Divanəlik və istedad arasındakı bağlılıqdan çox danışılıb. Biz
onları təkrarlamaq istəmirik. Ancaq istedadlı divanələr tamamilə
ağıllı bəşərəiyyətə çox böyük, həm də olduqca pozitiv təsir
göstərirlər. Dünya fikri tarixinə nəinki təkcə gözəl ədəbi əsərlər,
həm də dahiyanə yaradıcılıq tapıntıları bəxş etmiş bu
şəxsiyyətlərin bədii örnəklərini psixi baxımdan tamamilə sağlam,
lakin o qədər də istedadlı olmayan qələm sahibləri az və ya çox
uğurla təxmis etmiş, onlara bənzəməyə çalışmışlar. Bu ənənə dünya
durduqca beləcə də davam edəcək.
Axar.az belə yazarların xəstəlik tarixçəsini və bəşəriyyətə bəxş
etdikləri dəyərləri silsillə şəklində oxucularına təqdim edir.
Gi de Mopassan (1850-1893), fransız
yazıçısı
Diaqnoz
Beyinin proqressiv (tədricən artan, güclənən, şiddətlənən,
inkişaf edən) iflici.
Simptomlar
İpoxondriya (xəstələnməkdən qorxma nəticəsində baş verən ruh
düşkünlüyü; ümidsizlik, məyusluq – tərc.), suisidal (intihara)
meyllilik, dəlilik tutmaları, sayıqlama, hallüsinasiya.
Xəstəlik tarixi
Əvvəla qeyd edək ki, yazıçının anası – Laura le Puatven bütün
ömrü boyu nevroz xəstəsi olub, həkim olan qardaşı isə ruhi xəstələr
müalicəxanasında vəfat edib. Gi de Mopassan özü isə daima
ipoxondriyadan əziyyət çəkib: o, ağlını itirəcəyindən çox qorxurdu.
1884-cü ildən başlayaraq Mopassanın tez-tez əsəbi tutmaları və
hallüsinasiyaları olurdu. O, hədsiz əsəbi vəziyyətdə iki dəfə
intihara cəhd etmişdi (bir dəfə tapança ilə, ikinci dəfə isə
bıçaqla özünü öldürmək istəyib). 1891-ci ildə yazıçı çox ağır,
huşunu itirmiş vəziyyətdə doktor Blanşın Passidəki klinikasına
yerləşdirilir.
Bəşəriyyətə bəxş etdiyi ideyalar
Ədəbiyyatda fiziologizm və naturalizm. Mənəviyyatsız cəmiyyətlə
yorulmaz mübarizə ehtiyacı ("Əziz dost"un özünəməxsus meyllərini
müasir fransız yazıçıları Mişel Uelberk və Frederik Beqbeder və
qismən də rus yazıçısı Serğey Minayev davam etdirməyə
çalışırlar).
Müasir kiçik hekayənin banisi olan XIX əsr Fransa yazıçısı
Henri Rene Albert Gi de Mopassanın hekayələri
lakonikliyi ilə seçilir. Onun hekayələrində daha çox 1870-ci illər
Fransa-Prussiya müharibəsi dövrü öz əksini tapıb. Gi de Mopassan
həm də altı kiçik romanın müəllifidir.
Yazıçı 1850-ci il avqustun 5-də Dyeppa yaxınlığındakı
Miromenildə zadəgan əsilli Qustav de Mopassanın ailəsində dünyaya
gəlir. Uşaq vaxtında ata-anası ayrıldığından iki qardaş – Gi və
Hreve anasının himayəsində yaşayıb. Klassik ədəbiyyatla maraqlanan
anası Mopassanın həyatında mühüm rol oynayıb. Gi seminariyada bir
qədər oxuduqdan sonra buradan qovulur və təhsilini Ruan liseyində
davam etdirir. Burada özünü poeziya və teatr sənəti ilə maraqlanan
qabiliyyətli şagird kimi göstərir, Ruan liseyinin kitabxanaçısı
şair Lue Buye ilə və sonralar həyatında böyük rol oynayacaq
görkəmli yazıçı Qustav Floberlə tanış olur. Yeri gəlmişkən, onun
anası Floberin qohumu idi. 1869-cu ildə liseyi bitirdikdən sonra
anası və müəllimi Floberlə məsləhətləşərək hüquq sahəsində
təhsilini davam etdirmək məqsədilə Parisə yollanır. Lakin müharibə
başlayır və bütün planlar alt-üst olur. Müharibədən sonra Dəniz
Nazirliyində işə düzəlir və düz on il burada işləyir. Ədəbiyyata
meyli getdikcə daha da artır. Altı ildən çox Floberlə yaxınlıq edən
Mopassan əsərlər yazır, yazdıqlarının üzünü köçürür, sonra isə
cırıb atırdı. Yalnız Flober onun əsərlərini görüb kifayət qədər
kamil bədii nümunələr olduğunu söyləyəndən sonra gənc onların
çapına qərar verir. Mopassanın ilk hekayəsi 1880-ci ildə "Les
soirées de Médan" toplusunda Zolya, Aleksis, Sear, Ennik və
Hüismanın povestləti ilə bir yerdə nəşr olunur. Yazıçı "Boule de
suif" əsərində incə ironiya və yüksək sənətkarlıq göstərərk,
həmçinin dolğun, məzmunlu, parlaq xarakterlər yaradaraq ədəbi
dərnəklərdə maraq oyadır. Elə həmin il "Şeirlər" ("Des
vers") poeziya toplusunu nəşr etdirir. Topludakı "Le mur", "Au
bord de l’eau", "Désirs" və "Vénus rustique" şeirləri oxucu və
tənqidçilərdə xüsusi maraq oyadır. Bu şeirlərdə ("Histoire du vieux
temps") sərgilənən dramaturji təcrübə Mopassanın "Gaulois"
qəzetində iş almasına şərait yaradır, odur ki, yazıçı xidməti işini
tərk etməli olur.
Mopassan on bir il ərzində bir neçə povestlər toplusu nəşr
etdirir (16 cild). Eyni zamanda böyük romanlar da yazır: "Həyat"
(Une vie) (1883), "Əziz dost" (Bel Ami) (1887),
"Pyer və Jan" (Pierre et Jean) (1888) "Ölüm kimi güclü"
(Fort comme la mort) (1889) və "Bizim qəlbimiz" (Nôtre
coeur) (1890). Onun səyahət zamanı qələmə aldığı əsərləri də
məşhurdur: "Günəş altında" (Au Soleil) (1884), "Suda"
(Sur l’eau) (1888) və "Səfil həyat" (La vie
errante) (1890). Bu əsərlər sayəsində Mopassan müasir fransız
novellistikasında birinci yerlərdən birini tutdu. Ən yaxşı fransız
tənqidçiləri onun yaradıcılığı haqqında heyranlıqla danışırdılar.
Lev Tolstoyun fikrincə, "... çətin ki, həyatın bütün mənasının, hər
cür səadətin qadınlarda, məhəbbətdə olduğuna qəlbən inanan ikinci
belə bir yazıçı olsun... və çətin ki, nə vaxtsa ən yüksək və həyati
xoşbəxtlikləri bəxş edən bir varlığın bütün dəhşətli tərəflərini
onun qədər aydın və dəqiq təsvir edən başqa bir yazıçı olub".
Mopassanın əsərləri böyük uğur qazanır: onun illik gəliri ildə
60 min frank təşkil edirdi. O, anasına və qardaşının ailəsinə
baxmağı özünə borc bilir. Həddindən artıq əqli gərginlik yazıçının
səhhətinə çox pis təsir edir. Bundan başqa, Mopassan sifilis
xəstəliyindən də əziyyət çəkirdi. 1884-cü ildən onda əsəb tutmaları
başlayır.
Nə qazandığı uğurlar, nə "Revue des Deux Mondes"də (liberal
istiqamətli fransız jurnalı – tərc.) əməkdaşlıq, nə Gymnase
səhnəsində "Musotte" komediyasının uğuru, nə "La Paix du ménage"
komediyasına görə təqdim olunan akademik mükafar Mopassanın
pozulmuş ruhi aləmini sağalda bilir. 1891-ci ilin dekabrında əsəb
sarsıntısı intihar həddinə çatır, xəstəxanada huşu nisbətən özünə
gəlsə də, tutmalar təzədən başlayır və yazıçı proqressiv beyin
iflicindən vəfat edir.
Mopassan həmişə intim həyatını çox böyük vasvasılıqla kənar
gözlərdən, nəzərlərdən uzaq tuturdu. Odur ki, yazıçının həyatının
məlum olan təfsilatı hər hansı bir dəqiq və ətraflı tərcümeyi-hala
imkan vermir.