Ana səhifə Kult |
Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).
Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.
Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.
Əvvəli BURADA
...Düşmənin birinci istehkamı bir kilometr qarşıda təxmin edilirdi. Leytenant İbrahımov açılan atəşlərdən düşmənin mövqelərini təyin edən kimi hər iki qrupa “Uzanın” əmri verdi.
Leytenant Heydərov sürünərək zabit yoldaşının yanına gəldi.
- Sahə minalanib, Baği, - deyə əlini gözlərinin üstünə qoyub diqqətlə sahəni müşahidə eləməyə başladı: - Pamusun (Sahəni minadan təmizləmək üçün nəzərdə tutulan alət – red.) köməyi olmadan buranı keçə bilməyəcəyik.
Başını silkələməklə razılığını bildirən leytenant İbrahimov pamusu atəşə hazır vəziyyətə gətirməyi əmr etdi. Özü isə sahəni bir daha diqqətlə nəzərdən keçirib:
- Pamus bizə yalnız əlli metr irəliləməyə kömək edə biləcək. Əlli metrdən sonra isə, - əlini irəli uzadıb şəhadət barmağını uzaqdan güclə sezilən heyvan cığırlarına tuşladı: - baxın, o cığırlardan istifadə etməklə irəliləyə bilərik.
Sahəni minadan təmizləmək üçün nəzərdə tutulan alətdən düşmənin birinci istehkamı istiqamətində atəş açıldı. Təxminən əlli santimeter enində toz qopararaq cığır açıldı. Xüsusi təyinatlıların iki cığırla daha sürətli irəliləməsini təmin etmək üçün əsgər pamusi ikinci atəşə hazır vəziyyətə gətirdi. Bu zaman artıq pamus avadanlığını işlədən əsgərin yerini təyin edən düşmən həmin ərazini ardıçıl avtomat atəşinə tutdu. Düşmənin davamlı həmlələrindən özünü itirməyən əsgər nizamlayaraq açdığı birinci cığıra paralel şəkildə daha bir yol aça bildi. Düşmən tərəfdən açılan güllələr vıyılti ilə ətrafından, qulaqlarının dibindən ötdü. Əsgər döyüş yoldaşları irəliləyə bilsin deyə düşmənin diqqətini öz üzərinə cəlb etmək məqsədilə üçüncü cığırı açmaq üçün özünü aləti hazır vəziyyətə gətirməyə çalışan kimi göstərdi. Amma elə anındaca ayağından aldığı güllə yarasından qəfil səntirləyərək yerə yıxıldı.
Leytenant İbrahimovun işarəsi ilə yaralı əsgəri təhlükəsiz yerə gətirmək üçün iki döyüşçü dərhal ona tərəf süründü.
- Atəş dəstəyi! - deyə leytenant İbrahimov ayağa sıçradı.
Baxışlarından bir-birini anlayan hər iki qrupun komandirləri pamusun açdığı cığırlarla irəli atıldılar. Dərhal da xüsusi təyinatlı döyüşçülər ara məsafəsi saxlamaqla komandirlərinin arxasınca addımlamağa başladılar. Çığırdan çıxmadan, ehtiyatla düşmən istehkamına doğru yeridilər. Minalanmış açıq meydanda, pamusun açdığı cığırdan bir addım belə kənara çıxmaq imkanı olmayan xüsusi təyinatlılar qəfil atəşə tutuldular. Dərhal da sol cinahla irəliləyən leytenant İbrahimovun rəhbərlik etdiyi qrup diz üstə çökdü, cavab atəşinə başladılar. Düşmən səngərinin ardıcıl atəşə tutulduğundan istifadə edən sağ cinahla irəliləyən leytenant Heydərovun qrupu irəli şığıdı. Bir qumbara məsafəsində dayanıb nəzərlərini və avtomatlarının lülələrini düşmən səngərindən bir an belə ayırmadan dizlərini yerə qoydular. Komandirin arxasında mövqe tutmuş iki xüsusi təyinatlı dərhal yerlərində dikəlib əl qumbaralarını bir-birindən on-on beş metr məsafə arasında səngərin sağ və sol cinahlarına tolazladılar. Səngərin içərisində baş verən partlayış sağ və sol cinah istiqamətlərdə otuz-otuz beş metr məsafəni toz-dumana bürüdü. Qumbaranın qəlpələrinin səngərin içərisindən kənara yayıla bilməyəcəyini nəzərə alan xüsusi təyinatlılar partlayış zamanı uzanmağa belə vaxt ayırmayıb dərhal irəli şığıdılar. Sağ qalan erməni əsgərlərinin səngərdən başını belə çıxarmağa imkan vermədən ardıçıl atəş dəstəyi ilə sıçrayıb düşmənin səngərinə atıldılar. Bir an keçmədi ki, leytenant İbrahimovun qrupu da col cinahdan özünü yetirdi. Artıq məhv edilmiş düşmənlə göz-gözə qalan xüsusi təyinatlılar dərhal da qruplarla səngərin içərisi boyu müxtəlif istıqamətlərdə daha dərinliyə hərəkətə keçdilər. Bir dəqiqə keçmədi ki, yaxın məsafədən düşməni məhv edən leytenant İbrahimovun qrupu “Sol tərəf təmizdir” deyə məlumat verdi.
- Sağ tərəf də təmizdir! - leytenant Heydərov döyüş yoldaşına hay verdi.
Hər iki qrup rəhbəri məhv etdikləri düşmən cəsədlərinin üstündən adlayaraq səngərin mərkəzində bir-birinə yaxınlaşdılar:
- Şəxsi heyət salamatdırmı? –sözləşiblərmiş kimi eyni anda bir-birinə sual etdilər.
Məlum oldu ki, tapşırığın ilk mərhələsini hər iki qrup itkisiz, tam heyətlə yerinə yetirə bilib. Amma təxminən səkkiz yüz metr, bir kilometr qarşıda düşmənin mövqe tutduğu daha bir istehkam onları gözləyirdi. Yubanmaq olmaz, gözlənilməz sürprizlər qaçılmazdı.
– Səngəri diqqətlə yoxlayın, düşmən çox hiyləgərdir, - leytenant İbrahimov göstəriş verdi: - Bütün gizlənə biləcək yerləri axtarın. -Əvvəlcə səngəri, sonra isə qarşıdakı sahəni diqqətlə nəzərdən keçirib: - Ayxan, - gözünü adlamalı olduğu sahədən ayırmadan zabit yoldaşına səsləndi: - Biz növbəti istehkamı götürənə qədər sən burda qal, qardaşım. Həm düşmənin gizləndikləri yerdən çıxıb arxadan hücum etmək ehtimalının qarşısını almaq, həm də lazım olduğu halda bizə dəstək vermək üçün fürsət gözləməlisən.
- Oldu, cənab leytenant!
Adətən bir-birlərinə adları ilə müraciət etmələrinə baxmayaraq, leytenant Heydərov silah yoldaşının məsləhətini döyüş tapşırığı kimi qəbul etdi.
- Gizir Dadaşov, kiçik çavuş Aslanov, aranızdakı məsafə on-onbeş metr olmaq şərtilə düşmənin qarşıdakı istehkamına doğru paralel olaraq minadan təmizlənmiş iki cığır açacaqsız. Hərəkəti sürətləndirmək üçün heyvan cığırlarına üstünlük verin.
- Oldu, cənab leytnant!
Hər iki əsgər kiçik minaaxtaran avadanlıqlarını işə salıb cəld irəli şığıdılar. Bir-neçə dəqiqədən sonra artıq onlar yüz metrə qədər məsafəni qət etmişdilər. Döyüş yoldaşlarının hərəkətlərini diqqətlə izləyən xüsusi təyinatlılar “Getdik!” deyən qrup komandirinin əmri ilə sıçrayıb səngərdən açıq sahəyə çıxdılar. Silahlarını atəşə hazır vəziyyətdə tutub minadan təmizlənmış cığır boyu irəli qaçdılar. Qəfil ətraflarında minamyot mərmiləri partlamağa, qulaqlarının dibindən avtomat, snayper gilizləri uçuşmağa başladı. Dərhal da silahlarını işə saldılar. Düşmənin atəş açdığı bütün nöqtələri ardıcıl atəş altında saxlamaqla sürətlərini daha da artırdılar. Düşmən səngəri ilə aralarındakı məsafə kiçildikcə ətraflarına düşən, havada ucuşan gilizlərin sayı da artırdı. Əsgər qəfil səntirləyib sol böyrü üstə yerə yıxıldi. Çavuş Hacı Vəliyev özünü yaralı yoldaşına çatdırdı. Əsgər əlinin içərisindən yara almışdı. Avtomat gülləsi əsgərin ovcunun içərisindən girib, arxa tərəfindən çıxmışdı.
Çavuş Vəliyev dərhal döyüş yoldaşının çiyin çantasındakı rezini çıxarıb qan axmasın deyə, biləyindən bağladı. Avtomatının güllələri bitmiş darağını dolusu ilə dəyişib atəşə hazır vəziyyətdə saxladı. Çəkib onu bir qədər təhlükəsiz yerə gətirdi:
- Arxadan əsgərlərimizlə bərabər tibbi heyət də gəlməlidir. Onlara qoşulub geri qayıdarsan, - deyə tapşırıq verdi: - Amma qarşına düşmən əsgəri də çıxa bilər, - əlavə etdi, - diqqətli ol, özünü qoru. Allah amanında!
Qalxmaq istərkən yaralı əsgərin əlini buraxmadan “Haqqını halal et, qardaş!” deyə minnətdarlıqla ona zillənmiş gözlərinə ani nəzər yetirdi:
- Halal olsun, qardaş, sən də halal et!
Çavuş Vəliyev yaralı əsgərin “Halal olsun, Allah sizinlə olsun!” sözlərini dinləmədən qaçıb özünü artıq düşmən səngərini haqlamış döyüş yoldaşlarına yetirdi. Və uca səslə “Allahu Əkbər” qışqıraraq, hərəsi bir tərəfdən səngərə atıldılar.
Səngərdə yalnız bir neçə düşmən əsgəri sağ qalmışdı. Onlar minalanmış bir neçə kilometr məsafəni çox qısa bir zamanda, inanılmaz manevr, çevik hərəkətlə keçib gözlənilmədən səngərin içərisində peyda olan Azərbaycan xüsusi təyinatlılarını qarşılarında görüncə əllərində olan qumbaraları partlatmağa cəhd etdilər. Avtomatları artıq çiyinlərində, avtomat süngüləri əllərində olan xüsusi təyinatlılar düşmənə macal vermədi. Düşmən əsgərləri qumbaraların həlqələrini çəkməyə macal tapmamış avtomat süngülərinin soyuq hərarətini vücudlarında hiss etdilər. Xüsusi təyinatlılar bıçaqlarını düşmənin gövdələrindən çəkib-çıxarıb dərhal da növbəti tapşırıq almaq üçün qrup komandirlərinin yanına toplaşdılar. Amma arxa cəbhədən, indicə kecib gəldikləri birinci səngərdən eşidilən güllə səsləri diqqətlərini cəlb etdi. Cəld silahlarına sarılıb döyüş vəziyyəti aldılar...
...Düşündükləri başlarına gəlmişdi. Səngərin müxtəlif tərəflərində qazmaların, su çənlərinin içərisində gizlənmiş düşmən əsgərləri gizləndikləri yerdən çıxıb arxa səngərdə mövqe tutmuş xüsusi təyinatlılara hücum etmışdilər. Amma həmişə ayıq vəziyyətdə olan xüsusi təyinatlılar onlardan daha cəld tərpənmiş, dördünü yerindəcə məhv etmiş, ikisi isə səngərdən çıxıb manevrlə qarşıdakı, əsgərlərimizin indicə aldıqları istehkama doğru qaçırdı. Yoldaşlarının onları nişan aldığını görən qrup komandiri: “Tələsməyin, güllələrə qənaət edin”, - deyə əmr etdi:
- Kim olduğumuzu hiss etdirmədən onları özümüzə tərəf çağırın.
Xüsusi təyinatlılar səngərdən azacıq qalxınıb, “Ara,..ara...” deyə bağıraraq əllərini havada yelləməklə düşmən əsgərlərini yanlarına səsləməyə başladılar. Uzaq məsafədən düşmən əsgərləri onları özlərinki zənn edib istiqamətlərini onlara doğru dəyişdilər. Sevincək üstlərinə qaçmağa başladılar. Yaxınlaşanda isə aldandıqlarını anladılar. Amma artıq gec oldu. Hər ikisi sərrast atəşlə yerindəcə məhv edildi.
Düşmənin ələ keçirilmiş arxa istehkamında mövqe tutan ikinci qrup da özlərini ön istehkama yetirdilər:
- Əhmədov yaralandı! – deyə çatar-çatmaz leytenant Heydərov məlumat verdi: - Onu arxada, təhlükəsiz bir yerdə saxladıq ki, arxadan gələn tibb işçilərimiz arxa cəbhəyə təxliyə etsinlər.
Leytenant Heydərovun dediklərindən məlum oldu ki, Əhmədov, gizləndikləri yerdən qəfil çıxıb onlara hücum edən düşmən əsgərlərilə döyüşən zaman səngərin içərisindəcə güllə yarası almışdı.
- Allah şəfa versin! - xüsusi təyinatlılar bir ağızdan səsləndilər.
Döyüş yoldaşlarının yaralandığından təəssüflənən leytenant İbrahimov dərindən köks ötürüb tapşırığın növbəti hissəsini həyata keçirmək üçün hərəkətə başlamağın vaxtı olduğunu bildirdi:
- Sol tərəfimizdə Lələtəpə, düz qarşıda Hadrud, Hadruddan sağ tərəfdə isə Xocavənd rayonu yerləşir. - Səngərdən başını qaldırıb əlinin hərəkəti ilə istıqamətləri göstərdi: - Düşmənin qarşıda çox güclü müdafiə mövqeləri yerləşir. Biz Kənd Horadizdən keçib Şeybey və Nüzgar kəndləri istiqamətində hərəkət edəcəyik. Amma adlarını qeyd etdiyim kəndlərə getmək üçün biz Lələtəpə yüksəkliyinin qarşısından keçməliyik. Lələtəpədən Seyidəhmədbəyli kəndi istiqamətində isə bir neçə xəndək qazılıb. Beş-altı metr dərinliyində, on metr enində olan xəndəklər... – Susub bir-bir döyüş yoldaşlarının diqqətlə onu izləyən baxışlarına nəzər yetirdi: - Bu xəndəklər bizim qarşımızı almaq üçün düşmənin ən etibarlı maneələri hesab olunur. Orada düşmən hər cür pusqu qura bilər. Tapşırığı yerinə yetirmək üçün ilk növbədə nə etməliyik?
Sual dolu gözlərini yenidən döyüş yoldaşlarının baxışlarında gəzdirdi:
- Bəli, sağ qalmalıyıq, - deyə yoldaşlarının cavablarını bir daha təkrar etdi: - Yadınızda möhkəm saxlayın, uşaqlar, tapşırığı yerinə yetirmək üçün ilk növbədə, mütləq və mütləq sağ qalmalıyıq. Ona görə də heç bir səhv istəmirəm. Diqqətli və yenə də diqqətli, son dərəcə diqqətli olmalısız. Taktikanı bilirsiz, gözlənilməz hücumlardan, artilleriya atəşindən özünüzü qorumalısız, mina ehtimal olunan sahələrdən ehtiyatla keçməli, gördüyünüz bütün şübhəli əşyalardan kənar keçməlisiz...
Susdu. Sual dolu baxışlarını bir-bir döyüş yoldaşlarının gözlərində gəzdirib “Sualiniz varmı?” deyə soruşdu.
– Hər şey aydındır, komandir, – həmlə qrupu bir ağızdan cavab versə də qrup rəhbəri döyüşçülərinin həqiqətən də hər şeyi başa düşüb və yadında saxladığına əmin olmaq üçün müşahidələrini davam etdirdi. Səbrlə gözlədi. Tam əmin oluncaya qədər tapşırığa başlamağa tələsmədi. Xüsusi təyinatlılar da susub komandirlərinin son qərarını gözlədi. Alov saçan, qəzəb yağan gözlər, ölmək və öldürməyə hər an hazır olduğunu bütün səmimiyyəti ilə püskürən baxışlarla komandirlərinin əmrini gözlədi.
– Elə isə, Allah amanında! - deyə əsgərlərinin döyüş əzminə bir daha əmin olan leytenant İbrahimov sükütü pozdu: - Ya Allah! Getdik! - Sıçrayıb səngərdən çıxdı...
Ardı BURADA
Tarix
2021.08.19 / 08:00
|
Müəllif
Etibar Muradxanlı
|