Yuxarı

Biləcəridən o yana tanınan yazarın gerçəkləşməyən arzuları

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biləcəridən o yana tanınan yazarın gerçəkləşməyən arzuları

Tanınmış yazar Əyyub Qiyasla şəhərimizdəki çay evlərindən birində üz-üzə oturduq, dağı arana, aranı dağa daşıdıq. Çox şeylərdən söz açıb, bir çox qaranlıq məqamlara işıq salmaq istədim. Bilmirəm, Əyyub daha sərvaxt oldu suallardan yayındı, ya mən suallarımda naşılıq etdim, söhbəti istədiyim məcraya yönəldə bilmədim. Hər halda, buna baxmayaraq, oxucularımız üçün də maraqlı olacaq bir söhbətin alındığına əmin oldum. Əyyub Qiyasın "Gerçəkləşməyən arzular"ını eşitmək, oxumaq istəyirsizsə, buyurun.

İlk sualım tanınmış yazarımızın özünün ədəbi müstəvidəki yeri ilə bağlı oldu:

- Əyyub Qiyas indi özünü ədəbi həyatın harasında görür?

- Mənə qalsa, ədəbi həyatın tən ortasındayam, deyərdim… Amma bəzən kənardan baxanda və ədəbi mühitdəki xaosu görəndə özümü ədəbi həyatın kənarına çəkməyə çalışıarm; o da qorxuludur da... Ondan o yana uçurum başlayır axı.

Özümə xəyanət etdiyim vaxtlar olub

- Ədəbi həyatın tən ortasındayam, dedin, fikrimdən "Ortalıqda olmaq, ortalıq adamı olmaq" keçdi. Amma söhbətimiz o mövzuda olmayacaq. Dediyin "o yer" sənin arzuladığın yer idi?

- Söhbət hansı yerdən gedir bilmirəm, amma səninlə danışıramsa və sən mənə sual verirsənsə və söhbət "O YER"dən gedirsə, deyə bilərəm ki, heç kəs "o yer"dən sığortalanmayıb. Mənim ürəyim istədi-istəmədi, mən o yerdə oldum. Səninlə bir yerdə olduq oralarda. Keçirdik getdi. Keçmiş olsun... Amma əgər söhbət ədəbi mühitdəki yerimdən gedirsə, narazılığım yoxdur. Mən imzasına xəyanət etməyən az qələm adamlarından biriyəm. Özümə xəyanət etdiyim vaxtlar olub, amma imzam təmizdir.

Siması ilə deyil, imzası ilə tanınan müəllif

Çayımızın soyuması, söhbətimizin soyuq keçməsindən deyil. Dedim axı, Əyyub istadadlı və söhbətə çox diqqət ayıran müsahibdir. Bu onun uşaqlıq illərindən ailənin, evin qayğılarını çiynində daşımasından, yaşadığı ömrünün müəyyən vaxtının ağır üzüntülü günlərini dözümlə, ləyaqətlə yola salmasından irəli gəlir. Onun kəpənək qanadlı uşaqlıq arzularının, bu günkü sərt həyata daşınmasına toxunuram. O zərif arzularla haralara qədər uça bilmişdi:

- Hələ lap gənclik illərində, yaradıcılıqla məşğul olduğun ilk anlarda xəyalında yaşatdığın yazıçı Əyyub gerçək, bugünkü yazıçı, şair, ssnerist Əyyubdan çoxmu qabaqda idi?

- Hə...

Sonra siqaretini yandırır. Kifayət qədər bahalı olan siqaretinin xoş ətri burula-burula ətrafa yayılır. Gözlərini bir balaca qıyır, sanki o günlərə - uzaqlara baxır və:

- Adamın elə vaxtları olur ki, illüziyalarla, xəyallarla yaşayır. O zamanlar adam elə bilir ki, dahidir, filan. İndiki gənclikdə də var o yanaşmalar. Saçlaırını daramalarına, geyimlərinə, boyunlarına sarıdıqları şərfə, taxdıqları eynəyə qədər dahiliyi imitasiya edənlər var. Mənim də elə vaxtlarım olub. Bəli, o Əyyub indiki Əyyub Qiyasdan çox irəlidə idi. Amma mən bir şeyi də deyim; mən indi özümü ona görə xoşbəxt yazar hesab edirəm ki, mən siması ilə deyil, imzası ilə tanınan müəllifəm. Çox olub ki, oxucu Əyyub Qiyas dedikdə tamamilə başqa sima təsəvvür etdiyini etiraf edib. Əladır da... Amma insan yaşa dolduqca, dünyanı tanıdıqca, başa düşdükcə özü yerini bilir, harada olduğunu, çəkisini müəyyənləşdirir. Mən ədəbi mühitdə yerimi bilirəm. Bunu bilməyənlərə isə acıyıram.

Şeiri siqaret kimi çəkəsən gərək

- Son vaxtlar seriallara başın qarışıb, şeiri, deyəsən, çəkilişlərə ara verəndə siqaret çəkirmiş kimi yazırsan.

- Şeir elə odur da... Şeiri oturub baş sındırmaqnan yazmaq olmur ki. Şeri gərək elə sən dediyin kimi, gələndə siqaret kimi çəkəsən getsin. Həm də ki, mən özümü heç vaxt şair hesab etmirəm. Mən nasirəm, kino-dramaturqam yetər. Şairlik tamam başqa bir duyğudur, başqa bir həyat tərzidir. Şairə yazı masası lazım deyil... Nasir yazı masası olmadan yaza bilməz. Mən yazı masasını, ümumiyyətlə, masanı sevən adamam. Şeir yazanda da elə bilirəm ki, nəsrim məndən küsə bilər.

Onu kimlərinsə ardınca danışan, kimlərinsə qeybətini qıran, kiminsə haqqında xoş olmayan danışıqla boş vaxtını öldürən... biri kimi tanımayıblar. Elə ona görə də:

- Sənə ədəbiyyatımızın bu günkü durumu haqda heç bir sual verməyəcəm, – deyirəm.

- Çox düz də eləyəcəksən. Ədəbiyyatımızın bugünkü durumu haqda sorumluluq mənlik deyil, özün yaxşı bilirsən. Onu ədəbiyyatdan başqa hər şeylə məşğul olan imza sahibləri üçün saxla.

Yaxşı yazmaq hələ dünya çapında olmaq demək deyil

- Bəzən deyirlər, bizim yazarlar Biləcəridən o tərəfə keçə bilmir. Düzmü deyirlər?

- Çox böyük səhv edir onu deyənlər. Onu deyənlər elə Biləcəridən o tərəfi tanımayan adamlardr yəqin ki... Bir də ki, heç bir fikri hər kəsə şamil etmək düz deyil. Bu fikir səslənəndə ilk olaraq gözlərimin önünə Çingiz Abdullayev gəlir. Dünya üzrə tanınan və sevilən müəllifdir. Anar, Elçin, Rüstəm İbrahimbəyov, Natiq Rəsulzadə... Yəni 9 milyonluq xalqın dünya üzrə tanınan 5-6 yazarı varsa bu böyük nəticədir məncə. Bir də ki, yazmaq, yaxşı yazmaq hələ dünya çapında olmaq demək deyil. Dünya oxucusunun öz tələbləri var. O müəlliflər dünya çapında tanınır ki, onlar ilk növbədə öz vətənlərində tanınır və sevilirlər. Adlarını saydığım müəlliflər onlardandır.

- Həm də sən özün də Biləcəridən o tərəfdə - Sumqayıtda yaşayırsan, demək, deyilənlər həm də buna görə yanlışdır. Yazarlarımız Biləcəridən o tərəfə keçir, - zarafatım xoşuna gəlir.

- Görürsən ki... Məni Sumqayıtda hər kəs tanıyır (gülür). Demək, yanlış fikirdir də.

Köpək uşağını evləndirə bilmirəm

- Əyyub, istərdim ki, arzularından danışasan.

- Arzulardan danışmaq olmur. Adam arzularla yaşayır. Ən böyük arzum hal-hazırda baba olmaq arzusudur. Amma köpəy uşağını evləndirə bilmirəm ki, arzuma çatım. Hələ karyera peşindədirlər. Bəlkə də düz fikirləşirlər. Amma mən bilirəm ki, mən də səhf fikirləşmirəm. Sonra bir arzum da var ki, bir bədii film ssenarisi var, onu reallaşdıram, çəkilsin. Hələ ki, qalır. Belə arzular çoxdur... Nə isə.

- O arzulardan yox e... gerçəkləşməyənlərdən. Niyə gerçəkləşmədi?

- Mən alın yazısına inanan adamam. Demək, belə məsləhətdir ki, gerçəkləşmir də... Mən Allaha üsyan etməyəcəyəm ki. Vaxtı gələndə və Allah izin verərəsə gerçəkləşər yəqin, - fikirə gedir və bu dəfə səsi bir qədər sakit gəlir: - Gercəkləşməsə də olsun, Allah bilən məsləhətdir!

Bir vaxtlar onun ətrafında çox insanlar olardı. Yeyib-içmək məclisləri, şərəfinə deyilən tostlar, sağlıqlar... gözlərimin önünə gətirirəm və elə dostları ilə bağlı suallar verib, söhbətə son qoymaq istəyirəm:

- Əyyub, itirdiyin dostlar nə qədərdir?Bu dost itkisi tostların azlığındandır, yoxsa şəhərimizdəki inkişafdan - "most"ların çoxluğundan? Yəni bu yol ötürücülərinin "dostların" ötüb keçməsində rolu olmadı ki...

- (gülür) Yox... Bilirsən, Faiq, elə dostlar var ki, onlar məni itirdi. Elə dostlar oldu ki, mənim səhvimdən onları itirdim... Həyatdır da, səhvsiz adam olmur. Bir də olasan yazar. Amma bu yaşdan sonra heç kəsi itirmək istəmirəm, çünki artıq dost ovuna çıxmaq vaxtım keçib. O ki qaldı sənin dediyin "most"ların çoxluğu məsələsinə, mən deyəsən yumor hissimi itirmişəm. Belələri varsa da, onların ötüb keçmələri gözümdən yayınıb. Bir də ki, dostu və "tost"u çox olan adamlar da onsuz da gün gəlir hansısa"most"dan keçir - "Sirat mostu"ndan.

Gülə-gülə çayımızı təzələməyi sifariş verir.

Tarix
2014.09.24 / 08:30
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla