Yuxarı

Topxanada düşmən tankları məhv edildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).

Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Əvvəli BURADA

...Payız axşamı tez düşdü. Günəş batmadan səma qaraldı. Sifəti bozarmış qara buludlar işığı udub şişməyə, şişdikcə də səmanı çiyinlərinə yükləyib daşımağa başladılar. Çırağı sönmüş şəhərin barıt qoxusu və üzərində yüklənib qalmış müxtəlif tipli silahların tüstüsü, mərmilərin qaldırdığı tozu-dumanı qara buludlara çatıb dayandı. Şəhər gözlərini qapayıb hövlnak çırpınan ürək döyüntülərini dinləməyə başladı...

...Məqsədli şəkildə açıq mətnlə və kriptosu olmayan motorola tipli radioəlaqə vasitəsilə ötürülən məlumat dərhal nəticəsini verdi. Düşmənin müxtəlif tipli nəqliyyat vasitələri və zirehli texnikası işıqlarını söndürüb ehtiyatla hərəkət edir, küçədən küçəyə tələsik adlayıb gizlənməyə çalışır, fürsət tapıb tədricən şəhərdən uzaqlaşmağa yollar axtarırdılar. Artıq döyüşü uduzduqlarını və şəhəri əldə saxlaya bilməyəcəklərini anlayan düşmən son anda belə Azərbaycan ordusuna və Şuşaya zərbə vurmağa çalışır, sürəkli və ünvansız atəş açmaqla, bütün şəhəri qurğuşun girovunda saxlamağa cəhd göstərirdi. Düşmən artilleriyası da bütün gecə boyu susmadı. Şuşa aramsız olaraq müxtəlif tipli artilleriya qurğuları ilə atəşə tutuldu. Şəhərə daxil ola bilmiş Azərbaycan xüsusi təyinatlıları isə səhərə qədər təmizləmə işlərini davam etdirdi. Addım-addım, küçədən-küçəyə adlayaraq şəhəri düşmən qüvvələrindən təmizləməyə çalışdı.

Artıq tank əleyhinə idarə olunan raketlərlə təmin edilən əks-həmlə qrupları düşmənin zirehli texnikasını məhv etmək üçün fəaliyyətə keçmişdi. Düşmən zirehli texnikası gecə boyu işıqlarını söndürüb sürəkli atəş yağdırmaqla şəhəri dolaşsa da, şəhəri tərk edərkən gurultusunu gizlədə bilməyib, hərəkət istiqamətlərini Azərbaycan xüsusi təyinatlılarına nişan vermişdi.

Səhər dumanla açıldı. Şəhər üzünü yuyub qurulamadan gözlərini döyməyə başladı. Yarpaqların üzərində ilişib qalmış, pəncərə şüşələrindən, dam örtüklərindən süzülən səhər şəbnəmləri bərq vurduqca Azərbaycan əsgərlərinin gözlərini qamaşdırdı. Yorğun, əldən düşmüş, günlərlə ac və susuz, yuxusuz hərəkət edən xüsusi təyinatlılar doğma təmasdan diksindilər. Şəhərə qədəm qoyduqları andan, sanki, ruhları yenilənmiş, bütün yorğunluqlarını, ac və susuzluqlarını, yuxusuzluqlarını unutmuşdular. Dayanmadan üstlərinə yağan mərmi, ətraflarında uçuşan gurğuşunlar belə qəlblərində baş qaldıran qürur və sevinc hissini cilovlaya bilməmiş, yalnız ruhlarını qəribə bir nisgil çulğalamışdı. İndiki halından fərqli olan, işğaldan qabaqkı Şuşanın həsrət dolu nisgili. Səhərin şaxtalı payız mehi sifətlərini darayıb, ara-sıra ətraflarından ötən ala-tala duman karvanı saçlarına sığal çəkdikcə acgözlüklə şəhərin barıt qoxusuna, tüstü və toz-torpağa qarışmış buz kimi havasını ciyərlərinə cəkir, silahlarının qundaqlarını çiyinlərindən, gözlərini hədəfdən ayırmadan dərindən nəfəs alırdılar. Vətən torpağının illərlə girova çevrilmiş doğma qoxusunu doya-doya ruhlarına hopdurmağa çalışır, barmaqlarını tətikdən ayırmadan addımlarını atırdılar...

Muxtar kəndində ağacların arasında mövqelənmiş düşmən tankı qəfil atəş açıb yerini dəyişdirdi. Mayor Saleh Həsənov tank əleyhinə idarə olunan raketləri onlara çatdıran giziri yanına çağırtdırdı. Ağacların arasında görünüb tez də yox olan düşmən tankını nişan verib, “Onu tez məhv etmək lazımdır, gizir, yoxsa ordumuz itki verə bilər!” - deyə əmr etdi. Gizir ətrafı müşahidə edib:

- Cənab mayor, atış şərtlərinə görə bu silahdan belə şəraitdə istifadə etmək olmaz, – dedi: - Bu silahın istifadəsi açıq, geniş sahə üçün nəzərdə tutulub. Əks təqdirdə atəş zamanı durduğumuz bu dəhliz də bizimlə bərabər uça bilər.

Mayor Həsənov bir söz demədən ətrafı və durduqları dəhlizi diqqətlə nəzərdən keçirdi. Düşmən tankı isə dayanmadan manevr edir, tez-tez yerini dəyişməklə şəhərin müxtəlif istiqamətlərini aramsız atəşə tuturdu.

- Silahı mənə ver, görüm. - Gizirin silahı ona uzatmasını gözləmədən qrup komandiri dartıb TƏİR-i döyüş yoldaşının əlindən aldı: - Bunu necə istifadə edirlər? - gözünü silahdan ayırmadan sual verdi.

Gizir bir addım irəli atıb silahın istifadə qaydasını izah etdi.

– Aydındır! - mayor Həsənov TƏİR-i atəşə hazır vəziyyətə gətirib: - Dərhal hamınız buranı tərk edin! – deyə göstəriş verdi.

Tank əleyhinə idarə olunan raketlər üzrə mütəxəssis olan gizir:

- Komandir, olmaz, komandir, siz risk edirsiz... - həyəcanını gizlətmədən fikrindən dönmədi.

Düşmən tankının getdiyi istiqamətdən gözlərini ayırmayan mayor Həsənov:

– Risk etməkdən qorxan əsgər qalib gələ bilməz, gizir. Tez çıxın, tərk edin buranı! - deyə əmrini bir daha təkrar etdi.

Qrup zalı tərk edincə TƏİR-i çiyninə qoydu, düşmən tankının mövqeləndiyi istiqaməti hədəfə alıb səbirlə gözləməyə başladı. Tank ağacların arasından çıxıb üzərindəki artilleriya qurğusunu şəhərin mərkəzi istiqamətində nizamladı. Mayor Saleh Həsənov tankın qülləsini nişan aldı. Atəş açıldı. Tankın lüləsi yüz səksən dərəcə bucaq altında geri çevrilib dayandı. Qülləsini alov bürüdü.

Atəş açarkən TƏİR-in əks istiqamətdə buraxdığı alov otelin bilyard zalının altını üstünə çevirdi. Qapı-pəncərələr, televizor yerindən qopub yerə töküldü. Ətrafı toz duman bürüdü.

Tankın qülləsinin qapısı qaldırıldı. Ekipaj tələsik kabinədən çıxıb yerə atıldı. Qrup komandiri TƏİR-i yerə qoyub cəld snayperi götürdü. Düşmən tankının ekipajı zirehli maşının ardına keçməyə fürsət tapmamış nişan almağa çalışdı. Və atəş açdı. İki düşmən əsgəri eyni anda yerə yıxıldı. İkincisi mayor Həsənovun TƏİR-dən atəş açmazdan əvvəl zaldan çıxardığı, aşağı - altıncı mərtəbədə mövqe tutmuş xüsusi təyinatlılar tərəfindən məhv edilmişdi. Ekipajın üçüncü üzvünə isə eyni anda bir neçə atəş açıldı. Ekipaj tam məhv edildikdən sonra mayor Həsənov snayperi yerə qoyub TƏİR-i qamarladı. Atəşə hazır vəziyyətə gətirib çiyninə qoydu. Eyni məkandan otuz dərəcə bucaq altında sağ tərəfdə, Topxana meşəsində düşmənin daha bir tankı ağacları titrədib meydana çıxdı. Mayor Həsənov cəld TƏİR-i fırlayıb düşmənin ikinci zirehli texnikasını hədəfə götürdü. Və atəş açıldı.

Mayor Həsənovun qulaqları tutulsa da sevincdən gözləri parladı.

Dərhal briqada komandiri polkovnik Zaur Zeynalovla radio vasitəsilə əlaqə saxlayıb Muxtar kəndi istiqamətində və Topxana meşəsində düşmənin T72 tipli iki zirehli texnikasının məhv edilməsi haqqında məruzə etdi. Məlum oldu ki, düşmənin bir gün qabaq müdafiə xəttini yararaq şəhərə daxil ola bilmiş digər zirehli texnikaları və bir neçə komandir maşını da xüsusi təyinatlılarımızın digər qrupları tərəfindən məhv edililib. Düşmən T72 tipli bir tankı isə şəhərin girişindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında işlək vəziyyətdə tərk edərək aradan çıxıb...

Şəhərin müxtəlif istiqamətlərində fəaliyyət göstərən xüsusi təyinatlı qruplar təmizləmə əməliyyatını başa çatdırıb günorta saatlarında Şuşanın tam nəzarətə götürülməsi haqqında rəhbərliyə məruzə etdilər. Şəhərin mərkəzində yerləşən köhnə icra hakimiyyətinin binasının üzərindəki düşmən bayrağı endirilib, yerində Azərbaycan dövlət bayrağı yüksəldildi. Azan verildi və şəhəri düşməndən azad edən əsgərlər tərəfindən Azərbaycanın dövlət himni oxundu.

Xüsusi təyinatlıların kapitanı Tural Dadaşov Ali Baş Komandana Şuşa şəhərinin düşməndən azad olunması haqqında vieogörüntülü məruzə etdi:

- Cənab Ali Baş Komandan, Sizin rəhbərliyiniz altında Şuşa şəhəri düşməndən azad edildi! Yaşasın Ali Baş Komandan, eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!

***

08.11.2020-ci il. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri Xiyabanda oldular. Ulu öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib, Şəhidlər Xiyabanına gəldilər. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər, onların məzarları və “Əbədi məşəl” abidəsinin önünə əklillər qoydular. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra dövlət başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi:

- Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

***

Azərbaycan ordusunun Şuşanı - Azərbaycanın qədim mədəniyyət mərkəzini, Qarabağı nəzarətdə saxlayan strateji yüksəkliyi və bölgənin əsas müdafiə sütununu işğaldan azad etməsi ilə barışa bilməyən düşmən sürəkli olaraq şəhəri artilleriya atəşinə tutmağa başladı. Və müxtəlif tipli artilleriya atəşi İkinci Qarabağ müharıbəsinin son saatlarına qədər, hətta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasındakı üçtərəfli bəyanat imzalandıqdan sonra da bir neçə saat davam etdi...

***

Şəhidləri daşıyıb bir sıraya düzdülər. Yaralıları isə bir sıraya düzüb ilkin yardım göstərməyə çalışdılar. Bu zaman taqım komandiri baş leytenant Kamran Həmidov:

- Farağat! – deyə ucadan bağıraraq komanda verdi.

Hərbi hissənin qərargah rəisi polkovnik-leytenant Fariz Rüstəmov və briqada komandirinin ideoloji iş və mənəvi-siyasi məsələlər üzrə müavini mayor Valeh Mustafayev yorğun, amma qətiyyətli addımlarla yaxınlaşıb altı günlük mühasirədən salamat, amma əldən düşmüş və üzgün halda çıxa bilən əsgərlərin qarşısında dayandılar.

– Yaxın gəlin, uşaqlar. Toplaşın bir yerə, - deyə polkovnik-leytenant Fariz Rüstəmov ətrafa boylanıb pərakəndə şəkildə ayaq üstdə farağat dayanmış əsgərləri yaxına çağırdı. Əksəriyyəti yaralı, taqətdən düşmüş, yaralı və şəhidləri bir yerə toplayarkən başdan ayağa qədər onların qanına bulaşmış əsgərlər daşıyıb bir sıraya düzdükləri şəhid və yaralıların arxasına çəkilib farağat düzüldülər. Qərargah rəisi Rüstəmov komanda verilmədən farağat dayanan əsgərlərinin simalarını yoxlayırmış kimi bir-bir nəzərdən keçirib:

- Rəhbərlik adından, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi adından, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev adından sizə təşəkkür edirəm, igidlər! Siz və canlarını vətən yolunda fəda etmiş şəhid qardaşlarımız xalqımızın, millətimizin üzünü ağ etdiniz! Üzünüz ağ olsun! – deyə ucadan dilləndi.

- Sağ olun! - əsgərlərin səsi dağlarda əks-səda doğurdu.

- Azadsız! – sərbəstlik verib üzünü siyasi rəhbərə tutdu: - Buyurun, mayor Mustafayev.

Siyasi rəhbər mayor Mustafayev söz demədən əvvəl canlarını vətən yolunda fəda etmiş şəhidlərin bir-bir nur saçan simalarına nəzər yetirdi. Dərindən köks ötürüb:

- Sizə, “Allah Sizə rəhmət eləsin” deməyə dilim gəlmir, uşaqlar. Əminəm ki, siz sağsız və bu dəqiqə məni eşidirsiz! - deyə ucadan dilləndi: - Ona görə də mən təkcə ayaq üstdə durub məni dinləyən əsgərlərə deyil, hamınıza, - şəhadətə yüksəlmiş və məni çox-çox yüksəklikdən dinləyən qardaşlarımıza da, canlarının bir parçasını vətən yolunda fəda edib, indi uzandıqları yerdən məni dinləyən qardaşlarımıza da illərlə gözlədiyimiz bir xoş xəbər vermək istəyirəm! – susub gözlərini əvvəlcə səmada, sanki yuxarıdan onu dinləyən şəhid əsgərlərinin simasında, sonra yaralı vəziyyətdə yerdə uzanaraq ona dıqqət kəsilən yaralıların, sonra isə ayaqda durub gözlərini ona zilləmiş əsgərlərinin sifətində gəzdirdi. Gözlərini qapayıb bir anlıq susdu. Kirpiklərinin arasından sızan göz yaşını unudub: - Əsgərlər, müharibə bitdi!.. Müharibə bitdi!.. - deyə bağırdı: - Düşmən təslim oldu, uşaqlar! Təslim oldu! - Bir anlıq sükut çökdü. Mühasirə şəraitində davam edən son amansız döyüşlərin nəticəsindənmi, ard-arda aldıqları zərbələrin gücündənmi, keçirdikləri həyəcanın təsirindənmi eşitdikləri xəbərin mənasını bir anlıq heç kim dərk edə bilmədi. Sanki siyasi rəhbər bu xəbəri əsgərlərə deyil, cansız daşa, divara söyləmişdi. Sanki ağır döyüşlər, dost itkisi, qardaş qurbanı əsgərlərin beyinlərini kilidləmişdi:

- Biz qalib gəldik, uşaqlar! Biz qalib gəldik! - Mayor Mustafayevin növbəti nidası əsgərlərin duyğu tellərini titrətdi.

Sıra pozuldu. Əsgərlər bir-birlərinə baxıb xəbərin doğruluğuna gözlərdə təsdiq axtardılar. Və bəbəklərdə qəfil parlayan təbəsüm “Allahu Əkbər!” - deyə sədaya çevrilib sevinc püsgürdü:

- Biz qalib gəldik, uşaqlar! - Mayor Mustafayevin səsindəki titrəyiş, sifətindəki kədərdən cilalanmış təbəssüm, yanağındakı sevincə bürünmüş göz yaşları əsgərlərə də sirayət etdi: - Biz qalib gəldik, əsgərlər, düşməni iti qovan kimi qovduq, sizin sayənizdə, igidlərim, sizin sayənizdə, aslanlarım!!!

“Allahu Əkbər!” nidası siyasi rəhbərin səsini batırdı. Əsgərlərlə bərabər “Allahu Əkbər!” – deyə yumruğunu havaya qaldırıb başının üstündə yellədi:

- Siz düşməni diz çökdürdünüz, qardaşlar! Siz düşmənə qan uddurdunuz, əsgərlər! Torpaqlarımızı düşmən tapdağından siz azad etdiniz, siz! - Sanki özünü unutmuş mayor Mustafayev səsinin xırıltısına, boğazının az qala cırılacağına baxmayaraq, hisslərinin cilovundan qurtula bilmir, danışır, bağırırdı: - 30 ildən sonra xalqımız torpaqlarımıza qovuşdu, 30 ildən sonra düşmənlərimiz işğal etdiyi ərazilərimizi tərk etmək məcburiyyətində qaldı. İllərlə işğal altında saxladıqları torpaqlarımızı qoyub canlarını götürüb qaçdılar. İndi artıq torpaqlarımız azaddir! A-zad-dır! İndi artıq Şuşa bizimdir; indi artıq Cəbrayıl bizimdir; indi artıq Fizuli bizimdir; indi artıq Qarabağ bizimdir! İndi artıq öz əzəli və əbədi doğma torpaqlarımızda özümüz yaşayacağıq! İndi artıq öz torpaqlarımızı özümüz becərəcəyik! İndi artıq öz tortaqlarımızı özümüz əkəcəyik! – Üzünü şəhidlərə tutdu: - Qoy şəhidlərimizin ruhu şad olsun! Qoy şəhidlərimiz rahat uyusunlar!!! Siz şəhidlərimizin qısasını aldınız, Aslanlarım!!! Siz Xocalının, Şuşanın, Xankəndinin qisasını aldınız, İgidlərim!!!

***

09.11.2020-ci il. Düşmən son fürsətdən də istifadə etməyə çalışdı. Noyabrın 8-i gün ərzində və 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutdu. Və nəhayət 2020-ci il noyabr ayının 9-da Qarabağdakı separatçı rejimin “mətbuat katibi” Vaqram Poqosyan: “Şuşa tamamilə nəzarətimizdən çıxıb, Azərbaycan Ordusu artıq Xankəndinin yaxınlığında döyüşlər aparır” – deyə etiraf etmək məcburiyyətində qaldı. Şuşanın bir gün qabaq itirildiyini və Xankəndinin də belə bir təhlükə ilə üz-üzə qaldığını açıqlayan Vaqram Poqosyan “paytaxtın” mövcudluğu təhlükə altındadır. Təəssüf ki, bu günə kimi bizi uğursuzluq zənciri təqib etdi”, – deyə bəyan etdi.

Epiloq əvəzi

Şuşanın azad olunması əməliyyatında Azərbaycan əsgəri misilsiz rəşadət göstərdi. Dünya hərb tarixinə yeni bir qəhrəmanlıq səhifəsi yazdı.

İkinci Qarabağ müharibəsində və qələbənin əldə olunmasında Azərbaycan xalqı və dövləti dünyaya birliyin həqiqi simasını nümayiş etdirdi.

Donmuş, dalana dirənmiş və bir sıra maraqlı dövlətlər tərəfindən həllinə deyil, uzanmasına, status-kvonun əbədi qalmasına xidmət göstərilən, XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, milyonlarla insanın taleyinə ciddi təsir göstərən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bitməsində və İkinci Qarabağ müharibəsinin qələbə ilə sonuclanmasında Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı əsil sərkərdəlik və siyasi liderlik nümunəsi göstərdi.

Və Xalq, Dövlət, Ordu Birliyi Qələbəni təmin etdi.

Şuşanın azad olunması əməliyyatında əsgərlərlə bərabər şəhər özü də döyüşdü. Yara aldı, şəhid verdi. Neçə illərin əsarətindən qurtulmaq üçun düşmənə meydan oxudu. Azadlıq ordusunun əsgərlərinə qucaq açdı. Azadlığı uğrunda mübarizə apardı. Əzm göstərdi. Daşı ilə, kəsəyi ilə, otu ilə, ağacı ilə, dumanı ilə, buludu ilə, şaxtası ilə, yağmuru ilə düşmənlə savaşdı. Və nəhayət azad oldu.

Mən Şuşaya Qardaşım Deyərdim,

İllərlə Dərdini içində çeynəyən Sirdaşım deyərdim,

Mənimlə qayaları dırmanan Yoldaşım deyərdim,

Torpaq uğrunda can verən Dərddaşım deyərdim...

Tarix
2022.04.11 / 08:30
Müəllif
Etibar Muradxanlı
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla