Ötən gün Heydər Əliyev prospektində baş verən qəza ölkənin gündəmini zəbt edib: sosial şəbəkələrdə yalnız bu qəzadan görüntü yayılır, şərhlər verilir.
Nə baş verib?
Bir taksi idarəetməni itirib və yol ötürücüsünə aşıb. Şükür, qəza nəticəsində heç bir tələfat yoxdur, iki yüngül yaralı var. Vəssalam!
Sürücü Anar Nəcəfovmuş! Onun psixoloji problemi olduğu, ayağında elektron qandal gəzdirdiyi də bildirilir. Elektron qandal dələduzluğa görədir, yoxsa aldığı pulu imkansızlıqdan ödəyə bilməməyə görə? – bilinmir.
“Bold” artıq 8 apreldə onun “xidmət”dən uzaqlaşdırıldığı haqda məlumat yayıb – guya sistemdən çıxarılması “bir müddət çəkirmiş”, ona görə bloklanmayıb və o, “xidmətdən” çıxarılsa da, buna görə işləyirmiş!
“Bold” hansı sistemlə işləyir ki, “xidmət”dən uzaqlaşan sürücünü bloklamaq “uzun müddət” çəkir? Ölkələri beynəlxalq bank sistemindən çıxarmaq artıq bir günlük iş olduğu bir vaxtda “Bolt”un açıqlaması qəribə gəlir.
Bu hadisəni gülüş hədəfinə çevirənlərdən tutmuş “insani yanaşmaya qədər”, müxtəlif mövqelər sərgilənir, “Embavud” isə bu olaydan reklam məqsədilə istifadə etməyə girişib.
“Embavud” – 4 apreldə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən bu şirkət haqda inzibati xəta protokolu tərtib edib: mahsulu zaydır, keyfiyyətsizdir, standartlara cavab vermir, sifarişlər gecikdirilir, zay çıxan məhsulun üzr istəyib geri qaytarılması əvəzinə həyasızlıq nümayiş etdirilir və s. Şirkət aradan keçən bir həftə ərzində bu ittihamlara aydınlıq gətirmək barədə heç düşünməyib, imici haqda düşünməyib, əvəzində artıq hər kəsə məlum olan sifariş gecikdirməsi probleminin “həllini” bir qəzanın üzərindən qurduğu reklamla ört-basdır etməyə çalışıb.
DİN-in açıqlaması da düşündürücüdür: qəza yolun bir xəttində baş verib, ikitərəfli yol, üstəlik, köməkçi yolların hamısında dəhşətli tıxac yaranıb, Bakının ana yol damarlarından biri faktiki olaraq iflic olub.
Çünki qəzanın baş verdiyi yol boyu bütün sürücülər, sərnişinlər maşını saxlayıb, hadisənin görüntüsünü çəkməklə, müzakirə aparmaqla məşğuldurlar.
Gör, ölkənin Daxili İşlər Nazirliyi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hansı açıqlamanı yaymağa məcbur olur!
Sizin işiniz-gücünüz yoxdurmu? Şəxsi nəqliyyat vasitəsindən istifadə edirsinizsə, demək ki, harasa tələsirsiniz, mənzil başına tez çatmaq istəyirsiniz. Bir qəzanın baş verdiyi ərazidə 12 zolaqlı gediş-gəliş yolu, üstəlik köməkçi yollar necə bağlana bilər axı? Demək, heç birinizin “tələsən yeri” yoxmuş, məzə üçün avtomobilinizə minib, şəhəri “bir dövrə” vurmağa çıxmışınız!
Bəlkə, ona görə Bakıda pik saatı, şənbə-bazar anlayışları aradan çıxıb? Çünki insanların böyük əksəriyyəti şəxsi nəqliyyat vasitələrindən məqsədli şəkildə istifadə etmir!
Sosial şəbəkələrdəki kampaniya da o cümlədən: hələ bu sürücüyə yardım etmək üçün təkliflər də səslənir.
Qəribədir: belə çıxır ki, insanlarımız böyük ölçüdə ancaq izafi xərclərlə məşğuldur - kimisi yanacağını xərcləyir, Bakını dövrə vurur, kimisi öz vaxtını sosial şəbəkələrdə xərcləyir, yaxud küçədə “mırt” tutur, kimisi kampaniya başlatmaq istəyir...
Başa düşmürəm, niyə düşünmürsünüz ki, “vaxt qızıldır”, bundan şəxsi həyatınız və qazancınız, ailəniz üçün istifadə etmək lazımdır? Niyə həm vaxtınızı, həm yanacağınızı, həm enerjinizi bir qəzanın başında günlərlə xərcləməyə bu qədər meyillisiniz?