"Varislər" layihəsində
Aktrisa Mariya Andreyevna və ədəbi katibəsi Mariya
Zakrevskaya-Benkendorfla uzun sürən məhəbbət macəralarına
baxmayaraq, yazıçının yalnız bir rəsmi arvadı olub – Yekaterina
Peşkova (qızlıq familiyası - Voljina). Onun Aleksey Maksimoviçlə
nikahından iki övladı olub; oğlu Maksim və qızı Yekaterina. Qızı
körpə ikən vəfat edir.
Maksim uşaqlıq illərini xaricdə keçirir. Sonra bir aralar
Rusiyada "Çeka"da xidmət edir, ərzaq təchizatı ilə məşğul olur. O,
inqilab və bolşevizm vurğunu idi. Müasirlərinin dediyinə görə,
Maksim xeyirxahlığı, həssaslığı və infantilliyi ilə seçilirdi.
Misalçün, o, motosikletlər, avtomobillər və digər "oyuncaqlar"
haqındakı söhbətdən uşaq kimi vəcdə gəlirdi.
Maksim Qorki yeni inqilabi hökumətdən əlini üzüb İtaliyaya
qaçanda Lenin, sözün əsl mənasında, Maksimə əmr etdi ki, atasının
ardınca gedib onu nəyin bahasına olursa-olsun geri qaytarsın. Qorki
Leninə lazım idi – onun nüfuzu, xarizması, proletar əsil-nəcabəti
və yazıçılıq məharəti – bütün bunları yeni hakimiyyətin xidmətinə
müntəzir qoymaq lazım idi. Maksim Peşkova tapşırıldı ki, atasına
təsir etsin. Vladislav Xodaseviç Maksimi belə xatırlayır:
"O, çox yaxşı oğlan idi, şən və ünsiyyətcil idi. Bolşevikləri
çox sevirdi, ancaq inanaraq sevmirdi, sadəcə, ona görə ki, onların
içində böyümüşdü. O, SSRİ-yə getməyi ona görə istəyirdi ki, bəzən
yuxularında gördüyü, uşaqlıq arzularının predmeti olan avtomobil
verməyi vəd etmişdilər". Maksim İtaliyaya nişanlısı Nadejda
Vvedenskaya ilə getmişdi. Onlar Berlində evlənirlər, İtaliyada isə
qızları Marfa və Darya dünyaya gəlir.
Maksim Peşkov alkoqol və qadınlara qarşı laqeyd deyildi.
Rusiyaya qayıtdıqdan sonra heç nə ilə məşğul olmur, sibaritlik edir
(naz-nemətə, işləməməyə və həmişə özünə baxmağa vərdiş etmiş adam,
nazpərvərdə - tərc.) və daha çox içirdi. Nəhayət, rəsmi məlumata
görə, o, 36 yaşında ağ ciyərlərin iltihabından vəfat edir. Əslində,
Qorkinin katibi və BBSİ-nin (Birləşmiş Baş Siyasi İdarə) agenti
Maksimi həddən artıq içirdib şaxtada qoymuşdu. 1937-ci ildə BBSİ
başçısı Henrix Yaqoda məhkəmədə etiraf edir ki, bu cinayət onun
əmri ilə "şəxsi motivlərə" görə törədilib. Bütün Moskva bilirdi ki,
Yaqoda Maksim Peşkovun arvadı Nadejdaya (ona Timoşa deyirdilər)
aşiqdir və əməlli-başlı onun ardınca sürünür. Ərinin ölümündən
sonra bir çoxları ilə münasibətdə olan Timoşa qeyri-adi dərəcədə
füsünkar qadın idi.
Maksim Qorkinin nəvələrinin qismətinə tamam fərqli talelər
düşür.
Böyüyü Marfa 1947-ci ildə Beriyanın oğlu Serqoya ərə gedir. O,
hələ orta məktəbdə Stalinin qızı Svetlana ilə bir partada oturmuş
və "Svetlanın rəsmi məktəb yoldaşı" statusunu almışdı.
Marfa və Serqo Stalinin bağ evində tanış olurlar. Yeri
gəlmişkən, Svetlana onların nikahına mane olmağa çalışırdı, çünki
özü də Serqo Beriyaya aşiq idi. O, çox yaraşıqlı oğlan idi, yeddi
əcnəbi dildə sərbəst danışırdı, elmi karyerası var idi. Lavrenti
Beriya oğlunu məmur və partiya işinə yaxın buraxmırdı.
Marfa və Serqonun üç uşaqları olur. 1953-cü il hadisələri,
Lavrentinin həbsi və güllələnməsi Marfanın taleyinə də xətərsiz
ötüşmədi. Serqonu Butırkaya, sonra isə anası ilə birlikdə
Sverdlovska sürdülər. Marfa da ərinin ardınca getdi. Serqonun anası
uşaqları düşünərək, sözün həqiqi mənasında Marfanı ərindən boşanıb
Moskvaya qayıtmağa məcbur etdi. Uşaqlar – Nina, Nataşa və Serqo
familiyalarına gərəksiz diqqəti cəlb etməmək üçün Peşkov soyadını
daşıyırdılar. Marfa Maksimovna filoloji təhsil almışdı, namizədlik
dissertasiyası müdafiə etmişdi, Dünya Ədəbiyyatı İnstitutunun,
Maksim Qorki muzeyinin əməkdaşı, babasının kitabxanasının
mühafizəçisidir. Onun 89 yaşı var. Marfa Maksimovna ilə
qaşılaşanların hamısı onun heyrətamiz cazibəsindən danışırlar. O,
tez-tez Kiyevə gəlir. Oğlu Sergey radioelektronika institutunun
əməkdaşıdır. Böyük qızı Nina Storoqanovsk məktəbini və Finlandiyada
Rəssamlıq Akademiyasını bitirib. Onun əri də Finlandiyadandır.
Kiçik qızı Nadya sənətşünasdır, Moskvada yaşayır. Çozsaylı nəvələri
də var.
Darya Maksimovna Peşkova, bacısı Marfa kimi İtaliyada doğulub.
Vaxtanqova adına teatrın aktrisasıdır. Darya elə bu teatrın
aktyoru, RSFSR-in Xalq artisti və teatr pedaqoqu Aleksandr Qrave
(2010-cu ildə vəfat edib) ilə ailə qurub. Onların iki övladı olub:
Maksim və Yekaterina. Maksim Aleksandroviç – yüksək vəzifəli
diplomatdır və bir vaxtlar Rusiyanın Tacikistanda Səlahiyyətli və
Fövqəladə səfiri olub, iki oğlu var. Yekaterina Aleksandrovna
Peşkova – Ruben Simonov adına Moskva teatrının aktrisasıdır. Onun
oğlu Aleksey Maksimoviç Peşkov isə ulu babasının yolunu tutub,
yazıçı olmaq istəyir.
Ancaq Maksim Qorkinin varislərinin hekayəti bununla bitmir.
Onlardan danışarkən Peşkovların yəhudi oğlan - ÜMİK-in (Ümumrusiya
Mərkəzi İcraiyyə Komtəsi) sədri Yakov Sverdlovun qardaşı Zinovi
Sverdlovun oğulluğa götürülməsi əhvalatını unutmaq olmaz.
Onların hər ikisi Nijni Novqorodda dünyaya göz açıblar və
həbsxana kamerasında tanış olublar. Bu barmaqlıqlar arasına isə
inqilabi mübarizədə iştiraklarına görə düşmüşdülər. Bir-birilərinə
rəğbət bəslədiklərindən tezliklə dostlaşırlar və bir müddət sonra
Zinovi Qorkinin dəvətilə Arzamasa gəlir, pravoslavlığı qəbul edir
və Xaç atasının familiyasını qəbul edir. Lakin onların
münasibətləri müəyyən sarsıntılara məruz qalır. Bu, çox vaxt
Qorkinin məşuqəsi Mariya Andreyevnanın intriqalarının nəticəsi
olur. O, Zinanı sevmirdi, xüsusən də ona görə ki, Qorkinin həyat
yoldaşı Yekaterina Pavlovna ona böyük rəğbət bəsləyirdi. Bununla
belə, onların dostluğu davam edirdi... "Mən hər çür insan görmüşəm,
ancaq indi hiss edirəm ki, mənə ən yaxın olanı Zinovidir, o, balaca
və sərt, dürüst insandır" (M.Qorki).
Zinovi Peşkov yaraşıqlı, təhsilli, səmimi və dürüst biri idi.
Avropada Birinci Dünya Savaşının qoxusu gələndə o, haradasa oturub
başını gizlətmədi, sıravi əsgər kimi Fransa ordusunda xidmətə
başladı. Döyüşlərdən birində sağ qolunu çiyindən itirdi. Palma
budaqlı Hərbi xaçla mükafatlandırıldı. Lakin bundan sonra məlum
oldu ki, o, fransız ordusunda xidmət edə bilməz, çünki əcnəbidir.
Ancaq fransızlar öz qəhrəmanlarından əl də çəkə bilmədilər.
Əlilliyinə baxmayaraq, orduya bərpa olundu, ona zabit rütbəsi
verildi və ABŞ-a tərcüməçi göndərildi.
Zinovi Fransaya bir də 1917-ci ildə qayıdır və əsgər yoldaşı
Şarl de Qoll tərəfindən hərarətlə qarşılanır. Fransanın gələcək
prezidenti öz dostunu qiymətləndirir və çox istəyirdi. 1917-ci ildə
Fevral burjua inqilabından sonra Zinovi Peşkov Müvəqqəti Hökumət
yanında Fransa hərbi missiyasının nümayəndəsi kimi Rusiyaya
göndərilir.
Fransaya qayıtdıqdan sonra isə kapitan rütbəsi alır və böyük
nüfuz qazanır. Zinovi Peşkov müxtəlif ölkələrdə Fransanın Xarici
legionunun tərkibində döyüşüb. Marokkoda, Böyük Britaniyada, Çində,
Yaponiyada işləyib, generel rütbəsi alıb, 1966-cı ildə isə vəfat
edib. Şahidlərin dediyinə görə, son iki yüz il ərzində Fransa belə
möhtəşəm dəfn görməmişdi.
Ancaq onun varislərinin taleyi dəhşətli oldu. Zinovini qadınlar
o sevirdilər. Ancaq o bircə dəfə ata oldu. Nikahda olmadığı gözəl
italyan qadınından bir qızı dünyaya gəldi. Və tale elə gətirdi ki,
bu yeganə övlad – çox sevilən qızı sovet diplomatına vurulub,
1937-ci ildə onunla birlikdə SSRİ-yə gəlir. Ərini tezliklə
güllələyirlər, özü isə Stalin düşərgələrində çürüyür. Uşaq evinə
verilən oğullarının taleyi isə məlum deyil.
|
|
P.S. Zinovi İtaliyada "gözəl italyanka", Yey polkunun
yasovulunun qızı Lidiya Buraqo ilə rəsmi nikahda olub. Onların
Yelizaveta adlı qızları əri ilə SSRİ-yə gəlib kiçik oğlu ilə cəza
düşərgəsinə düşür. Böyük oğlunu ərinin qohumları uşaq evindən
götürürlər. O – Aleksandr İvanoviç kapitan idi və 1968-ci ildə
faciəli şəkildə vəfat edib. Kiçik oğlu – Aleksey İvanoviç Markov
MDU-nun jurnalistika fakültəsini bitirib, "Moskovskiy komsomolets",
"Knijnıy obozreniya" və b. nəşrlərdə işləyib. O, 1989-cu ilədək
Soçidə yaşayan anasına baxırdı. Həmin ildə qızı, 1993-cü ildə idə
özü də həyatla vidalaşır.
|