Axar.az-ın "Cəbhə Xətti" layihəsinin bu dəfəki qonağı
keçmiş kəşfiyyatçı, Horadiz əməliyyatında və digər ərazilər uğrunda
döyüşlərdə iştirak etmiş İlham Ağalarovdur.
- İlham bəy, döyüş yolu haradan və necə
başladı?
- Həmin dövrdə mən Horadiz qəsəbəsində idman məktəbində məşqçi
işləyirdim. Eyni zamanda bu məktəb filial olduğundan həm də oranın
direktoru hesab olunurdum. Həmin məktəbdə Yunan-Roma güləşi, sambo
və cüdo üzrə dərs deyirdim.
Qarabağda döyüşmək üçün hələ o zaman OMON-a da müraciət
etmişdim. 1991-ci il oktyabrın 9-da Ali Sovet Azərbaycanda ordunun
yaradılması haqqında qanun qəbul etdi, bundan sonra hərbi
komissarlığa müraciət elədim, noyabr ayında ilk hərbi hissələr
yarandıqda mən artıq o hissələrin tərkibində idim. 1991-ci ilin
sonlarına qədər Fizulidə, 1992-ci ilin yanvar-fevral aylarında isə
Cəbrayılda oldum. Fevral ayında Horadiz qəsəbəsində könüllü dəstə
yaratmaq haqqında qəsəbə sakinlərinin qərarı oldu. Həmin dəstəyə
kimin komandir təyin edilməsi məsələsi ortaya çıxdıqda, qəsəbə
sakinləri bu vəzifəni mənə tapşırdılar. Ona görə də məni Cəbrayıl
cəbhəsinə geri çağırdılar və həmin könüllü birləşmənin komandiri
təyin etdilər. Mart ayında artıq mən həmin dəstəni götürüb getdim
təyin olunduğumuz əraziyə. Fizuli rayonunda müdafiə qərargahı var
idi, həmin qərargaha da keçmiş raykom katibi Aslan Mehdiyev
başçılıq edirdi. Biz ona müraciət edərək bildirdik ki, hazır
dəstəyik, silahdan başqa hər şeyimiz var. O da bizi o vaxtkı Hadrut
rayonunun Günəşli kəndində yerləşən 837 nömrəli hərbi hissəyə
göndərdi. Sonradan Fizulidə olan alayın komandiri Alı Quliyev məni
həmin hərbi hissənin komandiri vəzifəsinin icraçısı təyin etdi.
Aprel ayının sonlarında Fizuliyə 702 nömrəli hərbi hissə gələnə
qədər davam etdi. Qərar var idi ki, yerlərdəki bütün hərbi
birləşmələr bu hərbi hissəyə tabe olsun. O zaman 848 nömrəli hərbi
hissənin tərkibində mənim rəhbərlik etdiyim 5-ci rota deyilən
silahlı dəstə yaradıldı və o da tabe edildi 702 nömrəli hərbi
hissəyə. Sonra isə mən 702 nömrəli hərbi hissədə kəşfiyyat
bölüyünün komandiri oldum. O vəzifədə ola-ola isə bir müddət 848
nömrəli hərbi hissənin komandir müavini də oldum.
- Döyüş məkanlarını necə xatırlayırsız?
- İşimlə əlaqədar Laçın rayonundan Tovuzun Əlibəyli kəndinə
qədər çox yerlərdə olmuşam. Ağdərədə, Fizulinin bütün kəndlərində,
Cəbrayılın bir hissəsində, Qubadlının Topağacında döyüşlərdə
olmuşam.
Mənim tabeçiliyimdə müxtəlif
yaş dövrlərindən olan hərbçilər var idi. Yaşca məndən uşaqlar,
xeyli yaşlılar, 3-4 uşağı olanlar var idi. Bir dəfə bir yüksəkliyi
öz gücümüzə almaq istəyirdik. Amma bu cəhdimiz alınmadığından geri
qayıtmalı olduq və səhər hava işıqlandığından ermənilər bizi görüb
atəşə tutdular. Yanımda olan iki nəfər məndən yaşlı idi, amma onlar
özlərini mənim qabağıma verdilər ki, güllə mənə dəyməsin. Belə
hadisələr olanda adam döyüşməyə də ruhlanırdı.
"Horadizdə görüşərik" adlı kitabımda iştirak etdiyimz Horadiz
əməliyyatı barədə ətraflı məlumat var. Bəzən Daxili Qoşunlar və
başqaları da deyirlər ki, Horadizi guya onlar alıb.
Mən özüm 9 əsiri diri gətirib təhvil vermişəm. Amma gətirərkən
yolda ölənlər, bizim öldürdüklərimiz də olub. Onların ikisinin
tutulması daha yaddaqalan olub. Horadiz əməliyyatı zamanı diversiya
qrupumuz gecə ikən düşmənin nəzarət etdiyi əraziyə keçərək 3 yerdə
pusqu qurdu. Bir yerdə isə özüm manevr qrupu ilə hərəkət edirdim.
1994-cü il yanvarın 5-də səhər saat 7-də ümumi hücum başlamalı idi.
İşimizi elə qurmalı idik ki, həm arxadan ön cəbhəyə kömək gəlməsinə
şərait yaratmalı, həm də ön cəbhədən geri qaçan düşmən qüvvələrini
məhv edə bilək. Manevr qrupunu yaratmaq mənim son anda ağlıma
gəlmişdi. Çünki ortada acı təcrübə var idi. Bəzən deyirdilər ki,
get, arxanca köməyə gələcəyik, gəlmirdilər, elə vaxt olurdu
gecikirdilər. Orda isə bir-iki dəqiqə gecikmə özü də səni məhv edə
bilərdi. Partizan qanunlarında belə bir şey var ki, gərək ancaq öz
qüvvənə arxayın olub hərəkət edəsən. Kimdənsə, hardansa kömək
gələcəyinə ümid etməyəsən. Bizə də bəzi əməliyyatlarda kömək vəd
edilsə də, gəlib çıxmamışdı, ona görə də məcbur qalıb öz gücümüzlə
vəziyyətdən çıxmalı olmuşduq. Horadiz əməliyyatının başlamasına
təxminən 8 dəqiqə qalmış təsadüfən erməni silahlıları ilə
rastlaşdıq və bizdən asılı olmayan səbəbdən əməliyyat 8 dəqiqə
əvvəl başladı. Belə bir vəziyyətdə isə vaxt udmaq üçün ancaq manevr
qrupundan istifadə etmək lazım gəlirdi. Çünki müharibə şahmat oyunu
deyil ki, uzun-uzadı düşünüb hərəkət edəsən, müharibə nərd
oyunudur, burda zərdən çox şey asılıdır. Manevr qrupu düşmənə
psixoloji təsir göstərmək gücünə malikdir. Məsələn, kiçik bir qüvvə
ilə hərəkət edirsən, amma tez-tez yerdəyişmə etməklə müxtəlif
istiqamətlərdən atəş açırsan. O zaman düşmən elə bilir ki, atəş
açılan hər tərəfdə qüvvə var, daha bilmir ki, bunu edənlər eyni
qrupdur. Bu hərəkət vaxtı da erməniləri təsadüfən gördük. Onlar
Xankəndi polisindən Horadizdəki mazut çənlərinin qorunması üçün
təyin edilmiş gözətçilər idi. Hərbçi yoldaşlarımdan biri dedi ki,
yuxarıda hərəkət var, biz də qarşı tərəfdən fırlanıb içəri dolduq.
İçəridəkilərin çox olduğunu düşünsək də, cəmi 2 nəfər idi. Biz
içəri girəndə ermənilərdən biri bizə dedi ki, silahları yerə atın
və əlini atdı silahı götürsün, onu elə yerindəcə vurub öldürdük. Bu
zaman o birisi əllərini qaldıraraq onu öldürməməyimiz üçün
yalvardı. Biz də bu ermənini öldürmədik və düşündük ki, hər hansı
bir məlumatın əldə edilməsində bizə köməyi dəyər. Sonradan məlum
oldu ki, bu, heç ərazini tanımır, Xankəndindən gəlib. Biz onu
gətirərkən pusquya düşmüşdük və mənə elə gəlirdi ki, bu pusqudan
çıxa bilməyəcəyik. O zaman mən uşaqlardan birinə Azərbaycanca dedim
ki, bunu çəkib qıraqda güllələsin. Sən demə, bu da Azərbaycan
dilini bilirmiş və başladı yalvarmağa ki, məni öldürmə, dedi ki,
xalam oğlu Xankəndinin Cinayət Axtarış Şöbəsinin rəisidir,
istəsəniz, mənimlə hansısa əsiri dəyişə bilərsiz. Razılaşdım, amma
dedim ki, yolda bir də çətin vəziyyətə düşsək, daha səni özümüzə
yük edəsi deyiləm, ilk fürsətdə güllələyəcəm. Amma elə alındı ki,
təhlükə ilə üzləşmədik və bunu diri gətirib təhvil verdim. Sonradan
isə həmin əsiri azərbaycanlı polis baş leytenantla dəyişdilər. Bu
da çox maraqlı olmuşdu. Çünki bizim baş leytenantın qohumları onu
axtarsalar da, heç yerdə tapa bilmirdilər. Beləcə, əlaqə quruldu
əsirin anası ilə. O, demişdi ki, mənim oğlumu öldürməyin, sizin
adamınızı tapacam. Doğurdan da, əsirin anası və digər qohumları
bizim baş leytenantın tapılıb dəyişdirilməsini reallaşdırdılar.
Bir dəfə də 1993-cü ilin iyulunda Aşot adlı bir ermənini əsir
götürmüşdük. O zaman ermənilər 3-4 kənd almışdılar. Biz də
kəşfiyyat bölüyü kimi getmişdik ki, ərazidə müdafiə obyektləri
quraq. Mənə dedilər ki, qarşıda bir nəfər görünür. Baxdım ki, yolun
ortası ilə arın-arxayın gəlir. Gözlədik, gəlib bizim ərazini keçən
kimi, tutub apardıq briqadanın qərargahına. Bundan soruşurlar ki,
niyə gəlirdin bu tərəfə? Deyir ki, uşaqlar, gəldim deyəm ki, bəsdir
də müharibə etdiniz, qurtarın da bu oyunu.
- Döyüş zamanı nə etmək lazımdır ki, qarşı tərəfin
itkisi səndən daha çox olsun?
- Əsas təcrübədir. Əslində, eyni silahlar səndə də var, düşməndə
də, amma o silahdan elə istifadə etmək lazımdır ki, qarşı tərəfə
imkan verməyəsən. Ona görə də ön cəbhəyə, döyüşə təcrübəli şəxslər
getməlidir. Bəzən təcrübəsizlikdən başını səngərdən çıxarırsan,
həmin anda da adamı başından vururlar. Amma dəfələrlə olub ki,
hərbçilərimizin başında dəbilqənin olması, onları real ölümdən
xilas edib. Dəbilqəni taxmadığına görə, bizim sürücü başından güllə
yarası aldı və öldü. Rasim adında bir döyüşçü yoldaşımız var idi,
onu elə bir vəziyyətdə tapdım ki, sarğı üçün bir normal yeri
qalmamışdı. Həmin vaxt gözünü açıb dedi ki, admiral, özünü itirmə.
Biz onu maşına qoyub Ağcabədiyə yola saldıq, təxminən 40 km yol
getməli idi. Amma 5-6 km getdikdən sonra dünyasını dəyişdi.
Kəlbəcər getmişdi, Müdafiə naziri, Parlamentin sədri İsa Qəmbər və
Arif Hacılı Fizuliyə gəlmişdi. Bizə dedilər ki, prezident
qvardiyası gəlir, onlarla qabağa getməyə bir dəstə lazımdır. İsa
Qəmbər və Arif Hacılı bildirmişdi ki, kim gedib Məngəlanata
yüksəkliyini alarsa, ona Milli Qəhrəman adı veriləcək. Mən də dedim
ki, Milli Qəhrəman istəmirəm, mayor rütbəsi versinlər, getməyə
hazıram. Çünki mənim həmin vaxtkı vəzifəm mayor rütbəsinə bərabər
idi. Əvvəlcə razı olmamışdılar, amma sonradan Arif Hacılı demişdi
ki, mayoru söz verirəm, kapitan da verə bilərəm. Mən razılaşıb
getdim və yüksəkliyi aldıq da, amma nə oldusa, kapitan rütbəsi
verilmədi...
- Müharibədən sonra mülki həyata qayıtmaq, uyğunlaşmaq
çətin olmadı ki?
- Çox çətin oldu, amma mənim əlimdə sənətim var, işləyirəm. Həm
də kəşfiyyatçı olmuşam axı. Kəşfiyyatçı heç vaxt heç nədən çətinlik
çəkməz. Bəzən deyirlər ki, müharibə görmüş adamlara diqqət azdır və
yaxud da onlar diqqət görməyəndə ruhdan düşürlər. Amma şəxsən mənə
öz döyüşçü yoldaşlarımın münasibəti, onların məni necə tanımaları
bəs edir. Digərləri isə, o vaxt mənə necə münasibət
bəsləyirdilərsə, elə indi də həmin mövqelərində qalırlar.
- Keçmiş hərbçi kimi cəbhədə baş verənləri necə
dəyərləndirirsiz?
- Atəşkəsin pozulmasını adi qəbul etmək lazımdır. Çünki ortada
hələ ki, sülh yoxdur, amma bu, nə qədər davam etməlidir, bunun bir
sonu olmalıdır axı. Belə bir məsəl var, əgər silah divardan
asılıbsa, o nə vaxtsa açılacaq. Amma bir şeyi deyim ki, biz uzun
müddətli müharibəyə hələ ki, hazır deyilik. Biz ancaq qısamüddətli
müharibə edə bilərik ki, buna da ciddi hazırlıqlar olmalıdır, döyüş
planı olmalıdır. Müharibə elə bir prosesdir ki, burda əlini yanına
salıb dayanmaq, geri çəkilmək olmaz.
Çoxları elə bilir ki, düşmən ona görə aldıqları yerlərlə
kifayətləndi ki, onlara həmin əraziləri almaq tapşırığı
vermişdilər. Amma bu, qətiyyən belə deyil. Bir dəfə bir ermənini
tutub gətirmişdik, buna sual verildi ki, sizin hara qədər
irəliləmək planınız var? O, təəccüblə baxıb dedi ki, hara qədər
nədir, siz hara qədər getsəniz, biz də ora qədər gələcəyik.
- Sülh yolu ilə Qarabağ torpaqlarının geri alınacağına
inanırsız?
- Sülh yolu ilə bu torpaqların alınması mümkün deyil. İtirilmiş
torpaqların geri qaytarılmasının yeganə yolu müharibədən keçir.