Yuxarı

Vüqar Qobulu: Buna görə başım ağrıyacaqsa, eybi yox...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfəki müsahibimiz, meyxana sənətində 25 il külüng çalan, yarışmalardan yaxşı tanıdığımız Vüqar Qobuludur.

Zəruri qeyd: müsahibimiz əvvəlcədən, "mən necə danışacağam, elə də verərsiniz – "nöqtə-vergülünəcən", - şərtini kəsdi. Hətta müsahibəmizi əvvəldən axıradək öz mobil telefonunun yaddaşına da yazdı. Ona görə çarəmiz kəsildi – Vüqarın əlində o yekəlikdə dəlil sübut vardı deyə, müsahibimizin cümlə quruluşlarına bacardıqca müdaxilə etməməyə çalışdıq.

- İmamcanov Vüqar Mürşid oğlu. 1972-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsində buğa bürcü altında may ayının 18-ində dünyaya gəlmişəm. Xarrat-bənna ailəsində anadan olmuşam. 12 yaşımdan meyxana sənətinə olan marağımı hiss etməyə başladım. Rəhmətlik Əbülfəz Elçibəyin yaxın silahdaşlarından olan və gözəl qəzəllər sahibi Yaşar Ağamirzə oğlu Əlicanov ustadımdır. Bir sözlə, o, məni öz "qanadının" altına aldı.

Məni tam qane edir

Bizim gənclik dövrümüzə nisbətən meyxananın indiki vəziyyəti çox yaxşıdır. İndi sərbəstlik var. Yəni imkan verilib ki, satirik deyən satirik desin, musiqili deyən musiqili desin. Bugünkü meyxananın vəziyyəti çox gözəldir. Məni tam qane edir.

Xalqın istəyinə doğru hərəkət etmək lazımdır

Bizdən əvvəl Rəmzi Nizami yaşayıb. O, böyük ustad və gözəl satirik şair idi. Yadınıza gəlirsə, onun belə bir qafiyəsi varıydı: "Axı neçə illərdi yalan görmüşəm", daha sonra "Beşillik plan"ı tənqid edən meyxanalar deyirdi. Hazırdakı vaxtda musiqili meyxananın daha çox deyilməsinə mən belə münasibət bildirirəm: "Xalqın istəyinə doğru hərəkət etmək lazımdır". Son vaxtlar musiqili meyxananın gündəmə gəlməsində böyük rolu olan gözəl sənətkarlarımızdan biri Pərviz Bülbülədir. Musiqili meyxana ilə ən çox məşhur olan odur. Amma mən açıq deyirəm ki, musiqili meyxanaları ən çox xoşuma gələn Maştağalı Vüqarla, Qaraçuxurlu Namiqdir.

"Protiv" getmək olmaz

Dövrün tələbinə görə, musiqili meyxanalar lazımdır. Bir də görürsən yaşlı bir adam deyir ki, yığışdırın bu musiqili meyxanaları, mən deyişmə meyxana istəyirəm. Bu onun xarakteridir. Amma əhalinin əksər hissəsi musiqili meyxananı sevir. Mən də durub toyda deyə bilmərəm ki, ay camaat, mən musiqili meyxana demirəm. Onda meyxananın da vəziyyəti qəlizləşər, öz vəziyyətim də. Camaatın istəyinə "protiv" getmək olmaz.

"Ağı ağ, qaranı qara"

O ki qaldı mənim öz fikrimə, mən satirik meyxananın tərəfdarıyam: ağı ağ, qaranı qara. Mirzə Sabirin belə bir sözü varıydı : "Mən hələ gördüyümün dörddə birin yazmayıram", yaxud:
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz.
Atılan toplara diksinməyiriz.
Yəni mən satiranın, həqiqətin tərəfdarıyam. Təhqirin yox, gerçəyin. Amma hamı mən xarakterdə ola bilməz axı.

Ustad adını o kəsə yaraşdırmıram ki...

Mən heç vaxt deməmişəm ki, filankəsin yaşı 25-dir, bizim yaşımız 42-dir, o, bizimlə meyxana deyə bilməz. Çünki meyxana təblə bağlıdır. 16 yaşında bir cavanın elə bir təbi ola bilər ki, o, toyda bizim hamımızdan yaxşı çıxış edər. Ustad adını o kəsə yaraşdırmıram ki, meyxananı pis vəziyyətə salır, formadan çıxarır və özünə nifrət qazandırır.

Nifrət qazanan insanlar...

Adları konkret demək olmaz axı... Məncə, sənətin içində özünə ifrat dərəcədə nifrət qazanan insanlar yoxdur. Mən şəxsən özüm nə vaxt görsəm ki, meyxanaya nifrət gətirirəm, o vaxt sənətdən çəkilib gedərəm.

İntiqamı 16-17 yaşımdan tanıyıram

O qardaşları çox gözəl tanıyıram. İntiqamı 16-17 yaşımdan tanıyıram. İndi onun 45 yaşı var, o tanınanda, mən tanınmırdım. Daha sonra Ehtiramla tanış oldum. Onların uğuruna çox-çox sevinirəm. Çünki onların uğuru mənim uğurumdur. Onsuz da zamanında İntiqam məndən qabaq tanınıb, qoy elə indi də məndən irəlidə olsun. Hətta özüm bir neçə toyda olmuşam, məndən xahiş ediblər ki, "Davay do svidaniya" qafiyəsi ilə meyxana deyim. Demişəm də. Yəni mən həmkarlarımın irəlidə olmasına sevinirəm.

Pul qazanıram

Allah bərəkət versin, meyxana ilə pul qazanıram. Amma öz çərçivəm, öz səviyyəmdə. Meyxanadan başqa sənətim, peşəm yoxdur.

Keçmişdən qalan süründürməçiliklər var

Mənim fikrimcə, şairlər hakimiyyətə qarşı olmayıblar. Sadəcə, kimisi bugünkü çiçəklənən Azərbaycanın inkişafından yazdığı meyxananı deyib, kimisi də məzlumların tapdanmış haqqından satira deyib. Bu gün bunu rəhbərimiz də deyir ki, mən haqlı tənqidin tərəfdarıyam. Yenə deyirəm, böhtan, təhqir yox, haqlı tənqid. Yəni, demokratik cəmiyyətdə hakimiyyətin xeyrinə də söz deyən olmalıdır, satirik meyxana deyən də. Demokratiyanın elə sözü budu da...

Məzlumların tərəfində olan meyxanaçı...

Mən ümumiyyətlə, məzlumların tərəfində olan meyxanaçı olmuşam. Yəni haqqı tapdalanan kasıb təbəqənin tərəfində. Amma bu gün dövlətimiz Azərbaycan üçün çox iş görüb. Yaşıma görə deyirəm ki, 15 il qabaq bu cür Azərbaycan görmək mümkün deyildi. Mənim arzum odur ki, məmur özbaşınalıqlarının qarşısı alındıqca alınsın. Rəhbərlik çox sağ olsun ki, bunların qarşısını alır. Çox qudurğanlıqların qarşısı alınıb. Amma istəyirəm ki, mübarizə tam aparılsın. Bilirsən, seçicilər bizik də, kasıb təbəqəyik. Kasıbın da nə qədər gün-güzəranı yaxşı olsa, o, ümumi ölkənin adına və ölkə rəhbərinin adına gələn ucalıqdır. Rəhbərimiz çalışır. Ara-sıra keçmişdən qalan süründürməçiliklər var. Onların da qarşısı alınsa, lap gözəl olar.

Buna görə başım ağrıyacaqsa, eybi yox...

Mən etirazımı bildirməyə hər zaman qadirəm. 2001-ci ildə, baxmısınızsa, bir çox həmkarlarım mənə çıxışlarıma görə deyirdilər ki, "belə şeylərə görə başın ağrıya bilər". Dedim, nəyə görə ki? Bir-iki satirik meyxana demişəm. Buna görə "başım ağrıyacaqsa", eybi yox... Ola bilər, toylarımın sayı azalar, amma üzərimə düşən şairliyi yerinə yetirirəm.

Görüm, hansı kanal nə danışır?

Bütün ictimai-siyasi prosesləri izləyirəm, bütün xəbərlərə baxıram. Özü də bir yox, bir neçə kanalda gedən xəbərlərə baxıram. Görüm, hansı kanal nə danışır, hansı kanal nə deyir? Sadəcə, ictimai prosesləri izləmək əsəbləri gərgin vəziyyətdə saxlayır. Görünür, mənim həmkarlarımdan bəziləri ağıllıdır ki, özünü belə şeylərlə əsəbiləşdirmir. Sadəcə, toyuna gedir, musiqisin, meyxanasın deyir, gəlir evinə.

Qarabağ alınsın, sərhədlərimiz bərpa olunsun

Arzum odur ki, bizim meyxana sənəti, bizim dövrlərdə biz gördüyümüz kimi qapadılmasın, qadağan olunmasın. Bütün ustadlara, yaşından asılı olmayaraq bu gün meyxanamızı yaşadan insanlara təşəkkürümü bildirirəm. Konsertlərimiz olsun, amma Şuşada, Laçında, Xankəndində. Qarabağ alınsın, sərhədlərimiz bərpa olunsun. Qaçqınlarımız öz yurduna-yuvasına qayıtsın.

Camaat mənim satiramdan çox qidalanıb...

Bəlkə gözəl şeirlərimdən birini deyim... Camaat mənim satiramdan çox qidalanıb, bir dənə həyati şeirlərimdən birini verərsiz:

Səni görüm açasan elə qol-qanad
Ürəyi ləkəsiz varağ olasan
İnsanlar içində insan sayılıb
Ailədə nurlu bir çırağ olasan

Bütün arzuların keçsin həyata
Oğlun "evlənirəm" desin, ay ata!
Gəlinini gətirəsən toya, büsata
Xətadan, bəladan uzağ olasan

Qonaq gedəndə də, gətirəndə də
Yıxılanı yerdən götürəndə də
Aldığıvı sahibinə yetirəndə də
Dostlarıvın hamından qabağ olasan

Artıq şey hörmətin salır insanın
Nəbzini tutasan gərək dövranın
Hərdən-bir olur da gözəl cananın
Gərək yanında bir qonağ olasan

Heç kəsin tifağın dağıtmayasan
Ananı küsdürüb, qaçırtmasayan
Atanın üzünə qayıtmayasan
Qocalan vaxtında dayağ olasan

Məşədi Vüqarın sözün biləsən
Qəm-nisgil görmüyəsən, daim güləsən
Gələndə el arasına elə gələsən
Ariflər gözündə oyağ olasan

"Ariflər gözündə oyaq" kəlamına sözardı:

Söhbətimiz sona yetdikdən sonra Vüqar bəyin bizi dəvət etdiyi çay evindən ayrılıb redaksiyamıza yollandıq. Yolun yarısında Vüqar bəy zəng edib içdiyimiz çayın pulunun verilmədiyini həyəcanla xəbər verdi. Uzaqda olsaq da, xəcalət çəkə-çəkə qayıdıb çay pulunu verdik, sənətkar qarşısında borcumuzdan çıxdıq. Həmin vaxt dəyərli meyxanaçımız həmin çayxanada başqa qonağı ilə çay içirdi deyə, onunla yenidən sağollaşa bilmədik, redaksiyamıza qayıdıb kəkotulu bir çay içəndən sonra mətni hazırlamağa başladıq.

Tarix
2013.11.25 / 09:50
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla