Yuxarı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftə də "Yağmurun qonaqları" rubrikasında yenə söhbət ədəbiyyatdan oldu. Tənqidçi Vaqif Yusifli ilə danışıb aydınlaşdırmaq istədik. Görəsən ədəbi tənqidimiz nə qədər səmimidir?

- Vaqif müəllim, siz iki dönəmin ədəbi mühitini birləşdirən bir insansınız. Sövetlər zamanı bir əsər haqqında tənqidi fikir söyləmək asan idi, yoxsa indi?

- Mənim uçun o zaman asan idi tənqid etmək. Hətta bəzən buna görə başım bəlalar da çəkib. Təhqir olunduğum vaxtlar belə olub. Bayram Bayramovun, Ələviyyə Babayevanın, Gəray Fəzlinin romanlarını tənqid etmişdim. Buna görə mənim əleyhimə bir neçə yazı da çap olundu. O zaman bərk həyəcan keçirirdim, amma sonra tənqid "qazanında" əməllicə bişdim, bərkidim. Ömrümdə daha bir neçə belə hadisə olub. Tənqidçi həmkarım Rəhim Əliyevlə də ədəbi qəhrəman mövzusunda bir mübahisəmiz düşdü. Mən Vaqif Nəsibin "Bilalın elçiliyi" hekayəsindən söz açmışdım. Hekayənin qəhrəmanı Bilal qonşuluqda bir qız sevir, amma qızın atası elçiləri rədd edir, iti Bilalın üstünə qısqırdır, amma it Bilalı tutmur. Bilal təmiz ürəkli bir oğlan idi. Ailə qurmaq istəyirdi. Rəhim Əliyev məni "tənqid" edirdi ki, sən Bilala haqq qazandırırsan. Mən belə tənqidlərə sonralar alışdım. İndi belə kəskin polemikalar da yoxdur.

Yaxşı əsərlər də var, amma ortabab nəsr meydan sulayir

- Necə bilirsiniz, indi hansısa əsər haqqında söz deyəndə səmimi deyilir, yoxsa dostluqlar, yoldaşlıqlar bu sözü adamın boğazına tıxayır?

- Hər ikisindən var, amma qeyri-səmimi yazılar daha çoxdur. Mən səmimi yazıram. Ümumiyyətlə, hər bir tənqidçi üçün səmimiyyət müəyyən ölçü vahidi olmalıdır. Mənim yazılarımı oxuyanlar deyirlər ki, Vaqif Yusifli səmimi insan olduğu üçün səmimi yazır.

- Bu gün Azərbaycan nəsrini necə dəyərləndirirsiniz?

- Yaxşı əsərlər də var, amma ortabab nəsr meydan sulayır. Mən həmişə nəsrimiz haqqında nikbin düşünmüşəm. Son illərdə bizdə bir sıra maraqlı nəsr əsərləri meydana çıxıb. Məsələn, Kamil Əfsəroğlunun "İt qanı", "Çadır", Aqil Abbasın "Dolu", Mustafa Çəmənlinin "Ölüm mələyi", Elçin Hüseynbəylinin "Metro vadisi", Əlabbasın "Qaraqovaq çölləri", Natiq Məmmədlinin "Körpüdə ümid" romanları məni ümidləndirir ki, Azərbaycan romanları yeni bir mərhələyə qədəm qoyur. Zəif romanları isə oxumuram və oxumaq istəmirəm.

Ədəbi mühitdə xaos hökm sürür

- Bəs ədəbi mühit necə, sizcə, normal münasibətlər hakimdirmi bu mühitdə? Yoxsa saxtakarlıq, boğazdan yuxarı deyilən sözlər burdan da yan keçə bilməyib?

- Ədəbi mühitdə xaos hökm sürür, heç kim heç kimin əsərini oxumur, tərif xirtdəyəcən, boz ədəbiyyat meydan sulayir. Ümumiyyətlə, bu, zamanın diqtəsidir.

- Sözün dəyəri... Sizcə söz sahibi olanların hamısı sözünün sahibidir, yoxsa onların da çoxu adi yalançılar, sözü öz əməllərində qətl edənlərdir?

- Sözü uca olanlar var, onlar özlərinə və sözlərinə qiymət verə bilirlər, azdırlar, amma ədəbiyyat onların çiyinlərindədir.

Tənqiddə cəsarətli olmaq o deməkdir ki...

- Gələk tənqid və tənqidçilərə. Necə bilirsiniz, bu gün əvvəllərə nisbətən tənqidçilər daha cəsarətli və səmimidirlər?

- Səmimi olanlarda cəsarət, cəsarətli olanlarda səmimiyyət olmur. Mən cəsarət deyəndə hansı bir tənqidçininsə bir yazıçının külünü göyə sovurmağını başa düşmürəm. Tənqiddə cəsarətli olmaq o deməkdir ki, sən danışdığın əsər haqqında nə lazımdırsa, onu deyə bilirsən.

- Bəs savad, sözə dəyər vermək baxımından necə, indi məsuliyyət daha çox hiss olunur, yoxsa əvvəllər çox idi diqqət?

- Savadli tənqidçilər az deyil, məsuliyyətinsə savada aidiyyəti yoxdur. Bizdə savadlı tənqidçilər çoxdur. Savadlı olmağı mən hər kəsin öz peşəsinə, sənətinə daha artıq yiyələnməsində görürəm. Əgər bir tənqidçi poeziyadan söhbət açırsa, kiminsə şeirlərini təhlil edirsə, bəlkə o şəxs həmin şeri şairin özündən də artıq duymalıdır. Necə ki, Belinski Puşkini duyurdu.

Tənqidimizdə şəxsi münasibətlərin rolu daha aydın hiss edilir

- Bəzən tənqidçilər şəxsi münasibətlərin kölgəsindən çıxa bilməyib qərəzli məqalələr də yazırlar. Yoxsa heç belə olmur, mənə belə gəlir?

- Həmişə belə olub, indi də bu davam edir. Bizim tənqidimizdə şəxsi münasibətlərin rolu daha aydın hiss edilir. Kiminsə, vəzifədə olan hansı yazıçınınsa bir əsəri çıxır və bu əsər haqqında tərifçi, tərənnümçü tənqidçilər ardıcıl 2-3 il "gözəl" məqalələr yazırlar.

- Azərbaycan ədəbiyyatında sizcə şişirdilib böyük yazar olanların sayı çoxdur, yoxsa kiçildilib lazımı qiymətini ala bilməyənlərin?

- Şişirdilmək, kimisə ərşi-əlaya qaldırma sovet dövründə adət idi, indi də var. Bu bizim ədəbi mühitin ən zəif cəhətidir. İndi necə deyərlər, ortabab bir şairdən Məmməd Araz, yaxud Əli Kərim zirvəsi düzəltmək çox asandır.

Poeziyada biz hamıdan üstünük, nəsrdə yox

- Müasir dövrdə yazan xarici yazarlar ilə heç Azərbaycan yazarlarının əsərlərini müqayisə etmisiniz? Əgər etmisinizsə, bizim ədəbiyyat uzaqlarda yazılan ədəbiyyatdan çoxmu geridə qalır, yoxsa vəziyyət heç də deyilən kimi deyil?

- Poeziyada biz hamidan üstünük, nəsrdə yox.

- Son olaraq... Özünüifadədə yazarlarımız nə qədər səmimi və gerçəkçidirlər?

- Özünüifadə özünüdərkdən başlayır. Özünü dərk edəndən sonra səmimi olmaq başlıca şərtdir. Başqalarını bilmirəm, mən həmişə səmimi olmuşam.

Tarix
2014.05.02 / 13:57
Müəllif
Zümrüd Yağmur
Digər xəbərlər

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla