Layihə - İnsan
taleyi
Onu bir-neçə dəfə elə burada, yeni, yaraşıqlı marketin qapısı
ağzında görmüşdüm. Qarşısında kitablar, yanında da ixtiyar yaşlı
bir qadın olardı.
O, kitab satır, xanım isə ona qulluq edirdi. Bu gün də eyni
ünvanda, eyni cür gördüm. Qadın termosdan çay süzür, konfetin
kağızını açır və kişiyə uzadırdı. Fikir verirəm: hər ikisinin
bir-birinə müraciətində, ətrafla davranışlarında bir zadəganlıq,
kübarlıq görünür. Elə insanların da onlar münasibətində hörmət hiss
olunur.
Günün müxtəlif vaxtlarda burada ayrı-ayrı insanlar əyləşir.
Limon satan astaralı qadın azyaşlı uşağını qucağına alıb "ancaq
çörək pulu istəyirəm" deyən qara çarşablı gənc ana,
üzündən-gözündən his yağan çürük dişli sərxoş dilənçi və hər iki
ayağını Qarabağ savaşında itirən qazini dilənməyə məcbur edən
"sevgilisi"... Onların hər birinə də özlərinin rəva görə bildiyi
münasibət olur.
Kitab oğrusu
Bu cütlük isə tam fərqlidir. Özləri ilə balaca kətil də
gətirirlər. Daşın üstündə oturmurlar. Rusdurlar. Kişi hündür, qadın
isə bəstəboydur. Hər ikisi tez-tez eyni sözləri təkrarlayır:
- Maraqlı literatura.
Alıcılara kitab haqda ətraflı məlumat da verirlər. Bu işi əsasən
kişi görür.
Bir azdan qadın termosu götürüb yaxınlıqdakı kafeyə girir.
Fürsətdən istifadə edib onun yerində otururam. Qarşımda qalaqlanan
kitablardan birini götürmək istəyirəm. Kişinin möhkəm əli
biləyimdən yapışır:
- Polaji na mesto! (Yerinə qoy!)
- Baxmaq istəyirdim, görüm nə kitabdır, -
dillənirəm.
O isə hələ də kitab oğrusu zənn etdiyi adamın – mənim biləyimdən
yapışıb. Düz qabağa baxır. Gözlərini qırpmır da.
- Əşi, əlimi burax, bir mənə bax, gör kitab oğrusuna
oxşayıram?
Gözlərim kordur
Əlini boşaldır. Sonra yavaş səslə:
- Mən görmürəm, gözlərim kordur, – utanırmış kimi deyir. -
Burada olub belə hallar, kitablarımı götürüb aparıblar. Sən heç
danışmadın axı. Keçdin oturdun qarımın yerində. Fikrim səndə
idi...
- Yox, mən pis məqsədlə keçmədim qarının yerinə.
İstəyirdim sizinlə söhbət edəm, ona görə oturdum
burda.
- Nə haqda danışacağıq?
- İstəyirəm sizin haqda nə isə yazam.
- Jurnalistsən?
KQB-dənsən bəlkə
"Hə" cavabını alarkən gülümsədi. Ətrafdakı insanların eşidə
biləcəyi tərzdə:
- Nəyimdən yazacaqsan? Sən bir redaktorunla məsləhət etmisən?
Bəlkə mən elə sözlər deyəcəm ki, sən heç onları yazmayacaqsan,
yaxud heç dərc etməyəcəklər?
Kişini arxayın salıram ki, narahat olmasın. Adını soruşuram.
Yox, deyəsən o müsahibə vermək fikrində deyil:
- Mane olma. Dur get. Adımı da demirəm. Elə suallar verirsən.
KQB-dənsən bəlkə?
Yaşlı nəslin adamlarında KQB xofu hələ qalmaqdadır. Bu adam
təsadüfi bir adamla söhbət etmək belə istəmir. Amma mən də ilanı
yuvasından çıxarmağın yollarını bilirəm. Kişini söhbətə tutacağım
əminliyi var məndə.
- Bilirsiz, siz adınızı deməsəniz də olar. Sadəcə, mənim
bir əsgər yoldaşım vardı Şamaxıdan, Xilmillidən. Onun adı Mişa idi.
Atası da traktorçu idi. Dedim bəlkə siz həmin adamsız.
Özünə başqa sənət seç
Kişi əsəbləşdi:
- Sən necə jurnalistsən ki, traktorçu ilə keçmiş zabiti ayırd
edə bilmirsən.
Əlləri əsə-əsə pencəyinin cibindən siqaret çıxardı. Yandırdım.
Təşəkkür etdi:
- Sağ ol. Amma sən özünə başqa sənət seç. Sən gərək insanları
seçməyi bacarasan.
- Qoca, mən sizə pis söz demədim axı. Traktorçu məgər
pis sənətdir?
- Əlbətdə pis sənətdir. Mən traktorçu olmazdım. Mən zabitəm.
Ehtiyatda olan polkovnikəm. Alay komandiri olmuşam, ona qədər də
qərargah rəisi işləmişəm.
- Amma elə bildim deyəcəksiz ki, nə vaxtsa kitabxana
müdiri olubsuz..
Yenə də əsəbiləşdi:
- Eşidirsən? Lazım deyil, mane olursan...
Könlünü alıram:
- Səhv edəndə adamı acılamazlar. Gör indi sizin
əsgərləriniz, tabeçiliyinizdə olan zabitlər sizdən nə qədər
çəkinirmiş, qorxurmuş. Yaman sərt olmusuz xidmətdə,
yəqin...
Mənə hörmət etdilər
Hə, bax bu, deyəsən, həmsöhbətimə xoş oldu. Ürəkdən güldü.
Pencəyinin yaxalığından əlini sinəsinə aparıb cod əlləri ilə
sinəsini qaşıdı. Qurtarmaqda olan siqaretindən dərin qullab
aldı:
- Yox, onlar məndən heç qorxmadı, yalnız hörmət etdilər.
- Sizin bu kitablar doğurdan da maraqlıdır? Oxumusuz
bunları?
- Hamısını oxumuşam, bunları sifarişlə alardım. Bax bu, - əlini
bayaq götürdüyüm kitab qalağının üstünə qoydu, – Drayzerin 8
cildliyidir. Bu isə Tolstoyun əsərləridir, - deyib sol tərəfdəki
kitabların üstünə əlini çəkdi. Və duruxdu. Əlini kitabın cildi boyu
gəzdirdi. Əlləri ilə görürüdü sanki. Və həyacanla:
- Kitabları götürüblər, - dedi.
- Əşşi götürməyiblər e, özü də o Tolstoyun yox,
Lermantovun kitabıdır.
- Gördüm Lermantovundur. Bəs o kitab burda olmamalı idi. Kim isə
götürüb.
Ona başa salıram ki aşağıdakı kitablar Tolstoyun kitablarıdır.
Bunu isə yəqin səhv salıb üstə qoyubsan.
Əli ilə yoxlayır. Kitablarının götürülmədiyinə əmin olduqdan
sonra deyir:
- Yəqin qarı dəyişib...
Elə bu zaman xanımı gəlir. Dinməzcə özünə və ərinə çay süzür.
Mən onun kətilindən qalxıram:
- Oturun, - deyirəm.
Qadın öz yerini onun özünə qaytardığıma görə təşəkkürünü
bildirir. Oturduqdan sonra Lermantovun kitabını əlinə alır və
eynəyini gözlərinə taxır. Mütaliə edir.
Kişidən bir daha adını soruşuram. Yenə də acığı tutur:
- Həddindən artıq suallar verirsən...
Qadını söhbətə qoşulur. Məndən ərini niyə incitdiymi soruşur.
Mən ona əksinə, sizin burada kitab satmağınız, mehriban olmanızdan
yazmaq istəyimi deyirəm. Qadın ərindən fərqli olaraq söhbət etməyə
meyillidir. Əri etiraz etsə də, onun haqda danışır. Qarının
dediklərindən məlum olur ki, hər ikisi Rusiyada doğulublar. Əri
hərbi məktəbi bitirdikdən sonra Zaqafqaziya Hərbi Dairəsinə
göndərilib. Sonra məktub yazıb və o da ərinin ardınca Bakıya gəlib.
Burada birgə yaşayıblar. Ali təhsilli olduğuna görə iş tapmaq çətin
olmayıb.
İki övladları var. Hər ikisi Rusiyadadır. Ailəlidirlər,
nəvələrindən biri azərbaycanlıya ərə gedib. Burada, Bakıda yaşayır.
Təqaüdləri yetərincədir. Ancaq kitabları oxuyan yoxdur. Qərara
gəliblər ki, satsınlar. Ucuz verirlər, düzdür, Sovetlər zamanındakı
kimi oxucu bolluğu olmasa da, satışdan şikayət etmirlər. "Elə vaxt
olur ki, 30-40 manatlıq kitab satırıq", - deyir. Kitablar isə
çoxdur. Qadının dediyinə görə 3 otaq boyu şkaflar kitablarla
sıralanıb.
- Kitabları əsasən kimlər alır? Ruslar, yoxsa
azərbaycanlılar?
- Azərbaycanlılar. Həm də biz artıq unutmuşuq azərbaycanlı-rus
söhbətini. Bizim üçün bakılılar var. Onlar da kitabı sevirlər!
Yer haqqı
Elə bu zaman 3 polis yaxınlaşır. Biri keçmiş hərbiçiyə, indi
kitab satan kişiyə ərklə salam verir:
- Kolya dayı, salam.
Kişi tələsik ayağa qalxır:
- Salam. Gözlə, bir dəqiqə. Səni gözləyirəm, getmək
istəyirdik.
Polis mənə, əlimdəki fotoaparata baxır:
- Sağ ol, Kolya dayı, mən getdim, - deyib yoldaşlarına tərəf
tələsir.
Nikolay – kitab satan kişinin adı məlum olur – ayağa durub əlini
mənə tərəf uzadır. Ayaq üstə durmağa kömək istəyir, düksünüb
əlindən tuturam. Ovcumun içinə nə isə qoyub, yerində oturur.
Baxıram, iki manat puldur. Demək burda oturub kitab satmağına, küçə
ticarətinə icazə verildiyinə görə haqq ödəyirmiş. Arxadan polisi
səsləyirəm:
- Gəl, Kolya dayın sənə nəsə verir.
Gənc polis "eşitmir". Kolyanın isə mənə acığı tutur. Ona
uzatdığım pulu alır:
- Sən nə pis adamsan. Niyə belə etdin, indi mən ona nə
deyəcəm?