Axar.az
Yuxarı

Ermənilər Şuşaya girən komandolardan yardım istədi...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Əvvəli BURADA

Hər an başlarının üstündə peyda ola biləcək dronların və ildırım kimi üstlərinə şığıyan xüsusi təyinatlıların xofundan hər iki tərəfdən hərəkətdə olan düşmən texnikası və minik avtomobilləri istiqamətlərini dəyişib Laçın yolu boyu geri çəkilməyə cəhd etdilər. Piyadalar mövqelənib əks-həmlə qruplarını sürəkli atəşə tutdular. Ayaq üstdə ardıcıl atəş yağdırmaqla kütləvi şəkildə hərəkət edən xüsusi təyinatlılar iki qrup arasında qalan düşmən minik avtomobillərini dayanmağa məcbur etdi.

Düşmən əsgərlərinin bir qismi minik avtomobillərinin arxasında mövqelənib üstlərinə yeriyən mayor Saleh Həsənovun qrupunu atəşə tutunca, digərləri yerə sərilib silahlarına sarıldılar. Yaxın məsafədən kiçik çaplı silahlarla döyüşə girən xüsusi təyinatlılar dayanmadan irəliləyirdi. Düşmən əsgərləri cavab atəşi yağdırmaqla sürünərək yolun kənarındakı kolluqlara doğru çəkilməyə cəhd göstərdilər. Gizir Anar Nağıyev düşmənin mövqelənmək istədiyi ərazini nəzarət altına almaq məqsədilə sürücusü məhv edildikdən sonra sürünüb yolun kənarındakı kolluqlara ilişərək dayanmış, amma hələ də mühərriki sönməmiş avtomobilin sol tərəfindən buruldu. Və avtomobilin arxa tərəfində mövqelənib avtomatını atəşə hazır tutan düşmən zabiti ilə göz-gözə gəldi. Düşmən zabiti gizir Nağıyevin alov saçan baxışlarının vəhmindən bağıraraq addımını geri atdı və darağındakı bütün güllələri xüsusi təyinatlının üzərinə boşaltdı. Gizir Anar Nağıyev avtomobilə dayaqlanaraq müvazinətini saxlamağa çalışdı. Və tükənməkdə olan qüvvəsini toplayıb tətiyi çəkdi. Geri addımlamaqla avtomatının darağını dəyişdirməyə çalışan düşmən zabiti sinəsini dəlib keçən güllənin zərbindən arxası üstə torpağa düşdü.

Gizir Əziz Əzizli yüyürüb özünü avtomobilə dayaqlanaraq hələ də müvazinətini saxlamağa çalışan Anar Nağıyevə çatdırdı. Kürəklərini quçaqlayıb döyüş yoldaşını astaca torpağa uzatdı:

- Anar,.. Anar! – deyə qeyri-iradi səsləndi.

– Get.., Əziz.., irəli get... orda!.. - Gizir Nağıyev əlini irəli, döyüş yoldaşlarının getdiyi istiqamətdə uzadıb gözlərini qapadı...

Mayor Həsənov cəld avtomatını kürəyinə çevirdi. Hər iki əli ilə qamarlayıb əl qumbaralarını çantasından çıxardı. Dişləri ilə dartıb həlqələrini qopardı. Eyni anda iki yerdə partlayış baş verdi. Yolun ortasındaca hərəkətdən dayanmış ikinci minik maşınının arxasında mövqelənən və ondan on-on beş metr aralı yerə sərilmiş düşmən əsgərləri ani olaraq susdu. Partlayışın qaldırdığı toz-torpaq qarşılarını kəsdi. Bundan istifadə edən xüsusi təyinatlılar partlayış zamanı uzandıqları yerdən qartal kimi sıçrayıb cəld özlərini düşmən mövqelərinə atdılar. Və çevik bir hərəkətlə əl qumbarasının qəlpələrindən xilas ola bilmiş düşmən əsgərlərinin başlarının üstünü aldılar. Qısa bir zamanda və yaxın məsafədən düşmən məhv edilib susduruldu.

Döyüş tapşırığını yerinə yetirən kimi mayor Saleh Həsənovun qrupu iki hissəyə bölünüb sağ və sol cinahlarda döyüş aparan digər qruplara köməyə tələsdi. Kapitan Nahid Tağıyevin qrupunun dəhlizə çıxdığı istiqamətdə, yolun alt tərəfində pusquda duran və əks-həmlə taborunun dəhlizə çıxdığını görən düşmən qəfil atəşə başladı. Amma qrup rəhbərinin müşahidə və qrupu arxadan gözlənilən hücumdan qorumaq məqsədi ilə geridə, pusquda saxladığı kapitan Cəlal Kamalov öz qrupu ilə dərhal güllə yağdırmaqla düşmən əsgərlərinin üzərinə yeridi. Hər iki tərəfdən, həm artıq dəhlizə çıxaraq yolu bağlamış kapitan Nahid Tağıyevin, həm də gözləmədikləri halda arxadan, kapitan Kamalovun qrupu tərəfindən qəfil atəşə tutulan düşmən Şuşa şəhəri istiqamətdə qaçaraq aradan çıxmağa cəhd göstərdi. Qrup rəhbəri kapitan Nahid Tağıyevin işarəsi ilə gizir Pənah Əliyev sürətli qaçışla özünü düşmənin aşkar olunmazdan qabaq pusquda durduğu mövqeyə yetirdi. Mövqelənib düşməni özlərinin qoyub qaçdığı RPK tipli pulemyotla atəşə tutdu...

- Dəhliz bizdə! – Birinci qrupun komandirinin səsi radioda eşidildi.

- Sizdən yuxarıdakı təpəyə doğru irəliləyin, mayor! - Briqada komandiri polkovnik Zaur Zeynalov göstəriş verdi: - Düşmənin həmin mövqedəki qüvvələrini məhv edib şəhərə doğru hərəkətə keçin!

- Oldu, cənab polkovnik!

...Dan yeri sökülmüşdü. Uzaq, qara buludlar saçaqlamışdı, sıyrılıb zülmətdən çıxan buludlar gecənin qaranlığını canına çəkmiş, boz sifətlərinə qara ləkələr hopmuşdu. Səmada qaynaşıb bir-birlərinə çırpıldıqca başları üzərindən boylanan dan yeri çilik-çilik olub maili şəkildə Şuşanın üzərinə səpələnmişdi. Amma şəhərin üzərində və ətrafında qaynaşan şəffaf saçaqlar bulanıq sularda hara gəldi şütüyən qorxmuş balıqlar kimi dinç durmur, tez-tez yerdəyişmə edir, sanki gizlənməyə yer axtarırdilar. Ara-sıra tən ortasından kəsib keçən dümağ duman karvanlarını hörümçək ayaqları kimi qamarlayıb özlərinə dayaq arayır, amma tez də sürüşüb buxarlanan nəm torpağın üzərinə çırpılırdılar...

Əsgər çəkmələri illərlə bağlı qalmış, üstünü toz, içərisini hörümçək toru basmış, siçovullar yuva qurub məskən salmış qədim, möhtəşəm bir qəsrin taxta qapılarını döyürmüş kimi yerə çırpıldıqca dağlarda, qayalarda əks səda verir, gum-gum gumbuldayıb, təbiəti lərzəyə gətirirdi...

Qarşıda Qala divarları göründü. Əsgərlər qeyri-ixtiyari dərindən nəfəs alıb bir-birlərinə baxdılar:

Bu, illərlə görüşünü arzuladıqları Şuşa Qalası idi.

Bu, neçə igidin uğrunda canını qurban verdiyi Azərbaycanın mədəniyyət mərkəzinin qapısı idi.

Bu, həsrətilə yaşayıb qovuşmadan can verdiyi neçə şuşalının həsrət qapısı idi.

Bu, əsgər vicdanının rahatlıq tapdığı şəhidlər gülüstanı idi...

Və bu gumbultuları xüsusi təyinatlılar da aydın, lap aydın eşidirdi. Amma bu gumpultular əsgərlərin qulaqlarında əsgər çəkmələrinin tappıltıları kimi deyil, qaval dilində səslənirdi. Qaval daşına çırpılan qaval parçasının Şuşa qayalarındakı, Laçın dağlarındakı əks-sədasıydı. Bu səslər qayalara çırpılan küləyin dombıra dilindəki pıçıltısıydi. Bu səslər sazın tellərindən süzülən “Ruhani”nin hayqırtısıydı. Bu səslər ürəkləri döyüşə göndərdiyi oğullarının ürəkləri ilə bir çarpan anaların türküyə çevrilən göz yaşlarıydı.

Bu səslər əsgərlərin haqq yolunda döyüşə gedərkən qəlblərində hayqıran və bütün damarlarında qaynayan gülüş səsləriydi... Ki üstlərinə yağan aramsız və amansız güllə yağışını görmədən üzərlərinə gedərdilər.

Bu səslər illər qabaq ruhları bu torpaqlarda qalıb gözlərini yollara dikmiş şəhidlərin qan çanağına çevrilmiş gözlərinin işartısıydı.

Bu səslər bir an belə kirpiklərini qırpmayıb, gözlərinin acısını almayan şəhidlərin qəlblərində illərlə yığıb saxladıqları göz yaşlarının qəfil sızmağa başlayan şırıltısıydı. Və bu səsləri hamı eşidirdi... hamı. Ayaqlarını inamla yerə çırpıb bu musiqini yaradan, bu musiqinin sədasını hayqıran... - hamı.

Ətraflarından uçuşan, qulaqlarının dibindən vıyıltıyla keçən güllələrin, ayaqlarının altında partlayıb torpağın altını üstünə çevirən mərmilərin səsi bu musiqinin fövqündə bağırmaqdan səsi batmış, amma dayanmadan ağzını açıb-yummaq məcburiyyətində qalan istedadsız bir vokalistin ariyası kimi eşidilirdi...

Xüsusi təyinatlılar təpəni adlayıb Qalanın üzərinə yeridilər. Bu zaman arxa tərəfədən, Xankəndi istiqamətindən şütüyən düşmənin bir neçə təkərli texnikası Şuşa-Laçın yolunun şəhərin kənar tərəfindən keçən hissəsində, yanacaqdoldurma məntəqəsinin təxminən iki-üç kilometrliyində dayanıb üzərlərindəki pulemyot və artilleriya qurğularını xüsusi təyinatlıların hərəkət istiqamətinə çevirdi. Desant kabinələri açılar-açılmaz düşmən əsgərləri maşınlardan kənara sıçrayıb zəncirvari şəkildə arxadan əks-həmlə taborunun üzərinə yeriməyə başladılar. Və düşmən eyni anda, həm texnika üzərindəki pulemyot və artilleriya qurğuları, həm də motooatıcı qüvvələr tərəfindən xüsusi təyinatlıların hərəkət etdiyi istiqaməti atəşə tutdular.

- Düşmənin arxadan hücumunun qarşısını almaq səndə, kapitan! - mayor Saleh Həsənov bağıraraq dedi: - Öz qrupunla arxadan müdafiəni təşkil et, Elvin! – sol cinahında hərəkət edən kapitan Elvin Alıyevə tapşırıq verdi.

Kapitan Alıyev işarə ilə dərhal on iki nəfərdən ibarət qrupu dayandırıb arxa istiqamətdə mövqelənməyi əmr etdi. Baş barmağı ilə üzərindən od yağdıran düşmən təkərli texnikasını baş leytenant Kamran Soltanlıya göstərib susdurmağı tapşırdı. Baş leytenant Soltanlı ani bir hərəkətlə yerdəyişmə edib özünü qumbaraatanla silahlanmış əsgərinin yanına çatdırdı. Ayaq üstdə hərəkət edən düşmən piyadaları qəfil atəşlə qarşılaşıb mövqelənməyə yer axtardılar. Eyni anda qumbaraatandan açılan mərmi düşmən təkərli texnikasını alova bürüdü. Və üzərlərinə yağan sürəkli atəş Xankəndi tərəfdən Şuşaya yardıma gələn düşmən qruplarını geri sürünüb, yolun altındakı böyürtikən kolluqlarına tərəf çəkilməyə məcbur etdi.

Düşmənin ikinci təkərli texnikası üzərindəki pulemyotla atəşi dayandırmadan manevrlə geri süründü. Kapitan Elvin Alıyevin qrupunun arxa tərəfdən müdafiəni təşkil etməsi xüsusi təyinatlıların ayaq üstdəcə inamla Qalaya doğru yeriməsinə şərait yaratdı.

– Allahu Əkbər! - deyə bağıraraq şəhərin girişinə doğru hərəkətə keçdilər.

Xüsusi təyinatlıların sürəkli atəşlə və kütləvi şəkildə irəliləməsi Qala divarlarının arxasında gizlənən düşmən əsgərlərini başlarını gizlətməyə məcbur etdi...

Qaçıb asfalt yolun altındakı böyürtikənlikdə mövqelənən düşmən Qalaya doğru irəliləyən xüsusi təyinatlıları arxadan eyni anda qəfil atəşə tutdu. Kapitan Elvin Alıyevin işarəsi ilə qrup böyürtikənlikdə mövqelənmiş düşməni atəşə tutunca, baş leytenant İlyasov və leytenant Ruslan Məmmədov arxadan həmlə etməklə xüsusi təyinatlıların şəhərə girməsinə mane olmağa çalışan düşmən mövqeyinə doğru sağ və sol cinahlardan hərəkətə keçdi. Asfalt yola qədər manevrlə irəliləyən hər iki xüsusi təyinatlı sürətli qaçışla asfaltı adlayıb hər iki əllərində tutduqları əl qumbaralarını böyürtikənlikdə gizlənmiş düşmən əsgərlərinin üzərinə atdı. Eyni anda dörd partlayış baş verdi. Partlayışın qaldırdığı toz-torpaq yerə enməmiş düşmən mövqeləri sürəkli atəşə tutuldu...

Üç qrupdan ibarət xüsusi təyinatlılar Qalanın ön tərəfindəki meşəliyə çatıb dayandılar. Qala divarlarının arxasında gizlənən düşmən əsgərlərinin atəş imkanları əks-həmlə qruplarının sürəkli atəşləri nəticəsində məhdudlaşdırılsa da, Xankəndi tərəfdən daim hərəkətdə olan düşmən texnikasının manevr və atəş açma imkanları xüsusi təyinatlıları mövqelənib gözləməyə məcbur etmişdi. Şuşa qalası və ətrafı qatı dumana bürünsə də, düşmən xüsusi təyinatlıların hərəkət istiqamətlərini müəyyən etmiş və tırtıllı texnika üzərindəki artilleriya qurğuları ilə ardıcıl mərmi yağdırmağa başlamışdı.

- Qalaya doğru hərəkəti davam etdirin və Qala divarlarının arxasına keçməyə çalışın! - Birinci qrupun komandiri əmr etdi.

Qruplar şəhid və yaralıları da götürərək manevrlə Qala divarlarının arxasına doğru hərəkətə başladılar. Qarşı tərəfdən - Şuşa qalasının arxasından üzərlərinə pulemyot və avtomatlardan yağan güllə yağmuru, arxa tərəfdən - Xankəndi yolundan ağır texnikanın aramsız mərmi atəşi altında irəli yeridilər. Qala divarlarının arxasında mövqelənmiş düşmən atəş intensivliyini artırmağa çalışdı. Amma sinələrinə dəyən avtomat güllələrinin belə xüsusi təyinatlıları dayandırmadığını, bəzilərinin çiyinlərində yaralı yoldaşları, bəzilərinin çiyinlərində şəhid qardaşları olan xüsusi təyinatlıların “Allahu Əkbər!” – deyə bağıraraq inamla irəli şığıması düşmən əsgərlərini lərzəyə saldı. Atəşi dayandırmadan təlaş içərisində arxaları üstə geri çəkilməyə başladılar. Və qatı dumandan, tank mərmilərinin qaldırdığı toz-torpaqdan istifadə edərək qrupların üçü də qısa bir zamanda Qala divarlarını adlayıb şəhərə daxil oldu.

Qala divarlarının arxasında mövqe tutmuş düşmən əsgərlərinin böyük hissəsi məhv edilmiş, sağ qalanları isə ölüləri oradaca qoyaraq geri çəkilmişdilər. Düşmən artilleriyası isə susmaq bilmirdi...

- Xankəndi tərəfdən gələn düşmən hücumunun qarşısını almaq üçün Şuşa qalası ətrafında müəyyən sayda qüvvə saxlayıb şəhərin dərinliklərinə doğru hərəkətə başlayın! - Briqada komandiri polkovnik Zaur Zeynalovun amiranə səsi radioda eşidildi: - Şəhəri düşməndən təmizləmək və müdafiəni təşkil etmək məqsədi ilə şəhərin mərkəzinə doğru müxtəlif istiqamətlərdən hərəkəti davam etdirin!

Hər üç qrupun komandiri eyni tapşırığı eyni anda eşitdi. Təxminən on dəqiqədən sonra Xankəndi tərəfdən gəlib Şuşa şəhərinin üç kilometrliyində mövqe tutaraq xüsusi təyinatlıların hərəkət istiqamətlərini intensiv atəşə tutan düşmən tankları susdu. Amma bu cəmi bir neçə dəqiqə çəkdi...

Qruplara isə irəliləmək tapşırığı verildi. Şuşa qalasını və Qalanın yaxınlığındakı şəhərə girişi nəzarətdə saxlamaq və düşmən hücumlarının qarşısını almaq məqsədilə bir qrup xüsusi təyinatlı Qala divarlarının arxasında mövqeləndi. Yaralandıqdan sonra gecəni Şuşa qalasının yaxınlığındakı meşəlikdə keçirən mayor Zaur Rəhimov da təxliyə olunmaqdan imtina edərək öz qrupunu toparlayıb Xankəndi tərəfindən gözlənilən hücumun qarşısını almaq üçün Qala divarlarının yaxınlığında mövqe tutdu. Digər qruplar isə müxtəlif istiqamətlərdən şəhərin içərilərinə doğru irəliləməyə başladı. Birinci qrup sağa burularaq şərq istiqamətində, təpələrə tərəf hərəkətə keçdi. Mayor Saleh Həsənov və kapitan Nahid Tağıyev isə öz qrupları ilə sola burularaq şəhərin qərb istiqamətində, Şuşa həpsxanasına doğru irəliləməyə başladı...

Şəhər qəribə bir narahatlıqla susmuş, təbiətin səsi batmışdı sanki. Şəhərin ətrafında gurlayan artilleriya atəşi qayaların ürək döyüntüsü kimi səslənir, torpaq həyəcandan gum-gum gumbuldayırdı. Dayanmadan axın edən duman burulğansayağı dolanıb-dolanıb qaya boyda qar topaları kimi dərə boyu üzüaşağı diyirlənir, dağ-daşa çırpılıb parçalandıqca ətəklərdə yaş torpağa sərələnirdi. Xüsusi təyinatlılar şəhərin rütubətli havasını acgözlüklə ciyərlərinə cəkib içlərində əzizləyə-əzizləyə ehtiyatla ayaqlarını atırdılar. Şuşanı işğaldan azad etmək tapşırığını öz üzərinə götürən əks-həmlə qrupunun bütün üzvləri xəritə üzərindən şəhəri dəqiqliklə öyrənmiş, sektorlara bölüb nömrələdikləri bütün tikililəri əzbərləmişdilər. Havanın dumanlı, çiskinli olmasına baxmayaraq, hərəkət istiqamətlərini plan üzrə davam etdirməyə çalışır, koordinasiyalı şəkildə irəliləyirdilər.

Şuşa həbsxanası yaxınlığında bir qrup düşmən əsgəri erməni dilində bağıraraq üstlərinə yeriməyə başladı. Xüsusi təyinatlılar silahlarını atəşə hazırlayınca mayor Saleh Həsənov əllərini yanlara açaraq “tələsmə” işarəsi verdi. Xüsusi təyinatlıların şəhərə sızmasından və yaxud hansı tərəfdən sızmasından və hərəkət istiqamətlərindən xəbərsiz olan düşmən əsgərləri onları özlərinki hesab edib yardım istəyirmiş kimi yanlarına tələsdilər...

Ardı BURADA

Tarix
2022.02.28 / 08:30
Müəllif
Etibar Muradxanlı
Şərhlər
Digər xəbərlər

Serbiya oyun sənayesi sektorundan 125 milyon gəlir götürdü

Finlandiyada Azərbaycan Evinin açılışı oldu

Məhşur amerikalı aktrisa dünyasını dəyişdi

AYB-yə yeni sədr gətirilir

Məşhur türk rejissorun Şuşada azərbaycanlı ilə söhbəti... - Video

Bu abidəyə kənar müdaxilələrin qarşısı alınsın - Göstəriş

VIII Bakı Beynəlxalq Kitab Sərgisi başlayır

Alim Qasımovun xaricdəki konsertləri ləğv edildi

Alen Delon Zelenskidən müsahibə alacaq

Çexiyada Misir piramidalarından qədim abidə aşkarlandı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla