Yuxarı

Xüsusi təyinatlıların üçüncü eşelona hücumu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Əvvəli BURADA

Döyüş yoldaşının halı özünü unutdurmuşdu əsgərə. Çavuş Vəliyevin ağrılarını qəlbində duyur, döyüş yoldaşının gözlərinin deyil, öz ürəyinin düşüb itdiyini, sanki qəlbinin yox olduğunu, yerində isə bir boşluq, bir sükunət, qaranlıq və dərin bir quyu yarandığını hiss edirdi.

Əsgər Mövsümov təlimlərə yeni qoşulmuşdu, sınaqlar tamamlanmamış döyüşə atılmışdı. Ürəyi hələ kövrəkliyini itirməmişdi, dərdini içində basdırmağı öyrənməmişdı. Dost itkisi görməmişdi, dost itkisinin can yanğısından daha acı olduğunu dadmamışdı.

Könülsüzcəsinə ayağa qalxıb kiçik komandirinin başı ilə işarə etdiyi yerə tərəf addımladı. Döyüş yoldaşının gözlərinin sanki indi ayaqları altında qalacağından, sanki bilmədən ayaqlarını ustünə basmaqla dünya işığını dostunun üzünə birdəfəlik qapayacağından, sanki Hacının bütün ümidlərini, arzularını tapdayacağından qorxa-qorxa yeri axtarmağa başladı. Durduğu yeri ehtiyatla dəyişməklə, ayağını hara gəldi basmamaq şərtilə bütün ətrafı diqqətlə axtardı. Tapa bilməyincə üzünü dayanmadan onu söhbətə tutan döyüş yoldaşına tutdu:

- Yoxdur, komandir, yoxduuuur! - hər kəlməsində yanğısını ifadə edən təəssüflə dilləndi.

– Oralardadır, əsgər, oralardadır, bəlkə də ayaqlarınıza dolaşıb torpağa qarışıb. Bir çöpdən-zaddan tapıb torpağı eşələ, qardaş, bəlkə tapa bildin, – çavuş inadından dönmədi.

Əsgər Mövsümov yerində azacıq dikəlib təəccüblə döyüş yoldaşının üzünə baxdı. Düşmüş, yerindən qopmuş gözlərinin çuxurundan dayanmadan sızan qanın altında gizlənmiş sifətinin cizgilərini görməsə də, kiçik komandirinin onun bilərəkdən başını qatdığını anladı. Gəlib ehmalca yanında yerə cökdü:

- Sən mənimlə məzələnirsən, komandir!? – deyə narazılığını bildirdi.

- Məzələnməkdən keçib, əsgər, səbir etmək, bir az da dözmək lazımdır. Harada olsa, indilərdə təxliyə qrupu gəlib cıxacaq, - etiraf etmək məcburiyyətində qaldı Hacı.

- Yaxşısı budur gedək burdan, komandir. Çəkilək arxaya. Bizimkilər ordadır! Burda isə hər an bir təhlükə baş verə bilər. Görmədin, keçib getdiyimiz yerdən köstəbək kimi yerin altından peyda olub necə üstümüzə hücum çəkdilər!?

Əsgərin narahatlığının artdığını görən çavuş dedi:

- Hücum çəkdilər, amma elə dərhal da gəbərtdik onları! - Amma əsgərin təklifi ilə də razılaşmaq məcburiyyətində qaldı: - Yaxşı, avtomatımı gətir ordan, - deyə əlini yaralandığı tərəfə uzatdı: - Oralarda olmalıdır. Mən belə gedə bilmərəm. Avtomatı boynuna keçirərsən, mən də avtomatdan tutub arxanca yeriyərəm. Həm də hər dəqiqə düşmənlə qarşılaşa bilərik, hazırlıqlı olmalıyıq.

Ayxan cəld qalxıb çavuş Vəliyevin göstərdiyi istiqamətdə yeridi. Tez də qayıtdı:

- Avtomatın yoxdur, komandir, - məruzə etdi: - Onu yəqin, uşaqlar özləri ilə aparıblar. - Cavab gözləmədən geri dönüb öz snayperini götürdü: - Mənim snayperimdən istifadə edə bilərik.

- İndiki halda snayperdən istifadə etmək mümkün olmayacaq, əsgər, - çavuş razılaşmadı: - Düşmənlə qarşılaşsaq, avtomatdan boynundan asıldığı halda tək sol əlinlə də atəş aça bilərsən, snayperləsə bu mümkün olmayacaq. Gözləsək yaxşıdır...

- Komandir... - sözü əsgər Mövsümovun ağzında qaldı.

– Susss - deyə çavuş Vəliyev baş barmağını qanlı dodaqlarının üstünə qoydu: - Ətrafı yoxla, Ayxan, ayaq səsləri duydum.

– Ayağa durmağa nə taqəti, nə də həvəsi olan əsgər Mövsumov yerindəcə boylanıb ətrafa diqqət etsə də, heç nə görə bilmədi. İllərin təcrübəsindən keçən, ən ehtiyatlı ayaq səslərindən, tər qoxusundan, hətta bir ay qabaq siqaret çəkmiş insanın özündən xeyli aralıda nəfəsinin hərarətindən duyuq düşən xüsusi təyinatlı kəşfiyyatçı səkkiz ayın əsgərinə inanmadı. Cəld böyründə daşıdığı cantasından əl qumbaralarını hər iki əli ilə qamarlayıb həlqələrini çəkmək üçün dişlərinə yaxınlaşdırdı.

- Durun, atmayın, - səs bir addımlıqdan eşidildi: - Mənəm, Əlizadədir!

Qəfil səsdən diksinən Ayxan oturduğu yerdən sıçrayıb səs gələn tərəfə boylandı. Çavuş Vəliyev yerindən tərpənmədən:

- Əlizadə kimdir? - Əl qumbaralarının həlqələrini dişlərindən ayırmadan xəbər aldı.

Gələn hərəkətdən qalmadı:

- Tibb işçisi, sanitar! - deyə yaxınlaşıb çavuşun başının üstündə durdu: - Sizi aparmağa gəlmişəm! - dərhal da izahat verdi.

Hacı:

- Sən əsgər Mövsümovu apar, qardaş, onun vəziyyəti daha ağırdır, – deyə arxayınlaşıb əl qumbaralarını santasına yerləşdirdi: - İkimizi də aparmaq sənə çətin olacaq.

– Mümkün olmayan heç nə yoxdur, qardaş. Həm də sizi burda tək saxlaya bilmərəm. - Əlindən tutub ayağa qaldırdı çavuşu: - Mən gəldiyim cığırla asta-asta yeriyəcəyəm. Siz də bir-birinizdən və məndən tutmaqla arxamca addımlayacaqsız...

Uzaqlardan dayanmadan güllə səsləri eşidilir, arabir minaatan və artilleriya qurğularının atəşi bütün səsləri batırır, qarşıdakı dağlarda əks-səda verirdi. Motor səslərinin yalnız uğultusu gəlib yaralı əsgərlərin durduğu yerə çatırdı. Artıq həm Hacı Vəliyev, həm də Ayxan Mövsümov ilkin psixoloji sarsıntını adlamış, qulaqlarının uğultusu keçmiş, canlarının ağrısını az da olsa unutmuşdular. Tibb işçisinin gəlişi ümidlərini artırmış, xəyallarını doğrultmuşdu. Yaralandığı üçün döyüş yoldaşlarının yanında olmadığından təəssüflənən çavuş Vəliyev Əlizadənin köməkliyi ilə ayağa qalxan kimi:

– Uşaqlardan nə xəbər? – deyə xəbər aldı: - Yəqin artıq üçüncü eşelonu da götürüblər, inşallah.

– İnşallah! – tibb işçisi də inamla cavab verdi. - Vaxt itirmək olmaz, uşaqlar! -deyə dərhal da narahatlığını bildirdi: - Bizimkilər artıq bu yerləri “şumlayıb” keçiblər, amma şərəfsizlər hələ də orda-burda gizlənib, gözlənilmədən çıxıb bizə arxadan atəş açırlar!..

Vaxt itirmədən hərəkətə başladılar. Bir az əvvəl sağ-salamat adlayıb irəli keçdikləri ikinci eşalona çatar-çatmaz qəfil atəş səsləri eşidildi. Tibb işçisi Əlizadə dərhal dizi üstə çöküb atəş açmağa başladı. Çavuş gənc əsgəri də dartıb özü ilə bərabər yerə uzandırdı. Avtomatdan qırıq-qırıq atəş açıldı və dayandı.

Çavuş uzandığı yerdə dikəlib:

- Nə olub, Əlizadə? - deyə xəbər aldı.

- Ermənidir qaçan! – Avtomatının nişangahı ilə hələ də erməni əsgərinin görünüb yoxa çıxdığı sahəni müşahidə edən sanitar təmkinlə cavab verdi.

- Onu burdan sağ göndərmək olmaz, qardaş, - düşmən əsgərinin qaçıb aradan çıxacağından narahat olan çavuş tələsik dilləndi: - Get, onu təmizlə gəl! Bizdən narahat olma, biz səni burda gözləyirik.

Əlizadə qalxıb düşmən əsgərinin atəş açıb gizləndiyi istiqamətdə addımladı. Qarşı tərəfdə ardıcıl olaraq atışma səsləri eşidildi və kəsildi. Bir-neçə dəqiqədən sonra Əlizadə bir avtomat çiynində, biri də əlində arxayın addımlarla yaralı döyüşçülərə yaxınlaşdı.

– Yaralamışdım, yenə də qaçırdı, şərəfsiz! - deyə döyüş yoldaşlarının yanında yerə çöküb dərindən nəfəs aldı.

– Gəbərdə bildinmi? – Hələ də arxayınlaşa bilməyən Hacı qulaqlarını az qala Əlizadənin dodaqlarına yapışdıraraq xəbər aldı.

Oturmağıynan durmağı bir olan Əlizadə:

- Məhv etdim, komandir, heç qoyarammı? – deyə dərhal da əlavə etdi: - Avtomatını da özümlə götürmüşəm. - Sanki görürmüş kimi zərərsizləşdirdiyi düşmən əsgərindən qənimət götürdüyü silahı Hacıya tərəf uzatdı. Cavabını gözləmədən: - Gedək, gedək, gözləməyə heç vaxt yoxdur, - deyə yoldaşlarını tələsdirdi...

***

Qrup rəhbəri Baği İbrahimovun əmri ilə qrup üçüncü eşelon istiqamətində hərəkətə başladı. Düşmənin mövqe tutduğu və möhkəmləndiyi üçüncü eşelona təxminən bir kilometr məsafə qalmış müşahidə üçün mövqelənib gözləməyi əmr etdi. Üçüncü eşelona getmək üçün yalnız minalanmamış bir yol ehtimal edilirdi. Həmin yolun düşmənin təminat maşınlarının və mövqeləri dəyişən zaman düşmən piyadasının hərəkəti üçün minalanmadığı aydınca hiss olunurdu. Bu barədə qabaqcadan kəşfiyyat da məlumat vermişdi. Amma həmin yolla düşmən üstünə hərəkət etmək ciddi risk idi. Üçüncü eşelonda mövqe tutan düşmən tərəfindən ciddi nəzarətdə saxlanılan minalanmamış bu cığırda görünmək intihara bərabər idi.

Qrup rəhbəri rabitəçiyə rəhbərliklə əlaqə yaratmağı əmr etdi. Bir dəqiqə keçmədi ki, rabitəçi: - Kombat xəttdədir! - deyə radionu leytenant İbrahimova uzatdı.

– Cənab mayor, biz artıq üçüncü eşelonun bir kilometrliyindəyik. Həmlə etmək üçün fürsət gözləyirik. Amma artilleriya, yaxud aviasiya dəstəyi olmasa, şəhid vermədən mövqeni götürmək çətin olacaq! Əmriniz nədir?

- Məlumatımız var, leytenant. Artilleriya sizə dəstək verəcək. – Radiodan yayılan xırıltılı səsi bütün xüsusi təyinatlılar aydınca eşitdilər: - Gözləyin, ikinci həmlədən, aviasiya atəşindən sonra hücuma kecərsiz!

Qrup rəhbəri sağ və sol tərəflərində uzanib əmr gözləyən döyüş yoldaşlarına tərəf növbə ilə çevrilib:

- Gözləyək! – deyə əmri təkrar etdi.

On dəqiqədən sonra qarşıdakı düşmən mövqeyinə ardıcıl olaraq iki artilleriya zərbəsi endirildi. Artilleriya zərbələrinin qaldırdığı toz dumanı çəkilməmiş səmada Azərbaycan aviasiyasının gurultusu eşidildi. Və hava hücumunun ardıcıl olaraq endirdiyi bir neçə zərbə möhkəmlənmiş düşmən mövqesində torpaqla bərabər düşmən əsgərlərini havaya uçurdu. Qirıcı təyyarələrin gurultusu qulaqlarından çəkilməmiş: - Ardımca irəli! – deyə leytenant İbrahimovun bağırtısı xüsusi təyinatlıları ayağa qaldırdı.

Ara məsafəsi saxlamaqla bir cərgədə sıralanaraq minalanmamış cığırla düşmən səngərinə doğru hərəkətə başladılar. Eşelonun bir neçə addımlığında sürətlərini artıraraq müxtəlif istiqamətlərdən qəfil səngərin içərisinə atıldılar. Başlarını səngərdən qaldırmağa hələ də cəsarət etməyən düşmən əsgərləri gözləmədikləri anda Azərbaycan xüsusi təyinatlılarını qarşılarında gördülər.

Artilleriya və aviasiya zərbələrindən sonra mövqedəki düşmənin sayı xeyli azalmış, cəsədləri səngər boyu səpələnmişdi. Sağ qalanların isə zərbə dalğalarının təsirindən qulaqları tutulmuşdu, hərəkətlərini tənzimləməkdə, özlərini idarə etməkdə çətinlik çəkdikləri aydınca hiss olunurdu. Səngərə daxil olan kimi üzbəüz və qısa məsafədən atəş açmaqla düşmənin müqavimət göstərməsinə macal verməyən xüsusi təyinatlılar dərhal tutduqları yerdə möhkəmlənməyə başladı.

Qrup komandiri ətrafına boylanıb:

- Hamı sağ-salamatdırmı?- deyə tələsik xəbər aldı.

Şəxsi heyət baxışlarını bir-birlərinə ötürməklə hamının yerində olduğunu qrup rəhbərinə çatdırdı.

Eşelon itkisiz alınmışdı. Amma dayanmaq, dincəlmək, hətta bu uğura sevinmək üçün belə zaman yox idi. Qarşıda onları dördüncü eşelon və ermənilərin keçilməz sədd hesab etdiklər, 27 il ərzində möhkəmləndirib alınmaz qalaya çevirdikləri Ohanyan səddi gözləyirdi...

***

Dördüncü, beşinci və işğalçılar tərəfindən dağıdılıb yerlə yeksan olunmuş Fizuli şəhərinin mərkəzinin yaxınlığında yerləşən altıncı eşelonların alınmasında dronların dəstəyi misilsiz oldu. Hər iki qrupa altıncı eşelonda dayanıb möhkəmlənmək əmri verildi. Amma çox keçmədi ki, xüsusi təyinatlıları dabanbasma izləyən quru qoşunları özlərini artıq işğalçılardan azad olunmuş əraziyə yetirdilər.

Təxminən iyirmi üç saat çəkən əks həmlə əməliyyatından sonra xüsusi təyinatlılar istirahət belə etmədən Cəbrayıl rayonu istiqamətində yerdəyişmə əmri verildi. Orada isə xüsusi təyinatlıları daha ağır döyüş gözləyirdi...

Ardı BURADA

Tarix
2021.09.02 / 08:30
Müəllif
Etibar Muradxanlı
Digər xəbərlər

Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir

Arxangelskdə təlim: Azərbaycan müşahidə edəcək

İlham Əliyev Trampa zəng etdi

70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar

Qaz limitinin artırılması ilə bağlı təklif!

Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…

Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi

Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar

Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla