Seymur Baycan yəqin ki, psixdir, ya da Azərbaycan
xalqının düşməni.
Bunu Moderator.az-a açıqlamasında xalq şairi Bəxtiyar
Vahabzadənin kürəkəni, 5 saylı xəstəxananın baş həkimi Ziya Əsədov
deyib.
Seymur Baycanın sosial şəbəkədə xalq şairi Bəxtiyar Vahabzadə
haqqında yazdığı xoşagəlməz ifadələrə münasibət bildirən Ziya
Əsədov Seymurun bununla gündəmdə qalmaq istədiyini bildirib:
"Elə yazı var ki, onu yazdırırlar, elə yazı da var ki, arxasında
başqası durur, başqasının fikrini çatdırır. Amma burdan görünür ki,
bu adam psixdir, özü-özünü inkar edən yazı yazıb. Elə adamlar var
ki, böyük adamlara sataşmaqla məşhurlaşmağa çalışırlar. Deyərdim
ki, bunu ermənilər yazdırıb, inanmıram. Deyərdim ki, MTN tərəfindən
yazdırılıb, inanmıram. Deyərdim ki, Bəxtiyar Vahabzadəni düşmən
hesab edənlər yazdırıb, buna da inanmıram. Demokratik dövlətik,
respublikayıq, Seymur Baycanın öz fikrini bildirib vicdansızlıq
etməyinə dəyməz. Bəxtiyar Vahabzadənin hansısa şeirini bəyənməmək
olar, hansısa səhvini demək olar. Amma Bəxtiyar Vahabzadənin
vətənpərvər ağsaqqal, ədalətli, haqqın tərəfində duran insan
olduğunu danmaq olmaz. Seymur bilər, Allahı bilər!"
Daha sonra Ziya Əsədov Seymur Baycanı psixoloji yoxlamadan
keçirməyin lazım olduğunu vurğulayıb: "Elə adamlar var ki, məsələn,
qırmızı rəngli qələmi göstərirsən və qırmızı olub-olmadığını
soruşursan, yox cavabı verir. Boğazından yapışıb boğursan ki, ay
kişi bu qırmızıdır, boğulsa da qırmızı deyil deyir. Ayağının altına
salıb burnunu, ağzını əzirsən, ölümcül hala düşəndə cavab verir ki,
niyə məni öldürürsən, guya mən bunun qırmızı olduğunu bilmirəm?!
Mən cavan olsaydım bu saat gedib onun ünvanının tapıb döyərdim.
Ancaq əgər Bəxtiyar Vahabzadə özü bu həyatda yoxdursa ömrü boyu
xidmət etdiyi Azərbaycan xalqı onu müdafiə etməlidir, qohumu,
kürəkəni yox. Və inanıram ki, Azərbaycan milləti də onu müdafiə
edəcək".