Yuxarı

Laçın yolu bağlandı, düşmən üzərinə hücum...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Əvvəli BURADA

Düşmən sanki kapitan Hüseynova kömək göndərildiyini hiss etmiş, kömək yetişmədən taborun gücünü zəiflətmək və nəhayət, tamamilə sıradan çıxarmaq, yaxud da geri çəkilməyə məcbur etmək məqsədilə yüksəkliyi daha intensiv artilleriya atəşinə tutmuş, sürəkli müxtəlif tipli iri çaplı silahlardan mərmi yağdırırdı.

Bütün gecə boyu yağan mərmi yağışı səhərin gözünü qorxutmuş, bəbəklərini mərmilərin qaldırdığı toz-torpaq qarışmış dumanla hörüb üstündən də səksəkə ilə qapamışdı. Düşmənin hərəkət istiqaməti dumanın alatorana qarışmış toru arxasından zəifcə duyulurdu. Düşmən dayanmadan hərəkətdə idi. Bir neçə günlük mühasirədən sonra gücdən düşməkdə olan tabor dişlərini sıxıb düşmənin ən kiçik hərəkətini belə nəzarətdən qaçırmır, son nəfəslərini belə silah kimi istifadə etməyə çalışırdı...

Kapitan Ülvi Hüseynov ətrafı tez-tez müşahidə etməklə səngəri dərinləşdirməyə başladı. Dayanmadan təxminən bir metr dərininə, yarım metr eninə, bir metr uzununa qazdıqdan sonra başını səngərdən çıxarıb bir qədər arxada, təpənin azacıq arxa tərəfə doğru enişində uzanıb avtomatlarını sinələrinə sıxaraq düşməni nəzarətdə saxlayan əsgərlərinə boylandı. Düşmən aramsız atəş açır, güllə yağış kimi yağır, ətrafda partlayan mərmilərin qaldırdığı toz-torpaq başlarına ələnir, əsgərlər isə gülləyə qənaət məqsədilə yalnız tək-tək cavab atəşi ilə düşmən mövqelərini nişan alırdı. Sifətinin təri toz-torpağa qarışmış, gözlərindən başqa sifətində insan olduğuna işarə edən heç nə hiss olunmayan kapitan Hüseynov kürəyini səngərin divarına dayayıb, dərindən nəfəs aldı. Kitelinin qolları ilə alnının tərini, sifətinin palçığını təmizləməyə çalışdı. Artıq özünün müşahidə aparması, düşməni nəzarətdə saxlaması üçün qazdığı səngər kifayət edəcəkdi. Amma düşmənə daha güclü müqavimət göstərə bilmək, şəxsi heyətin daha təhlükəsiz olması və dayanmadan başlarına yağan mərmi qəlpələrindən qoruna bilmələri üçün səngərin genişləndirilməsi vacib görünürdü. Beli torpağa sancıb başını azacıq əsgərlərinə sarı uzatdı. Özünə daha yaxın məsafədə mövqelənib düşmənin gəldiyi istiqaməti atəşə tutan əsgər Cahid Yaqubovu yanına çağırdı. Əsgər Yaqubov sürünərək özünü cəld komandirinin olduğu səngərə atdı. Kapitan sancdığı torpaqdan beli çıxarıb Yaqubova uzatdı:

- Səngəri sağ tərəfə genişləndirməkdə davam et, Yaqubov. Başını yuxarı qaldırmadan qaz. - Əli ilə qazacağı yeri göstərdi: - Bax, buradan qazmağa başlayacaqsan. Torpağı qarşı tərəfə at. Yorulanda xəbər elə, səni dəyişdirəcəm.

Əsgər Yaqubov səngərin sağ çiynini qazmağa başlayınca kapitan Hüseynov avtomatının lüləsini qazaraq səngərin ön tərəfinə topladığı torpağın üzərinə qoyub qundağını çiyninə dayadı. Düşmən addım-addım kapitan Hüseynovun taborunun mövqe tutduğu yüksəkliyə doğru sürünür, düşmən texnikası qarış-qarış üzüyuxarı dartınır, güllə üstlərinə yağış kimi səpilır, mərmilərin qaldırdığı toz-torpaq dayanmadan başlarına yağırdı. Düşmən texnika və canlı qüvvəsinin sayı xeyli çoxalmış, hərəkəti və atəş intensivliyi artmışdı. Xankəndi tərəfdən düşmənə kömək gəldiyi aydınca hiss olunurdu. Mühasirə getdikcə daralır, ərzaq təminatı artıq iki gün qabaq bitmiş müdafiə taborunun gücü, qüvvəsi, silah-sursatı isə anbaan tükənirdi.

- Tufan, Tufan, mən Qartalam, Tufan, cavab ver, Tufan! - gözlərini bir an belə düşmənin hərəkət istiqamətindən qaçırmayan, bir əli avtomatının tətiyində, digər əli ilə ratsiyanı dodaqlarına yapışdıraraq dayanmadan hərbi hissə komandirini əlaqəyə çağıran kapitan Ülvi Hüseynov polkovnik Nizami Mövlanovun xırıltılı səsini eşidincə dərhal məruzəyə başladı:

- Mühasirə getdikcə daralır, cənab polkovnik, Xankəndi tərəfdən düşmənə gələn kömək vasitəsilə ətrafımız tamamilə sarılıb. Düşmən üzərimizə dayanmadan müxtəlif çaplı silahlardan güllə və mərmi yağdırır. Silah və sursatımız tükənmək üzrədir. Çoxlu sayda şəhidimiz və yaralımız var. Yaralılarımız qanitirmədən şəhid olurlar. Canlı qüvvənin saylı xeyli azalıb. Qalanların da artıq gücü tükənmık, qüvvəsi bitmək üzrədir. Təcili dəstəyinizə ehtiyacımız...

Kapitan Hüseynov sözünü bitirmədən səngərdən bir neçə metr aralı düşən minaatan mərmisinin sifətinə çırpdığı torpaq ratsiyanı əlindən alıb havaya uçurdu. Tabor komandiri səngərin içinə çöküb tez də ayağa qalxdı. Mərmi səngərin qarşısına yığdıqları torpağı da sovurmuşdu.

Kapitan Hüseynov əsgər Yaqubovun partlayışdan dərhal sonra da qalxıb qan-tər içərisində səngəri genişləndirməkdə davam etdiyini görüb arxadakı əsgərlərdən birini yanına çağırdı. Üzünə belə baxmağa imkan tapmadığı əsgərə beli əsgər Cahid Yaqubovdan alıb səngər qazmaqda davam etməyi, Yaqubova isə əvvəlki mövqeyinə qayıtmağı əmr etdi. Əsgər qazmağa başlayınca:

- Başını yuxarı qaldırmadan qaz, əsgər, torpağı qarşı tərəfə at! - deyə bağıraraq tapşırıq verdi.

Əsgər Cahid Yaqubov səngərdən sıçrayıb arxa tərəfə qaçmaq istərkən qəfil pulemyot atəşinə tutuldu. Düşmən bir neçə yüz metr qarşıdan, Şuşa şəhəri istiqamətindəki yüksəklikdən taborun mövqeləndiyi ərazini mərmi atəşinə tutmuşdu. Xankəndi tərəfdən və Şuşa şəhərindən gələn əlavə dəstələrin seçdiyi mövqe isə ermənilərə müdafiə taborunun yerləşdiyi ərazini tam nəzarətdə saxlamaq, daha yüksəklikdə olduqları üçün əsgərlərimizin manevrlərini izləmək və pulemyot atəşi ilə bütün taboru sıradan çıxarmaq imkanı qazandırmışdı. Daha yaxın məsafədə yerləşən tanklar atəş məsafəsini tənzimləmək üçün bir qədər geri çəkilmiş və daha sərrast atəşlə müdafiə taborunun tutduğu mövqeni dəqiq vurmaq imkanı əldə etmişdi. Düşmən gözlənilmədən burunlarının ucunda peyda olan müdafiə taborunu nəhayət ki, bir neçə günlük mühasirədən sonra tamamilə sıradan çıxara biləcəklərinə əminliklə əks-hücuma keçmişdi və hərbi texnikanın bütün növlərindən istifadə etməklə hücumu inkişaf etdirirdi. Şuşakənd istiqamətindən, 1214 saylı yüksəklikdən Şuşaya imitasiya xarakterli hücum tapşırığı alan əks-həmlə taboruna qarşı düşmən Xankəndidən yardıma gələn qüvvələrinin bir hissəsini istiqamətləndirməklə kifayətlənməmiş, Şuşadakı qüvvələrinin də bir hissəsini ayırıb eyni mövqeyə göndərmişdi. Bununla da Şuşakənd istiqamətində qüvvələr balansını öz xeyrinə dəyişən düşmən özü də bilmədən digər tərəflərdən şəhərə sızma tapşırığını yerinə yetirən xüsusi təyinatlıların fəaliyyət istiqamətlərində və şəhərin özündə qüvvələrinin nisbətən azaldılmasına səbəb olmuşdu...

Əsgər Cahid Yaqubov ətrafından, qulaqlarının dibindən vıyıltı ilə uçan pulemyot güllələrindən qorunmaq üçün qaçıb var qüvvəsi ilə özünü səngərin bir neçə metr arxa tərəfdəki çuxura atdı. Mövqelərinin atəş altında olduğundan yerlərini dəyişmək məcburiyyətində qalan daha iki əsgər eyni anda həmin çuxura atıldı. Və kiçik, yalnız bir əsgərin sığa biləcəyi çuxura üç əsgər eyni anda düşdükdə “Vayyy, boğuldum!” - deyə daha altda qalan əsgər bağıraraq digərlərinin üstündən qalxmasını tələb etdi. Amma pulemyot yağmuru buna imkan vermədi. Sıçrayıb tutduğu mövqeni dəyişməyə çalışan daha bir əsgər havadaca aldığı güllə yarasından bir neçə addım qarşılarında torpağa düşdü. Günlərlə ac və susuzluqdan işığını itirmiş, aldığı güllə yarasından isə öləziyən gözlərini yardım üçün əsgər Cahid Yaqubova tuşladı. Əsgər Yaqubov:

– Əlini mənə uzat! - deyə bağıraraq kömək üçün yaralı əsgərə tərəf dartındı.

Qüvvəsi tükənməkdə olan yaralı əsgər əlini sınəsindən sürüşdürüb döyüş yoldaşına uzatdı. Cahid Yaqubov dartınıb yaralı əsgərin qanlı barmaqlarını yaxalaya bildi və var qüvvəsi ilə onu özünə tərəf çəkdi. Yerindən tərpətməyə macal tapmamış daha bir pulemyot gülləsi yaralı əsgərin çiyin nahiyyəsindən tutdu və güllənin açdığı yaradan fışqıran qan əsgər Yaqubovun sifətinə sıçradı. Əsgər Yaqubov güllənin zərbindən yerindən sıçrayıb qucağına düşən yaralı döyüş yoldaşını kürəyi üstə torpağa uzatdı. Az qala gözlərini yandıracaq döyüş yoldaşının qap-qara qanının isti təmasını qolları ilə sifətindən silib yanındaca yaş torpağın üzərinə uzandı. Buz kimi soyuq baxışlarını səmaya zilləyib döyüş yoldaşının soyumaqda olan qanlı əlini ovucunda sıxdı...

Əsgər Qorxmaz Hüseynov səngərdən xeyli arxaya düşmüş kapitan Hüseynovun ratsiyasını qamarlayıb komandirinə sarı süründü. Uzaqdan onu tabor komandirinə tolazlayıb başını qucaqlayaraq torpağa qısıldı. Hələ də səngəri genişləndirməkdə davam edən əsgər ratsiyanı səngərin içərisindən qaldırıb komandirinə uzatdı. Kapitan Hüseynov ratsiyanı əlinə alan kimi düyməsini basıb yenidən komandanlıqla əlaqə yaratmağa çalışdı. Bu zaman səngərdən azacıq qalxıb qazdığı torpağı qarşı tərəfə atmaq istəyən əsgər snayperlə alnından aldığı güllə yarasından komandirinin üstünə sıçradı. Kapitan Hüseynov gözləri alnına tərəf çevrilən əsgəri qucağına alaraq səngərin dibinə çökdü:

- Sənə dedim axı başını qaldırma, əsgər, sənə dedim axı əyilib işlə, qardaş!

Kiprikləri kəpənək kimi çırpınan, baxışları başının üstündəki komandirinə zillənən əsgərin təbəssümü sifətində dondu. Qıp-qırmızı qanı, sanki təbəssümünün şəklini cızırmiş kimi, alnından süzülüb göz çuxurlarına, oradan da yanaqlarına sızdı.

- İndi anana nə cavab verəcəm əsgər, - kapitan Hüseynov onu sinəsinə sıxdı: - İndi anana nə cavab verəcəm, qardaş! – başını səmaya qaldırıb xırıltılı səslə bağırdı.

Əsgər sanki yuxuya getdi. Tabor komandiri ustufca əsgəri qucağından sürüşdürüb səngərin dibinə uzatdı. Ehmalca qalxıb ətrafında və arxasında mövqe tutmuş əsgərlərinə boylandı. Mühasirə vəziyyətində bir necə gün davam edən aramsız döyüşdən yorulmuş, aclıq və susuzluqdan taqətləri tükənmiş əsgərlərinin bir qismı tükənməkdə olan sursatlarını qənaətlə istifadə etməklə döyüşü davam etdirir, digərləri şəhidləri və yaralı vəziyyətdə can verən yoldaşlarını təhlükəsiz yerə daşımağa çalışırdılar. Bu zaman xüsusi təyinatlıların bir neçə əks-həmlə qrupu artıq Şuşa şəhərinə sızma əməliyyatına başlamış, müxtəlif istiqamətlərdən ehtiyatla düşmənin şəhər ətrafındakı mövqelərinə doğru irəliləyirdi.

Polkovnik Çingiz Əliyev, mayor Saleh Həsənov, mayor Anar Qasımov, mayor Gündüz Səfərli, kapitan Nahid Tağıyev öz qrupları ilə müxtəlif istiqamətlərdən addım-addım şəhərə yaxınlaşır, düşmənin müqavimətini qıraraq şəhərə daxil olmağa çalışırdılar. Laçın yolunu keçib, Şuşa şəhərini arxa tərəfdən adlayaraq Xankəndi istiqamətindən Şuşa qalasına tərəf hərəkət edən mayor Saleh Həsənovun qrupu yanacaqdoldurma məntəqəsi ilə Şuşa qalasının arasında yerləşən qəbiristanlığın girişində mövqe tutdu. Mayor Saleh Həsənov, mayor Gündüz Səfərli və digər qruplarla əlaqəli və paralel şəkildə hərəkət edən kapitan Nahid Tağıyev isə öz qrupu ilə şəhərin kənarı ilə Xankəndi istiqamətində keçən asfalt yolun alt tərəfindəki kol-kosla, ağaclarla əhatə olunmuş qayalıqda mövqeləndi. Mayor Gündüz Səfərli Xankəndi istiqamətində irəliləyərək mayor Saleh Həsənovun sol cinahından, qayalıqlardan burularaq Şuşaya doğru istiqamət aldı...

Axşamçağının alatoranı dərə boyu sürünən dumanın üzərindən adlayıb torunu Şuşaya atdı. Yollar, izlər görünməz oldu. Müxtəlif istiqamətlərdə gurlayan, sədası Şuşa qalasına çırpılıb Laçın qayalarında əks-səda verən atəş səsləri təbiətin qapanmış gözlərinə iynə kimi sancıldı...

Qruplar mövqelərini tutmuş, səbirlə müşahidə aparır, hərəkət üçün məqam gözləyirdi. Səssizlik maskalanması əhəmiyyətini itirmək, hərəkət sərbəstliyi yaranmaq üzrəydi. Müxtəlif istiqamətlərdən eşidilən silah səsləri gecənin bağrına yalquzaq ulartısı kimi sancılır, əks-səda verirdi. Yuxarıda, Şuşa şəhərinin ətrafında və şəhərin kənar hissəsindən keçib Xankəndi istiqamətdə uzanan asfalt yolda düşmən texnikasının hərəkəti müşahidə edilir, aktiv hərəkətlilik diqqəti cəlb edirdi. Sürüşkən dağ yamacı və qayalıqla əhatə olunmuş meşəlikdə mövqe tutan kapitan Nahid Tağıyevin əsgərləri ağaclardan yapışaraq müvazinətlərini tənzimləməyə çalışırdılar. Tabor komandiri kapitan Tağıyev diqqətlə ətrafı müşahidə edib üzünü kapitan Cəlal Kamalova tutdu:

- Vaxtdır, Kamalov, on iki nəfərdən ibarət heyətlə qalxıb Laçın yolunun qırağında pusquda duracaqsan, - pıçıltı ilə tapşırıq verdi: - Düşmən arxa tərəfdən hücum etməklə şəhərə girməyimizə mane olmağa çalışacaq. Diqqətli olun, düşmənin Laçın yolu boyu ən kiçik hərəkəti belə nəzərinizdən qaçmamalıdır.

- Oldu, komandir! - Kapitan Kamalov başının işarəsi ilə anladığını bildirdi.

- Döyüş şəraitini nəzərə almaq, məqamında müdaxilə etməklə qüvvələrimizin irəliləməsinə dəstək verəcəksiz! - əlavə etdi: – Qalanları ardımca! - deyə Laçın yoluna paralel şəkildə hərəkətə başladı.

- Ulduz, Palıd, Küknar, məni eşidirsiz, qəbul!?

Ratsiyanı dodaqlarına yaxınlaşdırıb astadan cavab verdi:

– “Ulduz” səni eşidir, Günəş, qəbul!

Eyni anda mayor Gündüz Səfərli və mayor Saleh Həsənovun: – Palıd, Küknar səni eşidir, Günəş, qəbul! – deyə səsləri ratsiyada eşidildi.

- Ulduz, Palıd, Küknar, bir-birinizilə sıx əlaqəli şəkildə şəhərə doğru hərəkətə başlayın! - Briqada komandiri polkovnik Zaur Zeynalov əmr etdi: - Məni necə başa düşdünüz, qəbul?

- Sizi başa düşdük, Günəş, qəbul!

- Mayor Zaur Rəhimov öz qrupu ilə artıq Şuşa qalasının ətrafına çatıb və aktiv döyüş əməliyyatlarını davam etdirir. Mayor Rəhimov sizdən öndə, Şuşa qalasına daha yaxın olduğu üçün hücum əməliyyatını əlaqəli şəkildə, bir-birinizə mane olmadan aparın.

- Oldu, cənab polkovnik!

Qruplar üç istiqamətdən Laçın yoluna doğru hərəkətə başladılar. Kapitan Nahid Tağıyevin qrupu Laçın yoluna paralel şəkildə yanacaqdoldurma məntəqəsi istiqamətində yamac boyu irəliləyib yolun kənarındakı böyürtikən kollarının arasında mövqeləndi. Mayor Gündüz Səfərlinin qrupu Xankəndi istiqamətindən, mayor Saleh Həsənovun qrupu isə mərkəzdən, - aşağadan yuxarı dırmanaraq yolun aşağı hissəsinə çatıb dayandı.

Düşmən texnikası hər iki istiqamətdən, - həm Laçın, həm də Xankəndi istiqamətindən qarşıya şütüyür, canlı qüvvəsi bütün Laçın yolu boyu keşik çəkirdi. Mayor Gündüz Səfərli yolu bir-neçə dəqiqəlik müşahidədən sonra:

- Hazır olun, uşaqlar! - deyə ətrafındakılara pıçıldadı. Ratsiyanı dodaqlarına yaxınlaşdırıb: - Ulduz, Küknar, məni eşidirsiz, qəbul!? – eyni tərzdə soruşdu.

Hər iki qrup komandiri:

- Eşidirik və əməliyyata hazırıq! - deyə eyni anda cavab verdi.

- Ulduz, Küknar, ilk atəşdən sonra Laçın yolunu götürməyə və hər iki tərəfdən bloklamağa hazır olun, qəbul!

Atəş açıldı. Xankəndi tərəfdən şütüyən UAZ markalı komandir maşını yoldan çıxıb diyirləndı. Eyni anda mayor Saleh Həsənovun tapşırığı əsasında Laçın yolunun altındakı yamacda mövqelənib işarə gözləyən əsgər zərbə dronunu havaya qaldırdı. Dron yanacaqdoldurma məntəqəsi ilə üzbəüz üç yüz metr qarşıda, yolun düşmən əsgərlərinin daha çox toplaşdığı Xankəndi istiqamətində partladı. Düşmən texnikası ətrafındakı əsgərlərlə bərabər havaya qalxdı. Yol boyu hərəkət edən təkərli düşmən texnikası və minik avtomobilləri əvvəlcə ani olaraq dayandı, sonra sürətli hərəkətlə getdikləri istiqamətdə şütüyüb uzaqlaşmağa çalışdı. Piyadalar çaxnaşma içərisində mövqelənməyə yer axtardı. Əks həmlə qruplarının xüsusi təyinatlıları qəfil yerlərindən sıçrayıb, “Allahu Əkbər!” deyə bağıraraq Laçın yoluna çıxdılar.

Sağ və sol cinahdakı qruplar pərgar kimi ətraflara açılıb ayaqüstdəcə üstlərinə şığıyan düşmən texnikasını atəşə tutdular. Mərkəz qrup sürəkli atəş açmaqla düşmən əsgərlərinin və artıq iki qrup arasında qalmış düşmən minik avtomobillərinin üzərinə yeridi...

Ardı BURADA

Tarix
2022.02.07 / 08:30
Müəllif
Etibar Muradxanlı
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla