Ədəbiyyatda ictimai, bəşəri mövzularda yazılan mətnlərə
nisbətən sevgi şeirləri üstünlük təşkil edir. Bir çox qələm adamı
dillər əzbəri olan sevgi şeirlərini sevdikləri şəxsə həsr ediblər.
Bəs çağdaş poeziyada sevgiliyə ithaf olunan şeirlər yaranırmı?
Axar.az mövzu ilə əlaqədar qələm adamlarına müraciət
edib:
- Sevdiyiniz şəxsə şeir həsr etmisinizmi?
Günel
Treu yazdığı bütün şeirləri sevdiyi insana həsr edib:
"Heç vaxt şeirə, sözə xüsusi həvəsim olmayıb, yalan deyə
bilmərəm. Əgər sevməsəydim və bu sevgi ürəyimi bu qədər
silkələməsəydi, şeir yazmazdım. Yazdıqlarım şeir yox, onunla
söhbətdir. Məsələn, ona yazdığım şeirlərdən biri belədir:
yadıma düşürsən,
hər lavanda qoxusunda.
nə gəzirsən, ay adam
gecəmin yuxusunda?
götür xəyalını, get
gözlərimə batırsan.
sanki otağında yox,
kirpiyimdə yatırsan.
niyə gəldin, əzizim,
nə çəkdi səni mənə?
çıx get, yazığın gəlsin
saçlarımdakı dənə...
Aysel
Əlizadə ayrılıq haqda yazdığı şeiri xatırlayır:
"Bəli, sevdiyim şəxsə şeir həsr etmişəm. O şeirdə belə bir misra
var idi:
"O vaxt qarşıdan gəlirdi sənsizlik
İndi hər gün geridə qalır..."
Ayrılacağımızı bilirdim deyə, bunu yazmışdım ayrılığa qədər.
Yox, bəlkə də, ayrılıqdan sonra yazmışdım. Şeir bunu ifadə edir: "O
vaxt ayrılacağımızı bilirdim". Sonra belə bir misra var:
"Ada yaşamı bu, ada..."
Məlum olur ki, əslində, "mən" heç yerə getmir. O, bir adadır.
Uzaqdan Robinzon gəlir, maraqlı, ekzotik adada yaşayır bir müddət.
Sonra öz adi həyatına geri dönür. Hamı kimi yaşamağa gedir".
Emin
Piri etiraf edir ki, sevəndə şeir yazmağı yadına
gəlmir:
"Sevəndə elə vəziyyət yaranır ki, insan şeirdən ayrılır.
Ümumiyyətlə, qadınlar poeziyanı ən böyük rəqib gördüyündən, kişiyə
qısqandığından onu şeirdən soyutmağa çalışır bir baxımdan. Amma bir
kərə olub. Bir xanımdan xoşum gəlirdi. Ona şeir həsr edib saytlarda
dərc etdirdim. Sonra başqa xanımı sevdim. Keçmişdəki bu həsr
olunmuş şeirə görə mənə "yox" deyirdi. Mən də saytlara zəng edib
həmin şeiri saytdan çıxartmalarını xahiş etdim. Bu işə bir xeyli
əziyyət çəkdim. Sonradan əziyyət çəkməyim deyə, həsr olunmuş
şeirlərdə "filankəsə" deyə xitab yazmıram".
Kəramət
Böyükçölün fikrincə, adam sevdiyi qadına nəinki şeir həsr etmək,
heç sevgisini əməlli-başlı etiraf edə bilmir:
"Kiməsə sevdiyini söyləmək hələ sevginin ifadəsi deyil, məncə.
İndi başa düşürəm, hansı qadın haqda nəsə cızma-qara eləmişəm, sən
demə, sevgi deyilmiş bu. Sevgi enerjidir, yazı da enerjinin
xərclənməsi. Qadına şeir yazmaqla o enerjini xərcləyirsən. Məncə,
ən gözəl qadının bir yazılıq canı var, yazırsan hissin yoxa çıxır,
canından sovrulur. Söhbət istedadla, enerji ilə yazılmış yazıdan
gedir. Məncə, Azərbaycan ədəbiyyatında ən yaxşı sevgi şeirləri
sevilməyən qadınlara yazılıb. Qadını şeirlə sevməzlər, başqa şeylə
sevərlər. Yazı yaza bilmədiyin qadın isə ömür boyu canında qalır,
ağrı şəklində, söz şəklində. Bu öz yerində. Amma ümumilikdə,
əlbəttə ki, hər yazımda bir qadın obrazı var. Bu qadını təsadüfən,
metroda da görə bilərəm, avtobusda da, küçədə də, yolda da və sair.
Qadın mövzu kimi həmişə maraqlı olub. Ona görə bu mövzuda çoxlu
yazılar yazıram ki, yaxşı oxunsun, qonorarım da yaxşı olsun".
Əsəd
Qaraqaplan Monika Belluçiyə də şeir yazdığını
bildirdi:
"Hər birinin öz qəribə tarixçəsi və taleyi var. Ona görə
onlardan biri haqda danışmaq istərdim. Demək, bir dəfə içkili
olduğum gecələrdən biri idi. Möhkəm içkili idim, nadir hallarda elə
oluram. Yatağıma uzanıb qulaqlıqla "Səlvi boylum, al yazmalım"
mahnısını dinləyirdim. Sözün həqiqi mənasında uçub getmişdim...
Arada əlimdəki telefonla internetə baxırdım. Onda bir qızla
münasibətimiz olmuşdu və qısa müddət sonra ayrılmışdıq. Əsəbi
vaxtlarım idi, o dəlidən də ayrılmışdım, yəni sevdiyim qadından.
Həmin gecə birdən dəhşətli bir hal və enerji axını gəldi mənə. O
qızın mesaj yerinə birbaşa nə gəldi yazmağa başladım. Nə gəldi
yazır, dayanmadan bu şüuraxınının, ruh halının içində üzürdüm.
Axırda da yazmışam ki, lənətə gəlsin, mən hələ də onu sevirəm.
Səhər oyananda o yazdıqlarımdan bəzi misralar yadıma düşməyə
başladı, tez girib mesajlara yazıların sürətini çıxartdım və
ard-arda düzdüm, baxdım ki, gözəl bir şeir alınıb:
Lənətlənmiş sevgilərin melodisiylə rəqs edirəm
Tanrı kimi unutmuşam dünyanı
Tanrı kimi fırlanıram – əllərim havada
indi məni məndən alan heç nə yoxdu, Sərvi boylum
indi yoxam bu qaranlıq gecədə
bu qaranlıq yer üzündə
əllərimi aparan bir sən varsan buludlarda
gözlərimi qapayan bir melodi
qayıtmaq da istəmirəm
istəmirəm lənətlənmiş yer üzünü
insanları, ağacları, gecələri
səni də istəmirəm uzaqlıqda, Al yazmalım…
Bir dəfə də Monika Belluçiyə sevgi şeiri yazmışdım. Şeiri oxuyan
sevdiyim qadın necə qısqanmışdısa, dözə bilməyib belə demişdi:
– Bilirəm, orada məni yazmısan..."