Elçin İsgəndərzadəni "Qəfil qonaq" olaraq "yaxalamaq" çox çətin
oldu. Nə vaxt qapısını döymək istədim, evdə tapılmadı. Telefonuna
zəng vurdum, cavab verdi, gah İngiltərədə, gah da Almaniyada
olduğunu dedi. Türkiyədən, Kiprdən, ABŞ-dan, Rusiyadan, Avropanın
demək olar ki, bütün ölkəsindən sorağı gəldi. Azərbaycana gəlişini
gözlədim.
Vaxtı olsa, Azərbaycana da gəlsin
Azərbaycana gələndə isə, qonaqlar, tədbirlər... Sorağını
Gəncədən, Qubadan aldım. Türkanda - bağ evində olanda isə görüş
ümidim artdı... Evə dönəndə isə həmişə gecə yarı oldu. Yadıma bir
vaxtlar uşaq yazıçısı, rəhmətlik Əli Səmədlinin mənim kimi naəlac
qaldığı vaxtda Elçin müəllimin o zamanlar orta məktəb şagirdi olan
qızı Aydana dediyi sözlər düşdü: Qızım, atan evə zəng edəndə,
deyərsən vaxtı olsa, Azərbaycana da gəlsin... Bu söhbəti mənə qəfil
qonağı olacağım ev sahibi – professor, Texnika elmləri və
filologiya elmləri doktoru Elçin İsgəndərzadə özü danışmışdı...
Pəncərənin işıqları məni "çağırdı"
Axır ki, Elçin müəllimi təsisçisi olduğu "Vektor" Beynəlxalq Elm
Mərkəzinin ofisində tuta bildim. Mərkəzin ofisi elə tanınmış
şair-alimin yaşadığı evin həyətində yerləşir. Ofisin işığı gecədən
keçmiş yanırsa, demək, professor buradadır. Nəhayət, pəncərənin
işıqları məni "çağırdı". Elçin müəllimlə qonşu olduğuma görə son
vaxtlar onu güdməyə alışmışdım. Saat düz 12 tamamdır. 00:05
dəqiqədə ofisin qapısının zəngini basıram. Gözlükdən çölə süzülən
işığın qarşısı alınır, kimsə çölə baxır, qəfil və gecədən keçmiş
qonağın kim olması əlbəttə dəqiqləşməlidir.
Qapı açılır.
- Hacı, niyə görünmürsən? – köhnə dostluğumuzun
verdiyi ərkdən sui-istifadə edib şəkillərini çəkirəm.
- Heç 10 dəqiqə yoxdur ki, gəlmişəm. İstanbul Universitetinin
alimləri Bakıdadır, onlarla idim. Otelə yola salıb gəlmişəm.
Ürəyinə bax e, özün qəfildən gəldin…
- Bütün günü onlarla olmusan?
- Yox. Gündüz vaxt tapıb Adil Mirseyidlə görüşdüm, maşallah,
yaxşılaşıb. Tofiq Abdini xatırladıq. Heç adam onun ölümünü
gözləmirdi. Dostlar sıramızı tərk edir... Sən də 50-ni qoydun
arxada, hədiyyəni hazırlamışam, sabahda-zadda zəng edəcəkdim,
martın 5-də Almaniyaya gedirəm... ürəyinə bax e, özün qəfildən
gəldin...
- Elə, "Qəfil qonaq" lahiyəsi üçün qapını döydüm... Səni
harada tutsaydım, orda da danışdıracaqdım. Səni evdə tutmaq mümkün
deyil axı... Azərbaycana gəldinmi, demək, evinə
gəlmisən.
Xeyli söhbət edirik. Elçini atası rəhmətlik Barat dayını
xatırlayırıq.
- Bilirsən də, atam səni çox istəyirdi. Mən burda olmayanda
həmişə arxayın olmuşam ki, sən varsan...
-Yaxşı, Hacı, dedin qonaqların vardı, kimlər
idi?
- İstanbul Universitetinin professorları Salih Efiloğlu, Muxtar
Andiç, Ahmet Oğuzla bir ortaq iş görürük. Almaniyada keçiriləcək
bir elmi konfransa qatılacağıq,"Maşınqayırma məhsullarının
keyfiyyətinin yüksəlməsi" haqda. Bu, qlobal bir problemdir.
Təşəbbüs bizdən olub. Bizim Texniki Universitet və İstanbul
Universitetinin texniki şöbəsi birgə tenderdə iştirak edəcək...
Burda xüsusi ilə qeyd edim ki, Elçin Azərbaycan
Texniki Universitetinin Metrologiya və standartlaşdırma
kafedrasının professorudur. Onlarla ixtiranın
müəllifidir.
- Bilirsən, dostlardan biri haqqımda yazmışdı ki, Elçin peyvənd
olunmuş tut ağacı kimidir. Yarısı qara tut, yarısı ağ tut gətirir.
Məndə belədir, elmi araşdırmalarım və ədəbi yaradıcılığım 50-nin
50-yədir. 30 ildir ədəbiyyatın içindəyəm. Bu yaxınlarda Cavid haqda
poemamı bitirdim. Oxuyanlar deyir, yaxşı alınıb. Azər Turanın çox
xoşuna gəlib. Təsəvvür elə, elmi məqalə işləyirdim, fikrim qalırdı
poemanın yanında, yarımçıq qoyub, poemaya keçirdim.
Mən dünyada yeganə adamam
- Maşınqayırma sahəsində kifayət qədər iş görmüsən.
İxtiralar, səmərələşdirici təkliflər… Elə ədəbi sahədə də uğurların
az olmayıb, şeirlər, poemalar, tənqidi məqalələr,
manoqrafiyalar…
- Mən dünyada yeganə adamam ki, həm texnika elmləri doktoru,
professoruyam, həm də filologiya... Amma əslində özümü daha çox
ədəbiyyata bağlı adam hesab edirəm.
- Amma kitablarına fikir verirəm, elmi araşdırma
kitabların da az deyil.
- 200-ə yaxın elmi məqaləm dünyanın 80-ə yaxın ölkəsində dərc
olunub. 47 ixtiram var. Keçmiş SSRİ-də ixtiralarım yaxşı qəbul
olunub. Müstəqillik zamanında Rusiya Federasiyasında, Türkiyədə,
Bolqarıstanda, Almaniyada və Azərbaycan da... İxtiralarımın,
Mərkəzi ofisi Almaniyada olan Avropa Patent Komitəsinin
şəhadətnaməsi var. Bu ixtiralar mənə 2009-cu ildə Avropanın əməkdar
ixtiraçısı, 2010-cu ildə isə fəxri alimi adını qazandırıb.
- Azərbaycan Respublikası Prezidenti yanında Ali
Atestasiya komisiyasının üzvüsən…
- Elədir. Bu komissiyanın 15 üzvü var və çox böyük məsuliyyəti
olan bir komissiyadır.
Nə istəyirsən elə
- Elçin müəllim, bayraqlara, sənə verilən mükafatlara
fikir verirəm. Adamda belə təəssürat yaranır ki, səni bizdən çox
kənarda tanıyırlar.
- Mənim də taleyim belədir. Hər kəs bacardığı qədər ölkəmizin
təbliğatı ilə məşğul olmalıdır. Bilirsən ki, Almaniyada 5.000.000
türk yaşayır. Münasibətlər normaldır. Onların vasitəsilə nə isə
etmək mümkündür və mən öhdəmə düşəni edirəm. Almaniyada böyük bir
türk iş adamı var. Yüksəl Dükan adlı bu adamın çoxlu sayda
fabrikləri, şirkətləri var. Hündürmərtəbəli ofisinin 12-ci qatında
200 kv. metrlik bir sahəni mənə verdi. Dedi, nə istəyirsən elə.
Burada onun köməkliyi və dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzi
yaradırıq.
Divar boyu asılmış şəkillərə baxıram. Türkiyənin
keçmiş prezidenti Süleyman Dəmirəl, Kiprin prezidenti olmuş Rauf
Denktaş, dünya şöhrətli yazıçı Çingiz Aytmatovla çəkilən
şəkillər... Makedoniyanın, Qazaxıstanın, Belçika krallığının,
Boqarıstanın və digər ölkələrin başçıları ilə qəbullardakı
fotolar... mükafatlar, orden-medallar. Qılınc, qoşalülə tüfəng, saz
və digər şərq musiqi alətləri… bura əslində bir muzeydir və
qiymətli eksponatlar var.
Hacı Elçin İsgəndərzadə həm də
xeyriyyəçidi…
- Elçin bəy, sirr deyil ki, siz həm də "Vektor" nəşrlər
evinin təsisçisisiniz. Bu vaxta qədər öz hesabınıza neçə kitab dərc
etmisiniz?
(Siyirtmədən kitabça çıxrıb vərəqləyir. Məlum olur ki, 580 kitab
dərc olunub. 3 kitab isə bu gün-sabah nəşr olunacaq.)
- Bu kitablardan 200-ü dünya türk yazarlarının, türk dilli
dövlətlərin tarixi ilə bağlıdır. 380-i isə Azərbaycanla bağlıdır
ki, bunun da 300-ü ədəbiyyat, 80–ni elmi əsərlərdir… Dünya türk
yazarlarına, öz yazarlarımıza mükafatlar vermişik. Şahmar Əkbərzadə
adına Beynəlxalq ədəbiyyat ödülümüz var… Bu ödülə layiq olanların
həm də tərəfimizdən kitabları dərc olunur…
Gecədən xeyli keçib, söhbəti Elçin müəllimin
ictimaiyyət üçün qapalı tərəfinə yönəldirəm:
- Bu gediş-gəlişlə xanımınızı çox intizarda qoymursuz
ki?
Gülür:
- Xanımım harda olur ki? Çox vaxt elə o da mənimlə gedir.
"Vektor Elm Mərkəzi"nin təsisçilərindəndir. Elm adamıdır. Elimlər
namizədidir.
- Uşaqlarınız, maşallah, təhsil aldılar, yüksək balla
qəbul olundular…
- Böyük qızım Ayşən magisraturanı Londonda oxuyurdu. Xanımımla
tez-tez gedirdik yanına. İndi ARDNŞ-də çalışır. Yaxşı
mütəxəssisdir. Neft Şirkətinin elmi tədqiqat inistitunun
doktorantıdır. Kiçik qızım Aydan isə həkimdir. Həyat yoldaşı
İstambulun "Bahat" xəstəxansının tanınmış cərrahıdır. Qızım orda
praktikada olanda tanış olublar. Ailə qurdular. Yoldaşı
Azərbaycanda çox tanınan tibb sahəsinin məşhur həkimlərinin
nəslindəndir. Onu İstanbula dəvət ediblər. Orda işləyirdi. Oğlum
Əli isə hələ orta məktəbə gedir…
Elə bu zaman evin xanımı Afət xanım zəng edir.
Gecədən xeyli keçdiyinə görə, həyat yoldaşının ofisdə ləngiməsi
xanımı narahat edib.
- Burdayam, səni Faiqə tərifləyirəm, - zarafat edir. Afət xanım
vaxtın çox gec olmasına baxmayaraq, çay tədarükü görür. Söhbətə
mane olmur.
Səni mənə calayanı…
- Necə tanış oldunuz, ulduzlarınız necə oldu
barışdı?
- Yerlimizdir. Bilirsən ki, mən Şuşanın Malıbəyli kəndindənəm.
Sonradan atam Ağdamın Əhmədavar kəndində torpaq alıb ev tikdi. 7
yaşımdan sonra ora köçdük. Afətin xalası Lyuba xala bizimlə qonşu
idi və anamla rəfiqə olmuşdular. Təşəbbüs də elə Lyuba xaladan
olub. Anama tərifləyib bacısı qızını, anam da mənə tərifləyəndə,
artıq gecikmişdilər. Çünkü uşaqların gələcək anasını artıq görüb
bəyənmişdim… Amma üz vurmadım, elə onların düşündüyü kimi qalsın,
dedim. Arada əsəbiləşəndə zarafata salıb "səni mənə tuşdayanı…"
deyirəm, amma daha çox alqışa layiqdir o insanlar…
- Hər şeyin var, maşallah, ad, san, şöhrət, elmi adların
titulların, dostların, başını uca edən balaların, amma nəsə
omalıdır axı, səni narahat etsin?
- Mən Şuşada çox olmuşam. Uşaqlığım, yeniyetməliyim orda keçib.
Cıdır düzündə bir qaya var. O qayada Sabir Rüstəmxanlının, Çingiz
Əlioğlunun, rəhmətlik Nüsrət Kəsəmənlinin döyüilmüş adları var…
Yeniyetmə və gənclik illərimdə o qayaya o qədər baxmışam ki… Həmişə
istəmişəm ki, mənim də adıma bir qaya olsun orda. Adımı ora yazacaq
səviyyədə şair olum. İnan, o qaya həmişə yuxuma girir. Cıdır
düzündə o qədər tək, özüm–özümlə söhbətlər edərdim ki…
Şair-alim Hacı Elçinlə söhbətimiz qonşunun
həyətindəki xoruzun ilk banına qədər çəkir. Ayağa dururam. Qəfil
gəldiyim kimi də, qəfil də sağollaşıram…