Ana səhifə Reportaj |
Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).
Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.
Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.
***
…Ay işığı başdan ayağa ağ geyinmiş gəlin kimi arxasınca sürünən ağappaq xalatını götürüb, qəfil gözdən itdi. Dan yeri qaranlığı çiyinləri ilə sökərək araladı. Və ağappaq bir at sıçrayıb Cıdır Düzünə düşdü. Kişnəyib şahə qalxdı. Atın kişnərtisindən yer, dağ-daş lərzəyə gəldi. Atın üstündə oturmuş ağ rəngli çərgəzi paltar geyinmiş igid qılıncını sıyırıb havaya qaldırdı. Laçın qayalarının arxasından doğan Günəş parlayaraq qılıncın qəbzəsindən tutmuş ucuna qədər Qarabağın üzünə gülümsədi. At ayaqlarını yerə çırpıb yenidən şahə qalxdı. Yer titrədi, göy gurladı, ildırım bütün dağlar boyu qığılcım səpdi. At iki ayağı üstdə durduğu yerdə dövrə vurduqca üstündəki igid qartal baxışları ilə qılıncının parıltısında dörd bir yanı seyr etdı. Dağlar, qayalar, meşələr, çaylar, bulaqlar par-par parıldayan qılıncın işığından bərq vurdu. At ayaqlarını yerə endirən zaman igid qılıncını qınına qoyub qoşa əllərini yanlara açdı. Vidalaşırmış kimi hər iki əlini havada yelləyərək çapdı, çapıb-çapıb səmanın bağrına sıçradı. Və qəfil gəldiyi kimi qəfil də buludlara qovuşaraq buludların arasında, səmanın ən dərin ənginliklərində yox oldu. Uçub getdi...
– Dur, oğul, dur, ayaq saxla, duuuuur! – deyə sışrayıb yerindən qalxdı ana. Gözlərini ovuşdurub dıqqətlə ətrafı dinşədi.
Həyat yoldaşının səsindən diksinərək səksəkə işərisində ayılan ata gözlərini qadının əlini uzatdığı tərəfə zilləyib həyəcanla soruşdu:
- Nə olub, nə baş verib!?
Həyəcandan bütün vücudu tir-tir titrəyən xanım həyat yoldaşının səsini belə eşitmədi. Alnından puçurlanan tər damlaları göz yaşlarına qarışdı. Xanımının yuxusunu qarışdırdığını anlayan həyat yoldaşı xəfifcə toxunub onu sakitləşdirməyə çalışdı. Xanımsa gördüyü yuxunun təsirindən hələ də özünə gələ bilmir, dayanmadan hıçqırırdı. Qəfil ev telefonunun zəngi gecənin sükutunu pozdu. Ata qeyri-ixtiyarı saata baxdı: - 01:36.
- Xeyir olsun! – deyə yerindən sıçrayıb dəstəyi qaldırdı.
- Yaqubov Cahid Etibar oğlunun evidir?
- Bəli, - zəngin haradan, nə üçün edildiyini anlayan ata həyəcanını boğub təmkinlə cavab verdi.
- Sizi Suraxanı rayon hərbi səfərbərlik idarəsindən narahat edirlər. Oğlunuz Yaqubov Cahid iki saatdan sonra cəbhəyə yola düşəcək. Xahiş edirik saat dörd tamamda onu idarəyə gətirəsiniz.
- Baş üstə! – deyib dəstəyi asdı.
Saatına baxdı. “İki saatdan artıq vaxt var, qoy bir az da yatıb yuxusunu alsın” deyə oğlunu yatağından qaldırmağa tələsmədi. Ardınca yetirib qapının astanasında dayanan, boynunu bükərək sual dolu gözlərini ona zilləmiş həyat yoldaşına bir söz demədən qonaq otağına adladı. Televizoru yandırdı. Azərbaycan Prezidenti, Ali Baş Komandanın müharibə anonslu çıxışı təkrar-təkrar nümayiş etdirilirdi:
- Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikası sıradan çıxıb...
Fikirli-fikirli həyətə çıxdı. Süd kimi ağappaq bir gecəydi. Ay ağappaq xalatını Bakının üzərinə endirmişdi. Uzun-uzadı gözünü səmaya dikib-durdu.
Vaxt keçirdi, içəri girəndə artıq oğlunun da oyandığını, televizorun önündə Ali Baş Komandana dinlədiyini gördü:
- ...Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.
Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
***
Suraxanı rayon hərbi səfərbərlik idarəsinin qarşısında yüzlərlə çağırışçı və daha artıq sayda valideyn, çağırışçıların yaxınları toplaşmışdı. Payız gecəsinin sərin mehi çağırışçı valideynlərinin, yaxınlarının nigaran simalarını, həyəcandan tər basmış alınlarını nə qədər sığallasa da, hiss etdirməməyə çalışdıqları qəlblərinin hərarətini, ürəklərinin yanğısını soyutmaqda aciz qalmışdı. Yola salanlar dolmuş gözlərini gizlətməyə, qüssələrini hiss etdirməməyə, çağırışçılar isə yaxınlarına ürək-dirək verməyə, onları ovundurmağa, qələbə ilə qayıdacaqlarına inandırmağa çalışırdılar. Cağırışçılar ruh yüksəkliyi ilə, valideynlər isə kədərlə vidalaşırdılar. Övladlarını bir daha görə biləcəklərmi, bir daha onları bağırlarına basa biləcək, oxşaya biləcəklərmi deyə, həsrətlə övladlarının son görüntülərini gözlərinə hopdurmağa, qoxusunu ciyərlərinə çəkməyə, nəfəslərini yaddaşlarına verməyə çalışırdılar. Gözləri alov saçan çağırışçılar isə otuz illik həsrətlərinə son qoyacaq günü xəyallarında canlandırır, indi kədər, nigarançılıq və həsrətdən ağlayan valideynlərinin o zaman fərəh, qürur və sevinc göz yaşları axıdacaqlarını düşünüb qürrələnir, ayrılarkən də yaxınlarının yaddaşında qürurlu qalmağa çalışırdılar...
Avtobuslara minmək haqqında komanda verildi. Çağırışçılar analarından, yaxınlarından ayrılıb bir-bir avtobuslara minməyə başladılar.
- Get, kişi kimi, mərd-mərdanə döyüş, qələbə ilə qayıt, Cahid! – Oğlu ilə qucaqlaşaraq görüşüb, çağırışçıların avtobuslara minmələrinə mane olmasın deyə bir addım geri çəkildi: - Tezliklə mən də sənin yanında olacam, inşallah! - ucadan ardınca səsləndi.
Cahid atılıb avtobusa mindi və salonun arxa tərəfinə çəkilərək pəncərədən başını çıxardı:
- Sənə ehtiyac qalmayacaq, özüm həll edib, qayıdacam! – deyə əlini də başı ilə bərabər avtobusun pəncərəsindən çıxarıb təkcə atasına deyil, onları yola salan bütün valideynlərə tərəf yellədi.
Avtobuslar nərildəyib yerindən tərpəndi. Könüllü olaraq Vətənin müdafiəsinə yazılan və hazırda yola düşən gəncləri aparan maşınlar uzaqlaşdıqca duaları yüksələn analar motor səsləri kəsilənə qədər yerlərindən tərpənməyib əllərini yelləməkdə davam etdilər. Oğlunu döyüşə yola salan ata isə həyat yoldaşının danışdığı yuxunu xatırladı. Çağırışçıları döyüşə, Vətəni müdafiəyə aparan avtobus həyat yoldaşının yuxusunda şahə qalxan, sonra səmaya sıçrayıb buludların arasında yox olan ağ at kimi uzaqlaşıb uzaqlaşıb uzaqdan qaranlıqları yararaq şəfəqlərini ətrafa yayan Günəş şüalarının fövqündə gözdən itdi...
***
- Bir neçə dəqiqə bundan qabaq mənfur düşmən yeni torpaqlar işğal etmək niyyəti ilə iriçaplı silahlardan istifadə etməklə yenidən ərazilərimizi atəşə tutdu. - Bölük komandiri mayor Elçin Mənsurov uca səslə farağat durub diqqətlə onu dinləyən xüsusi təyinatlılara məlumat verdi: - Artilleriyaçılarımız, eşitdiyiniz kimi - üzünü əsgərlərindən çevirmədən, əlini düşmənin ərazilərimizi atəşə tutduğu səmtə uzadıb səsini daha da ucaltdı - düşmənin cavabını layiqincə verməkdədir. Düşmən bizi öz ərazilərimizdən, 30 il bundan qabaq xaincəsinə işğal etdiyi ərazilərimizdən atəşə tutur. Düşmən öz torpaqlarımızda bizə meydan oxuyur! Düşmən daha da irəli getmək, torpaqlarımızın daha bir qismini ələ keçirməklə ləyaqətimizi, mənliyimizi tapdamaq niyyəti ilə bu gün yenə də atəşkəsi pozub. Düşmən bu gün bir millət olaraq bizi yox etmək niyyəti ilə yenidən silaha əl atıb. – Sıranın qarşısında gəzərək gözünü belə qırpmadan bir-bir əsgərlərinin sifətinə diqqət kəsildi: - Əsgərlər, bu gün, Vətənimizin bu ağır günündə qarşımızda çox böyük bir vəzifə durur. - Qəfil dayanıb gözünü üzbəüz durduğu əsgərin baxışlarında cəmlədi:
- Əsgər Ayxan Mövsumov!
- Mən, cənab mayor.
- Özündən başqa bacın, qardaşın varmı?
- Bacım var, cənab mayor.
- Gizir Orxan Dadaşov!
- Mən, cənab mayor.
- Qardaşın varmı?
- Var, cənab mayor.
- Çavuş Hacı Vəliyev!
- Mən, cənab mayor.
- Atan-anan, bacın-qardaşın varmı?
- Var, cənab mayor.
Mayor Mənsurov sıranın qarşısında gəzərək əsgərlərinin gözünün içinə baxmaqda davam etdi. Amma daha sual vermədi, cavab verdi. Əsgərlərinin ona qəlblərində ünvanladığı suallara cavab:
- Mənim də qardaşım var, cənab leytenant Baği İbrahimov. Mənim də bacım var, cənab gizir Turqay Məmmədov. Mənim də anam var, cənab gizir Kamil Həsənov. Mənim də atam var, cənab çavuş Bəxtiyar Həsənzadə. Mənim də dayım, əmim, xalam, bibim var, cənab leytenant Ayxan Heydərov. Mənim də yaxınlarım, sevdiklərim var, cənab xüsusi təyinatlılar, sizin sevdikləriniz, sizin yaxınlarınız kimi. - Yeriyib sıranın tən ortasında dayandı: - Amma... - baxışlarını əsgərlərinin qəzəbdən yanan sifətlərində gəzdirib baş barmağını düşmənin bir an belə dayanmadan atəş açdığı səmtə tərəf üzatdı. - Amma oradan bizi artilleriya atəşinə tutan düşmən və onun atdığı mərmi nə sənin atanı tanıyır çavuş Rəşad Əsədov, nə sənin ananı tanıyır çavuş Vüqar Babayev, nə sənin bacını tanıyır kiçik cavuş Fərid Aslanov, nə də sənin qardaşını tanıyir əsgər Ayxan Mövsümov. Bu gün mənfur düşmənin niyyəti 30 il bundan qabaqkı niyətindən heç nə ilə fərqlənmir. 30 il bundan qabaq mənfur düşmən orada, mövqelənib bu gün bizi atəşə tutduğu öz doğma torpaqlarımızda məsum bacılarımızı, günahsız körpələrimizi, qızlarımızı, gəlinlərimizi, atalarımızı, analarımızı, qocalarımızı, cavanlarımızı öz qanlarında boğdu. Zülümlə, işgəncə ilə qətlə yetirdi. İndi o ruhlar bizi orada gözləyir, orada! Əsgərlər, əzizlərim, qardaşlarım, baxın, bizim Vətənimiz ordan başlayır!..
Susdu. Sanki dediklərinin təsirini öyrənirmiş kimi yenidən döyüşçülərini bir-bir nəzərdən keçirdi.
Hava artıq işiqlanmağa doğru gedirdi. Amma mayor Mansurova elə gəldi ki, Günəş bu gün Laçın qayalarının arxasından deyil, səbirlə onu dinləyib, səbirsizliklə əmr gözləyən əsgərlərinin sifətindən doğur:
- Ali Baş Komandan əmr verdi. Bu gün artıq illərlə gözlədiyimiz əmrin icrasına başlayırıq. İstiqamət işğal olunmuş torpaqlarımızdır. Leytenant İbrahimov, leytenant Heydərov, siz öz qruplarınızla hazırda olduğumuz Fizuli rayonunun kənd Horadiz istiqamətində, digər iki qrupla isə mən Alxanlı kəndi istiqamətində hərəkət edəcəyik. Kəşfiyyatın verdiyi məlumata görə, vaxtdan istifadə edərək düşmən qarşıda çoxsaylı səngərlər qazmış, istehkamlar düzəltmişdir. 6-8 metr dərinliyində xəndəklər qazmış, keçilməz səddlər qurmuşdur. Bütün sahə minalanıb. Heç nəyə baxmayaraq biz, illərlə keçdiyimiz təlimlərdən əldə etdiyimiz təcrübədən istifadə edərək, düşmənin qurduğu bütün sədləri aşmalı, istehkamlarını dağıtmalı, mövqelərini ələ keçirməliyik...
Mansurov əsgərlərinin qarşısında gəzib onların alov saçan gözləri ilə danışdı:
- Və nəhayət, düşmənin işğal etdiyi torpaqlarımızı azad etməliyik. Bunu bütün Azərbaycan xalqı bizdən gözləyir. Bunu bütün türk dünyası bizdən gözləyir, bunu gözləri yaşlı şəhid anaları bizdən gözləyir, bunu hər an dili dualı analarımız bizdən gözləyir, bunu Birinci Qarabağ müharibəsindən belləri qırılmış, amma başları dik, məğrur atalarımız bizdən gözləyir. Onların ümidləri bizədir, yalnız bizə. Bizimsə özümüzdən başqa heç kimə ümidimiz yoxdur!.. Son ümidimiz Şəhadətdir! Mərdi-mərdanə Şəhadət! Amma şəhadətlə də heç nə bitmir. Üzərimizə düşən vəzifəni yerinə yetirməyincə, torpaqlarımızı düşmən işğalından azad etməyincə Şəhadətə belə izn yox!..
Sözünü bitirər- bitirməz üzünü qrup komandiri leytenant İbrahimova tutdu:
- Leytenant İbrahimov, İkinci xəndəyi ələ küçirib Şeybey və Nüzgar kəndlərindən keçərək Xocavənd istiqamətində gedən dördyolda görüşürük. Allah yardımçınız olsun!..
- Qruuup, ardımcaaa, irəli! - deyə leytenant İbrahimov iki qrupdan ibarət dəstənin qarşısında deyilən istiqamətdə qaçaraq hərəkətə başladı...
Ardı BURADA
Tarix
2021.08.10 / 23:31
|
Müəllif
Etibar Muradxanlı
|