Eyvazlı bütün diqqətini toplayıb baxandan sonra,
nəhayət, başa düşdü ki, bu adam kimdi. Bu, Koroğlu
idi!
Bığları burma, qoç Koroğlu bir cıqqılı dağın döşündə əlində
tutduğu əyri misri qılıncı buludsuz, əngin göylərə tuşlayıb şəstlə
durmuşdu. O biri əlilə də yanında ona qısılıb qalmış, nə edəcəyini
bilməyən Qıratın boynunu tumarlayırdı. Qırat tez-tez fınxırırdı. Bu
zaman onun iri, ətli dodaqlarının arasından dişləri ağarırdı. Atın
dişlərindən biri ağarmırdı, işım-işım işıldayırdı, çünki qızıldan
idi. Bu qızıl diş haralardansa təngnəfəs gəlib özünü onların yanına
çatdıran bir nərmənazik gün saçağını top kimi sinəsinə qəbul edib
elə o dəqiqə üzbəüzə, misri qılıncın tiyəsinə göndərirdi. Bu
ikisinin arasında qalmış gün saçağı usanmadan şövqi-bərq ilə
parıldayır və bu zaman göz qamaşdırırdı.
Üç gün əvvəl isə, sən təsadüfə bax, Eyvazlının yuxusuna gəlib
Babək girmişdi. Bu dəfə o, bir neçə əsr daha qədimə "reys" eləmişdi
və belə bir səyahətin baş tutmasına indi özü də təəccüb edirdi.
Əl-üzünü yuyub üzünü qırxandan sonra Eyvazlı mətbəxə keçdi.
Səhər yeməyinin hazırlığını gördü. Sabah-sabah dar, amma xudmani
mətbəxin bir küncündə (əslində, bu mətbəxin hər bir yanına künc
demək olardı) oturub pəncərədən düz gözünə vuran bir sırtıq Günəş
saçağı ilə başını sağa-sola qaçıraraq yüngülvari "mübarizə" etdi.
Sonra fikri yayındı və o, əlindəki isti qəhvə dolu fincandan
ləzzətlə qurtum-qurtum dalınca aldı. Bu dəfə fikirli idi.
Fikirləşirdi, axtarırdı son zamanlar sərasər onun yuxusuna girən bu
xalq qəhrəmanları ondan nə istəyir, nə verib ondan alammırlar – heç
cür tapammırdı.
Ağıllı fikirlər Eyvazlının beyninə, adətən, səhərə yaxın gəlib
girirdi. Bunun səbəbini isə o belə izah edirdi. Gecə yuxusundan
sonra beyin dincəlmiş olur, ondandı. Bu sabah da yuxudan ayılıb
çarpayıda yerdəmi ala-ala ağlına gələn ilk ağıllı (bir başqa
dünyada – ağılsız!) fikir bu oldu ki, Koroğlu onun qəhrəmanı deyil.
Əvvəlcə bu əndrəbani fikir Eyvazlını səksəndirdi. O təlaşa düşdü.
Sonra sadəcə, qanı qaraldı. Beynindən keçdi ki, deyəsən, böyük bir
qələtin astanasında artıq gəlib durmuşdur. Başını bulayaraq bu
sərsəm fikri qovalamaq istədi. Amma lənətəgəlmiş əndrəbani fikir
eynən mətbəxdə onun üzünə-gözünə qonan o sırtıq, zəhlətökən Günəş
saçağı kimiydi. Beyninin içində dəcəl keçi kimi bir qırışdan o biri
qırışa atdanırdı və öz xoşuna heç hara yox olub getmək istəmirdi.
Eyvazlı əlini atıb pəncərənin nazik pərdəsini çəkdi.
Qəhvəsini içib qurtarandan sonra Eyvazlı adəti üzrə fincanı cəld
bir hərəkətlə ağzıüstə çevirib nəlbəkinin içinə basdı.
Səbirsizliklə gözlədı. Fal açacaqdı. Gördüyü yuxunu hökmən yozmaq
lazım idi. "Bugün" ona nə hazırlamışdı?! Qəhvənin lili üzüaşağı
fincanın divarlarına çökə-çökə əyri-üyrü xətlər cızıb ona nə isə
deməliydi. Bu qəhvə xətləri onu heç zaman aldatmamışdı. Eyvazlı
qəhvə xətlərinin ötürdüyü məlumatı dəfən-dəfən sınaqdan
keçirmişdi.
Elə təkcə bunu xatırlasaq, bəs edər. Universitet illərinin ilıq
xatirəsi... Qəfildən sinif otağının sakit tənhalığında peyda olmuş
Mirey Matyeyə oxşayan o naməlum qıza elə o andaca aşiq olub qızı
öpəcəyini hətta saat və dəqiqəsinəcən ona xəbər vermələri nəyə
desən dəyərdi. Qəhvə xətlərinin bu barədə xəbəri sabah-sabah
olmuşdu. Düzdü, öpüş qəhvə xətləri deyən kimi, yəni, dodaqdan
dodağa alınmamışdı – onun dodaqları sürüşə-sürüşə bu naməlum qızın
ancaq üzündə gəzə bilmişdi. Zəng vurulmuş, uşaqlar dəstəylə onların
bir küncə sığındığı sinif otağına soxulmağa başlamışdılar. Elə bu
zaman bir-birinə qaynayıb qarışan tələbələr arasında qız yox
olmuşdu və Eyvazlı bir daha o qızı heç harda görməmişdi. Hər
nəydisə, belə məqamlar həmən uğursuz öpüşdən sonra yoxa çıxmış o
qız kimi unudulan deyildi və indiyənədək o öpüş hərdən hardansa bir
canlı kimi zühur edir, pudluq daşlar kimi gəlib onun nazik, o uzaq
öpüşün portağal dadını özündə qoruyub saxlayan dodaqlarından
asılırdı ...
Qəhvə xətlərinin tamamən quruyub öz yerini tutmasını gözləməyə
Eyvazlının hövsələsi çatmadı. Eyvazlı fincanı cəld bir hərəkətlə
nəlbəkinin içindəcə arxası üstə çevirdi. Başını əyib gözlərini
qıyaraq diqqətlə fincanın içinə baxdı. Əyri-üyrü xətlər yuxarıdan
aşağı yazılmış Çin heroqliflərinə oxşayırdı. Çin heroqlifləri
qara-qura bir mətnə dönüb ona nə isə deməyə çalışırdı. Eyvazlı bu
qara-quranı höccələyib oxumağa başladı. Sözləri asanlıqla oxuyur və
mənanı anlayırdı. Qrammatikanın olmamağı məsələni qat-qat
asanlaşdırırdı.
Fincanın içindəki xətləri oxuduqca Eyvazlı düşünürdü. Yox, yox,
yenə də yox! Koroğlu qəhrəman deyil. Belə qəhrəman olmaz. Eynilə,
Babəkin nəyi bundan yaxşıdır?! Bir az da dərinə getmək olar. Lap
elə Şah İsmayılın özünü götürək. Hm, amma burda bir az ehtiyatlı
olmaq gərəkir. Şah məsələsi bir az qəliz məsələdir. Yaxşısı budu,
Eyvazlı Şah İsmayılı bu dəstəyə qatmasın. Ağzıgöyçəklər min əfsanə
uyduracaq. Yox, niyə ki... amma... orası da var ki, lakin o da
inkaredilməzdir ki, bu şəxsiyyətlərin hamısı, Şah İsmayıl başda
olmaqla, öz dövrlərinin buzunu qıran, gələcək üçün yolaçan adamlar
olublar. Seçilən, fərqlənən adamlar... Nəhəngdirlər, buna şübhə
yoxdur. Bir neçə gün əvvəl nəşriyyatın "Qədim ədəbiyyat" şöbəsində
işləyən bir həmkarı (adını xatırlamır) "dəlidən doğru xəbər"
rejimində yaxşı dedi. O olmasaydı, yəni, Şah İsmayılı nəzərdə
tuturdu, biz bu gün necə deyə bilərdik ki, bir xalq kimi bizim də
ayağımız 16-cı əsrə dəyib?! Bir tərəfdən baxanda doğru sözdür.
Bizim ayağımız böyük tarixin içində hər onilliyə, hər əsrə
tappıltıyla dəyməyib axı. Olsa-olsa, yüngülvari, mələklər kimi,
üzdən, ahəstə...
Eyvazlının tanıdığı və ünsiyyətdə olduğu bir Ağıllı şeytan
vardı. Ağıllı şeytan belə hallarda Eyvazlının qulağına onun ruhunu
oxşayan həlim bir səslə pıçıldayırdı ki, azı buna görə bu
nəhənglərin qədrini bilmək vacibdir. Eyvazlı Ağıllı şeytanı çox
gözəl başa düşürdü.
Amma Ağıllı şeytanla yanaşı bir Dəli şeytan da var idi. Dəli
şeytan isə öz zəhlətökən, cır səsilə belə deyirdi: Yox, nərə çəkib
qılınc çalan bu adamlar qəhrəman-zad deyillər. Onları qəhrəman
eləmək səhvdir. Koroğlu öz padşahına asi olub, dövlətçiliyə qarşı
çıxıb. Ən böyük qəhrəmanlığı da, deyəsən, elə Nigarı götürüb
qaçırmağı olub...
Dəli şeytanla razılaşmamaq çətin idi. Amma bu zaman Eyvazlıya
elə gəlirdi ki, o, kiməsə, nəyəsə xəyanət edir. Bu zaman Eyvazlı
əməlli-başlı əzab çəkirdi. Elə bilirdi ki, əynində heç nə yoxdur və
o, anadangəlmə, lüt –üryan durub hamının qabağında. Hamı onu
beləcənə, lüt bir halda görür, o da öz ayıb yerlərini heç cür
eləyib gizlədə bilmir. Qışqıra da bilmir, izah edə də bilmir, əlilə
ora-burasını tuta da bilmir. Bundan betər bu dünyada heç nə yox
idi, ola bilməzdi.
Adam yanında dinmirdi, xəcalətdən səsini çıxarmırdı, amma
təklikdə özü ilə heç cür bacara bilmirdi. Əzab çəkə-çəkə hər şeyi
anlayırdı. Anlayırdı ki, Dəli şeytanın dəlilləri poladdan
möhkəmdir, amma... Eyvazlının qəlbinin içində yenə də bir səs
pıçıldayırdı ki, düzgün deyil belə düşünmək, ələlxüsus da, belə
danışmaq. Nəticəsi ola bilər. Adamı tutarlar, adamı daşqalaq
edərlər. Bu anlarda onun kürəyinə soyuq tər gəlirdi. Qəhrəmanlara
qiymət verməyi sevsə də, etiraf etmək lazımdır ki, Eyvazlı təbiətcə
qorxaq idi. Həmişə Dəli şeytanla "dərdləşəndən" sonra canına
beləcənə xof düşərdü. Xüsusilə, Şah İsmayılla bağlı Dəli şeytanın
onun beyninə saldığı hərzə-hərzə düşüncələr Eyvazlını çox pərişan
edirdi. Başqa bir tərəfdən də sevinirdi ki, duyuq düşüb təpinəni
yoxdu. Bilirdi ki, əgər balaca təpinən olsa, "Mürşidi-kamilim!"
bağıra-bağıra üzü geriyə, düz 16-cı əsrə qədər hövlnak qaçacaq,
ürəyi əsə-əsə özünü sevimli Şahın ayaqları altına atacaq, əfvini
yalvaracaqdı.
Eyvazlı səhər yeməyini bu cür pərakəndə düşüncələr içində
bitirdi. Əlində tutub ora-bura tərpətdiyi fincanın divarlarında
özünə yer eləmiş əyri-üyrü qara qəhvə zolaqları pozuq olsa da,
səsli bir xəttə dönüb qulağına onu həyəcanlandıran belə sözlər
pıçıldayırdı:
"Təəssüf ki (bir başqa dünyada: nə xoş ki), yuxuda olanlar
həyatda baş vermir, həyatda yuxudakının əksi baş verir. Koroğlunu
isə, ey Eyvazlı, sən çox da ürəyinə salma. Koroğlu hələ sənə sübut
edəcək ki, o, həqiqətən, qəhrəmandır. Bu günün axşamı önəmli bir
hadisə baş verəcək və bu hadisə sənin həyatını dəyişəcək. Sən o
hadisə ilə təkbətək, üzbəüz qalmalısan. Buna hazır ol".
Əyri-üyrü, hələ tam qurumamış qəhvə xətləri bu xəbəri ona
tələsik ötürüb eləcənə də tələsik fincanın divarlarında bir-birinin
içinə girərək bir-birinin içində əridilər. Eyvazlının ürəyi
sıxıldı.
Qapıdan çıxarkən adəti üzrə divardan asılmış qədim və üstü
ləkəli güzgüyə diqqət etdi və beynindən hər dəfəki kimi yenə də
eyni nimdaş sual keçdi: "Dünən bu güzgüdə gördüyüm sifət bugünkü
sifətdi, ya yox?!" (Bu sual bütün başqa dünyalarda eyni cür
səslənirdi).
Günəşli bir gün idi. Küçə boyu irili-balacalı evlər gah
bir-birinə tərəf əyilib bir-birinin içində əriyir, gah da
qəddi-qamətlərini düzəldir, tovuz quşları kimi cilvələnirdi. Gün
adamın təpəsini deşir, tər boynundan ayağına qədər şırhaşır su kimi
axıb gedirdi. Kölgə axtarıb altına düşmək Eyvazlının ağlından
keçmədi. Çünki ağlından keçsəydi belə bunun faydası olmayacaqdı.
Gün işığı var idi, binalar var idi, onların əyilib-düzəlməkləri var
idi, amma onların kölgəsi yox idi. Gün başına vura-vura, tərini
tökə-tökə Eyvazlı beləcənə yol gedirdi, amma hara üz tutub
getdiyini o an unutduğundan hansı küçədən hansı küçəyə keçməyi
vecinə belə deyildi. Gedə-gedə gözünün qabağına hərdən Koroğlunun,
hərdən də Şah İsmayılın məktəb dərsliklərindəki şəkilləri gəlirdi.
Bu zaman gözlərini bərk-bərk yumurdu. Amma bu halında da o, yolunu
gözləri açıqmış kimi inamla gedirdi.
Yol özü onu gətirib çalışdığı nəşriyyat binasının qapısı ağzına
çıxardı. Ağır, hündür taxta qapını təkcə əli ilə deyil, az qala
qapıya yapışdırdığı çəlimsiz bədəninin olan-olmaz ağırlığı ilə
yavaş-yavaş aralayıb özünü birtəhər içəri saldı.
Geniş, mərmər pilləkəndən canına yayılan sərinlik Eyvazlının
huşunu bir anın içində yerinə qaytardı. Eyvazlı pillələri
qalxa-qalxa keyflə düşündü ki, bu gün çərşənbədir və onun görməli
olduğu bir iş yoxdur... amma yox! Lənət şeytana və onun bütün
köməkçilərinə! Mərmər pilləkənin bir qırıq yeri vardı, ora ayağını
qoyan kimi, ayağı az qala büdrəyən kimi yadına düşdü. Allahın
bəlası düşdü yadına. Günorta zamanı Eyvazlının yanına şeirlər
kitabının plana salınmasıyla bağlı şeirləri özündən, özü
şeirlərindən betər, son dərəcə idbar və özündən müştəbeh bir şair
gələcək. Məşəqqətmi? Məşəqqət!.. Adamla görüşün qaçılmazlığı bir
anın içində onun qanını qaraltdı. Şairi görməyə Eyvazlının gözü yox
idi, ondan zindeyi-zəhləsi gedirdi. Amma onun barəsində düşündüyü
həqiqəti üzünə deyə bilmirdi. Dili gəlmirdi. Az qala utanırdı.
Bəlkə də, kim bilir, qorxurdu... Ürəyində şairə ad da qoymuşdu:
"Vampir!" Öz-özünü isə Dəli şeytanın təkidilə inandırmışdı ki,
şair, həqiqətən, vampirdir və bu vampir hər görüşdə gizlin-gizlin,
ləzzətlə onun qanını sovurur...
...Vampir üzbəüz kresloya özü boyda sual kimi yayxanıb oturanda
Eyvazlı bu dəfə də ona hansı cavabı verəcəyini qəti şəkildə
müəyyənləşdirməmişdi. Daha doğrusu, hansı cavabı verəcəyini
bilirdi, o cavabı Dəli şeytan onun üçün elə havadaca gözlərinin
qabağında "şparqalka" kimi yazdı. Eyvazlı bunu oxuya biləcəyindən
əmin idi, amma Eyvazlı bu oxuyacağı cavabı nə cür ifadə edəcəyini
bilmirdi. İş beləcənə yavaş-yavaş müşkülə dönürdü. Elə bu zaman,
məhz söhbətə başlamazdan əvvəl, nə oldu, nə olmadı, Eyvazlının
gözləri önündən vaqeə kimi biixtiyar bunlar keçdi...
... Harri Potterin sehirbazlar dünyasında bir küçə var, o,
Eyvazlı bu küçədədir. Küçə sehirbazlarla doludur. Küçənin sağında,
solunda əcayib malların dolu olduğu vitrinli mağazalar da sehirli
idilər. Bu mağazalardakı müxtəlif malların – dəftərlərin,
kitabların, məktəbli çantalarının, köynək və şalvarların, eynək və
şapkaların adam kimi dilləri vardı və onlar dil açıb müştərilərlə
danışırdılar. Sehirli mağazalarda sehirbazlar alış-veriş edirdilər.
Onlar hərdən müştəriyə belə deyirdilər: "Mənə inanmırsan, malın
özündən soruş..." Müştəri də bundan sonra malın özüylə danışmağa
başlayırdı. Sehirbazlarla yanaşı bu küçə ilə mutantlar gəzişirdi.
Cürbəcür, bir-birinin qarışığı olan heyvanlar başqa bir dünyadakı
(Eyvazlının tanıdığı dünyadakı) adamlar kimi dal ayaqları üstündə
gedib-gəlirdilər. Burda xoruz başlı ayı da var idi, ayı başlı xoruz
da var idi, eynəkli qartal da var idi, şir baslı qoyun da var idi,
bir sözlə, burda kim yox idi?! Hələ baxıb tanımadığı nə qədər
məxluqat var idi burda. Qorxuluydumu? Qorxuluydu! Eyvazlını elə bir
vəhmə bürüdü ki, daha bu küçədə qalmağa dözəmmədi, gözlərini
bərk-bərk sıxıb özünü hövlnak qaytarıb gətirdi yenə də öz iş
otağına, Vampir şairin yanına saldı.
...Və indi onun qarşısında ayaqlarını bir-birinin üstünə
sallayıb oturmuş bu vampir Harri Potterin küçəsindəki xortumu uzun,
qoltuğunda qalın kitab aparan sallaqdodaq filə oxşayır. Orada fil
iki ayağı üstündə yeriyir və gözləri alışıb-yanırdı, yəqin, belə
hallarda o da vampir kimi öz fil beynində qafiyə axtarırdı. Eyvazlı
düşündü: fil qafiyəsi görən nə boyda olar?!
Ətrafa nəzər salıb öz otağına qayıtdığına əmin olan Eyvazlı
rahat bir nəfəs alaraq bığaltı gülümsədi. (Niyə bığaltı? Eyvazlının
axı bığları yox idi. Amma yox, bir başqa dünyada, lap elə Harri
Potterin sehirli küçəsinin uzanıb getdiyi dünyada Eyvazlı əlini
bığına çəkmişdi, ona elə gəlmişdi ki, yuxudadı, ayılmaq üçün bığını
dartmışdı, orada onun bığları var idi...).
...Beləliklə, Eyvazlı rahat nəfəs alıb dodaqucu gülümsədi.
Həqiqətən də, ən böyük biclik, çox doğru deyiblər ki, düzlükdü. O
niyə axı bu boyda dərdi öz çiynində çəkməlidir?! Olmaz ki, sözünü
birdəfəlik desin və hər şey də bununla qurtarsın, getsin...
Vampirin ağaran dişləri, əlbəttə ki, əsl ucubiz vampir dişləri
idi. Bu dişlər çox asanlıqla və çox rahat bir şəkildə adamın
boğazına sancılıb qanını soura bilər. Eyvazlı birdən çox aşikar
şəkildə boynunun iki bir-birinə yaxın nöqtəsinin arı sancmış kimi
gizildədiyini hiss elədi. Beynindən guppultuyla bunlar keçməyə
başladı. Sən, Eyvazlı bu Vampirə heç nə sübut edə bilmirsən,
bilməyəcəksən, özünü öldürsən də, partlasan da bu mümkün olmayacaq,
çünki siz ayrı-ayrı Azərbacan dillərində danışırsınız. Bəlkə də siz
ayrı-ayrı dünyalardasınız. Sənə elə gələcək ki, dünyaların birində
işə gəlməyinə gəlmisən və əynində köynəyin, şalvarın var, bu dünya
üçün bu təbiidir. Amma hansı döngədənsə keçəndə sən qəflətən başqa
bir dünyaya düşmüsən və orda sənə baxıb səni lüt görürlər. Bəlkə də
sən evdən çıxanda səhvən başqa bir dünyanın – lütgəzənlər
dünyasının qanunlarına görə şalvarını geyinməmisən. Bu sənin
yadından çıxmayıb, sən sadəcə dünyaları dəyişik salmısan, buna görə
də indi içində partlaya-partlaya qalmısan. Heç nə də edə
bilmirsən...
Vampir isə həmişəki laübali, guya çoxbilmiş tərzilə,
dodaqlarının ucundakı istehzalı təbəssümü ilə son dərəcə yalançı
bir səbr və ədəb-ərkanla üzbəüzündə oturub sənə mərhəmətlə baxır.
Onun hər şeydən, Eyvazlının beynindən keçən hər şeydən xəbəri var.
Eyvazlı birdən başa düşdü. Vampirin məqsədi aydından aydın imiş –
onu hövsələdən çıxarıb açıq söhbətə çəkmək...
– Mən sizinlə açıq danışacağam. – Eyvazlı daha dözmədi, qəti
qərara gəlmiş adamlar kimi hətta ayağa qalxıb sözünə başladı.
Eyvazlının səsində qəribə bir inam hiss olundu. — Kim nə deyib sizə
bilmirəm, amma mən düşündüyümü deyəcəm. Riyakarlıq edə bilmirəm.
Mən belə düşünürəm... Bu şeirlər... bunlar şeir deyil... Vallah,
şeir deyil, billah, şeir deyil. – Eyvazlı "uf" deyib pauza verdi və
təzədən yerinə oturdu, barmaqlarını bir-birinə sıxıb şaqqıldatmağa
başladı. Aydın idi ki, o, belə bir "qəhrəmanlığa" hazır deyildi,
ona görə də birdən-birə dediklərinə peşman oldu, növbəti dəfə "uf"
eləyib narahat şəkildə yerində qurcuxdu. Eyvazlı üçün başqasını
utandırmaqdan daha pis heç nə ola bilməzdi.
Əlbəttə, Eyvazlı gərək pauza verməyəydi. Elə bil, özünün də
ürəyinə dammışdı ki, balaca bir pauza versə, Vampir daha onun
sözünü sonadək dinləməyəcək, hökmən sözünü kəsəcək. Onu
əməlli-başlı, necə deyərlər, alıb gedəcək. Kaş belə olmayaydı.
Eyvazlı ümidlə dərindən köks ötürdü, yerindəcə qısılıb qaldı. Ona
elə gəldi ki, bir neçə an yox, bir neçə il keçdi. Vampirin cır səsi
Eyvazlının yadına Dəli Şeytanı saldı.
– Sən davam elə, özünü darıxdırma. Mən səni diqqətlə
dinləyirəm... – Vampirin dodaqları amansız və istehzalı bir
təbəssümün ağırlığından əyildi. Adam bu dəfə öz idbar təbəssümünü
heç gizlətməyə də çalışmadı, əmin oldu ki, onun təbəssümü
Eyvazlının "yeddi qatından keçdi", yalnız bundan sonra ayaqlarının
hansınısa hansınınsa üstündən götürüb (Eyvazlının bir diqqəti onun
ayaqlarında qalmışdı, amma ayaqlar bir-birinə meynə tingləri kimi
qaynayıb qarışdığından bunu dəqiq ayırd edə bilmədi) haracan gəldi,
deyəsən, lap elə otağın ortasınacan uzatdı. Kresloda şirin-şirin
qurcuxub yerini uzun bir söhbət üçün rahladı. Eyvazlı seytnota
(çaşqın bir hala) düşdü.
Əlbəttə ki, Eyvazlı təkcə bu dünyada deyil, mövcud olan bütün
sonsuz dünyalarda da qorxaq idi. Sözünü bir su içimində
dəyişmədimi, dəyişdi. Naçar bir halda, gözlərində və səsində
yalvarışla Vampirə dedi:
– Yox, yox, məni düzgün başa düşün. Mənim şeir zövqüm elə də
yaxşı deyil. Əsla. Əsla sizin şeirlərinizə mənim siz deyən elə
bir... iradım, sözüm yoxdur. Məni düzgün anlamadınız...
Şeirlərinizin... özünəməxsus tərzi var. Hm... Siz bir bizim şöbə
müdiri ilə danışsanız... məncə, daha doğrusu bu olar...
Nəşriyyatın poeziya şöbəsinin müdiri Göymirzəli ilanla yola
getməyi bacaran bir köhnə ədəbiyyat adamı idi. Lazım gəlsə, şeir
yazan əjdaha ilə də dil tapardı, hamını da razı salardı. Göymirzəli
nə zamansa hətta bir xalq şairinə belə demişdi:
– Vallah, halal olsun. Billah, halal olsun. Sən
istəmisən ki, bir axmaq şeir yazasan, sən də onu yazmısan.
Əhsənül-əhsən. Elə bilirsən asandı?
– Əlbəttə, asan deyil... – Xalq şairi Göymirzəliyə
minnətdarlıqla baxandan sonra əlində hazır tutduğu dəsmalla tərli,
daz başını silə-silə nə danışdığını, necə tələyə düşdüyünü
isti-isti ağlına belə gətirmədən əlüstü cavab vermişdi...
İki göz istəyirdi, Eyvazlının biçarə halına tamaşa
eləsin.
–Deməli, sən deyəcəyini dedin, qurtardın?!– Vampir
boğazını yüngülcə arıtlayıb süni bir razılıqla və qətiyyən
tələsmədən incə-incə, yağlı-yağlı danışaraq səsinin şirin yerinə
saldı. Gözləri bir an sonra alacağı ləzzətdən ulduz göydə axan kimi
axıb getdi.
Eyvazlı hiss elədi ki, haman xalq şairi kimi tora düşməkdədir,
soyuq tər yenə də başladı bunun boynundan köynəyinin içiylə
kürəklərinə qədər axmağa. Dodaqaltı öz-özünə nə isə mızıldadı.
Vampir onun mızıltısını təsdiqləyici cavab kimi qəbul elədi.
– Deməli, qurtardın... İndi də sən zəhmət çək, mənə qulaq as. –
Vampirin səsi bir anın içində dəyişib codlaşdı, hətta bu səs
Eyvazlıya bir qədər vahiməli gəldi.
Vampir xeyli qətiyyətli və ciddi bir şəkildə, nəhayət
ki, bu gənc hərifə əməlli-başlı dərs vermək qərarına gəlmişdi. "Çox
dözdüm mən sənin cəfəngiyyatına... Sirlərin açılma zamanıdır. Eybi
yox, zərbə ağır olacaq, amma dözümün çatsa, anlayacaqsan... Bizi də
bir adam əvvəl-axır anlamalıdı, ya yox?!"
Eyvazlının balaca otağındakı səsli divar saatını hamı bəzək kimi
qəbul edirdi, çünki saatın kəfkiri divardan asıldığı vaxtdan
indiyənə qədər eləcənə donub qalmışdı. Birdən-birə bu kəfkir
öz-özünə hərəkətə gəlmədimi, gəldi. Eyvazlı diksindi və mat-məəttəl
qaldı.
– Mən sənin yaşında, balası... – Vampir heç nəyə fikir vermədən
danışmağa başladı, – ulduzdan ulduza uçurdum. Gəlib sizin bu camış
iyi verən üfunətli dünyanıza düşəndə, daha doğrusu, ilişəndə, – bu
yerdə Vampir üz-gözünü nifrətlə büzüşdürdü. – İlk əvvəl başa
düşmədüm ki, bu qədər sonsuz ulduz arasında iki üstəgəl ikinin dörd
elədiyi belə bir dünyada necə oldu ki, qalası oldum. Səhv etdim.
Çox böyük səhv etdim. Sonra çox sonra bu səhvimin səbəbini anladım.
Amma gec idi. Bilirsənmi, səbəb nə oldu? Bu dünyanın havasında hər
şey bir-birinə qarışmışdı, hər şey bir-birinə oxşayırdı. Adamlardan
tutmuş ağaclara, daşlara qədər hər şey. Onlar hamısı bir-birilə
qafiyəydilər. – Vampir neştərini daha dərindən batırmaq istədi. –
Hər şeyin bu dünyada qafiyəsi vardı. İndi də var. Sənin də qafiyən
var. Sevgilin, dostun, ürək qızdırdığın birisi yoxdu ki, deyim,
bax, sənin qafiyən budu. Sənin qafiyən bilirsən, nədi? Amma
inciməyəsən. Sənin qafiyən... bir atdı. At. Sən ata çox
oxşayırsan... Nə isə... Bu bir başqa mövzudu. Deyəcəyəm. Deməsəm,
ölləm. Bu dünyanın havasında qafiyələr oynaşır. Mən hər şeyin
mahiyyətindəki qafiyələri deyirəm. Mən onları görürdüm. Mənim
səhvim məni bura salan səhv cümlənin naçar mübtədası qədər əlacsız
idi. Altından indiyənə qədər çıxa bilmirəm. Mənim səhvlərimin
qrammatikasını yazmaq olar, balası... Sənsə mənə nə deyirsən?! Sən
Allah, qoy görüm nə deyirsən?! Sənsə mənə deyirsən, qulaq qafiyəsi
belə gəldi, kök qafiyəsi belə getdi, misranın içində o söz yerində
deyil, bu söz artıqdır... Mahiyyətin qafiyəsindən danış sən,
övladi-kəbir, mahiyyətin qafiyəsindən...
Bunları birnəfəsə vulkan kimi püskürəndən sonra Vampir dili ilə
dodaqlarını yaladı və susdu. Ortalığa namünasib bir sükut çökdü,
amma uzun sürmədi. Sükutu Vampirin özü pozdu. Qarşısında bir
günahkar kimi, məzlum və yazıq-yazıq oturmuş Eyvazlını ("Allah,
mənim günahım nədi?") bu dəfə açıq-aşkar şəfqətlə süzdü.
Gözlənilmədən iztirab dolu ahənglə, öz-özü ilə danışırmış kimi
dediklərinə belə bir əlavə etdi:
– Sənin nə günahın?! Sənin ki bir günahın yoxdur... Bilirsən,
mənə qəribə gələn nədir? Niyə bizi tərk elədilər?! Sual budu. Yoxsa
ki... Olum, ya ölüm... Cəfəngiyyat!
Axşama yaxın Eyvazlı suyu süzülmüş bir halda iş yerini tərk
etdi. Yenə küçələri, döngələri bir-birinə qarışdıra-qarışdıra,
ordan vurub burdan çıxaraq, burdan vurub ordan çıxaraq sanki
dövrələmə, dairələr cıza-cıza yuxarı məhəllədəki evinə tərəf
istiqamət aldı. Yol gedə-gedə o belə düşünürdü: "Vampirin
dedikləriylə bu sabahkı qəhvə falı arasında, görəsən, bir oxşarlıq
varmı?! Qəhvə falı axı başqa şey demişdi. Onun dediyi axşam baş
verməliydi. Bu gün axşamüstü mənim həyatımda çox mühüm bir hadisə
olmalıdı... Bəs niyə heç nə baş vermir?!
Eyvazlının dodaqlarına acı bir təbəssüm
qondu.
Axşam yavaş-yavaş, hüznlə düşürdü. Dar dalanla əyri diki qalxıb
birmərtəbəli, ikimərtəbəli böyüklü-balacalı evlərin bir-birinə
qısıldığı küçəyə dönən zaman gözünün qarşısında belə bir mənzərə
canlandı. Yaşadığı evin qapısı ağzına bir at gətirib bağlamışdılar.
Ətrafda bircə tanış adam belə gözə dəymirdi. Axşamın bu vaxtında
ora-bura Harri Potterin küçəsində olan kimi mutantlar gəzişirdi.
Adam-fillər, kenquru-balıqlar, şir-ceyranlar, dovşan-qarğalar
bir-birilə min illərin mehribanı kimi söhbət edirdilər... Bilmədi,
niyə, amma bu adi, heç bir qarışığı olmayan atı evinin qabağında
görəndə Eyvazlının ürəyində bayaqdan bəri özünə yer eləmiş
gərginlik əriməyə başladı.
At uzun boynunu ona tərəf çevirib məhrəm-məhrəm, ürəkdən
fınxırdı. Fınxıran zaman atın dişləri ağardı. Eyvazlının diqqətini
çəkdi ki, bu atın ağzında bir diş qızıldandır. Atı tanımazdımı, o
saat tanıdı. Qırat idi. Bu dəfə sevincdən, ya həyəcandan Eyvazlının
damarında qanı coşdu, ürəyi əsim-əsim əsməyə başladı. Ondan
çıxmayan iş – cuşa gəlib sağ əlini kəmərinə atmaq istədi, amma
yadına saldı ki, qılınc adına bir şey orda yoxdur.
Eləcənə ürəyi əsə-əsə atın yanından əlini onun belinə ehmalca
sürtərək (bir başqa dünyada şappıltıyla vuraraq) keçib evin
qapısına toxunmazdan əvvəl başını qaldırdı, ikinci mərtəbədəki
həmişəqaranlıq pəncərəyə nəzər saldı. Bu, qonaq otağının pəncərəsi
idi və qonaq otağına ayda-ildə bir dəfə girən olmazdı. Eyvazlı bu
gün də qonaq gözləmirdi. Pəncərədən işıq gəlməməli idi...
Pəncərədən işıq gəlirdi.