Yuxarı

Komandirin xahişi: Gözlərim burda düşdü, onu axtar...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

***

Əvvəli BURADA

Sahəni diqqətlə nəzarətdə saxlamaqla, avtomatını atəşə hazır vəziyyətdə tutub irəli yeridi. Bir-bir kəlmeyi-şəhadətlərini təkrar edən döyüş yoldaşları da komandirlərinin ardınca hərəkətə başladı.

Sürətlə irəliləyən qrup rəhbəri düşmənin özlərinin və texnikanın xəndəklərə düşmədən rahatlıqla hərəkət etməsi üçün “şahmat şəkli”ndə saxladığı cığırları müəyyən edə bildi. Dərhal da istiqamətlərini həmin cığırlar tərəfə dəyişdi. Amma həmin cığırlar düşmən üçün açıq hədəf olduğundan, dərhal da artilleriya atəşinə tutuldular. Ətraflarında düşüb toz-torpağı başlarına ələyən, qumu-çınqılı havaya sovuran, qulaqlarını batıran mərmi atəşi altında qaçaraq özlərini Kənd Horadızə saldılar. Kənd ərazisi xüsusi təyinatlıları görünməz etdi.

Kəndin dağılmış, viranə qalmış ərazısində təxminən beş yüz metr irəliləmişdilər ki, Lələtəpə istiqamətindən bir düşmən əsgərinin sürətlə kəndə doğru qaçdığını gördülər. Qrup rəhbərinin işarəsi ilə tez yerə çökən xüsusu təyinatlılar döyüş mövqeyi seçib, səbirlə düşmənin hərəkətini izləməyə başladılar.

- Mən bu ermənini diri istəyirəm. Sahə barədə səhih məlumata ehtiyacımız var, - deyə qrup rəhbəri üzünü çavuş Vəliyevə çevirib, pıçıltı ilə göstəriş verdi.

Tez-tez çevrilib arxaya baxmaqla hövlnak irəli qaçan düşmən əsgəri artıq Kənd Horadizin ərazisinə daxil olmuşdu, sürətlə kəndin mərkəzinə doğru irəliləyirdi. Çavuş Vəliyev avtomatını cəld çiyninə keçirib əyili vəziyyətdə düşmənin qaçdığı istiqamətdə hərəkətə başladı. Düşmən əsgərinin onu görmək, səsini duymaq məsafəsində dayanıb otların arasından başını azacıq yuxarı qaldırdı:

- Ara... ara... - deyərək düşməni yanına səslədi.

Çavuş Vəliyevi özününkü hesab edən düşmən əsgəri istiqamətini dəyişib, Azərbaycan xüsusi təyinatlısına tərəf götürüldü. Amma çavuşa çatmadan sinəsindən aldığı güllədən geri sıçrayıb arxası üstə torpağa düşdü. Dərhal atəş açılan istiqamətdə çevrilən çavuş Vəliyev özündən bir qədər aralıda gizir Turqay Məmmədovun diz üstə çöküb erməni əsgərini nişan aldığını gördü. Yerindən sıçrayıb döyüş yoldaşının gülləsinə tuş gələn düşmən əsgərinin uzandığı yerə götürüldü. Düşmən artıq ölmüşdü. Əsəbi halda geri qayıdıb hələ də çökdüyü yerdə qalaraq avtomatının lüləsi ilə ətrafı müşahidə edən gizir Məmmədovun üstünə bağırdı:

- Nə etdin, ay Turqay?! Eşitmədin komandir nə dedi?

- Eşitdim, amma hövsələm çatmadı, - tövrünü belə pozmadan gizir Məmmədov təmkinlə cavab verdi: - Üzürlü hesab et, Hacı, amma bu ermənilərə heç səbrim qalmayıb. Bir yandan da az qalmışdı sənə çatsın. Qorxdum bir xəta törədər.

Turqayın izahatı çavuşun qəzəbini ovutmadı, amma dərinə də getmədi. Silahını çiynindən sivirib dodaqaltı deyinə-deyinə komandirə yaxınlaşdı. Heç bir söz demədən yanında mövqe tutdu. Qrup rəhbəri də bir söz soruşmadı, zatən hər şeyi görmüşdü. Narazılığını yalnız “Yenə də məlumatsız qaldıq” – deyə bildirərək, məzəmmətedici nəzərlərlə ani olaraq gizir Məmmədovun üzünə baxdı:

- Getdik! – ayağa qalxıb irəli düşdü...

...Düşmən kənd ərazisindən çıxan xüsusi təyinatlıların hərəkət istiqamətini artıq müəyyən etmişdi. Minaatanlar dayanmadan atış açırdı, amma məsafə böyük olduğu üçün mərmilərin heç biri hədəfə yaxın düşmürdü. Dayanmadan düşmən mövqelərinə doğru irəliləyən Azərbaycan əsgərləri getdikcə atəş nöqtəsinə yaxınlaşırdılar, minaatanların daha rahat nişan alması üçün açıq hədəfə çevrilirdilər. Mərmilərin daha yaxın məsafədə partladığını görən qrup komandiri: - Artıq düşmən bizi görüb, hədəfdəyik, diqqətli olun! - deyə aralarındakı məsafəni böyütməyi əmr etdi.

Qarşıda sökülüb-dağılmış bir tikili göründü. Hərəkət istiqamətlərini müəyyən etmək üçün bu tikilinin xüsusi təyinatlılara köməyi dəyə bilərdi. Qrup rəhbərinin işarəsi ilə hamı həmin tikiliyə doğru yönəldi. Mərmilər də artıq daha yaxına düşür, havaya qaldırdığı toz-torpağı, qəlpələri ilə həmlə döyüşçülərini az qala addım-addım təqib edirdi. Qəfil qarşısında partlayan manaatan mərmisi hücum döyüşçülərinin son cərgəsində hərəkət edən gənc əsgər Ayxan Mövsümovu havaya uçurdu. Bir neçə metr kənarda zərblə yerə çırpılan əsgər sağ qolunun yerində olmadığını gördü. Qəlpə Ayxanın dirsəyindən bir qədər yuxarı sağ qolunu yerindən qoparıb özündən xeyli kənara atmışdı. Ayxan “Qolum, qolum” - deyə bağıran zaman çavuş Vəliyev çevrilib yardım etmək üçün döyüş yoldaşının yanına yüyürdü. Amma özünü gənc əsgərə çatdıra bilmədi. İkinci mərmi çavuş Vəliyevin düz qarşısında partladı. Və Vəliyevi havaya qaldırıb arxası üstə torpağa çırpdı... Sanki Günəş batdı, işıq çəkildi, qaranlıq çökdü. Qaranlığın bağrını yaran qızılı alov dilləri pəncəsi ilə xüsusi təyinatlının sifətini yaladı.

Hacı əlləri ilə sifətini qapamaq istədi. Bacarmadı. Alov dilləri əllərini də qarsdı. Əllərini sifətinə yaxınlaşdırıb “Gözlərim!” deyə bağırdı. Döyüş yoldaşları özlərini yetirib hər iki yaralını yaxınlıqdakı tikilinin yanına sürüdülər. Daha təhlükəsiz yerdə arxaları üstə torpağa uzadıb sakitləşdirməyə çalışdılar. Ayxan yerində durmur, ağrıdan qovrulur, dayanmadan “Qolum, qolum” - deyə fəryad edirdi. Hacı yerində dikəlib əllərini sifətinə yaxınlaşdırdı. Amma toxunmağa cəsarəti çatmadı. Sanki sifəti od saçır, alov püsgürürdü. Bircə qarış sifətindən aralı saxladığı əlləri tir-tir titrəyirdi, sifətinin istisindən əllərini üzünə yaxınlaşdıra, toxundura bilmirdi.

Qrup rəhbəri çatıb, döyüş yoldaşının yanında yerə çökdü:

- Kimsən, əsgər, kimsən, qardaş!? - deyə üstünə bağırdı.

Çavuş Vəliyevsə komandirinin səsini eşitmir, “sifətim yanır” - deyə qeyri-ixtiyari öz-özünə təkrarlayırdı.

Qrup rəhbəri onun çiyinlərini qamarlayıb, “Kimsən, əsgər, kimsən?” - deyə təkrar üstünə bağırınca komandirinin səsini sanki dərin bir quyudan eşidirmiş kimi çavuş Vəliyev sağ qulağını səs duyduğu tərəfə çevirdi. “Mənəm, komandir, Hacı!”

Leytenant İbrahimovun səsinə eyni tempdə cavab verən çavuş komandirinin yanında olduğunu duyunca ürəkləndi. Qrup rəhbəri gözləri ilə ətrafı axtarıb, yoxlayırmış kimi:

- Yox, yox, əsgər, yox, Hacı bu dəqiqə mənimlə bərabər addımlayırdı, özünü ələ al, qardaş, adını doğru de mənə. - Çiyinlərindən tutub diqqətlə sifətinə baxdı.

- Mənəm, komandir, mənəm, Hacı!

Komandirini yanında hiss etməsi və sifətindən əllərinə daman qanın təmasını duyması elə bil Hacını sakitləşdirmiş, ürəkləndirmişdi. Sifətinin yanmadığını, mərminin qaldırdığı toz-torpağın sifətinə çırpılması və qəlpə yarası alması nəticəsində üz-gözündə yanğı baş verdiyini anlamışdı. Əllərini yaxınlaşdırıb sifətinə toxundu. Görməsə də, ovuclarının al-qırmızı qana boyandığını hiss etdi.

Xüsusi təyinatlı döyüşçü tanınmaz haldaydı. Qrup komandiri onu sinəsindəki etiketindən tanıdı. Amma bir gözünün yerində olmaması, digər gözunun isə əcaib formada çevrilməsi komandiri belə qorxutmuş, söz deməyə cürəti qalmamışdı.

Ani toxtaqlıq tapsa da, əhvalının yaxşı olmadığını anlayan Hacı isə “Ay Allah!” - deyə gözlənilmədən kəlmeyi-şəhadətini deməyə başladı:

- Əşhədü ən la İlahə İlləllah, əşhədü ənnə Muhəmmədən Rəsulullah. Əşhədü ənnə əmirəl-mü'mininə Əliyyən vəliyyull...- leytenant Bağırovun onu sona qədər dinləməyə hövsələsi çatmadı:

- Əşşi, sən də bir dayan görək! - deyə özünü ələ aldı. Sivirib çantasını çiynindən çıxardı: - Səndə nə var ki, belə ölməyə tələsirsən? - Açıb tibbi ləvazimatları bir-bir yerə düzməyə başladı: - Yoxsa bezmisən daha, bizi yarı yolda qoymaq istəyirsən!?

Həyəcandan öz əllərinin də titrəməsinə baxmayaraq, Hacını sakitləşdirməyə, ona toxtaqlıq verməyə çalışdı. Kəlmeyi-şəhadətini yarımçıq saxlayan Hacı isə indi yadına düşürmüş kimi görmədiyi istiqamətə boylandı:

- Komandir, sən Allah, gör o əsgər necə oldu? Deyəsən, qolundan yaralanmışdı.

Qolunu itirən əsgər Ayxan Mövsümova isə digər döyüş yoldaşları onlardan beşcə addım aralıda tibbi yardım göstərməyə çalışırdı. Ayxan Mövsümovun dayanmadan “Qolum, qolum” - deyə sızlamasını Hacı eşidə bilmirdi...

Hər iki yaralıya ilkin tibbi yardım göstərildikdən sonra qrup rəhbəri iki döyüşçünü yanına çağırdı:

- Yubanmaq olmaz, uşaqlar, yaralılar qanaxmadan ölə bilərlər! Onları dərhal arxaya, təxliyə qrupuna çatdırmaq lazımdır!

Komandirin əmrini eşidən Haci:

- Yox, komandir, belə bir vəziyyətdə sizin irəliləməniz daha vacibdir, deyə etirazını bildirdi: - Bizdən yana narahat olmayın. Çox xahiş edirəm, bizi elə burada qoyub yolunuza davam edin. Onsuz da təxliyə qrupu ilə həkim bizi təqib edir. Harda olsalar, indilərdə gəlib çıxacaqlar!

Komandir döyüş yoldaşlarına bir-bir nəzər yetirib, hamının vaxt itirmədən irəli getmək əzmində olduğunu və döyüş tapşırığının da yalnız bunu tələb etdiyini görüb, razılaşmaq məcburiyyətində qaldı:

- Allaha əmanət, qardaş, özünüzü qoruyun, inşallah, həkimlə təxliyə qrupu tezliklə özlərini yetirəcəklər! - deyə yaralıları bir-bir bağrına basıb növbəti hədəfə doğru istiqamət götürdü...

Artıq gözlərini itirdiyini düşünən Hacı yerə uzanıb, bundan sonrakı həyatı haqqında xəyallar qurmağa başladı. Qolunu itirən əsgər isə hələ də “Qolummm!” deyə sızlamaqda davam edirdi. Artıq ağrılarının azaldığını, sanki sifətinin keyidiyini və tutulmuş qulaqlarının tədricən açıldığını hiss edən Hacı bir addımlığında uzanıb sizlayan gənc əsgərin səsini indi eşitdi. Sifətini əsgərə tərəf tutub, astadan soruşdu:

- Özünü necə hiss edirsən, əsgər?

Sanki, dərdini deməyə, halından gileylənməyə fürsət axtarırmış kimi “Qolunu itirən adam özünü necə hiss edər, komandir?” deyə gənc əsgər narazı-narazı dilləndi.

- Adın nədir, əsgər?

- Ayxan, Ayxan Mövsümov, komandir!

- Səncə, gözünü itirən adam özünü necə hiss edər, Ayxan?

Bir anlıq susub cavab gözlədi. Ayxan cavab vermək fikrində deyildi. Bəlkə də görməməyin, kor olmağın nə olduğunu təsəvvür etmədiyi, bəlkə də düşünə bilmədiyi, bəlkə də indi bu barədə düşünmək belə istəmədiyi üçün cavab verə bilmədi.

Hacı isə susmadı. Sanki əsgərin deyil, özünün daha çox köməyə ehtiyacı olduğunu göstərmək üçün əsgəri yanına çağırdı:

- Yanımda otur, Ayxan, mən ətrafı görə bilmirəm, mən daha heç nə görmürəm. – Gənc əsgərin boyründə yerə çökdüyünü hiss edincə pıçıltiyla dilləndı: - Səncə, mən belə yaşaya biləcəyəmmi? Səncə, yaxınlarının sifətini görmədən, ətrafın, təbiətin gözəlliyini görmədən yaşamaq mənə asanmı olacaq?!

Ayxanın yalnız sızıltısını eşitdi.

Ayxan döyüş yoldaşının əhvalını yaxşı başa düşsə də, cavab vermək iqtidarında deyildi. Özündən bir-neçə metr aralıda düşən qoluna, jqutla sıxılmasına baxmayaraq, dayanmadan qanı sızan qopmuş qolunun yerinə baxır, təəssüflə başını yelləyir, sızlamaqdan durmurdu.

Dirsəklənib azacıq dikəldi Hacı. Boynunu döyüş yoldaşlarının getdiyi istiqamətdə uzadıb: - Qrupu görürsənmi?- deyə xırıltı ilə soruşdu. Qrup artıq çoxdan gözdən itmişdi. Bunu Hacı yaxşı bilirdi. Amma niyyəti gənc əsgəri söhbətə tutmaq, azacıq da olsa, ovundurmaq, ağrısını unutdurmaq idi.

Ayxan döyüş yoldaşlarının getdiyi istiqamətə diqqət kəsildi. Amma dayanmadan qan itirdiyi üçün və aldığı yaranın acısından gözləri qaralır, artıq uzağı aydın görə bilmirdi.

– Onlar çoxdan gedib, komandir! - əzab və işgəncə ifadə edən titrək səslə cavab verdi.

Hacı döyüş yoldaşını yenə də rahat buraxmadı:

- Sən görə bilirsən, əsgər, sifətimə bir bax. Gör gözlərim heç olmasa yerindəmi, yoxsa düşüb itib?

Bayaqdan ona tərəf baxmağa cəsarət edə bilməyən əsgər kiçik komandirinin sifətinə ani nəzər yetirdi. Tez də üzünü yana çevirib gözlərini qapadı. Sanki Hacı onu görürmüş kimi başını yelləməklə “yox” deyə cavab verdi.

Hacı görməsə də, döyüş yoldaşının cavabını duymuşdu. Susdu, amma danışmadan durmağa çox da səbri çatmadı:

- Yoxdur demək, demək, heç vaxt görə bilməyəcəm! Amma sənin qoluna protez qoyacaqlar, eynisi olmasa da, qolunu əvəz edə biləcək, rahat yaşayacaqsan...

Əsgər Mövsümov döyüş yoldaşının çıxmış gözlərinin yerindən sızan qanı görüb daha da sarsılmışdı.

- Səndən bir xahişim var, qardaş, - Hacı yenə də sakit dura bilmədi. Udqundu, qanla dolmuş boğazını arıtlayıb: - Gözlərim bax buralarda düşüb, qardaş, - deyə boğazını irəli uzadıb ətrafı göstərirmiş kimi ehmalca başını sağa, sola yellədi: - Axtar tap onları, qardaş, axtar!..

Ardı BURADA

Tarix
2021.08.26 / 08:30
Müəllif
Kult.az
Digər xəbərlər

Trampın qayıdışı Bakıya nə vəd edir? – Politoloq

İran Zəngəzura mütəxəssislər göndərdi: sürətli iş aparır

Makron təşviş içində Şoltsa zəng etdi – Nə baş verir?

Mask Tvitteri aldı, onu X etdi və “X günü”nə hazırladı

Tokayevin Parisdə Makrona mühüm Bakı mesajı

Ərdoğanın türk liderlərdən 2 gözləntisi: Bişkekdə nə istədi?

Sol-liboşların xaosu, təcavüzü bitir: “sağ”alma başladı

TDT liderlərinin 12-ci sammiti Azərbaycanda keçiriləcək

Sadıqov məni yanına çağıraraq dedi ki... - Şlyapa Zahid

İlham Əliyevin Bişkek səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla