
Finlandiyanı zooparkda saxlanılan aslanla müqayisə edir:
görünüşündən yaxşı təsir bağışlayır, lakin onun həyat şərtləri
olduqca problemlidir.
Həqiqətən, Sovet İttifaqının dağılmasından sonra Finlandiya
Rusiya ilə bağlı ictimai təşkilatların istifadəsi üçün Estoniya
qədər yeni dil və termin yaradılmasını lazım bilməyib. Rusiyaya
yönələn ictimai ritorika da ona görə hələ də boyunəymə
dövründəkitək kövrəkdir.
Estoniyada sovet gerçəkliyini əks etdirən dil və söz
ifadələrinin yaradılması haqda Finlandiyada heç kəsin xəbəri
yoxdur. Sovet zamanı Estoniyada fərdi tarixçələrin toplanılmasına
milli önəm verilirdi. Bundan fərqli olaraq, Finlandiyada boyunəymə
dövrünün fərdi təcrübələrinin toplanılmasına diqqət verilməmişdi.
Əlbəttə, müharibə xatirələri Finladiyada dəyərləndirilir, onlar,
məsələn, axşam qazetlərinə "Millət mübarizə edirdi" başlıqlı
əlavələr kimi də verilir. Mübarizənin kimə qarşı aparılması isə
başlıqda göstərilmir. Məsələn, "Rusiyaya qarşı döyüşəndə" başlıqlı
əlavə, çox güman ki, olmur, çünki orada "Rusiya" və "qarşı" sözləri
ola bilər. Boyunəymə altşüurunda Rusiyanın bu sözlərə qəzəblənəcəyi
şübhəsi yarana bilər.
Bu yaxınlarda Finlandiyada seçki keçirildi. Köhnə boyunəymə
ritorikası haqda söz düşdü. Sosial-demokrat partiyasının və
Finlandiyanın ən böyük partiyasına dönmüş Keskusta (Mərkəz.-
İ.U.) partiyasının sədrləri televiziyadan dedilər ki, Rusiyanı
təhlükə adlandırmaq olmaz. Buna baxmayaraq, məsələn,
transponderlərsiz (təyyarənin göydə harda olduğunu bəlli edən
cihaz. - İ.U.) uçan rus təyyarələri təhdid edir. Finlandiyaya
qarşı yönələn hibrid müharibəyə aid tədbirlər də keçirilir.
Estoniyada sovet ritorikası işlədən siyasətçiləri təsəvvür etmək
çox çətindir, işlədən olsa belə, onun hardan maaş aldığı hamıya
məlumdur. Finlandiyanın siyasi çevrələrində isə diqqətsizlik edib
sovet təbliğat məhsulu olan ifadələr işlədirlər, sanki boyunəymə
dövrü və onun zəhərli olması haqda xəbərləri yoxdur.
Dil — qərar və seçimdir
Dil canlı vasitədir. O, müxtəlif köhnəlmiş təhqiredici söz və ya
ifadələr üzündən siyasi cəhətdən qeyri-korrektdir. Məsələn, indiki
zamanda kompliment demək — bərabərlik hüququnu pozan güc tətbiqi
vasitəsi sayılır. Bir çox irqçi ifadələr də adi gündəlik dilimizdən
çıxarılır. Hansı dili işlətməyimizə xalqlar və dillər özləri qərar
verə bilir. Dil — gerçəkliyimizi formalaşdırır. Dil onu yaradır.
Dil — dəyər mühitimizi formalaşdırır və nəyi təsdiq
edib-etməməyimizi bildirir.
Rusiya və Sovet İttifaqı verbal gerçəkliyin yaradılmasında
bacarıqlı olmuş, indi də bacarıqlıdır. Çap edilmiş sözün vəzifəsi —
seçim etmək, tamamilə saxta gerçəklik yaratmaq idi. Bu qaydalarla
Sovet İttifaqının tarixi də yazılırdı. Yazıçıya mütəmadi olaraq
aktuallaşdırılmış söz siyahısı çatdırılırdı. Bu siyahılarda,
məsələn, Estoniya Demokratik Respublikasına və ya ABŞ-a aid
məlumatlar üçün lazımi ifadələr, epitetlər yer alırdı. Sovet
İttifaqına aid yalnız pozitiv sifətlər birləşdirilməli idi,
Estoniya Demokratik Respublikasına və ABŞ-a qarşı isə — neqativ
sifətlər. Baltik ölkələrə qarşı yürütdüyü bu cür dil müharibəsini,
son zamanlar Rusiya Ukraynaya qarşı aparır. Bu yolla Rusiyanın
indiki hökuməti, hakimiyyətinə dəstək almaq üçün vətəndaşların
təsəvvürlərində düşmən obrazı yaradır. Uzun illərin boyunəymə
siyasəti, Finlandiyanın Rusiyaya düzgün qiymət vermə qabiliyyətini
zəiflədib. On illər boyu fin jurnalistlər, naşirlər, rəhbər və
siyasətçilər Rusiyaya aid söz seçimində hansı ifadənin hansı
nəticəni verəcəyini düşünüblər.
Boyunəymə dövründə Finlandiya ictimai dil və dərsliklərdəki
evfeizmlərin yardımı ilə öz insanlarının alt şüurunu elə
formalaşdırırdı ki, Sovet İttifaqı haqda uyğun olmayan ifadələr
işlənilməsin. İctimaiyyət arasında bu davranış nəticələri şüurlu
şəkildə, geniş miqyasda analiz və düzəliş edilmədiyində, boyunəymə
hələ də gerçəkliyi yaratmaqdadır.
İctimai dilimiz hələ də alatorandır. Ədəbiyyatımız isə elə
deyil, elə olmadığına görə də bu qədər önəmlidir. Ətrafdakı
gerçəklik və ölkənin rəsmi mövqeyi insanın öz təcrübəsinə və ədalət
anlayışına uyğun gəlmirsə, nəticə olaraq insan öz təcrübələrinin
gerçəkliyinə və qanuniliyinə inanmır. Bu, milləti zəiflədir. Hər
bir insanın təcrübə güzgüsünə ehtiyacı var, buna görə də öz ana
dilində oxuya biləcəyi milli ədəbiyyata ehtiyacı var.
Boyun əymiş Finlandiya Sovet İttifaqının uğur tarixçəsidir. Bu,
Sovet İttifaqının sərhəd qonşusu olan ölkə ilə dostluq edə
bilməsini bütün aləmə göstərmək üçün bir vitrin idi. Bununla belə,
ölkəmiz daima sovetlərin kontrolu altında idi. Bu proyekt uğurlu
alındığı üçün, çağdaş Rusiya başqa ölkələri də boyun əydirmək
istəyir. Millətçi Aleksandr Duqinə görə, bütün Avropaya boyun
əydirmək lazımdır.
Müəllifin izni ilə fin dilindən çevirdi:
İlahə Ucaruh