Yuxarı

Güneyli şair: Murdar siyasətçilər imkan vermədilər ki...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çağdaş Azərbaycan şairi, “Həsrət” təxəllüsü ilə tanınan Behzad Bəyat Fərd 1995-ci ildə Güney Azərbaycanın Zəngan şəhərində anadan olub. Şairin “İşıqlar darıxır” adlı şeirlər toplusu, “Yollar sonu”, “Özgə” adlı şeirlərindən ibarət səsli albomu işıq üzü görüb. O, hazırda “Çağdaş Tribunu” adlı radio-proqramın aparıcısı və “Zəngin yol” dərgisinin baş yazarıdır.

Behzad Bəyat Fərd Kult.az-a müsahibəsində türkdilli ədəbiyyatdan, Güney ədəbiyyatının inkişafından danışıb:

- Keçmişdə ədəbiyyatımız İranda nə durumda idi? Bu gün Güney Azərbaycanda türkdilli ədəbiyyatımız hansı səviyyədədir?

- Azərbaycan və İran türklərinin ədəbiyyatının indiki durumunu analiz eləmək üçün əvvəlki dövr ədəbiyyatımızdan xəbərdar olmaq lazımdır. Azərbaycan ədəbiyyatı Səfəvi hökumətinin Təbrizdə qurulmasından sonra ana dilinin dövlət dili elan edilməsi ilə canlandı. Bundan sonra şairlər türk dilində yazıb-yaratmağa başladılar. Artıq dövlətin rəsmi sənədləri də ana dilində hazırlanırdı. Səfəvi şahı Şah İsmayıl Xətainin bu addımı bir şair olaraq ədəbiyyatımıza verdiyi töhfə oldu.

Müasir ədəbiyyatımızın yaranmasında klassik ədəbiyyatımızın xidmətləri böyükdür. Aşıq ədəbiyyatının görkəmli nümayəndələrindən Qurbani, Qərib, xalqımızın ədalətsizliyə mübarizəsini özündə cəmləyən “Koroğlu” dastanı, məhəbbət dastanı olan “Əsli və Kərəm” bugünkü ədəbiyyatımızın keçib gəlmiş olduğu yoldur.

Qacarlar dövründə də türk ədəbiyyatının ürəklərdəki yeri başqa idi. Dəxil Marağayi, Sərraf, Heyran xanım, Nəbati, Hidəci və başqaları türkcə şeirlər yazırdılar. Məşrutə dövründə də gündəliklər, dərgilər türk dilində nəşr olunurdu.

Pəhləvi dövrü isə təəssüf doğurur. Murdar siyasətçilər imkan vermədilər ki, türk dilində əsərlər yaransın. Öz dilimizdə yazmaq qadağan edildi, əksər şair və yazarlar çarəsizlikdən farsca yazdılar. Barmaq sayı - Mirzə Məcaz Şəbəstəri kimi şairlər satirik və tənqidi yazdılar. Bu dövrdə teatrımız da türk dilində olduğu üçün qabağı alındı. 1941-ci ildə ruslar və ingilislər İranı işğal edən ərəfələrdə bu qadağalar aradan qaldırıldı. Yenə vətən yolunda, Müşfiq və Cövdət sayaq gündəliklər, dərgilər Azərbaycan türkcəsində nəşr edildi. Bu dövrlər Məhzun, Balaş Azər oğlu, Mədinə Gülgün, Səhənd, Yəhya Şida kimi şairlər yazıb yaratdılar. Şəhriyar “Heydərbabaya salam” poemasını yazdı, Səhənd isə “Dədə Qorqud” boylarını nəzmə çevirib “Sazımın sözü” adı ilə çap etdirdi.

İnqilabdan sonra yenə yasaqlar aradan qaldırıldı, yüzlərlə dərgi, gündəlik, kitablar ana dilimizdə nəşr olundu və o gedişat hazırda da gözümüzün önündədir. Bu gün şairlər klassik ədəbiyyatımızı, aşıq ədəbiyyatını qoruyurlar. Bunlarla yanaşı, müasir ədəbiyyatımız yaranır, nəsr əsərləri, nağıllar, hekayələr yazılır və toplanılır.

- Güney Azərbaycanın Şəhriyar, Bulud Qaraçorlu, Doktor Cavad Heyət, Doktor Zəhtabi və bir çox istedadlı yazar və şairləri olub. Sizcə, bu gün belə şair və yazıçılarımız var?

- Türk ədəbiyyatı çox istedadlı şair və yazıçıları yetişdirib. Hər əsrin parlaq ulduzları olub. Müasir dövrümüzdə də həm oxucu gözündə, həm də ədəbiyyat tərəzisində güclü şairlərimiz var. Ustad Nadir İlahi, Hüşəng Cəfəri, Atilla Kişizadə, Saleh Səccadi, Əli Kərimi, Səid Muğanlı, Pərviz Sudi, Heydər Abbasi, Nigar Xiyavi və başqalarının adlarını çəkmək olar.

- Güney Azərbaycanda türkcə ədəbiyyatın inkişafı və dünya səviyyəsinə çatması üçün ədəbiyyatçılar və şairlər nə etməlidirlər?

- Şairlər, ədəbiyyatçılar yenilik üçün çalışmalıdırlar. Ədəbiyyatın güclü qalmağı üçün yenilik etmək lazımdır. Təqlid qalın bir paltar olub, keçib bir çox yazarımızın əyninə. Bu paltarı çıxartmaq gərək. Eyni zamanda oxumaq, mənimsəmək. Bu işlər aparılsa, ədəbiyyatımız dünya ədəbiyyatının zirvəsini fəth edər.

- “Zəngin yol” və “Çağdaş tribunu”nun İranda türkdilli ədəbiyyatın inkişafında nə qədər rolu ola bilər?

- Çox... “Zəngin yol” və “Çağdaş tribunu” ədəbiyyatımıza yeni qapı açıb. Xalqın kitab alıb oxumaq imkanı olmasa da, səsli şeirləri dinləyirlər. Gənclər bu işlərə artıq maraqlıdırlar. Bu işlər təkcə ədəbiyyata görədir. Biz sözümüzü dünyaya çatdırmağı bacara bilmişik. “Çağdaş tribunu”nun dinləyicilərinin sayı günbəgün artır. Quzey Azərbaycanın radio şəbəkələri, saytları bizim işləri yayımlayırlar.

- Axar.az saytı türkdilli ədəbiyyatın inkişafına nə dərəcədə yardım edə bilir?

- Ən önəmli işləri yazılarımızı dərc etmələridir. Axar.az xəbər saytının oxucusu digər saytların oxucusundan çoxdur. Əl-ələ verərək, məqsədimizə çata bilərik. Bacardığınız qədər bizi paylaşın, bizə yardım edin. İndiyə kimi sərf etdiyi əməyinə görə Axar.az saytına minnətdarlığımı bildirirəm.

Tarix
2018.06.23 / 08:45
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla