"SƏFİLLƏR" LAYİHƏSİNDƏ
Neçə gündür ki, diqqətimi çəkib. Tez-tez onu eyni yerdə -
şəhərin mərkəzi küçələrindən birində görürəm. Üstü-başı toz içində,
qıvrım saçları pırtlaşıq. Sakitcə əlini açıb dilənir. Onun
"məkanında" maşınlar yavaş hərəkət edir, axı burda təmir gedir.
İnsaflı sürücülər elə hərəkətdə ikən qızcığazın yarıaçıq ovcuna
qəpik qoyur. Qızcığazın çirkli, nazik dodaqlarında heç kəsin eşidə
bilmədiyi zəif səslə təşəkkür səslənir. Onun, "sağ ol, Allah
əvəzini versin", - kəlməsi heç maşınlara qədər də gedib çatmır.
Yarıda qırılıb yerə düşür... Yox, səhv edərəm, ürəkdən olunan alqış
güman ki, ünvanına çatar - lap səslənməsə belə...
QIZIN YARIAÇIQ OVCU...
Görkəmindən miskinlik və yetimlik yağan qızcığaz bəzi dilənçi
yaşıdları olan həmkarlarından acizliyi və sakit olması ilə
fərqlənir. Bəzi yaşıdları kimi az qala maşının içinə girib sürücünü
bezdirmir. Bu qızın yarıaçıq ovcu həm yalvarış, həm də insanın
gözünə baxması kimidir.
Bu qız mənim növbəti "Səfillər"imdəndir, düşüncəsi ilə bir qədər
qabaqda yer tapıb maşını saxlayıram. Yaxınlaşıram. Kənardan iki
siqaretlik vaxtda seyr edirəm. Bir qədər aralıda isə sökülməkdə
olan Alatavanın sakinləri tənha ağacın altında nərd oynayır. Heç
kəs bu qız uşağının dilənməsinin fərqində deyil.
HƏYASIZ SÜRÜCÜLƏR
Sürücülərdən həyasızlıq edən, qızı acılayan, "atan-anan
haradadır" deyib, pul vermədən gedənlər də var. Belə hallarda qız
başını qaldırıb o maşınların ardınca baxır. Nə fikirləşir, nə
keçirir ürəyindən? Nazik, tozlu dodaqlarının kilidinin arasından
sürüşən sözlər nədir? Nə mən eşidirəm, nə də o incikliyin
ünvanlandığı kobud insanlar. Belə zamanlarda yarıaçıq ovcuna
qoyulan qəpiyin cingiltisinin də fərqinə varmır.
Yorulubmuş kimi söykəndiyi hündür bordürün üstündə oğlan sayağı
oturur. Maşınların arasından keçib ona yaxınlaşıram. Yanında
otururam. Əllərini saçına çəkir. Sarışın qıvrım saçlarını guya ki
sığala verir. Bir neçə dəfə cəhd etsə də, istəyi baş tutmur. Mənə
tərəf baxır. Sonra üzünü yana çevirib, baxışlarını uzaqlara
"göndərir".
Bir qədərdən sonra ayağa qalxır, yolun əks tərəfinə keçmək
istəyir.
- Dayan, - deyirəm və əlimdəki 2 ədəd 20 qəpikliyi ona
tərəf uzadıram.
Ovcunu açır. Yarıaçılmış ovuc qəpikləri "udur". Barmaqları
əlinin içinə tərəf yığılır. Yenidən yerində oturur. Barmağı ilə
burnunu qurdalayır.
- Neçə gündür fikir verirəm, burdasan. Səni incidən
olmur ki?
Gündən qaralmış əlləri ilə üstünün tozunu çırpır. Hər iki əlini
alnına tərəf aparıb saçlarını yenidən geri daraqlayır. Bu dəfə də
alınmır. Sualıma isə cavab vermir.
- İstidir. Yəqin heç yemək də yeməyibsən...
- Smit almışdım, yedim.
- O tərəflərdə dayanan uşaqları bir nəfər döyürdü, səni
incitmirlər ki? – yenidən soruşuram.
- Döydü? Nəynən döydü? Təpiklə də vurdu?
Mənə elə gəldi ki "təpik" deyəndə inildədi. Yoxsa söz o cür
çıxdı ağzından?
- Hə. Sənin adın nədir?
- Brilyant.
- Nə qəşəng adın var? Brilyant, sən heç dərsə
getmisən?
- Hə, getmişəm. Sonra yenə də gedərəm. Oxuyub dərzi olaram. İndi
yox, getmirəm...
HƏKİM ADAMA QIŞQIRMIR
- Dərzi işləmək xoşuna gəlir?
- Yox, oxusaydım, həkim olardım.
- Niyə həkim? Məsələn, niyə müəllim
olmayasan?
- Həkim yaxşıdır. Onlar adamın üstünə qışqırmır...
- Sənin kimin var? Atan, anan, qardaşın
var?
- Qardaşım yoxdur. Anam var. Anama görə gəlirəm də elə bura.
- Xəstədir?
- Yox...
- Bəs nə?..
UŞAQLARI VURANIN QARA MAŞINI
Yenə də ayaqları ilə yolun tozunu eşələyir. Cavab vermir. Tozlu
sifətinin, pırtlaşıq saçının fonunda gözləri o qədər təmiz, pakdır
ki...
- Əmi, o uşaqları kim vurdu? Kök kişi idi? Qara maşını var
idi?
- Deyəsən, – yalan danışmağıma pis oluram. Amma burda nə
isə bir sirr var, düşünürəm...
- Əmi, o uşaqlar oturmuşdu? İşləmirdi ki?
- Niyə, dayanmışdılar yolun qırağında, pul dilənirdilər.
Əllərində dondurmaları vardı, yeyirdilər.
Tez ayağa durur, əlini açıb maşınlara tərəf bir addım atır.
Həyəcanla mənim istiqamət verdiyim tərəfə baxır.
- O adam getdi, yoxdur. Gəl, otur söhbət
edək.
Gəlmir. Mən yaxın gedirəm. Maşınlar saymazyana keçir. Ovcu yenə
də könülsüz halda yarıaçıq qalıb.
- Brilyant, neçə yaşın var?
- 11 yaşım var, - deyir, sonra da incik halda, - əmi, mən gedim
başqa yerdə durum? Get də burdan...
- Qorxma, qoymaram səni döysünlər.
- Məni heç kəs döymür. Özüm burda dururam.
İndi də yalan danışmaq növbəsi ona keçib. Hiss edirəm ki,
kimdənsə çəkinir. Harada yaşadığı ilə maraqlanıram. Susur.
KİŞİLƏR MƏNİ SÖYÜR
- Deyirsən anan var, ona görə dilənirsən. Dərsə
getmirsən, istəyirsən sənə iş tapım? Uşağa baxa bilərsənsə, kiminsə
uşağına bax, yeməyini ye, yat qal orda...
Təklifim ürəyincə olur. Diqqətlə baxır.
- Əmi, mən səni tanımıram axı... həm də deyərlər bu özü
uşaqdır... burda çox pisdir. Kişilər məni söyür. Dillərini
çıxarırlar. Pul vermirlər o adamlar. Gedib harada desələr,
işləyərəm, təki...
Sonra dinmir. Gözlərinin giləsi göz yaşlarının
içində boğulur. Udqunur. Oğlanlar sayağı əli ilə arxasını
çırpır.
İSTƏMİRƏM ANAMI GÖRƏM
- Təki nə? Burda durmayasan?
- O yerdə qalmaq olar? İstəmirəm anamı görəm. Maaşımı qazanıb
verərəm ona. Amma məni görməsin. Mən də onu görməyim.
- Niyə?
Cavab vermir. Bayaqkı adamla maraqlanır:
- Əmi, o kişi uşaqları təpiklə döyürdü?
- Qorxma, sənə heç nə etməz... Mən burdayam. Nə qədər
pulun var?
Pulunun miqdarını soruşmağım onu səksəndirir. Burnunu çəkib,
sifətimə baxır. Gülümsəyirəm. Yox, deyəsən mən qorxulu adam deyiləm
axı...
- Hələ saymamışam.
- Gedim sənə dondurma alım?
- Yox, elə bilərlər özüm almışam.
Yəqin onlara nəzarət edən var. Axı belə iyrənc işbazlar da var.
Kimsəsiz uşaqları diləndirib, pul-para sahibi olurlar. Soruşuram,
boyun almır: "Özüm dururam burda, anama kömək edirəm".
Atasını xəbər alıram. Deyir ki, atamı anamla anamın xalası oğlu
evdən qovdular, o da getdi "Urusyətə". Bir az da söhbət edirəm,
məlum olur ki, "dayısının" (anasının xalası oğlu) arvadı bir dəfə
gecə gəlib anasını söyüb, ona pis sözlər deyib, o vaxtdan "dayısı"
bunlara gəlmir...
DEYİRLƏR Kİ, RÖYAYA OXŞAYIRAM
- Brilyant, familiyan nədir?
- Dadaşova...
- Brilyant Dadaşovanı tanıyırsan?
Təəccüblə üzümə baxır:
- Mənəm də...
- Sən yox, oxuyan var e, Xalq artisti.
- Hə, tanıyıram.
- Xoşun gəlir ondan?
- Yox.
- Bəs, oxuyanlardan kimdən xoşun gəlir?
- Röyadan. Deyirlər ki, ona oxşayıram.
MÜĞƏNNİ OLMARAM, ONLAR HAQDA...
- Hə, oxşayırsan... Bəs sən istəyərsən məşhur müğənni
olasan?
- Bilmirəm. İstəmirəm... Onlar haqda tərbiyəsiz sözlər
danışırlar, - sonra fikrə gedib, əlavə edir, - hə, istəyərəm...
- Məşhur müğənni olsan nə edərsən?
- Toylara gedərəm. Daha burda durmaram.
- Bəs sən məşhur müğənni olsan, yolda duran dilənçilərə
pul verərsən?
- Hə, çox pul verərəm...
Brilyantla artıq dostlaşmışıq. Mənimlə maraqlanır. Uşaqlarımı
soruşur. Arada zarafat da edir:
- Bu o qədər də çətin deyil, köhnə paltar gey, üzünü qırxma,
gəl, dur burda, günə 30-40 manat qazanarsan, – deyir və gülür.
Sonra da yolun əks tərəfində duran şikəsti göstərir:
- Əlində şəkil tutan arvad deyir ki, onun "Vorovski"də qəşəng
evi var, arvadı da "mama"dır. Doğuşxanada işləyir.
- Deyilənlərə çox da inanma.
QIZIN PULUNU ALMA...
Bir bahalı maşın saxlayır. 6-7 yaşlı bir qız uşağı Brilyantın
ovcuna 5 manatlıq qoyur. Sürücü güman ki, uşağın babasıdır. Mənə
tərəf acıqla:
- Get özünə iş tap, "vidinə-fasonuna" bax, qızın pulunu əlindən
alma, - deyir.
Başımı bulayıram:
- Almaram, narahat olma.
Eşitmir, dodağının altında nə isə çımxırır.
- Görürsən də Brilyant, elə bildilər ki, səni mən burda
saxlamışam ki, pul yığıb mənə verəsən.
- Əmi, fikir vermə, sən elə adam deyilsən.
Sonra da gedən maşının arxasınca xeyli baxıb mənə tərəf
dönür:
- Əmi, gördün o qız nə qəşəng idi?
- Sən ondan da qəşəngsən, - deyib, sağollaşıram. Qız
yenə yollara qalır...