Ramin Məmmədli bizim "xlebnik" (ruzi yoldaşı. – red.)
idi. Əslən yevlaxlı olan bu gənc kifayət qədər sakit və tərbiyəli
olması ilə də Yevlax əhlinin uşaqlarından fərqlənirdi. Bu əhldən
olan dustaqlar kriminal aləmə daha çox meylli olmaları ilə
tanınırdı. Əksəriyyəti də 234-cü maddə ilə cəza almışdı. Bu maddə
narkotik maddələrin istifadəsi və yayımı ilə məşğul olanlara şamil
edilir. Elə Ramin də bu maddə ilə gəlmişdi.
Ramin CÇM-in tibb məntəqəsində qalırdı. Əvvəlcə bir nəfərlik
otaqda "kirəkeş" idi. Sonradan bizim otağımıza yaxın 4 nəfərlik
otağa daşındı. Kifayət qədər təminatlı ailədən olan Raminə öz
əhllərindən qısqanc münasibət vardı. Bunu hər birimiz görürdük,
lakin müdaxilə etmək haqqımız yox idi. Özləri bilər, əgər hər hansı
xahişi olsa, məsələyə münasibət bildirərdik. Ramin isə əhllərindən
olan bəzi sırtıqlardan hələ ki üzülüşmək istəmirdi.
Gizlin pul götürürdüm
Onun narkotikə meyli Sankt-Peterburqda yaşayanda yaranmışdı.
Ailənin tək oğul övladı olan Raminin bütün arzuları zamanında
gerçəkləşmişdi. Bakıda evləri, maşınları, qurduqları iş...
Sankt-Peterburqda isə kifayət qədər qazanc gətirəcək topdansatış
məntəqələri vardı. Ramin günahlarını başa düşürdü. Bir dəfə
söhbətimiz zamanı etiraf etdi ki, düz yolda olmayıb.
- Şair, mən gərək belə etməyəydim. Ailəmi aldadırdım. Həm
bazadakı topdansatışdan gizlin pul götürürdüm, həm də valideynlərim
mənə kifayət qədər xərclik verirdi.
Ətrafında həmişə kriminal aləmə yaxın olan adamlar olub.
- Oturub-durduğum yalnız belə adamlar oldu. Onların həyat tərzi
mənə maraqlı gəlirdi. Qorxmaz adamlar idilər.
O, yaxın qohumu, kriminal aləmdə kifayət qədər tanınan sima olan
yevlaxlı avtoritet Elçin haqda danışardı:
- Elçin Piterin bazarına nəzarət edirdi. Lənkəran uşaqları ilə
heç arası yox idi. Talışlarla düz gəlmirdi. İmkan düşdükcə
bir-birlərinə zərər vururdular. Ona Rövşən Lənkəranski çox
xəbərdarlıq etmişdi. Bu da heç ondan geri qalan deyildi. Axır da
Elçini öldürdülər.
Onu narkotikə ermənilər cəlb edibmiş
Ramin isə narkotikə erkən yaşlarından qurşanıbmış. Dediyinə
görə, onu bu pis vərdişə dostluq etdiyi erməni gənclər cəlb
edibmiş. Sonradan atası Qalib kişi oğlunu müalicə etdirmək üçün çox
əziyyət çəkmişdi. Ramin deyirdi ki, onun qanını tamam
dəyişdiriblər. Finlandiyada, Özbəkistanda, Moskvada müalicələr
alıb. Hətta bir müddət narkotikdən uzaq da olub. Amma yenə də pis
vərdişindən əl çəkə bilməyib.
Oğlunun bu vəziyyətdən xilas olmaq yolunu ailəsi Bakıya
qayıtmaqda görür. Bakıda ona toy edirlər. Ayrıca ev, maşın
bağışlanır, atasının biznesinin müəyyən hissəsi ona həvalə olunur.
Lakin pis adamlar onu tapmaqda heç də çətinlik çəkmir. Ramin
iradəsiz adam idi...
Aqillə mən onu himayə etmək qərarına gəldik və buna nail də
olduq. Bunu oğlu ilə görüşə gələn atası Qalib kişi bizdən xahiş
etmişdi:
- Ramin həmişə sizdən danışır. O mənim tək oğlumdur. Onu
yanınıza çəkin. Bizim yevlaxlılar onu pis yola çəkir.
Deputat qohumu vardı
Amma onun xahişinə qədər Raminlə bizim aramızda çox ciddi söhbət
olmuşdu. Ramin kişi kimi söz vermişdi ki, siz nə desəniz, o da
olacaq. Onun iki oğlu vardı. Yoldaşı tərəfdən qohumu, ölkənin
tanınmış siyasətçilərindən olan partiya sədri və Millət vəkili
idi.
Raminin dediyinə görə onun həbsi gözlənilməz olmuşdu:
- Mənim tutulmağım heç ağlıma da gəlməzdi. Gəldilər, həyətdən
götürüb apardılar.
Sonra Qalib kişi ilə görüşəndə, dərdli, vaxtından qabaq qocalmış
ata etiraf edəcəkdi ki, Raminin həbs olunması məsləhətlə olub:
- Biz elə bildik ki, həbsxanada olsa, onu bu pis vərdişdən
uzaqlaşdıra bilərik. Narkotikdən uzaq olar. Ona görə də onu bura
"yola" saldıq.
Raminə bir il həbs cəzası vermişdilər. Atası balasını bu bəladan
xilas etmək, onu bu ağ ölümün pəncəsindən qurtarmaq üçün xərc
çəkmişdi ki, oğlunu həbs etdirsin. Raminə "içəri"də çox gözəl
şərait yaradılmışdı. Ərzağı bol, pulu da istədiyi qədər idi. Bundan
əlavə Qalib kişi oğlunu himayə etmək üçün CÇM-in bəzi
səlahiyyətlilərinə haqq da verirdi. Lakin poqon sahibləri kişinin
pulunu alsalar da, boyunlarına götürdükləri işi yerinə
yetirmirdilər. Ramin içəridə çox sərbəst idi, onun qayda
pozuntularını "görmürdülər". O, narkotikdən yenə də istifadə
edirdi. Narkotik maddələrini içəridə daha sərbəst əldə etmək
olurdu. Polisdən qorxu, ürkü yox. Onsuz da həbsdəsən.
Tövbə...
Ramin mal vursa da, bizdən əl çəkmirdi. Bir dəfə ona, "əgər
bizimlə oturub durmaq istəyirsənsə bu vərdişindən əl çək", dedik.
Razılaşdı. Həmin gün hamama gedib çimdi. Birlikdə məscidə getdik.
Tövbə etdi və azadlığa çıxana qədər narkotik maddə qəbul etmədi.
İlk günlər bu ona əzab verirdi. Narahat olurdu. Onu gözdən
qoymurduq. İşimizin adı nə idi ki? Boş vaxtlarımız onsuz da çox
olurdu. Ramin günün çoxunu yatmaqla keçirirdi. Zaman keçdikcə
bədənin ağrıları da azalırdı. Kitab oxuyur, bizimlə nərd
oynayırdı.
Onun əhlindən olan uşaqlar Raminin bu halından çox narahat
olurdular. Onun ardınca gəlir, kənara çəkib xeyli söhbət edirdilər.
Ramindən onların nə istədiklərini soruşduqda, "heç" deyirdi. Bir
dəfə, keçmiş hərbi kəşfiyyatçı, cəlilabadlı Nizara (oxucularımız
Nizar haqda məlumatlıdır, onun haqda bəhs etmişik – F. B)
dedim:
- Sən kəşfiyyatçı olubsan, öyrən gör, o uşaqlar bundan
nə istəyir.
O da bizi qoruyurmuş
Nizar iki saatdan sonra gəlib dedi:
- O adamlar hamısı narkomanlardır. Raminin "kruq"dan çıxması
onların qanını qaraldıb. Onu yenidən dəvət edirlər. Bu isə getmir.
Amma ondan əl çəksinlər deyə, həmişə 1 "çet" (çet – qramın onda
biridir. Bu qədər mala 3-4 nəfər yaxşı doya bilir. - F.B) malın
pulunu verir. Özü də bu işdə Aqillə səni günahkar bilirlər. Ramin
isə onlara deyir ki, özü bu vərdişdən çəkinib. Qorxur ki, sizə nə
isə etsinlər, sizi qoruyur.
Raminlə bu haqda bir daha söhbət etdik. O, Nizarın dediklərini
etiraf etdi. Həmin uşaqlardan ən "diribaşını" çağırıb söhbət etdik,
və tapşırdıq ki, bir daha bu oğlanı narahat etsələr, inciməsinlər.
Ramindən əl çəksələr də, Ramin onların payını heç vaxt əsirgəmirdi.
Hər dəfə görüşdən sonra əhl üzvlərinə yemək göndərər və əhlin qara
günü üçün pul verərdi.
Damara düşə bilməyib
Raminlə bağlı çox xatirələr var. Bir dəfə hər kəsin Eşşək Əli
kimi tanıdığı nəzarətçi gəlib ondan qolunu çırmamağı tələb etdi.
Raminin qolunun büküldüyü yerdə iynə yerləri vardı. Ətrafı
göyərmişdi.
- Sən iynə vurursan, hələ də pis yoldasan, - deyib də onu rəis
müavininin yanına apardı.
Bir azdan Ramin gəlib dedi:
- Şair, mən onları inandıra bilmədim. Deyirəm ki, soyuqlamışdım.
Səttar həkimin vurduğu iynənin yeridir. Damara düşə bilməyib,
dərman dərinin altına gedib. Deyirlər yox e, mal vurubsan. 500
dollar istəyirlər. Həkimi də çağırdılar. O da dedi ki, mən iynə
vurmuşam. Onu otaqdam qovdular. İndi mən nə edim? Əgər o pulu
verməsəm, batdım. Karsa salacaqlar. Üçdə birə düşə bilmərəm, kömək
elə. 200 dollarım var. Atam gələndə qaytararam.
Raminə ürək-dirək verdim:
- Narahat olma, nə qədər pulun var ver, mən gedib
danışaram.
Bütün rüşvət alanları güllələyərdim
Pulu alıb rəis müavinin yanına getdim. Və gözlərimnin qabağına
CÇM-ə gələrkən sonradan dostlaşdığımız bu müavinlə aramızda olan
insident gəldi. Demək, təzə gələn dustaqları rəis müavini tək-tək
qəbul edir və fərdi söhbət aparırdı. Növbə mənə çatdıqda içəri
keçdim, əllərim kürəyimdə daraqlanmış halda özümü təqdim etdim.
- Sən nə ilə tutulubsan?
- 311.1–lə.
- Yəni?
Rəis müavini kresloda oturub ayaqlarını qaldırıb stolun
siyirməsinə qoymuşdu. Kefi kök idi.
- 311-ci maddə rüşvət almaqdır, - dedim.
- Demək, rüşvətxorsan. İmkanım olsa, bütün rüşvət alanları
güllələyərdim!..
- Cənab mayor, o iş üçün güllə çatmazdı. Hər imkanı olan
rüşvət alır.
Sən rüşvət almısan
Və bir qədər gərgin keçən tanışlıqdan sonra rəis müavini:
- Sən özünü məndən qoru, – hədə-qorxusu ilə "çıx bayıra"
demişdi. Sonradan isə mənim görüşümə gələn millət vəkillərini,
yazıçıları, jurnalistləri, ölkənin tanınmış ziyalılarını gördükdən
sonra rəis müavininin mənə olan münasibəti dəyişmişdi.
- Əminliklə deyə bilərəm ki, sən rüşvət alıbsan. Yoxsa yanına
belə insanlar gəlməzdi, - deyib zarafat etmişdi. Aramızda səmimi
münasibət yaransa da, onu inandıra bilməmişdim ki, mən şərlənib
həbs olunmuşam.
Bunları gözümün önündə canlandıraraq onun otağına keçməyə
hazırlaşırdım.
Mən rəis müavininə Raminin narkotik qəbul etmədiyini, onun düz
yolda olduğunu dedim.
Müavin:
- Sənə inanıram. Bilirəm ki, o iynə vurmur. Buna görə sənə və
Aqilə minnətdar olmalıdır. Keçək əsas məsələyə. Nə olsun? - Dedi və
düz gözlərimin içinə baxdı.
Əlimi cibimə apardığımı gördükdə isə stolun siyirməsini çəkdi.
İki ədəd 100-lük dolları siyirməyə atdım:
- Olanı budur, - dedim.
Siyirməni geri itələdi.
-Yaxşı, get, - dedi. Sonra da gülümsəyib əlavə etdi: - Aqillə
sən uşaqları düz yola gətirməklə korlayırsız...
Güllənə heyfin gəlsin
Onun kabinetinin qapısına çatdıqda geri dönüb əlimi tapança kimi
qaldırıb, müavinə tuşladım.
- Ruff, – deyib, tapançanın lüləsini tüstünü qovurmuş kimi
pilədim. Ürəkdən güldü:
- Şair, mən rüşvət almıram ki, iş düzüb-qoşuram, - dedi. -
Güllənə heyfin gəlsin.
Raminlə bir neçə dəfə mərcləşmişdik. Həmişə də mərcdə uduzmuşdu.
Erməni Mişanın ölümü ilə bağlı mərcimiz haqda oxucularımız
məlumatlıdır. Bir dəfə də mənim idman etdiyimi görüb dedi:
- Şair, gəl mərcləşək, səndən çox "jim" edərəm. Razılaşdıq.
Uduzan bir blok "vest" siqareti verəcəkdi. Əvvəlcə Ramin başladı.
45 dəfə jim etdikdən sonra dayandı. Mənim ondan kök olduğuma görə
udacağına əmin idi. Növbə mənə çatdıqda isə 46 dəfə jim edib ayağa
durdum. Özümü əziyyətə salmadım. Onsuz da mərci udmuşdum.
Aqil məndən, mən isə Ramindən bir ay tez azad oldum. Ramini
qarşılamağa hər ikimiz getmişdik. Azadlıqdan çıxdıqdan sonra iki
oğluna kiçik toy etdi. Uşaqlardan birinin kirvəsi mən, o birininki
Aqil oldu.
Gəl, səni Raminin dostu ilə tanış edim
Ramin azad olduqdan sonra yenidən köhnə dostlarının əhatəsinə
düşür. İçki məclisləırinin sonu narkotikə gəlib çıxır. Atası ona
yaxşı bir maşın alıb bağışlamışdı. Ara-sıra görüşürdük. Hər dəfə o
uşaqlardan uzaq olacağını deyirdi. Bir dəfə Aqil, Mehman, mən və
Ramin Qubaya getdik. Yolda ayaqyoluna düşmək üçün maşından düşdü.
Qayıdanda hiss etdik ki, ağ iyləyib. Kefi kök idi. Danladıq. Bu
axırıncıdır, - dedi.
Amma axırıncı olmadı. Bir dəfə atası mənə zəng vurdu. Raminin
Xətai polisinə aparıldığını dedi. Getdim. Kişi məni orda
gözləyirdi. Polisin həyətinə girdikdə tanış bir sifət gördüm.
Yadıma sala bilmədim. Polislərlə görüşüb, Raminin oğlunun kirvəsi
olduğumu dedim. Tanış polis dostum vardı. Yardımçı oldu.
Razılaşdıq, 1500 manat verib, Ramini götürdük. Çölə çıxanda həmin
polis qulağıma pıçıldadı:
- Ramində heç nə tapılmadı. Dostu "nakolka" vermişdi. De ki
ondan uzaq olsun.
Qabil kişi:
- Gəl, səni Raminin dostu ilə tanış edim. Yaxşı oğlandır. Bizə o
xəbər verdi. Gedib danışmışdı. Ondan 3000 manat istəmişdilər. Yaxşı
ki, özünü yetirdin.
Raminin dostuna yaxınlaşdıq. O uzaqlaşmaq istəsə də, gec idi.
Onu tanıdım. 10 saylı Cəza evində görmüşdüm. Yevlax əhlindən
idi...
Bir neçə ay da keçmişdi. Raminlə telefonla əlaqə saxlayırdıq.
Bir gün atası Qabil kişi mənə zəng etdi:
- Faiq, sənə bir söz deyim, amma qorxma, toxtaq ol, sabah
Raminin 40-dır. Çox istədim orda olasan...