Ələddin Əzimli imzası oxucuya yad deyil. O, televiziya
jurnalisti kimi tanınsa da, bədii yaradıcılıqla erkən yaşlarından
məşğul olub. Bu günlərdə onunla görüşüb, Axar.az-ın "Gerçəkləşməyən
arzular" layihəsində arzularının üstünə işıq tutmaq
istədik.
Şeir yazmaq mənasız
işdir
- Deyəsən, Ələddin Əzimli jurnalistikadan
uzaqlaşıb...
- Düzdür. Ürəyimdə yaranmış problemlərlə bağlı 58 yaşımda
jurnalistikadan uzaqlaşmaq qərarına gəldim. Bu tezliklə işdən
uzaqlaşmağım, açığını deyim ki, mənə ağır gəlsə də, ANS kimi çətin
bir telekanalda işləmək adamdan güc tələb edirdi. Mən özümdə bu
gücü və qüvvəti tapa bilmədim. Odur ki, bu kanalla əmək
müqaviləsini pozmaq qərarına gəldim.
- Son vaxtlar daha çox yaradıcılığınızın bədii tərəfi
ilə gündəmə gəlirsiniz, şeirlərinizi paylaşırsınız, əvvəllər belə
deyildi.
- Faiq bəy, çox təəssüf ki, mənim heç bir kitabım, xüsusilə,
"Sən" adlı son şeirlər toplum sizdə yoxdur. Bu sualın cavabını
akademiyanın müxbir üzvü, Folklor İnstitutunun direktoru, görkəmli
ədəbiyyatşünas Muxtar Kazımoğlunun yazdığı "Ön söz"də demək olar
ki, tapmaq mümkündür. Mən uşaqlıqdan ədəbiyyata gəlsəm də, elə
ondan uzaqlaşmağım da çox tez oldu. Özümə söz verdim ki,
böyük-böyük şairlərimizin olduğu bir ölkədə şeir yazmaq mənasız bir
işdir. Onda tələbə idim və bir neçə dillər əzbəri olan şeirin də
müəllifi kimi tanınırdım. Amma bu gün düşünürəm ki, səhv etmişəm.
Çünki o məşhur şairlərdən fərqli olaraq mən də özümü yazırdım.
Qısası, tutduğum yoldan nahaq döndüyümü indi ağrı ilə xatırlayıram.
Amma buna da şükür. Əgər bu gün gündəmdə varamsa, 3-5 oxucu məni
izləyirsə, buna sevinmək lazımdır. Çünki mən 35 il şeir yazmadım.
Ona görə də bu gün, itirdiyim o vaxtların heyfini almaq istəyirəm.
Qısa vaxtda 5 şeir kitabımın çap olunması da elə bundan xəbər
verir.
- Demək, son vaxtlar şeirə belə "vurğunluğunuz" həm də
vaxtınızın bol olmasından irəli gəlir.
- Məncə, bir az əvvəl bunun səbəbini müəyyən qədər açıqladım.
Allah ömür versə və istedadım məndən üz döndərməsə, yenə də
yazacağam.
- Dediniz ki, gənclik illərinizdə şeir yazırdınız, amma
daha çox jurnalist kimi tanınırdınız, bəlkə şeirdə özünü təsdiqin
ağır olacağını duymuşdunuz?
- Gənclik dövründə şeirlə vidalaşmağım jurnalist fəaliyyətimə
əsaslı səbəb oldu. Amma jurnalistikaya gəlişim məndə ədəbiyyata və
sənətə, o cümlədən publisistikaya marağı daha çox artırdı. Var
gücümlə işlədim. Bəlkə də ürəyimin tez sıradan çıxmasına da elə bu
səbəb oldu...
Televiziyadan uzaqlaşmağımın
bir səbəbi
- Ələddin bəy, ANS televiziyasının rəhbərliyi
ilə aranızda soyuqluğun yaranmasından bəhs olunur, bu doğrudurmu?
Doğrudursa, niyə?
- Faiq bəy, səmimi olaraq etiraf edim ki, ANS-in rəhbərliyi
orada çalışdığım 12 ildən artıq bir vaxtda mənimlə bir çoxlarından
daha artıq isti münasibətdə olub. Adicə bir misal gətirim. 4 dəfə
işdən çıxmaq barədə ərizəmi rəhbərliyə göndərdim və hər dəfə rədd
cavabı aldım. Nəhayət, istədiyimə çatdım. Bu mənim həyatda bəlkə də
ən doğru qərarım idi. Çünki insanın sağlamlığı hər şeydən
üstündür.
- Televiziyalarımızın vəziyyəti, reportajların
hazırlanması, yayınlanması zaman keçdikcə peşəkarlıqdan uzaq düşmür
ki?
- Mənə elə gəlir ki, televiziyadan uzaqlaşmağımın bir səbəbi də
elə bununla bağlı idi. Açığını deyim ki, bu gün Azərbaycan
televiziyalarının səviyyəsi 5-10 il bundan əvvəlki ilə müqayisədə
çox zəifdir. Mən adi bir reportyor kimi elə günlərim olub,
torpağın, daşın üstündə yatmışam. Təki xalqıma nəsə təzə bir
məlumat verə, sağlam bir xəbər hazırlaya bilim. Bu, xüsusilə bir
neçə il dalbadal Kürdə baş verən daşqınlarla bağlı idi. Elə günüm
olurdu ki, 3 video- reportaj hazırlayır, televiziya və radioya 7-8
dəfə canlı bağlantıya çıxırdım. Hətta nahar etməyə belə vaxt tapa
bilmirdim. İşlədiyim müddətdə minlərlə video-reportaj hazırlamışam.
Bu sizə çox görünməsin. Mən hələ çox az dedim.
- İşlədiyiniz vaxtlarda olubmu ki, hansısa xəbərə,
süjetə görə haqlı olsanız da, haqsız bilinəsiniz?
- Belə hallarla demək olar ki, üzləşməmişəm. Əvvəldə qeyd
etdiyim kimi, rəhbərlik, xüsusi ilə vitse-prezident Mir Şahin əksər
vaxtlarda mənimlə səmimi olub. Mən də çalışmışam ki, onun və digər
rəhbərlərimin etimadını doğruldum. Rəhbərliklə mənim aramda soyuq
münasibət olmayıb. Bunun səbəbini isə tam açıqlamaq
qeyri-təvazökarlıq olduğundan bir qədər çətindir.
Çox sadə və kövrək
adamam
- Ələddin bəy, keçək poetik yaradıcılığınıza,
şeirlərinizdə bir nisgil, nostalji var. Elə "Mənim kəpənəyim"
şeirində bu, qabarıq görünür.
- Ümumiyyətlə, mən fiziki cəhətdən ağır çəkili olsam da, mənəvi
cəhətdən çox sadə və bir qədər də kövrək adamam. Şeirlərimə sızan
nisgil və nostalji hisslər də elə bununla bağlıdır.
Sifətinə kədər çöküb,
Gözlərinə qəhər çöküb.
Qəlbinə bəd xəbər çöküb
Gedib qəmdən qəmə deyim? -
Hansı qəmdən hansına nə deyəcəkdiniz ki?
- Vallah, şairin, sən də yaxşı bilirsən, işi-peşəsi elə dərd,
kədər, ağrıyla oturub-durmaqdan irəli gəlir. Düzü, bu mənlik deyil.
Ona qalsa, Vaqif Səmədoğlu həmişə deyirdi ki, Azərbaycanda mən
ölümdən daha çox yazan şairəm. Amma bu Səmədoğlu Vaqifin
şeirlərinin siqlətini heç də azaltmayıb.
- Şeirlərinizdə bir giley də var: Hansısa maneəni,
yoxuşu aşmaqdan bəhs edirsiniz. Nədir sizi narahat
edən?
- Faiq bəy, mənim yaş haqqında bir neçə şeirim var. On illikləri
həmişə böyük həsrətlə gözləmişəm. Bu da həyata qəlbən bağlı
olmağımdan irəli gəlir. Bir neçə gündən sonra 61 yaşım tamam
olacaq. Mən ölümdən qorxmuram, lakin Allahın mənə verdiyi günləri,
ayları, illəri dolğun yaşamağa və bir insan kimi başa vurmağa
çalışmışam.
- Ədəbi mühitdə daha çox kimlərlə
dərdləşirsiniz?
- Sizlərdən fərqli olaraq, mən əyalətdə yaşayıram. Yaşadığım
Alar kəndində və Cəlilabad rayonunda bir neçə qələm dostum var.
Kifayət qədər tanınanlardan bir neçəsinin adını söyləyə bilərəm.
Böyükxan Bağırlı, Misir Alarlı, Bilal Alarlı, Əfrahim Hüseynli,
Əlizadə Sərdaroğlu, Əlizadə Nuri, Ədalət Salman və başqalarının
adını çəkə bilərəm. Görüşlərimiz, ədəbi mühit barəsində
söhbətlərimiz demək olar tez-tez olur.
- Ələddin bəy, deyin, əyalət ədəbi mühiti sizi razı
salırmı?
- Doğrusunu desəm, bir o qədər də yox...