Xalq artisti Alim Qasımovun son videosu - toy məclisində rep ifa etməsi sosial şəbəkələrdə gurultulu rezonans doğurub, günün əsas müzakirə mövzularından birinə çevrilib.
Görüntüləri nəzərdən keçirək... Alim Qasımov musiqiçilərə üz tutur, improvizə şəklində rep deyir, daha doğrusu, məclisə gələn qonaqların əhval-ruhiyyəsini qaldırmaq üçün kiçik bir şou göstərir. Amma bu səmimi jest birmənalı qarşılanmır – onu “düşüklük” adlandıranlar, xanəndəyə “təlxək” damğası vuranlar da olur. Hətta sənətkarı heç bir dəyər tanımayan, yüngülməcaz sosial şəbəkə blogerləri ilə eyniləşdirənlər belə tapılır. Muğam kimi dərin köklərə bağlı bir sənəti təmsil edən şəxsin bu ifası, bəzilərinə görə, nə sənətə, nə də toy məclisinə yaraşır. Belə bir qeyri-ciddi ifanı sənətkara, muğama, toya yaraşdırmayanlar müxtəlif paylaşımların altında nalayiq ifadələr işlədirlər.
Maraqlıdır, toy məclisinə necə bir ifa yaraşır? Qol götürüb oynamağa gəlmiş bir toplum hansı ciddi çərçivədə qalmalıdır? Və niyə biz hələ də ciddiliyin daş kitabəsini hər yerə basdırmağa çalışırıq?
Alim Qasımov özü bu tənqidlərə cavab verib, sadəcə zarafat etdiyini, insanların bunu necə qəbul etməsinin isə onların şəxsi baxışı olduğunu bildirib. Amma xalq artisti unudur ki, içində gənclik enerjisi qalxan, amma “olmaz”ların zəncirinə düşərək ruhunu boğan bir kütlə bu zarafatı anlamır, qəbul edə bilmir.
Ümumiyyətlə bu kimi məsələlərin sərt şəkildə müzakirəsi sənətin inkişafına necə təsir edir? Tənqid atəşinə tutulacağını, barıt çəlləyinə düşəcəyini ehtimal edən bir sənətçi nə qədər irəliləyə bilir?
Linç mədəniyyəti, xüsusilə sosial şəbəkələrdə, bəzən konstruktiv tənqiddən daha çox emosional reaksiyalarla müşayiət olunur. Mədəniyyət və incəsənət daim dəyişir, inkişaf edir; Bəzən yaşlı nəslin belə gənclərlə ayaqlaşma, ya da içlərində yaşaya bilmədiyi gəncliklərini büruzə vermə ehtiyacları yaranır – bunlar tamamilə insani hisslərdir.
Əgər tənqid sənətkara şəxsi hücum və ya hörmətsizlik xarakteri daşıyırsa, bu, sadəcə incəsənət müzakirəsi deyil, sosial şəbəkələrin linç tendensiyasının bir nümunəsidir.
Alim Qasımovun bu çıxışını ciddi sənətkar imicinə uyğun hesab etməyib, onu “yüngülsaqqal”, “düşük” adlandıranların ağsaqqallarla, sənət adamları ilə bağlı qəlibi tam olaraq nədən ibarətdir, nə ilə ölçülür, nə üçün o qəlibdən çıxan daşa tutulur?
Bir anlıq əyləncə ruhuna qapılan, 10 dəqiqə öz standartlarından uzaqlaşan insanın, sənət adamının bu qədər ağır şəkildə linçlənməsi necə də təhlükəlidir! Görünən odur ki, bəzən sənət gülmək istəyir, amma toplum ona ağlamağı əmr edir.