Yazıçı Səfər Alışarlı
ilə görüşüb onun "Gerçəkləşməyən arzular"ını çözmək istədik.
Yazıçının işinin çox olması bu söhbətimizi bir qədər ləngitsə də,
sonda sosial şəbəkənin bizə verdiyi imkandan bəhrələnə bildik. İlk
sualım, tanınmış yazarın son dövrlər bədii yaradıcılıqdan küskün
kimi görünməsi ilə bağlı oldu:
Qrafomanlar ayda bir roman balalaya bilər
- Səfər bəy, deyəsən, yaradıcılığınızda son vaxtlar bir
durğunluq var. Sizcə, az dərc olunmursuz ki?
- Mən çox məhsuldar yazıçılar tanıyıram. Onlar gənc deyillər.
Baxıram, qalın-qalın kitabları çıxır. Roman-filan... Ədəbiyyat,
xüsusilə nəsr yaradan müəllifin konkret göstəriciləri olmalıdır. Bu
göstəricilər hər əliqələmlidə olmur. Məni kəmiyyət maraqlandırmır.
İndi, yazıçı üçün çörək qazanmağın bir qədər çətin olduğu vaxtda,
yalnız qrafomanlar ayda bir roman balalaya bilər. Ciddi yazılara
çox vaxt tələb olunur.
50 ildir bədii əsər yazılmır
- İşinizin çox olması, güman ki, yaradıcılığınıza təsir
göstərir.
- Biz ədəbiyyatla ona görə məşğul oluruq ki, bu məşğuliyyəti çox
sevirik. Ölkənin mədəni həyatında ədəbi proses heç zaman
dayanmamalıdır. Siz bir anlığa təsəvvür edin ki, ölkədə, məsələn,
50 il müddətində bir nəfər də olsun, bədii əsər yazmır, hamı qəzet
publisistikası ilə məşğul olur. Bu 50 il sonradan ölkənin həyatında
bir qara dəliyə çevrilib faydalı nə varsa hamısını özündə məhv edər
və nəticə etibarilə keçmiş təhrif olunaraq, gələcək yanlış
istiqamətə gedər. Çünki ədəbiyyat nəyin harada, necə, nə vaxt baş
verməsi faktının konstatasiyası ilə deyil, nəyin, harada, nə vaxt,
necə baş verə biləcəyi ehtimallarını ədəbi-estetik baxımdan
əsaslandıraraq göstərir. Bunu Aristotel deyir. Bizdə bunu başa
düşənlər azdı. Amma eyni zamanda, həyat təkcə ədəbiyyatdan ibarət
ola bilməz. Görürsünüz ki, düşmənlər daim ölkəmizə qarşı
hərəkətdədir, onlara cavab vermək üçün top-tüfəng lazımdır.
Top-tüfəng yalnız milli ədəbiyyatla tərbiyə olunmuş fərdlərin
əlində öz vəzifəsini düzgün və layiqincə yerinə yetirə bilər. Bu
baxımdan bizim ədəbiyyatımızın üzərinə çox böyük missiya düşür.
Yeni nəsil istedadlı ədəbiyyat nümunələrilə tərbiyə olunmalı, onun
zövqü, bədii təxəyyülü yeni əsrin tələblərinə uyğun
formalaşdırılmalıdır. Bir sözlə, ədəbiyyata partiya işinin vintciyi
kimi deyil, mühüm dövlət işinin vacib bir sahəsi kimi baxmaq
lazımdır.
Oxucu deyil, yazıçı lazımdır
- Necə düşünürsünüz, 80-ci illərin Səfər Alışarlısının
oxucusu bu günün Səfər Alışarlısının oxucusu kimi qala
bildimi?
- O mənim üçün maraqlı deyil. Mənim ondan heç bir umacağım
yoxdur.
- Oxucuların arasında necə, fərq nəzərə çarpır? Bu günün
oxucusu ötənlərin oxucusu ilə fikir yoldaşı ola
bilirmi?
- Mənə elə gəlir ki, dövlət müstəqilliyini əldə etməklə kütləvi
oxucu öz işini uğurla yerinə yetirdi. Biz onunla bir-birimizi gözəl
başa düşdük. Daha doğrusu, biz ona bəzi şeyləri ucadan dedik, bəzi
şeyləri eyhamla dedik, bəzilərini pıçıltı ilə... O bizə inandı, biz
onunla bərabər getdik o çətin yolu və uğur qazandıq. Bundan sonra
oxucu lazım deyil, yazıçı lazımdı. Odur ki, yazıçıların müəyyən
hədlərdə fikir yoldaşlığı daha vacibdir.
Şah bu gün də oğlunun qanını içir
- Ədəbiyyatda yerinizi bilirsiz? Yaxud özünüzün müəyyən
etdiyiniz arzuladığınız yerdə özünüzü görə bilirsiz?
- Ədəbiyyatda yer məsələsi tramvaydakına
bənzəyir. Hər dayanacaqda bir neçə yer boşalır, ayaq üstdə durub
səbirlə gözləyənlər, o yerlərə daha yaxın olanlar əyləşirlər. Yer
məsələsinin nominalı belədir və bağışlayın, mən unutdum ki, bizdə
tramvay yoxdur. Ancaq həqiqi ədəbi dəyərə malik yerləri yalnız
zaman müəyyənləşdirir. Mən həmişə təəssüflə xatırlayıram ki,
təmsilçiliyindən heç zaman qopa bilmədiyim Şərqdə şairin dərisinin
soyurlar, sonra da ona heykəl qoyub, sifətdə dəhşət mimikası ilə
əcnəbi qonaqlara deyirlər ki, xəlifələr bunun dərisini soyublar! Və
Nazim Hikmət bu ölkədən qaçmaq üçün adi bir taxta qayıqla açıq
dənizə çıxıb! Şah İsmayıl operasında Aslan şah edam etdirdiyi
oğlunun piyaləyə doldurulmuş qanını bu gün də Bakının Nizami
küçəsində içir. Məni, yəni bizi sivil dünya dərisi soyulan kimi
deyil, dəri soyan kimi tanıyır. Vaxtilə bizdən soruşmadan adımızı
bu vəhşiliklərin altına yazıblar. Mənim yerimi bu ədəbi-bədii
estetikada 500 il əvvəl müəyyənləşdiriblər. Başqa bir yer də varmı?
Yoxdur. Biz Qərbin bu qərəzli təmayülçülüyünə qarşı yalnız böyük
mədəniyyətlə, o cümlədən güclü ədəbiyyatla gedə bilərik.
Demək olar ki, on ildir çap olunmuram
- Əgər illərlə imzanız görünməsə, ədəbiyyatımız nəyi
itirə bilər? Demək istəyirəm yeriniz görünərmi?
- Bir neçə hekayə istisnası ilə, demək olar ki, on ildir çap
olunmuram. Gördüyünüz kimi, ay da, günəş də öz yerindədir. Kainatda
əlavə səliqə-sahmana ehtiyac duyulmur.
- Gənclik illərinizdə ədəbiyyata gələndə nəyi
arzulamışdız, o arzular gerçəkləşdimi?
- Mənim həm yazıçı, həm də bir insan olaraq ən böyük arzum
Azərbaycanın dövlət müstəqilliyi olub. Ona görə özümü xoşbəxt saya
bilərəm.
Üzeyir Hacıbəyovu sevmək asandır
- Ümumiyyətlə, gerçək olmayan arzuların ardınca
düşürsüzmü, yoxsa ağ bayraq qaldırmaq, gerçək edə bilmədiyiniz
arzulara təslim olmaq daha asandır?
- Bu, yaxşı sualdır. Sosial şəbəkələrdə üç-dörd gün əvvəlki
hay-qışqırıqdan çıxış edərək deyirəm ki, Üzeyir Hacıbəyovu sevmək
asandır, onu bütün dünya sevir. Onu sevməyə nə var?! Oğulsansa, bu
gün sənə göstərilən 20 yaşlı Üzeyiri sev! Onun sənin sevginə çox
böyük ehtiyacı var. Rəhmətlik Üzeyir bəyin isə sənin sevginə-zadına
heç bir ehtiyacı yoxdur. Yaradıcı insan hamıya real görünən gerçək
arzuların dalınca getsə, ən uzaq mənzili Biləcəri olar. Yaradıcı
adam ilahi arzularla yaşamalıdır və heç zaman təslim olmamalıdır.
Mən elə birisini tanıyıram. Siz neçəsini tanıyırsınız?
- Yazıçı olmadığınız vaxtlarınızda necə hiss edirsiz
özünüzü?
- Mənim müasir cəmiyyət üçün mühüm bir qurumda yazıçılıqdan da
öncə müəyyən məmur vəzifələrim var. Mən o quruma da, daşıdığım
vəzifələrə də böyük hörmət və məsuliyyətlə yanaşıram. Burada mən
təkcə ailəmə çörək qazanmıram, burada mən yazıçı olaraq həll etmək
istədiyim bəzi məsələləri, necə deyərlər, birbaşa vətəndaş
cəmiyyəti vasitəsilə təşviq etməyə çalışıram. Amma oradan kənarda
yazıçılığa sərf olunmayan vaxtlarımı boş zaman itkisi sayıram.
Hərçənd ki, belə vaxtlar mənim həyatımda elə də çox olmur.
Heç nə istəmirəm
- Niyə yazıçılarımız arasında doğmalıq daha az müşahidə
olunur, biri-digərini topa tutur?
- Ədəbi mühitdə bu dava-qırğın həmişə olub, bu gün biz onun çox
zəif təzahürlərini yaşayırıq: xoşbəxtlikdən, hələ kabinetdə heç
kimin ürəyi partlamayıb. Bu, ədəbiyyatın inkişafı üçün çox vacib
bir mübarizədir. Əlbəttə, burada təəssüfləndirici məqamlar da
var...
- Sizin arzularınız sizi hara qədər apara bildi?
Yeriniz, durumunuz sizi qane edirmi?
- Allahın verdiyinə şükür! Artıq heç nə istəmirəm.