Məşhur kinorejissor Andrey Tarkovskinin qadın haqqında
düşüncələrini əks etdirən müsahibəsində maraqlı fikirlər yer alıb.
Öz filmlərində qadınlara xüsusi yer ayırmayan rejissor niyə onlara
bu rolu vermək istəmir? Onun üçün qadının var olma səbəbi nədir? Bu
suallara müsahibədə maraqlı cavablar var və biz də bunu nəzərə alıb
rejissorla müsahibəni təqdim edirik.
- Məncə, siz işıqlardan, insanlarla təmasdan qaçırsınız.
Məsələn, reportajları da çox az-az verirsiniz.
- Elədir, elə də sosial insan deyiləm. Şöhrətin yaratdığı
imkanlardan yararlanan, jurnalistlərlə görüşlərdən xoşlananlar var,
amma mən belə deyiləm. Hələ indiyə qədər bir dəfə də olsun məndən
götürülən müsahibələrin yazılmasından xoşlanmamışam. İş onda deyil
ki, mənə təriflər yağdırmırlar. Sadəcə, danışılan mövzu ilə bağlı
olmur. Şöhrətə gəlincə, mənim üçün yükdür. Bu da məni
əsəbləşdirir.
- Sizi əsəbiləşdirən konkret şey nədir?
- Bunu cavablamaq çətindir. Bir arada oturub danışan adamların
ortaq nöqtələrinin olmasının vacibliyini düşünürəm. Belə olanda
söhbət təktərəfli olmur. Amma hər jurnalist verdiyi suallara aldığı
cavablarla deyil, qeydləri ilə maraqlanır. Söhbət onu
təsirləmdirmir, bu ona ancaq işi üçün lazımdır. Eyni şəkildə film
tamaşaçısı da məni əsəbləşdirir, onu ancaq mənim haqqımdakılar
maraqlandırır. Qısası, bu cür söhbətlər səmimi deyil, bu da məni
qəzəbləndirir. İnsanlar sosiallaşırlar, amma səmimi münasibətləri
yoxdur.
- Siz səmimi bir münasibət istəyirsiniz?
- Mənə elə gəlir ki, hamı bir az bunu istəyir. Etdiyimiz bir çox
şeydə böyük saxtakarlıqlar var. Xüsusilə, adamların arasında olanda
daha saxtakar davranırıq. Mən də deyəcək xüsusi bir sözüm yoxdursa,
bütün bu cür söhbətlərə anlam verə bilmirəm. Film çəkdiyim üçün hər
şeyi əsərlərimlə vermək istəyirəm.
- İndi mənimlə söhbətin də mənasız və saxta olduğunu
söyləmək istəyirsiniz?
- Hər zaman belə olur, edəcək bir şey də yoxdur. Ortada iki
insanın inadı var, siz mənimlə inadla müsahibə etmək istəyirsiniz,
mən də inadla dirənməyə çalışıram.
- Bunu hiss edirəm...
- Görək bundan sonra söhbət necə davam edəcək. "Yaxşı bir cavab
almaq istəyirsənsə, yaxşı sual ver", yanılmıramsa, bunu Höte
deyib.
- Hörmətli Tarkovski, deyirsiniz ki, ortaq yanımız
yoxdur. Amma yanılırsınız. Sizin yanınıza gəldim, çünki
filmlərinizə görə sizi özümə yaxın hiss edirəm.
- Bunu mənə sübut etməniz gərəkəcək...
- Ümid edirəm ki, sübut edə biləcəyəm. Mən Londona sizə
görə gəldim. Bu söhbətdən bir yazının ortaya çıxması yalnız bir
nəticə...
- Anlayıram, hər şeyi bir-birinə bağlamaq istəyirsiniz.
- Hər şeydən əvvəl sizi görmək mənim arzumdu. Bunu edə
bilmək üçün bir çox əngəllərlə qarşılaşdım.
- Və təəssüf ki, hamısını da aşa bildiniz. Bir çox jurnalist
kimi sizin də bu əngəllərdən bezəcəyinizi zənn etmişdim, amma
baxın, siz burdasınız.
- Qulaq asın, filmləriniz məni çox təsirləndirdi.
Tanınmış bir qadın olaraq o filmlərdə bir qadın olaraq özümü görə
bilmədiyim halda... Qadınlar filmlərinizdə ənənəvi rol oynayır.
Kişilərin dünyası hökmrandır, daha doğrusu, ancaq kişilərin dünyası
var. Kişiləriə görə qadın sirlidir, sevgi dolu, bütün varoluş
səbəbi də kişiləri sevməsi ilə bağlıdır. Qadının özünə aid bir
həyatı yoxdur.
- Buna çox baş yormadım. Demək istəyirəm ki, qadının iç
dünyasını heç düşünməmişəm. Qadının özünə aid bir dünyasının
olduğunu demək çətindir, çünki mənə elə gəlir ki, bu dünya kişiyə
çox bağlıdır. Mənə görə tək başına qadın olmaq anormallıqdır.
- Yaxşı, tək başına bir kişi… bu,
normaldırmı?
- Tək başına olmayan bir adama görə daha normal… Bu üzdən də
qadın filmlərimdə ya yoxdur, ya da kişilərin gücü üzərindən
yaradılır. Qadının belə bir rolu olduğuna etiraz edirsiniz?
- Söylədiyinizi necə qəbul edə bilərəm? Mən özümü bu
rolda görə bilmirəm.
- Birlikdə yaşadığınız kişinin dünyasının sizin dünyanıza bağlı
olmasının gərəkdiyi fikrinə gəldinizmi hec?
- Yox, elə deyil, mən öz dünyamı qoruyuram, o da öz
dünyasını...
- Bu, imkansızdır. Siz öz dünyanızı, o öz dünyasını qoruyursa,
ortaq heç bir şeyiniz olmaz. İç dünyasının ortaq bir hala gəlməsi
gərəkdir. Əgər gəlməsə, bu əlaqənin heç bir gələcəyi olmaz, bu
əlaqə ümidsiz, uyumsuzdur və ölməyə məhkumdur. Məsələ ondadır ki,
qadın evliliyi bir xəstəlik kimi yaşayar. Öncə bu xəstəliyə düşür,
sonra başqa bir xəstəliyə, sonra bir bir başqasına… Eşq elə tam bir
duyğudur ki, aldığı biçim nə olursa-olsun, təkrarlanmır. Bir qadın
şanssız ola bilər, ya da öz dünyasını qoruya bilər, başqa bir
dünyada əriməkdən qorxa bilər. Amma o bu durumda ciddiyə alına
bilməz. Məni anlaya bilirsinizmi?
- Siz heç özünə aid dünyası olan bir qadınla tanış
olmadınızmı?
- Belə bir qadınla əlaqə qura bilmərəm axı…
- Düz anladımsa, siz bir qadında əriməzsiniz,
eləmi?
- Yox ərimərəm, buna ehtiyacım yoxdur. Mən kişiyəm.
- Amma sizin içinizdə əriyən bir qadına ehtiyacınız
var?
- Təbii olaraq… Qadın özünü qorumağa çalışırsa, bu əlaqə soyuq
olar.
- Amma siz bu əlaqə içində özünüzü
qoruyursunuz?
- Mən kişiyəm, mənim fərqli təbiətim var.
- Qadın dünyasını bildiyinizdən
əminsinizmi?
- Sizin kimi mənim də qadın təbiəti haqqında bir bilgim var.
- Amma mən özümü içdən tanıyıram, çünki bir
qadınam…
- İnsanlar özlərinə toz qondurmazlar. Öz dünyasını qorumaq
istəyən bir qadın məni çaşdırar. Mənə belə gəlir ki, qadının
mahiyyəti özünü fəda etməkdir. Qadının böyüklüyü bundadır. Belə bir
qadının qarşısında hörmətlə əyilərəm.
- Qarşınızda dilim tutuldu. Yəni qadın ancaq kişiyə
duyduğu eşqlə varolma haqqına sahibdir eləmi?
- Mən elə bir söz demədim. Qadın-kişi münasibətlərindən danışdıq
sadəcə… Sözüm ağzıma tıxılmadan da bir söz deməyim mümkün
deyil.
- Çox şey söylədiniz, özünüz də bilirsiniz…
- Mən sadəcə kişi, ya da qadın, bir insanın sevdiyində özünə aid
qapalı bir dünya olmasının imkansız olduğunu söylədim. Qadın bunu
edərsə, bu sevgi münasibətlərini zədələyər. Qadın ayağa qalxa
bilməz, eləcə beş dəqiqə sonra silkinib yeni bir həyata başlaya
bilməz. Qadının iç dünyası bütünlüklə kişiyə bəslədiyi duyğulara
dayanır. Mənim fikrimcə, də qadın buna dayanmalıdır. Qadın eşqin
simvoludur. Eşq insanın ən böyük xəzinəsidir. Həm maddi, həm də
mənəvi anlamada… Qadın həyatın anlamını verir, isanı dünyaya
gətirən Məryəmin sevginin simvolu olduğu təsadüfi deyil. Məncə, bir
qadın kişini sevərsə, sizin soruşduğunuz kimi sorular soruşmaz,
nədən bəhs etdiyinizi belə anlamaz.
- Niyə bir başqasının, xüsusi ilə də qadının bütün
sevgisini istəyirsiniz, niyə özünü sevgiyə xərcləyib bunun üçün nə
lazımdırsa, onu etməyi də qadından gözləyirsiniz?
- Mən kimsədən bəlli bir davranış göstərməsini istəmirəm. Mən
yalnızca qadının bütün mənəvi mənliyini ifadə edə bilməsi üçün öz
dünyasında israr etməməsini istəyirəm.
- Qadının bir şəxs olaraq var olmağı buraxıb yalnızca
sizin üzərinizdən yaşamasından nə gözləyirsiniz? Bu sizə nə
verir?
- Onun iç dünyasını anlaya bilər və öz dünyamı ona aça bilərəm.
Qadın öz dünyasında qalırsa, bir-birimizi heç tanıya bilmərik.
- Amma qadının sizin bəhs etdiyiniz kimi, özünü kişiyə
sərf etməsi böyük təhlükədir. Belə olursa, onun əlinin boş qalma
təhlükəsi var. Bu cox sübut olunmuş bir həqiqətdir. Amma hərdən mən
də eşq içində tam əriməyə meylli oluram.
- Şükürlər olsun. Bununla qürur duyun. Əriyib itməyi də qadından
gözlədiyimi düşünməyin. Təəssüf ki, mən bu eşq duyğusunu az-az
yaşıyıram. Çox nadir olur, qadın, ya da kişi o adamı qısqana bilir
ki, özünü ona həsr edib. Bunlardan danışmağım birinin özünü tamamən
başqasına xərcləməsini istədiyim anlamına gəlməz. Bunu istəmək
imkansızdır. Eşq qabalıqla yürüdülməz. Bu üzdən də mənim
düşüncələrimin də kimsəyə bir zərəri ola bilməz.
- Eşq ya olur, ya olmaz, eləmi?
- Hə, elədir, ya olur, ya da olmaz. Olmazsa, heç bir şey olmaz
və insan yavaş-yavaş ölür. Bu mənim fikrimdir. Təbii ki,
bir-birindən azad olan, müstəqilliklərini saxlayan, daha məncil
olan münasibətlər də var və bəlkə də bu ən asanıdır. Bu cür
münasibətlər təbii ki, təhlükəli deyil, daha rahatdır…
Qəribədir, bəzən qadınlar kişilərlə bənzərliklərini dilə
gətirirlər. Bu məni heyrətləndirir. Çünki qadının dünyası
kişininkindən çox fərqlidir. Mən qadının özəl olması üzündən
kişidən ayrılıqda var ola biləcəyinə inanmıram. Kişidən kənarda
qadın təbii deyil. O toplumda nəyəsə nail ola, hətta kişinin işini
də yerinə yetirə bilər, amma məgər bu onu qadın edirmi? Xeyir,
əsla... Qadının kişi ilə eyni haqlara sahib olmasına da gərək
yoxdur. Qadın tamamən kişidən fərqlidir, onda kişidə olmayan xüsusi
bir şey var. Qadınlar daha çox azad olmaq istəyir. Hamımız azad
insanıq, amma azad ölkədə yaşadığımız üçün deyil. Azadlıq insanın
içində olmalıdır, əgər o azad deyilsə, bu yalnız onun
xətasıdır.
Qadınlar dünyada baş verənlərdən kənar saxlanılır, bunu inkar
etmirəm. Bu haqsızlıqdır. Amma tamamən sosial həyata inteqrasiya
edərsə, qadına nə olacağını təsəvvür edə bilirsinizmi? Buna qarşı
deyiləm, amma qadının özünü burda da tapa biləcəyinə inanmıram.