Yuxarı

"Möhtəşəm yüz yıl"dan daha möhtəşəm film

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuatda ürəkaçan olmayan bütün rəylərə rəğmən filmi izlədim. Daha doğrusu, film baltalandıqca marağım da artdı. Kinoteatra gəlincə tək olmadığımı da anladım. Türkiyə filmlərinin Bakı əhlinin ayağını kinoteatrlara açdığı danılmaz faktdır. "Mahmud və Məryəm " isə Elçinin əsəri və Azərbaycan-Türkiyə ortaq istehsalı olması, yerli aktyorların iştirakı ilə daha da diqqət çəkir. Əlbəttə, gündüz seanslarının məqbul qiymətləri (4 azn) əsas hissəsini tələbələrin təşkil etdiyi gənclərin axınına bir səbəbdir.

Sujet haqqında

Film nağılvari, əfsanəvi bir şəkildə başlayır. Qurdun Ziyad Xan və Qəmər xanıma bağışladığı oğul və onunla eyni gecə dünyaya gələn keşişin qızı Məryəmin hekayəsi. Türklük vurğusu bu bozqurd səhnəsi ilə başlayır və davam edir. Yeri gəldi-gəlmədi "Tusi deyərdi ki" deyə başlayan ədəb-ərkan dolu cümlələr bir nöqtədən sonra adamı usandırır. Hələ bu azmış kimi Sultan Səlim ilə Şah İsmayıl arasındakı mübarizə üzərindən türklərə birlik-bərabərlik mesajı da verilir.

Bitdimi?

Bitərmi?

Bir də Qarabağ probleminə əl ataq deyib, bir-iki ağız muğam oxuyub, bir-iki damcı göz yaşı axıdıblar. Adamda sual yaranır: "Türklər hər şeyi belə mükəmməl bilirsə, niyə beş addımlıqda iki türk ordusu bir-birini qırır?" Əlbəttə, mən də bilirəm ki, iki Türk dövlətinin çəkdiyi filmdə Fransanı təbliğ edəcək deyildilər. Amma əgər bu təbliğat bir türk olaraq məni sıxdısa, Allah digər bir millətin nümayəndəsinə kömək olsun. Təcrübə göstərir ki, filmlərdə bir ideyanı "kor gözünə barmağım" üsulu ilə tamaşaçıya çatdırmağın əks effekti olur. Orda toplaşan gənclərin çoxunu eşq hekayəsi maraqlandırırdı.

Serial baxışları

"Mahmud və Məryəm" rejissor Mehmet Ada Öztəkinin kinoda ilk böyük işidir. O, daha çox televiziya serialları hazırlayır. Öztəkinin son işi "Kuzey Güney" Azərbaycan tamaşaçısına yaxşı tanışdır. "Mahmud və Məryəm"in qarşılaşdıqları səhnədə baxışmalar o qədər uzandı ki, yerlərdən bezgin səslər eşidildi. Rejissor o boyda eşqi ancaq bir baxışmada verməyə çalışıb. Nə bir hərəkət, nə də bir söz. Tamaşaçı bilmir ki, bu aşiq-məşuq bir-birini niyə sevdi, nəyə görə sevdi.

Aktyor ifaları

Mahmud rolunun ifaçısı Aras Bulut İnemli az təcrübəsinə rəğmən ən cəlbedici ifanın sahibi idi. Savaşa qarşı qələmə, sənətə sarılan qəhrəmanımızın gözəllik sevdasına inandıra bilir. Ən təsirli səhnələrdən biri iki türk ordusunun bir-birini qətl etdiyi meydana gəlib çatan Mahmudun ruhi vəziyyətinin təsviridir.

Məryəmin ifaçısı Eva Dedova cənnətən çıxmış bir gözəlliyə sahibdir. Amma filmə gözəllikdən başqa bir şey qatmayıb. Məryəmin daxili aləmi, düşücələri, keyfiyyətləri verilməyib. O, sadəcə atası ilə sevgilisi arasında didərgin qalan bir qızdır.

Mahmudun müəllimi Sofu rolunun ifaçısı Polat Bilgin rolu ilə bütünləşən və gözlərinə obrazını yazan yeganə aktyor idi.

Yerli aktyorlar

Uzun illər Türkiyədə yaşamasına baxmayaraq, Məlahət Abbasova da daxil bizim aktyorlarda Türkiyə türkcəsində danışmaq problemi var. Ancaq Fəxrəddin Manafov dünyadan doymuşluğu, bezmişliyi gözləri ilə tamaşaçıya sonuna qədər çatdırır. Öz kiçik rolunu ən yaxşı yaradan Şamil Süleymanovdur. Parlaq gözləri, ağ saçları, sevimli saqqalı, gözlərində Qəmərə olan eşqi ilə çox səmimi görünür.

Çəkiliş prosesi

Filmin büdcəsi 15 milyon lirə, yəni təxminən 7.5 milyon manatdır. Azərbaycan standartlarına görə yüksək, dünya standartlarına görə aşağı büdcəli bir filmdir. Çəkilişlər üçün açıq havada böyük bir ərazi və saray yaradılıb. İstər kostyumlar, istər də cənnəti xatırladan çəkiliş məkanları uğurlu seçilib. Aktyorların at minməsi, qılınc oynatması peşəkar səviyyədədir. Bir neçə dəqiqə davam edən döyüş səhnəsi üçün üç ay çalışılıb. Nəticədə "Möhtəşəm yüz il"in cizgi filmi effektli döyüş səhnələrindən çox daha yaxşı alınıb. Musiqilər, səs effektləri, kadrlar Azərbaycan kinematoqrafiyasında hələlik görə bilməyəcəyimiz qədər yüksək səviyyədədir.

Bir gül ilə bahar olmaz, əlbəttə, amma bu gül özü baharın gəlişinin müjdəsi də ola bilər. Ancaq kifayət qədər tarixə və tarixi filmlərə yer ayıran milli kinomuz gündəlik həyatımızı da işıqlandırsa, rəğbətlə qarşılanar.

Tarix
2013.11.01 / 13:53
Müəllif
Arzu Məmmədova
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla