Lui Araqon və Elza Triole – sevgi və sədaqət
hekayəsi
Bacısı Lilya Brik kimi, tale Elza Trioleyə də böyük
şairlə məhəbbət macərası yaşamaq kimi bir qismət bəxş edib. Lakin
Elzanın məhəbbət hekayəti tamam başqa cür alınıb...
Gəncliyində Elzaya dəlicəsinə vurulan Viktor Şklovskinin "Zoo"
romanında bir məktub var. O bu sözlərlə qurtarır: "Mən məşum
(bədbəxtlik gətirən) qadın deyiləm, mən – çəhrayı və yumru Alyayam"
(Alya deyəndə o, Elyanı nəzərdə tuturdu). Elza doğrudan da, köklüyə
meyilli idi və qocalanadək siması yumru və yumşaq olaraq qalmışdı.
Lakin o, nə qədər çalışsa da, hiyləgər qadın olmağı bacarmadı.
Əvvəllər Ella deyə çağırılan on yeddi yaşlı bu qız şairlə
imperalist müharibəsindən bir il əvvəl tanışlarının evində
rastlaşır. Qara məxməri köynək geyinən şair şeir deyə-deyə otaqda
var-gəl edirdi. Onun həm özü, həm də "bir təbiət hadisəsi olan,
ildırım kimi çaxan şeirləri" gənc qızda böyük təəssürat oyadır.
Şairsə ona vurulur. Sonralar Ella yazırdı ki, şairə "nəvazişlə və
bir qədər də laqeyd" münasibət bəsləyirdi. Şairin onlara
gəlib-getməyinə, hamını təəccübləndirən sarı köynəyinə, kobud
rəftarına çox sakit yanaşırdı. Futuristlərin qalmaqalından isə onun
xəbəri yox idi. Ella, ümumiyyətlə, sakit temperamentli biri, şair
isə - söhbət, əlbəttə ki, Mayakovskidən gedir – çox emosional,
çoşqun təbiətli idi. Elə sevgisi də çox çılğın idi. Ellanın anası
on yeddi yaşlı qızını bu qəribə dostundan ayırmağa çalışırdı. Atası
da bu aralar ağır xəstələnir. Petroqraddan gələn, artıq ailə qurmuş
bacısı Lilya isə anasının bu dostluq üzündən hər gün ağladığını
söyləyir.
Vəssəlam, Ella şairdən xahiş edir ki, bir daha ona
yaxınlaşmasın, lakin Malaxovkadakı dağ evinə köçəndə o, gəlib qızı
burada da tapır və görüşə çağırır. Ella adətən tək gələrdi, amma bu
dəfə xalası ilə gəlir. Birlikdə onların bağ evinə gedirlər. Ondan
bir qədər kənarda dayanan şair iri ovucları ilə havanı yara-yara
gah öz-özünə astadan, gah da uca səslə şeirlər deyərdi. Sonralar
Elza belə xatırlayırdı:
"Volodyanın şeir yazmasına və ya söyləməsinə adət etmişdim.
Lakin həmin gecəyədək onun şair olmasının fərqinə varmamışdım.
Sanki o gün məni qəfildən yuxudan oyatdılar..." Və şairin ulduzlu
misralarının sədaları altında Elzanın bu yaraşıqlı, şövqlü, zərif
nəhənglə "şüurlu dostluğu" başlayır.
O vaxt, artıq 15-ci ildə Mayakovski daha çox Petroqradda
yaşayırdı. Atasının dəfnindən sonra bacısının yanına gələn Elza onu
şairgilə qonaq aparır. Mayakovskinin şeirləri Lilyanı məftun edir,
o da Lilyaya ömürlük vurulur. Elzaya isə yalnız dostluq və şairin
həyatı üçün əndişələnmək qalır: o, hələ o zaman anlayırdı ki,
ayrılıqlar yaşayan bu adam günlərin birində həyatına qıyacaq. (İki
il sonra o, belə bir cəhd etsə də, xoşbəxtlikdən uğursuz alınır).
Elza, ümumiiyyətlə, çox anlayışlı qadın idi. Bir dəfə gələcəyin
dünya şöhrətli linqvisti Roman Yakkobsonun yanına bir xanım gəlir.
(Roman Yakobson Elzanın qohumu idi və ona evlənmək təklifi etmiş,
lakin Elza rədd cavabı vermişdi). Qadın beş gün qalmalı olsa da,
bir gündən sonra çıxıb gedir. Lilya səbəbini soruşduqda Roman cavab
verir ki, "Beş gün fasiləsiz öpüşmək olmaz axı!" – "Sən arada bir
söhbət də edəydin". – "Eh, Lilya, mənə yalnız səninlə və Elya ilə
söhbət maraqlıdır".
Kiçik bacıya kimlər aşiq olmamışdı ki... Lap elə götürək
Şklovskini (Viktor Borisoviç Şklovski – rus sovet yazıçısı,
ədəbiyyatşünas və tənqidçi, kinossenarist). O, etiraf edirdi ki,
həyatı ondan asılıdır. Elza isə çox ehtiyatla Volodyaya yazırdı ki,
tənhadır, həmişə elə alınır ki, sevdiyi adam onu sevmir və ya
əksinə... Volodyada baş verən "məhəbbət çevrilişi" onu incitməkdən
çox, kədərləndirirdi. Lakin sevgili olmaqdan vaz keçən Volodya
onunçün çox böyük dosta və doğma insana, lakin həm də sahib və
hökmranlıq səlahiyyətlərinin yetmədiyi bir insana çevrilir.
Buradan, belə demək mümkünsə, Ella bir dərs götürür: "Şairi papaq
kimi qoltuğa dürtmək mümkün deyil, hətta o özü bunu istəsə
belə..."
Yeri gəlmişkən, Şklovski Elzaya – özünün "çilli qızıl balığına"
ikinci ad – "Məhəbbət haqqında olmayan məktublar" adını verdiyi
romanında hər şeyi söyləmişdi: "Sən mənim qarşımda heç vaxt haqlı
olmayacaqsan, çünki nə bacarığın var, nə məhəbbətin..." Sevgiyə
gəldikdə isə Elza sevirdi, amma Şklovskini yox...
… O vaxtlar, Elzanın həyatında bu növbəti qeyri-məhəbbət romanı
baş qaldıranda, inqilab alovları üzündən o, Vasili Kamenskiyə deyil
(daha bir şairlə heç nə alınmır), əksinə, Andre Trioleyə ərə getmək
fürsəti əldə edir. Andre Triole Rusiyadakı Fransa hərbi
missiyasında xidmət edirdi. Triole bir "sevgi" kimi Elzaya o qədər
də gərək deyildi, lakin məhz bu varlı, əhli-kef və donjuan kimi
keyfiyyətlərin birləşdiyi fransızla o, inqilabın dəhşətlərindən
sivrilib çıxa bilərdi. O, Rusiyanı anası ilə birlikdə tərk edir və
yalnız bir il sonra Skandinaviya və Londondan keçməklə Parisə
gəlir.
"Andrey əsl fransız kişisi kimi daima məni danlayır ki,
corabları çitəmirəm, bifşteks qızartmıram və hər tərəf
səliqəsizdir, - Elza bacısına yazırdı. – Nəhayət ki, nümunəvi ev
xanımına çevrilməli oldum və indi "hər tərəf tər-təmiz və
səliqəlidir". Bütün qalan işlərdə tamamilə sərbət və azadam. Lakin
mənim buradakı həyatım yalnız sakitcə davam edir, bundan sonra necə
olacaq, hələ heç nə bilmirəm". Elza axırda Trioleni tərk etməli
olur, o isə etiraz etmir və Elzaya sonrakı həyatı üçün yaxşı məbləğ
bağışlayır.
Parisdə yerləşdiyi "İstriya" otelinə tez-tez Mayakovski
gəlib-getməyə başlayır: sovet hökuməti yolları açmışdı. Şair də
həmin otelə yerləşir və yazmadığı saatlarda "baldızı" ilə şəhəri
gəzməyə çıxır, mağazaları dolaşır, özünə və Lilyaya əşyalar alırdı.
Şairlər və rəssamlarla oturduğu kafedə hər kəs Mayakovskiyə heyran
olurdu. Dəstə ilə şəhərdə yürüyür, il boyu Parisin bir rayonundan
digərinə köçən yarmarkanı veyillənir, fit çalır və qaqqıltı ilə
gülüşürdülər. Elza həmişə və hər yerdə "dilsiz""Volsdeçka"nı
"tərcümə"edirdi. "Yeznə" hamıya xəbərdarlıq edirdi ki, yalnız
"üçlükdə" danışsınlar.
O zaman Monparnasda bütün beynəlmiləl sənət aləmi
qaynayıb-qarışmışdı. Onların arasında kimlər yox idi ki: Modilyani,
Kokto, Pikasso, Leje, Rivera, Elüar, Şaqal. Bu parlaq kompaniyanın
fonunda yaraşıqlı görkəmi olan, plaş, şlyapa və bahalı əl ağacı
gəzdirən romantik biri dərhal seçilirdi. Bu, Lui Araqon idi. O,
şeirlər yazır və artıq o vaxtlar sürrealist şairlər tərəfindən öz
tay-tuşları arasında birinci sayılırdı. Çoxlu məhəbbət macəraları
var idi, əbəs yerə dostları onun istənilən qadının başını döndərə
bliləcəyini iddia etmirdilər. O vaxtlar Araqon hələ sevgilisi,
Amerika Transatlantika şirkətinin varisi Nansi Künar ilə birlikdə
idi. Araqon onun ardınca bütüm dünyanı dolaşmışdı. Nansi onu zənci
cazistə görə atanda isə Venetsiyada hətta intihara da cəhd
göstərmişdi. Sonra şair yuqoslav gözəli, aktrisa Lena Amsellə
başını qatır.
Elza Araqonu artıq şeir söyləyəndə də, dostları ilə kafedə
oturub yeyib-içəndə də görmüşdü. Onun jurnaldakı "Parisli kəndli"
oçerkini də oxuyandan sonra şairlə tanış olmaq qərarına gəlir. Yeri
gəlmişkən, bundan bir gün əvvəl Mayakovski də Araqonla "Kupol"
barında görüşmüşdü. Kimdənsə xahiş edir ki, Araqonu onların stoluna
dəvət etsin. Tanış olmağına olurlar, amma söhbət alınmır – tərcümə
etməyə adam yox idi, Elza isə yanlarında deyildi.
Elzanı Araqonla Rolan Tüal tanış edir. Birlikdə şam edirlər,
sonra Araqon Elzanı otelə yola salır. Elza da, Araqon da tanış
olduqları günü – 1928-ci ilin 6 noyabr gününü ömürləri boyunca
unutmayacaqlar. Elza sonralar yazacaq ki, "özünün tarixini" məhz bu
gündən başlayır, Araqon isə poemalarından birində heyranlıqdan
boğulacaq: "O gündən mənimçün Elzasız Paris mövcud deyil..." Lakin
qeyd edək ki, o, bunu dərhal hiss etmir.
Qadın heç vaxt sevdiyi kişinin yalnız dostu ola bilməz, çünki o,
həmin kişini artıq sevgili və həyat yoldaşı kimi görür. Bəlkə də
Lilya öz ərindən hələ də ona görə bərk yapışmışdı ki, ona həyat
yoldaşı lazım idi, Mayakovskinin şəxsində isə o, bu rolu
görmürdü.
Elzanın cəsarətini də ancaq bununla izah etmək olar: Araqonun
yuqoslav sevgilisi Lena ilə qəti şəkildə danışır və şairin ona daha
çox lazım olduğunu söyləyir. Sonra qonaqlıqların birində Araqonu
ehtirasla öpür və sanki bununla onun indi Elzaya məxsus olduğunu
bildirmək istəyir.
Lakin Monparnasdakı sərbəst və azad həyat Elzanın həyatında
yetişməkdə olan ciddi bir münasibət üçün təhlükə yaradırdı. Amma
onun əlində Araqonun bütün digər kartlarını vuran kozır var idi:
Araqonun Rusiyaya olan məhəbbəti. Araqon artıq Puşkin və
Mayakovskinin xəstəsi idi.
Araqon sonralar deyirdi ki, Elza ona daha çox təsir edib, nəinki
o, Elzaya. Elzanın planı yox idi, lakin hər ikisinə nəyin lazım
olduğunu hiss edən dərkolunmaz bir duyğuya sahib idi. O, hər şeydən
öncə, sürrealistlərin həyat tərzini qəbul etməməsinə rəğmən, ona
yazılmaq qərarına gəlir. O, hətta sürrealistlərin qalmaqalsız
həyatı təsəvvür etməməkləri ilə də razılaşırdı. Əbəs yerə Araqon
bir dəfə yazmırdı: "Mən heç vaxt qalmaqaldan başqa heç nə
axtarmamışam və mən onu da onun xatirinə axtarmışam".
Elzanın özünə isə bu, bir anlıq da olsa, lazım deyildi: o vaxt,
30-cu illərin əvvəllərində Elza artıq ciddi işlə məşğul olurdu –
yazırdı, buna isə onu Qorki təhrik etmişdi. Yazıçı Elzanın
Şklovskiyə yazdığı məktubu oxumuş və ona resenziya yazmışdı.
Sonralar Mayakovski də ona bəzi şeylər öyrətmişdi. Mayakovskinin
öyüd-nəsihəti ilə o, epitet və metaforaları öz məhəbbəti kimi
axtarırdı. Elza ağıllı qadın idi və anlayırdı ki, özünü böyük
şairlə tən hiss etmək üçün müəyyən "əhəmiyyətə malik
olmalısan".
20-ci illərin sonlarında Araqon, fransız şairi Bürmserin sözləri
ilə desək, "beş başlı qırmızıya" çevrilir. Pol Elüar və Andre
Breton da sürrealizmdən kommunizmə keçirlər. Sürrealistlər yuxunu
gerçəkliklə qarışdırmağı arzu edirdilər və kommunizm onların
qarşısında belə bir imkan açır. Sonralar Araqon özünün kommunist
keçmişindən dəhşətə gəlir və ondan üz döndərir. Hələliksə o, Elza
ilə Sovetlərə ilk birgə səfərinə hazırlaşır.
Bu, ilk dəfə 30-cu ilin payızında, Mayakovskinin intiharından
yarım il sonra baş verdi. "Mən çox yaxşıyam, - deyə Lilya Brik
bacısına yazırdı, - çox nadir hallarda ağlayıram, yeyirəm, gəzirəm,
əvvəl necə yaşayırdımsa, indi də hər şey öz qaydasındadır, lakin
bir dəqiqəm də, Volodyanı düşünmədən keçmir".
Keçmişdə bohema həyatı yaşayan Araqon proletariatın hüquqları
uğrunda, təbii ki, Fransada mübaizə aparırdı. Kommunist baxışlarına
görə Araqonu, demək olar ki, nəşr etmirdilər. Elza gah katibə
işləyir, gah da rus dilindən dərs deyir və Erenburqun "Mənim
Parisim" əsərini tərcümə edirdi.
Lakin o vaxt çörək pulu ən çox muncuqlardan çıxırdı. Elza onları
əlinin altında olan hər şeydən (düymə, balıqqulağı, keramika
daşlarının qırıntıları, Afrika qozu) düzəldirdi. Onun öz əl
işlərini təqdim etməyə, demək olar ki, vaxtı olmurdu. Araqon da əsl
ticarət agenti kimi səhər açılan kimi balaca çamadanını götürür və
dövlətli evlərini gəzərək Elzanın düzəltdiyi bijuteriyaları təklif
edirdi. Sonralar Araqon qeyri-siyasi jurnalların birinə işə
düzələndə Elza orada moda səhifəsini hazırlamağa başlayır.
Lilya Brikin şeir zövqü pis deyildi. Xüsusilə də onun
Mayakovskinin şeirləri barədə söylədiyi qeydlər dəqiqliyi ilə
heyranedicidir. Lakin Elzanın yazmaq istedadı onda yox idi və bu da
çox əhəmiyyətli fərq sayılırdı. Lilyanın yaşamaqdan başqa məşğul
ola biləcəyi bir peşəsi yox idi, Elza isə onu şübhə, qısqancllıq və
bu kimi hislərdən yayındıra biləlcək işlə məşğul olurdu. O,
saatlarla stol arxasında oturur və hekayələr yazırdı. Əvvəlcə rus
dilində yazır, sonra fransız dilinə çevirirdi, sonrala isə birbaşa
fransızca yazmağa başlayır. Araqon isə, özünün zarafatla dediyi
kimi, arvadının ruslarla nə danışdığını bilmək üçün onun dilini
ikicə aya öyrənir.
Elza Andredən rəsmən ayrıldıqdan sonra onlar nikah kəsdirirlər.
Ancaq tezliklə müharibə başlayır...
"...Yağ çatışmazlığından, - deyə Elza yazırdı, - quru yarpaqlar
kimi əsməyə başlamışıq..." Lakin
bununla belə, qəzer təsis edirlər, əlbəttə ki, qeyri-leqal, onun
yayım şəbəkəsini yaradırlar.
Müharibədən sonra Elza sakit bir yerdə, kənddə yaşamaq istəyir.
Uzun müddət ev almaq üçün pulları olmur. Lakin günlərin birində
Paris kənarında, məşeyə, çaya yaxın yerdə çox rahat bir evə sahib
olurlar. Və bundan sonra hər ikisi qızğın yaradıcılıqla məşğul
olurlar. Elza saatlarla yazı makinasının arxasından qalxmır. Araqon
isə bu günlərdə "Elzaya mübtəla" poemasını yazmağa başlayır.
Beləcə, sanki heç ömrün necə gəlib-keçdiyinin, qocaldıqlarının
belə, fərqinə varmırlar.
Tezliklə Elzanın çoxdan ağrıyan ürəyi tab gətirmir. Araqon isə,
ilk baxışda qəribə də görünsə, Elzanı ilk gördüyü anlardakı
həyatına qayıdır: açıq dənizdə üzən, həm də haraya üzmək istədiyini
bilməyən gəmiyə bənzər bir həyat... Bu aralar hətta sevgilisi də
olur. Lakin o, heç nə ilə təskinlik tapa bilmir. Yəqin ki, Elza onu
mühakimə etməzdi...
... Bir vaxtlar böyük bacısı Mayakovskiyə ərə getməməyinin
səbəbini belə izah edirdi: "Mən Volodyanı sevirdim, bütün qəlbimlə
sevirdim. Lakin həmişə ondan qaçırdım. Ancaq mən ona ərə getsəydim,
uşaq dünyaya gətirsəydim, onünçün maraqsız olardı və o, şeir yaza
bilməzdi. Ancaq onun bütün həyatı bundan ibarət idi. Axı mən
bnların hamısını bilirdim!"
Bir vaxtlar Elzadan rədd cavabı alan Şklovski onun ölümündən
sonra Araqona yazırdı: "Əgər o, məni sevsəydi, mən dahi olardım.
Bizə rəng və hava lazımdır. Amma o, səni sevdi".