Marsa gedərdim, daha göz yaşları görmək
istəmirəm
Bildiyiniz kimi, Holland şirkəti "Mars One" Marsa səyahət təşkil
edir. "Mars One" təşkilatı 2018-ci ildə başlayacaq bir layihə üçün
200 mindən çox insanın müraciət etdiyini açıqlayıb. Marsda davamlı
yaşamaq üçün şərait qurmaq istəyən "Mars One" qurumu ilk göndərdiyi
qrupdan 4 nəfərə ömürlük Marsda yaşamaq, geri qayıtmamaq şansı
verəcək.
Marsa getmək üçün müraciət edənlər arasında Türkiyə vətəndaşları
da var. Azərbaycandan da belə bir səfərə çıxmaq istəyənlərin
olub-olmadığını öyrənmək istədik.
Arvad-uşağı qoyub heç Rusiyaya getmək olmur
Köşə
yazarı Zamin Hacı bu layihənin nağıl olduğunu
dedi: "Mən Qoç bürcüyəm, himayədarım Mars planetidir. Ən azı ona
görə getmək istəyərdim. Rey Bredberinin "Mars xronikaları" da
vaxtilə çox sevdiyim əsər olub. Amma indiki halda arvad-uşağı qoyub
heç Rusiyaya getmək olmur, gəl gör Mars olsun. Həm də o layihə daha
çox nağıldır. İndi Marsa adam göndərməyə texniki imkanlar
yoxdur".
Haqsızlıq yorub mәni
Bakı
Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam
Soltan başa düşülməməkdən bezdiyini bildirdi: "Gedәrdim,
çünki yerdә işlәrimi bitirmişәm... Bir az teatrım vә ailәm üçün
darıxacam, o da anlaşılandı! Haqsızlıq yorub mәni, daha göz yaşları
görmək istəmirəm, başa düşülmәmәkdәn bezmişәm, yerin cazibә qüvvәsi
amansızdı..."
Nə Marsa, nə Yupiterə...
Yazar
Elçin Mirzəbəyli qeyd etdi ki, Marsa getmək üçün
heç bir tutarlı əsas görmür: "Nə Marsa, nə Yupiterə, nə də başqa
bir planetə gedərdim. Sevdiyim insanlardan bir neçə günlüyə
ayrılanda belə, mənim üçün dözülməz olur. Marsa getməyə heç bir
tutarlı əsas görmürəm".
Gözümü qırpmadan gedərdim
Tarix
elmləri namizədi Altay Göyüşov: "Mars yaşamalı yer
deyil, güllü çiçəkli, cənnət kimi bir yer olsaydı, gedərdim".
Yazar
Kənan Hacı bildirdi ki, gözünü qırpmadan gedərdi:
"Əgər həmin Holland şirkəti doğrudan da belə bir xeyirxah iş
görərsə, mən gözümü qırpmadan gedərdim. Səbəbi də odur ki, bu
planetdə yaşamağı bacarmadım, bəlkə orda nəsə etdim. Həm də bu
dünyanın adamları məni çox yorub".
Yerdən tək mən olmaq şərti ilə...
Şairə,
yazar Sevinc Çılğın Bakı üçün "sino getdiyini"
bildirdi: "Mənim Marsda nə itim azıb? Mən Zahirsiz nəfəs ala
bilmərəm. Bakı üçün də "sino gedirəm".
"Yeni
Müsavat" qəzetinin redaktoru Elşad Məmmədlisə
bildirdi ki, Marsa yalnız bir halda, dönməmək şərti ilə gedərdim
ki, ora məndən başqa Yerdən kimsəni aparmasınlar. Yerdəki adamların
xislətinə, necə deyərlər, dabbaqda gönünə bələd olduğum üçün
onlarla birlikdə Marsda yaşamaq, elə Yerdə yaşamaq kimi bir şey
olacaq. Səbəbə gəlincə, Yerdən bezdiyim üçün Marsa gedərdim, amma
dediyim kimi, Yerdən tək mən olmaq şərti ilə".
"Qanun"
nəşriyyatının direktoru Şahbaz Xuduoğlu fikrini
çox səmimi şəkildə, qısa və konkret bildirdi: "Marsa bir az
tərəddüd edirəm, amma Venera olsaydı, məmnuniyyətlə gedərdim".
Yəqin ki Marsda qızılgül yoxdur...
REAL
Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli
qətiyyətlə getmək istəmədiyini dedi: "Yox, getmərəm, 2018-də
Cümhuriyyətin 100 illiyidir, bunu Azərbaycanda qeyd etmək, burada
Cümhuriyyəti bərpa etmək istəyirəm".
Yazar
Cəlil Cavanşirin cavabı isə onun obrazına nisbətən
çox optimist oldu: "Mən təkliyi, adamsızlığı sevən adamam. Ömürlük
Marsda qalmağı isə seçmərəm. Çünki bu gəzəgəndə missiyamı başa
vurmamışam. Belə bir şansım olsa, getməzdim. Elə adamlar var ki,
onların səsini həftədə bir dəfə eşitməsəm, dəli olaram. Bir də
qızılgül qoxusu. Yəqin ki, Marsda qızılgül yoxdur..."
Sorğudan belə bəlli oldu ki, getmək istəyənlərin sayı
istəməyənlərdən azdır. Demək ki, biz öz Yerimizi Marsa
dəyişmədik.