Yuxarı

Şuşada düşmənin gizli qərargahı aşkar olundu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Əvvəli BURADA

...Şəhərin girişində müdafiəni təşkil edən əks-həmlə qruplarının müqavimətini qıraraq şəhərə daxil ola bilmiş beş ədəd T-72 tankı, iki ədəd PDM, bir ədəd UAZ markalı sanitar və bir ədəd UAZ markalı komandir maşınından ibarət olan kolon ətrafı atəş altında saxlamaqla şəhərin mərkəzindən ötüb Laçın tərəfindən şəhərə daxil olan yola doğru hərəkət etdilər. Eyni zamanda düşmən ardıcıl olaraq şəhərin mərkəzinə və ətraflarına artilleriya qurğuları ilə mərmi yağdırmağa başladı. Mərmilərin əhatə etdiyi yer, məsafə və zaman artilleriyanın şəhərə daxil ola bilmiş düşmən zirehli texnikası tərəfindən idarə olunduğunu aydınca hiss elətdirirdi.

- Gizir İlham Məmmədov, gizir Rəvan Xıdırov, gizir Kənan Seyranlı, gizir Ayaz Əzizov və gizir Pərvin Avilov, mənimlə gələcəksiz! - mayor Saleh Həsənov məktəb binasında mövqelənmiş qrupa göz gəzdirərək ucadan dilləndi.

Adları çəkilən gizirlər yerləşdikləri binanın giriş-çıxışındakı, pəncərə və qapı arxalarındakı mövqelərini digər döyüş yoldaşlarına təhvil verib komandirlərinin qarşısıda düzüldülər. Mayor Həsənov uzünü leytenant Orxan Mirzəyevə tutub:

- Sizinlə bərabər olmadığım müddətdə rəhbərlik səndə, leytenant! -tapşırıq verdi: - Diqqətli olun, ətrafı ciddi şəkildə nəzarət altında saxlayın. Lazım olmadığı müddətdə müdaxilə edib yerinizi aşkar etməyin. Lazım olan anda bizə atəş dəstəyi verin. Mənimlə daim əlaqədə olun! - əlavə elədi. Üzünü gizirlərdən ibarət yaratdığı yeni qrupa çevirib: - Getdik! – deyə əmr etdi.

Düşmən texnikasının gurultusu hələ də şəhərin Laçın tərəfindəki girişi istiqamətindən eşidilirdi. Ətrafı ciddi müşahidə altında saxlayan və ehtiyatlı addımlarla irəliləyən qrup yolu adlayıb yaxınlıqdakı hündürmərtəbəli binaya, “Qarabağ” otelinə tərəf hərəkətə keçdi.

- Ulduz, məni eşidirsən, qəbul! – Mayor Həsənov hərəkətdən qalmadan radionu dodaqlarına yaxınlaşdırdi.

Anındaca:

– Ulduz səni eşidir, Küknar, qəbul! – deyə kapitan Nahid Tağıyev cavab verdi.

– Olduğunuz yerdən qarşıda sol tərəfdə görünən “hündürlük” düşmən texnikasını nəzarətdə saxlamaq üçün əlverişlidir. İstiqamətimiz o tərəfədir. Qoruma sizdə!

– Sizi anladım, Küknar, qəbul!

Kapitan Nahid Tağıyev:

- Baş leytenant Azad Axundov, qrupa rəhbərlik səndə. Burada fəaliyyətə davam et! - Baş leytenant Azad Axundova tapşırıq verdi. Üzünü digər döyüş yoldaşlarına tutub: - Gizir Cəsarət Sarıyev, gizir Famil Əhmədov, gizir Əliyar Quliyev, gizir Vüsal Quliyev, gizir Asif Bəbirli və... - kapitan Tağıyev döyüş yoldaşlarının adlarını sadaladıqca bir-bir ayrılıb qarşısında sıraya düzüldülər: - və çavuş Namiq İbrahimli, – gözləri ilə əsgərlərinin arasında aramaya son verib: - ...mənimlə gələcəksiz! - deyə fikrini tamamladı: - Baş leytenant Elnur Qasımov, çavuş Musa Qədirov və əsgər Emil Abuzərli, ətrafın kəşfiyyatını aparıb mənə məlumat verəcəksiz!

– Oldu, komandir! – kəşfiyyat qrupunun komandirinin işarəsi ilə kəşfiyyatçılar bir andaca muzeyi tərk edib gözdən yox oldular.

Kapitan Tağıyevin ardınca qrupu da sivişib yerləşdikləri muzeydən çıxdı. Ətrafı ciddi nəzarətdə saxlamaqla küçəni adlayıb qarşı tərəfə keçdilər. Qəfil arxa tərəfdən, gəldikləri istiqamətdən avtomat atəşinə tutuldular. Üzü arxa istiqamətdə hərəkət edən sonuncu əsgər dalanda görünüb tez də yox olan düşmən silahlısının getdiyi səmtə güllə yağdırdı. Tez də dizi üstə yerə çöküb düşmən əsgərinin göründüyü istiqaməti avtomatının nişangahından izləməyə başladı.

Qrup dayanmadan “Qarabağ” otelinin yaxınlığından ötüb şərq istiqamətdə irəlilədi. Qarşıda gurlayan avtomat səslərindən qrupun uzaqlaşdığını zənn edən bir neçə düşmən əsgəri gizləndikləri yerdən çıxıb kilsə istiqamətində manevr etmək istədi. Diz üstə çöküb səbirlə gözləyən gizir Asif Bəbirlinin sərrast güllələri düşmən əsgərlərini yerdəyişmə etməyə macal tapmadan yaxaladı.

İşğal dönəmində düşmənin dövlət binasına çevirdiyi köhnə icra hakimiyyəti istiqamətindən minik maşınının motoru gurlayıb sönükdü. Kapitan Tağıyev sol qolunu havaya qaldırıb əlini açıb yummaqla ardınca addımlayan xüsusi təyinatlılara xəbərdarlıq edincə düşmənin UAZ markalı komandir maşını qarşıda göründü, döngəni burulub sürətlə xüsusi təyinatlıların hərəkət etdiyi istiqamətdə şütüdü. Gözləmədiyi halda küçədə Azərbaycan əsgərlərini görən maşındakı düşmən zabiti avtomatını pəncərədən çıxarıb sürəkli atəşə başladı. Kapitan Tağıyev komandir maşınının sürücüsünü nişan aldı və atəş açdı - maşın yoldan çıxıb qarşıdakı evin divarlarına çırpılaraq çevrildi...

...Mayor Saleh Həsənovun qrupu “Qarabağ” otelinin ətrafını dövrə vurub girişində dayananda yaxınlaşmaqda olan düşmən tanklarının gurultusu eşidildi. Şuşa qalası istiqamətindən müqaviməti yarıb şəhərə daxil olan düşmən texnikası şəhərin Laçın yolu istiqamətindəki girişindən dövrə vurub geri qayıdırdı. Mayor Həsənov başının işarəsi ilə qrupa binaya daxil olmağı əmr etdi. Qrup üzvlərindən biri küçəni nəzarətdə saxladı, dogər xüsusi təyinatlılar komandirlərinin ardınca “Qarabağ” otelinin birinci mərtəbəsinə daxil olub görünməz oldular. Düşmən texnikası ətrafı pulemyot atəşinə tutmaqla otelin yaxınlığından ötüb sürətlə əvvəlcə şimal istiqamətində şütüdü, sonra yolunu şərq istiqamətində dəyişib gözdən itdi. Otelin və ətraf binaların üzərinə yağdırdığı pulemyot güllələri divarlara dəyib, ətraflara səpələnirdi. Güllələrin divarlardan qopardığı kərpic parçaları və pəncərə şüşələri çiliklənib yerə tökülürdü.

Otel binasına daxil olan mayor Həsənovun qrupu dörd bir yanlarını avtomat nişangahından izləməklə yuxarı mərtəbəyə qalxmağa başladı...

Kapitan Nahid Tağıyevin qrupu köhnə icra hakimiyyətinin binasının yanından burulub geri, “Qarabağ” oteli istiqamətində mövqeləndi. Qrup rəhbərinin işarəsi ilə dərhal ətrafın kəşfiyyatı aparıldı. Baş leytenant Elnur Qasımov da radio vasitəsilə əlaqə yaradıb düşmənin şəhərdə mövcud olan qərargahını aşkar etdikləri haqqında məlumat verdi. “Hökumət binasında” yerləşən həmin qərargahda düşmənin xeyli sayda canlı qüvvəsi və yüksək rütbəli zabitlərinin olmasını bildirdi.

- Düşmən qərargahını ciddi şəkildə nəzarətdə saxlayın, Elnur! - Kapitan Tağıyev tapşırıq verdi: - Hər hansı bir hərəkət və ya hərəkətsizlik haqqında mütəmadi olaraq məni məlumatlandırın.

- Oldu, komandir!

...Şəhər buta işləməli bəyaz tül yaylıqla yaşmaqlanmışdı, dayanmadan əsən xəfif külək duman və çiskindən hörülmüş yaylığı dalğalandırdıqca üzərindəki işləmələr kəpənək qanadları kimi çırpınır, qonduğu çiçəyin zərif ləçəklərinin üstündə müvazinətini qorumağa çalışırdı. Üzərinə sürəkli yağan mərmilər və mərmilərin qaldırdığı toz-torpaq, daş-kəsək aramsız döyünən kirpiklərinin arasından parlayan qapqara gözlər kimi bərq vurub sönür, qara, dumanlı şəfəqlər yüksəlib yerə çökürdü. Diksinib qorxmuş, bəbəkləri torpaqla dolmuş şəhər bozarıb tutqunlaşmış, işığını itirmişdi.

Mayor Saleh Həsənovun “Qarabağ” otelinin yeddinci mərtəbəsində mövqelənmiş qrupu işığı qürub edən şəhərin hər tərəfini snayperin binoklu ilə müşahidə edirdi. Sürəkli atəş açmaqla hərəkət edən düşmən tankları otelin yeddinci mərtəbəsindən aydın görünürdü. Şəhərin müxtəlif istiqamətlərində görünüb tez də yox olan düşmən əsgərləri manevrlə yerdəyişmə etməyə çalışır, amma görünən andan snayperin nişangahından izlənilir, növbəti göründüyü andaca məhv edilirdi. Şəhərdən kənardakı meşə massivlərində mövqe tutmuş düşmən zirehli texnikası da tez-tez maskalandıqları mövqedən çıxaraq şəhərə atəş açır, tez də geri çəkilib gözdən itirdilər. Düşmən Azərbaycan xüsusi təyinatlıları tərəfindən texnikaya atəş açılmadığını görüb xeyli arxayınlaşmış, sərbəst manevr etmək imkanları əldə etmişdi. Mayor Saleh Həsənovun “Qarabağ” otelinin yeddinci mərtəbəsində mövqelənmiş qrupu düşmən tanklarının hərəkət istiqamətlərini nəzarətdə saxlayır, onları zərərsizləşdirmək üçün fürsət gözləyirdi. Gizir Kənan Seyranlı mayor Həsənova yaxınlaşıb:

- Komandir, tanklar ekipaj komandirlərinin başlarını lüklərdən çıxardıqları halda hərəkət edirlər, - deyə baş barmağı ilə şəhərin kənarındakı meşəlikdə hərəkət edən düşmən tanklarını göstərdi.

Ani müşahidədən sonra mayor Həsənov:

- Sol tərəfdəki tankın komandirini sən nişan al, Seyranlı, sağ tərəfdəki məndə! – deyib snayperin binoklunu gözünə yaxınlaşdırdı.

Gözləmədikləri halda ard-arda iki atəş açıldı və hər iki düşmən tankının komandiri alınlarından aldıqları qurğuşun yarasından boşalıb zirehli texnikanın kabinəsinə düşdülər.

Nişan almağa belə fürsət tapmayan mayor Həsənov:

– Əla! - deyə yumruğunu düyümləyib baş barmağını yuxarı tutmaqla döyüş yoldaşının gözlərinin qarşısında silkələdi. Gizir Seyranlı da snayperin binoklunu gözündən ayırıb təəccüblə komandirinin sifətinə baxdı:

- Maşallah, pis işləmirlər, komandir! – sevincək dilləndi.

– Bəli, Seyranlı, gizir Elvin Məmmədovun işidir bu! – mayor Həsənov təbəssümlə gizir Seyranlının fikrini təsdiqlədi.

Düşmən tanklarının komandirləri digər binada mövqe tutmuş birinci qrupun gizirı Elvin Məmmədov tərəfindən vurulmuşdu.

- Günəş, məni eşidirsiz, qəbul? - Mayor Saleh Həsənov radio ilə əlaqə yaratmağa çalışdı.

- Günəş səni eşidir, Küknar, davam et! – briqada komandiri polkovnik Zaur Zeynalov anındaca cavab verdi.

- Cənab polkovnik, hazırda olduğumuz məkanda düşmən texnikasının hərəkət istiqamətlərini nəzarətdə saxlamaq və onları sıradan çıxarmaq imkanlarımız genişdir, - mayor Saleh Həsənov məruzə etdi: - Tank əleyhinə vasitəni olduğum məkana göndərməyinizi xahiş edirəm. Olduğumuz məkan “uğrunda can verməyə dəyər”!

- Səni başa düşdüm, Küknar, tank əleyhinə vasitəni “uğrunda can verməyə dəyər”ə istiqamətləndiririk.

...Otel binasının girişində ayaq səsləri əks-səda verib kəsildi.

- Küknar, məni eşidirsiz, qəbul? – girişdəki növbəti hənir duyulmamış kapitan Nahid Tağıyevin səsi radiodan eşidildi.

- Küknar səni eşidir, Ulduz, davam et!

- Günəş sizə “salam” göndərib, komandir. “Salam”ı gətirən gizir “uğrunda can verməyə dəyər”ə yaxınlaşmaqdadır.

- “Salam”ı qəbul etməyə hazırıq, Ulduz, sağ olun!

Birinci mərtəbədə eşidilib yox olan ayaq səsləri ikinci mərtəbədən duyulmağa başladı. Mayor Saleh Həsənovun işarəsi ilə iki döyüşçü “Salam”ı gətirən giziri qarşılamağa yollandı. Kapitan Nahid Tağıyev isə: - “Uğrunda can verməyə dəyər” ətrafından nəzarətimiz altındadır. – deyə məlumat verdi: -“Salam”ı aldıqdan sonra arxayın yönləndirə bilərsiniz.

“Qarabağ” otelinin yeddinci mərtəbəsindəki bilyard zalında mövqelənmiş qrupun komandirlərinin əmri ilə zalı tərk edən iki döyüşçü bir neçə dəqiqədən sonra gizirlə bərabər geri qayıtdılar. Zala daxil olan kimi gizir:

- Cənab mayor, əmrinizlə xüsusi gecəgörmə cihazını gətirmişəm, - deyə mayor Həsənova yaxınlaşıb məruzə etdi.

- Mən gecəgörmə cihazı yox, gizir, “Kornet” gözləyirdim! - qrup komandiri narazılığını bildirdi.

- Tank əleyhinə idarə olunan raketlər yaxın saatlarda sizə catdırılacaq, cənab mayor, – deyə yorğunluğu aydın hiss olunan gizir gecəgörmə cihazıni çiynindən endirib qrup komandirinin qarşısına qoydu.

Mayor Saleh Həsənov:

- Gizirə avadanlığı quraşdırmaqda yardım et, Məmmədov. - Üzünü gizir İlham Məmmədova tutub tapşırıq verdi: - Ətrafın müşahidəsini aparıb mənə ətraflı məlumat verin, - deyə snayperin binoklunu gözünə dayayıb şəhəri nəzərdən keçirməyə başladı.

Bir neçə dəqiqədən sonra gizir Məmmədov yaxınlaşıb:

- Xüsusi gecəgörmə cihazı sıradan çıxıb, cənab mayor, işləmir, - açıqca hiss olunan təəssüflə məruzə etdi.

Məmmədovla bərabər qrup komandirinə yaxınlaşan gizir də:

- Cənab mayor, çox çətinliklə onu gətirib buraya çıxara bildim. Özünüz də görürsüz, tez-tez yağış yağır, hər tərəf də yağış suyundan islanıb, – deyə vəziyyəti izah etməyə çalışdı: - Həm də güllə yağışı altında, döyüşə-döyüşə yoluma davam etdiyim üçün avadanlığı lazımi qaydada qoruya bilməmişəm. İslanaraq sıradan çıxıb. Üzrlü hesab edin!

Gözünü snayperin binoklundan ayırmadan gizirləri dinləyən mayor Həsənov ani dayanıb snayperin qundağını yerə qoydu. Əvvəlcə gizirləri, sonra isə yeddinci mərtəbənin dəhlizindən hər tərəfi görünən şəhəri diqqətlə nəzərdən keçirib baxışlarını məchul bir nöqtədə cəmlədi. Düşmən texnikası hələ də şəhər və şəhər ətrafında sərbəst hərəkət edir, hara gəldi mərmi və pulemyot güllələri yağdırırdı.

- Məmmədov, kenvudu mənə verin! – Yol çəkən baxışlarını cəmlədiyi nöqtədən ayırmadan əlini döyüş yoldaşına uzatdı.

Gizir Məmmədov sinəsinə bərkitdiyi motorola tipli radioəlaqə vasitəsini dərhal çıxarıb komandirinə verdi. Mayor Həsənov kriptosu olmayan motorola tipli radioəlaqə vasitəsini dodaqlarına yaxınlaşdırıb düyməsini basdı və açıq mətnlə rəhbərliklə əlaqəyə girdi:

- Cənab polkovnik, bu dəqiqələrdə əldə etdiyimiz uzaqməsafəli gecəgörmə cihazları və tank əleyhinə idarə olunan raketlər müvafiq mövqelərdə quraşdırılmışdır və bu istiqamətdən gecə və gündüz hərəkət edə biləcək hər növ texnikanı məhv etməyə hazırıq!..

Ardı BURADA

Tarix
2022.03.28 / 08:30
Müəllif
Etibar Muradxanlı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla