Aydın Dadaşov yazır...
Ənvər Paşa fenomeni
XVlll-XlX əsrlərin
qovşağında "Min bir gecə" kitablarının yüksək tirajla nəşr olunduğu
Almaniya və Fransada geniş vüsət alan romantizm cərəyanı folklordan
maksimum yararlandığından əsərlərin məzmununda millilik,
təhkiyəsində isə xətti nağıl modeli önə keçdi. Bu modeldə musiqiyə,
mahnıya və rəqslərə yer verilməsi dramaturji strukturun
sadələşməsinə və ideyanın dağınıqlığına səbəb oldu. Romantizm
zəminində yaranan əsərlərdə hissiyyata söykənən yaradıcı təxəyyülün
hüdudsuzluğu simvolizmi qabartdı. Bu simvolizmdə iblislər, mələklər
kimi səmavi personajlarla yanaşı, danışan kölgə və xəyal kimi
fantaziya məhsulları da yarandı.
Azərbaycan romantizminin Əhməd
bəy Ağaoğlu (1868-1939) və Əli bəy Hüseynzadə (1864-1940) kimi
böyük nəzəriyyəçiləri bu cərəyanın öncə insanlıq, sonra isə
müsəlman dini, türk millətçiliyi və qafqaz yerliçiliyi ideyaları
üzərində bərqərar olmasını önə çəkirdilər. Avropanın təsirilə XlX
əsrin ikinci yarısından başlayaraq Osmanlı ədəbiyyatına, sənətinə
və mətbuatına nüfuz edən romantizm ruhunda bu cərəyan dini və milli
ideyalar zəminində tədricən Azərbaycanda da formalaşdı. Rus və fars
şovinizminin zülmünə məruz qalmış xalqının gələcək taleyi ilə bağlı
mühüm məsələlərin həllini yalnız türk və islam dünyası kontekstində
görən Əli bəy Hüseynzadə 1905-11-ci illərdə bütöv Azərbaycan
ideyasının reallaşması yolunda vacib addım olan İran inqilabının,
Səttarxan hərəkatının gətirəcəyi mədəniyyətə xüsusi əhəmiyyət
verirdi. Cəhaləti, nadanlığı daim qamçılayaraq azadlıq ideyalarını
bəyan edən Əli bəy Hüseynzadənin real müstəvisi, sadəcə məhdud
məkan çərçivəsində deyil, hüdudları olduqca geniş olan bir Turan
ölkəsi miqyasında idi. Və bu ideyanın reallaşdırılma imkanlarının
mümkünsüzlüyü məhz romantizmin təzahürü kimi özünü təsdiq edirdi.
Digər tərəfdən Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi
romantizmin ideoloqları ictimai şüuru formalaşdırmaq, sakini
vətəndaşa çevirən milli mətbuatı inkişaf etdirmək naminə kütlənin
hissiyyat dünyasına nüfuz edən romantizmdən bəhrələnmək yolunu
seçdilər.
23 noyabr 1903-ci ilin "Kaspi"
qəzetinin 275-ci sayındakı "Şekspirin "Otello"su və Şillerin
"Qaçaqlar"ı tatar dilində" məqaləsində Əhməd bəy Ağaoğlu dünya
dramaturgiyası ilə tanışlığı dəyərləndirməklə bərabər, romantizmin
təsirinə düşən yerli müəlliflərin yaradıcılığında peşə
cəbbəxanasının kasadlığına diqqət çəkirdi. "Orijinal əsərlərə
gəlincə, mənim fikrimcə, onların böyük hissəsi Avropa
klassiklərindən edilən tərcümələrin bir səhifəsinə belə dəyməz. Hər
dəfə tatar dilində orijinal bir əsər oxuyanda, yaxud, "rəy üçün"
hər hansı orijinal bir kitab alanda mən kədər hissi içində onlara
sərf olunan vaxta hayıfsılanıram" (116. səh. 273) deməklə xüsusən
dramatik əsərlərin yaranmasında dünyəvi nəzəri biliklərin
tətbiqini, yəni ideyanın maddiləşməsində vacib sayılan peşəkar
üslub göstəricilərini önə çəkirdi. Elmi-nəzəri əsaslarla yaranan
əsərlərin dünyəviliyini, sadəcə istedad hesabına yazılanların isə
məhəlliliyini vurğulayırdı... Sovet dövründə sosrealizmin bir sıra
tədqiqatçılarının, ədəbiyyatşünas kimi milli romantizmin ideoloji
əsaslarını məslək dostu Əli bəy Hüseynzadə ilə birgə quran Əhməd
bəy Ağaoğlunun sırf filoloji tələblərini bütövlükdə xalqa, millətə
yuxarıdan aşağı baxmaq kimi etik müstəvidə dəyərləndirmələri
təəssüf doğurur.
Əhməd bəy Ağaoğlu ilə Əli bəy
Hüseynzadənin bəşəri ideyalara, mütərəqqi amillərə və mənəvi
zənginliyə arxalanan dövlətçilik prinsipləri, mühitdə ictimai
fikrin zəifliyi səbəbindən real həyat gerçəkliyinin müqavimətinə
dözə bilmirdi. Xüsusən Əhməd bəy Ağaoğlu insanı mütiliyə səsləyən,
rəhbərləri tanrının kölgəsi hesab edən, susmağa və dözməyə çağıran
konservativ islamizmi önə çəkən, konkret zaman və məkan
parametrlərini əks etdirməyən didaktik ədəbiyyatın, ölgün musiqinin
əleyhinə çıxır, hər kəsi haqqın bərqərar olunması yolunda mənəvi
üsyana çağırırdı. Cəmiyyətdə keyfiyyət dəyişkənlikləri naminə
təlatümlər, qasırğalar qopara bilən böyük ədəbiyyatın yaranmasını
tələb edirdi. Məhz bu çılğın, dinamik ideyalara cavab verəcək
həyatla bağlı realist əsərlərin şərqdə yarana bilməməsi onu məyus
edirdi. O, ədəbiyyatı, sənəti sadəcə məlumatlandıran,
maarifləndirən, əyləndirən deyil, qlobal fikir yaratmaqla ictimai
şüurda çevriliş edib həyatın özünü dəyişdirən bəşəri fakt və amil
kimi görmək istəyirdi. Bu isə təhsil aldığı Avropa mühitində artıq
biznes fsktoru üzərində bərqərar olan, bazara yönəlikli modernizmə
keçid edən tənqidi realizm ruhunun təzahürü idi. Digər tərəfdən
tədqiqatçı filosof Şahnəzər Hüseynovun yazdığı: "Ağaoğlu məhz bu
idrakı baxımdan rus və ingilis ədəbiyyatının inkişafını nümunə
gətirir və onun fikrincə bu ədəbiyyatlar o qədər irəli getmişlər
ki, Rusiyada və İngiltərədə təsvir edilməmiş, canlandırılmamış tək
bir çay, tək bir meşə, tək bir çöl, tək bir heyvan, tək bir insan
və həyat tərzi qoymamışlar. O, ədəbiyyatda bu cür təsvirlərin həm
estetik, və həm də, ictimai nöqteyi – nəzərdən tərbiyəvi
təsirlərinin böyüklüyünü xüsusi olaraq qeyd edir" (1.s.121) kimi
mülahizələr peşəkar filoloqun ədəbiyyatımızın təbiət mənzərələrinə,
hadisələrinə meydan verən romantizm mərhələsini keçməsinə israrlı
olduğunu təsdiqləyir. XlX əsrin ikinci yarısından başlayaraq insan
faktorunun önə çəkildiyi, humanizmin az qala cərəyana çevrildiyi,
tənqidi realizmin möhkəmləndiyi Qərbdən və Rusiyadan fərqli olaraq
Osmanlı ədəbiyyatında gecikmiş təzahürünü tapan romantizmin
strukturunda vətənpərvərlik mövzusunun önə keçməsi ictimai fikri
istiqamətləndirəcək ilk qaranquşlar kimi Əhməd bəy Ağaoğlunu
sevindirirdi.
Akademik K.Talıbzadənin
yazdığı: "Ə.Ağayevə elə gəlirdi ki, Azərbaycan öz mənəvi
inkişafında çox geridə qalıb o, hətta, Avropadakı fikri
cərəyanlarını mənimsəmək üçün belə yetişməyib, odur ki, bizim
müəllimlər, yazıçılar nahaq yerə bədii yaradıcılıqla məşğul
olurlar. Onların yazdıqları tamamilə təsirsizdir: "Heyhat! Biz
onlar haqqında düşünmək üçün həddindən artıq miskinik, yoxsuluq.
Biz hələ o təmənnada olmamalıyıq. Bizə dolanmaq üçün gündəlik
kasıbyanə pay lazımdır. Təəssüf ki, vəziyyətimizin bu cəhətinin
aydınlığına baxmayaraq bizi də süstlük bürümüşdür...
Müəllimlərimizin sinifdən kənar bütün fəaliyyəti heç nəyə yaramayan
komediyalar, gülünc dramlar və son dərəcə pis qrammatikalar yazmağa
həsr olunmuşdur. Və bütün bu ədəbi cəfəngiyyatı bazara çıxaran
bizim pedaqoqlar, yarışlardan çıxmış qaliblər kimi asudə nəfəs alır
və özlərinin bu fəaliyyətləri ilə doğma ədəbiyyatı
zənginləşdirdiklərinə, dili inkişaf etdirdiklərinə, bəşəriyyətə
böyük xidmətlər göstərdiklərinə ciddi inanırlar. Heç bir mübahisə
və dəlil ilə siz bu yazıçılıq xəstəliyinə tutulmuşları inandıra
bilməzsiniz ki, onlar heç kəsə xidmət etməmişlər...Bu isə o
deməkdir ki, siz boş yerə öz qiymətli vaxtınızı itirirsiniz,
çağrılmayan yerə gedirsiniz, o yerə ki, siz orada ancaq naşı və
yadsınız" (2. s.274-275) mülahizələrini sosrealist tənqid
kontekstində olsa belə ədəbi mühitə çatdırırdı. Kamal Talıbzadə
dövrün diqtəsi ilə Əhməd bəy Ağaoğlunun "Kaspi" qəzetinin 4 oktyabr
1903-cü il 213-cü sayında dərc etdirdiyi bu fikirlərini qəbul
etməsə də: "Əlbəttə, Ə. Ağayevin məqalələrində ədəbi inkişafın
çətinliklərindən doğan ürək ağrısı da var idi, o, öz ədəbiyyatını
Şekspir, Şiller, Hüqo, Dostoyevski və Tolstoy səviyyəsində görmək
istəyirdi, bu dahilərin əsərləri vasitəsilə "zövqləri hərəkətə
gətirməyə", müsəlmanların "əqli qənaətlərini, hisslərini tərbiyə
etməyə" çağırırdı" (2. s.275) qənaəti peşəkar tədqiqatçı mövcud
mülahizələrin həqiqətə uyğun olduğunu qəti inkar etmədiyini
sezdirirdi.
Qərbin demokratik dəyərlərinə arxalanan milli maarifçiliyin ilk
öncə türk dünyası kontekstində həyata keçirilməsini məsləkinə
çevirən Əhməd bəy Ağaoğlu özünün "Mən kiməm" əsərində yazdığı: "Mən
içimdə çox səmimi və qızğın millətpərvərəm. Türkün yüksəlişi üçün
çalışmaq, onun izzəti nəfsini, şərəfini, haqqını, hürriyyətini
müdafiə üçün özümü təhlükəyə atmaq fikrini sevinclə qəbul edirəm"
(3. s.57) fikirlərindən göründüyü kimi o, romantizmə xas
çılğınlıqla doğrudan da həyatını millətinin yolunda fəda etməkdən
belə çəkinmirdi. İslamın modernləşdirilməsinin nəzəri əsaslarını
yaradan Əhməd bəy Ağaoğlunun bu ideoloji platforması barədə Kamal
Talıbzadə yazdığı: "Ə. Ağayev belə fikirdə idi ki, "Asiya
xalqlarına həyatı ilk dəfə xatırladan, onlara "göyləri yuxusundan
oyadan", göylərlə bərabər yeri də göstərən islam dini olmuşdur" (2.
s.278) İslam dinini özü üçün əsas təhlükə sayan, "yaşıl təhlükə"
hesab edən çarizm siyasəti bu dinin mütərəqqi əsaslarını araşdıran
maarifçilərə qarşı qəti və barışmaz mövqedə dururdu. Dini
maarifçilik ideyalarının öndərləri, şərqşünas kimi Avropada belə
məşhur olan, Peterburqda və Parisdə hüquq təhsili görmüş, 1892-ci
ildə şərqşünasların Londonda keçirilən konqresində məruzə etmiş,
ərəb, fars, rus, fransız dillərini mükəmməl bilən Ə. Ağaoğlu və
onun məslək dostu, babası Qafqazın şeyxülislamı Axund Əhmədin
himayəsində böyümüş, Peterburq Universitetində Mendeleyev, Vaqr,
Jukovski kimi müəllimlərdən dərs almış Ə. Hüseynzadənin tutarlı
fikirləri qarşısında mühafizəkar çarizm siyasəti duruş gətirə
bilmirdi. Qlobal maarifçiliyi önə çəkməklə ictimai fikri strateji
məsələlərə yönəldən bu maarifçilərin bəşəri ideyaları ilk öncə hər
kəsə, cümləyi insanlığa və sonra millətə sevgi üzərində bərqərar
olurdu. "Füyuzat"ın 1906-cı il 6-cı sayında Əli bəy Hüseynzadənin
"Nicat məhəbbətdədir!" məqaləsindəki: "Məhəbbət nədir? Məhəbbət
insanların haqq yolunda bir-birlərini və hər birini cümləyi
sevməyindədir" (4. s. 99) fikirləri bu humanist mövqeyin
təsdiqidir.
Savadsızlığı və nadanlığı qorxulu bəla hesab edən Əhməd bəy
Ağaoğlu özünə məxsus modernist təfəkkürlə tənqidi realizmin
nihilizm metodunun imkanlarından anında istifadə etməyi bacarırdı.
Əli Bəy Hüseynzadə isə onun əksinə olaraq şanlı türk tarixinin
görkəmli simalarını vəsf edirdi ki, onlardan da biri kürreyi ərzi
fəth etmək iqtidarında olan Əmir Teymur idi. Ə. Ağaoğlu
"Panislamizm, onun səciyyəsi və istiqamətləri" (1900), "İslamın
mənşəyi və onun xristianlığa və yəhudiliyə münasibəti" (1903),
"Ricəti islam" (1909) kimi fundamental əsərlərində və məqalələrində
İslam dinini elmi baxımdan araşdıraraq Məhəmməd peyğəmbəri
mənəviyyat mücəssəməsi kimi göstərir. Ə.Hüseynzadə "Siyasəti
fürusət" əsərinin "Teymurnamə" bölməsində alimlərin, ədiblərin
söhbətini sevən, dünyanın üləma və füzəlasını başına toplayan böyük
hökmdarın dilindən "Tarix, coğrafiya, psixologiya, riyaziyyat,
həndəsə, sövqül-ceyş və təbiətülceyş kimi elmlərə həqqilə vaqif
olmadan müharibə meydanlarında zəfər qabil degildir" (4. s.79)
deyən bu tarixi şəxsiyyətin hərb, elm və mədəniyyət sahəsində
nailiyyətlərindən vəcdə gəlirdi.
1 aprel 1873-cü ildə
İstanbulun Gedikpaşa teatrının səhnəsində, peşəkar türk
dramaturgiyasının və jurnalistikasının banilərindən biri Namik
Kamalın bir il əvvəl yazdığı, Güllü Agop şikətinin səhnələşdirdiyi,
"Vətən və ya Silistrə" tarixi mövzulu pyesi 15 may 1853-cü ildə
Osmanlı ilə Rusiya arasındakı Kırım
müharibəsinin qaynar çağında köhüllü olaraq vətənin müdafiəsinə
qalxan, yaralansa da döyüşdən çəkilməyən İslam bəyin sevgilisi,
qiyafəsini dəyişərək Adəm adı altında vətənə qalibiyyət
qazandırmaqla, finaldakı toyla istəklisinə də qovuşmaqla folklordan
yararlanan milli məzmunlu, xətti dramaturji modelli romantik əsəri
səciyyələndirir. Zəkiyyənin dilindən səslənən: "Lütf ediniz, cocuqlarınıza da
dövlət yolunda ölməyə icazə verin. Bu qədər gənclər vərəmdən,
vəbadan ölüyor, bir-ikisi də qurşundan, güllədən ölürsə nə olur?"
(5. s.118) sözlərindən göründüyü kimi müəllif əsərində insan
faktorunu arxa plana atmaqla, vətənpərvərlik kimi ülvi borc hissini
önə çəkir. Namik Kamalın həbs edilərək Maqusaya sürgün edilməsi
dövlətçilik ənənəsinə malik, qanunların işlədiyi Osmanlıda real
məntiqə deyil, hissiyyat gerçəkliyinə söykənən, üstəlik aradan üç
il keçmədən pyesin alman, fransız, rus dillərinə tərcüməsində
yəhudi, masson barmağı olduğu etimal edilən romantizm cərəyanının
qəbuledilməzliyi təsdiqlənir. Osmanlı imperiyası tarixindəki
zəfərlərin başında yalnız sultanların durması faktının ədəbiyyatda
da digər qəhrəmanlara yer verilməzliyi reallığın gərdişi ilə
sarsılmaqda idi. Belə ki, istehsalın fasiləsizliyinin təminatı
fonunda silah cəbbəxanasını da yeniləşdirən Qərbin fonunda saray
həyatına uyan sonuncu sultanların ali baş komandanlıqdan
uzaqlaşmaları həyatda olduğu kimi ədəbiyyat və sənətdə də yeni
qəhrəmanlara tələbat yaratdı.
22 noyabr 1881-ci ildə
İstanbulda dəmiryolçu Hacı Ahmet bəylə, alban əsilli Ayşə xanımın
ailəsində dünyaya gəlib Manastır şəhərinin hərbi rüşdiyyəsini
(1894), Soyuqçeşmə əsgəri idadisini (1897), Hərb məktəbini (1899)
ve Harp Akademisini (1902) bitirən, kurmay yüzbaşı kimi
Makedoniyanın müxtəlif bölgələrində xidmət göstərib minbaşı rütbəsi
qazanmaqla üçüncü Ordunun Manastırdaki baş qərargahına (1906)
gətirilən Ənvər bəy - İsmail Ənvər türk xalqlarının tarixində və
ədəbiyyatında parlaq simaya çevrilir.
23 iyul 1908-ci ildə Türkiyədə
konstitusiya, parlament, məfkurə və mətbuat azadlığının elan
edilməsi ilə ictimaiyyətdə yaranan çaşqınlıq uzun illər imperiya
əsarəti altında yaşayıb təkhakimiyyətliliyə alışan millət üçün
təəccüblü deyildi. Bununla yanaşı, sultanın hüquq və demokratiyanın
tələbinə boyun əyməsi konstitusiyanın mahiyyətini bilməyənləri belə
vəcdə gətirməklə hərəkatın uğuruna təminat verirdi. Millətlərin və
dinlərin qardaşlaşması fonunda konstitusiya anlayışı birgə yaşayışa
mane olan köhnədənqalma nifrət və həqarətə üstün gəlirdi. Bu mənəvi
coşqunluq dövlətçilik strategiyasını unudan Gənc türklərin Turan
romantizminin azlıqda qalan millətləri təşvişə salması sayəsində
boğuldu və gözlənilən parlamentin əvəzində çoxsaylı cırtdan
partiyaların yaranması ilə iflasa uğradı. Səbəb isə yeni formalaşan
panislamizmin timsalına çevrilən Sultan Əbdülhəmidin avtoritar
despotizminə öyrənmiş çoxmillətli xalqın liberalizmdən uzaqlaşan
Gənc türklərə inamsızlığı idi. Sultanın mərkəzi fiqur olduğu
panislamizmin düşməninə çevrilən Gənc türklərdən başqa daxildə və
xaricdə türkə nifrətin miqyasını dərk edən, yeni turançılıq
ideyasını önə çəkən qüvvələrin düşüncə mənbəyi krımlı İsmayıl bəy
Qasprinski, qarabağlı Əhməd bəy Ağayev və volqaboylu Akçuroaoğlu
kimi rus işğalı ərazisində olan müsəlman türklər-tatarlar oldular.
Türkiyənin ictimai-siyasi problemlərini kənardan izləyən, çoxsaylı
məqalə və kitablar yazan, bu yüksək təfəkkür və peşəkar qələm
sahiblərinin qətiyyəti gələcəyin uğurlarının təminatı idi.
Panislamizm zəminində yaranacaq Osmanlı dövləti ideyasının iflasa
uğradığı bir şəraitdə bütün dünya türklərinin ümumi vətəni olub
keçmişlə gələcəyi özündə birləşdirən Turanın yeni ideyanın
simvoluna çevrilməsi ağlabatan görünürdü. Turan ideyasının romantik
cizgiləri xristianların, ərəblərin və digər qeyri-türk xalqlarının
xəyali səslənən səltənətin dövlət birliyindən çıxmasını hələ ki,
təhlükəsiz sayırdı. Beləliklə, dövlət sərhədləri ərəb, Balkan
dünyasını deyil, ucsuz-bucaqsız Asiya çöllərini əhatələndirən və
hələ ki, əsasən çar Rusiyasının müstəmləkəsi kimi inləyən türk
xalqlarının gələcək taleyi gündəmə gəldi. Qeyri-türk müsəlmanların
turançılıqdan kənarda qalmaları dövlətçilik üçün yeni problemlər
yaratsa da, bu ideyanın gerçəkləşməsində sürətli hücumla "iyirmi
dörd saat ərzində səksən kilometr qət edə bilən" mifik qəhrəman
Ənvər bəyin (1881-1922) İstanbulun Avropada arxa cəbhəsi olan
Trakiyanı azad etməsi onu Gənc türklər hərəkatının, Turan
millətçilərinin vuran əlinə çevirdi.
5 mart 1909 - cu ildə hərbi
müşavir kimi Almaniyada işə başlayıb, tezliklə Berlində türk
səfirindən də çox tanınmaqla imperator ailəsinin belə sevimlisi
sayılan 28 yaşlı minbaşı Ənvər bəy, Osmanlı sarayı ilə İttihad və
tərəqqi partiyasının iradəsilə Sultan Əbdülməcidin nəvəsi, 12 yaşlı
Naciyə (1898-1957) ilə üzünü görmədən, qiyabi olaraq nişanlanaraq
məktublaşmaqla bir-birlərini təbrik edirlər. İki il sonra Ədirnə
qəhrəmanı kimi məhşurlaşanda ilk dəfə fotoşəklini gördüyü Naciyəyə
yazdığı: "Sizi
gördüğüm zaman ne hisse kapılacağımı tahmin dahi edemiyorum" deyə daxilindəki çırpıntıları səmimi etiraf
edir. "Resminizi ne
yaptığımı biliyor musunuz? Büyük yazı masamın ön gözüne koydum. Günde bilmem kaç defa açarak, kalbim çarparak seyrediyor, sonra
öpüp kilitliyorum. Fakat en
meşgul zamanlarımda bile fasılaların on dakikadan fazla
olmadığını söylersem gülmezsiniz değilmi ruhum?" kəlmələri və sualları igid sərkərdənin daxilindəki romantik dünyasından xəbər verir.
24 iyul 1911-ci ildə Berlindən
yazdığı: "İki gözüm, Sultanım, Efendim... Siz hiç olmazsa benim
resmimi gördünüz, ya bendenizde o da yok. Karanlıkta gözlerimi
kapar, sizin hayalinizi gözümün önüne getirmek isterim. Yatarken
Allahımdan hiç olmazsa rüyada olsun sizi bir kerecik göstermesini
dilerim. Fakat şimdiye kadar hiç muvaffak olamadım. Haşa sümmehaşa,
nasıl Cenabı Hakkı bir şekil vermeden seviyorsam, sizi de şimdi bir
ruhu latif olarak, şeklinizi düşünmeden seviyorum…Artık sizin
hayalinizle meşgul olarak yatağıma gireceğim. Bundan evvel bütün
kalbimle saadetinizi temenni ederek sizi kucaklar, gözlerinizden
öperim iki gözüm… - Enveriniz" sətirləri ülvi duyğuları
canlandırır... Həmin ilin sentyabrında Osmanlıdan Trablisin ona
tələb edərək rədd cavabından sonra hücuma keçən İtaliya ordusu
Ənvər Paşa və Mustafa Kamal paşanın könüllü qüvvələrinin
müqavimətini qırdıqda, 18 oktyabr 1912-ci ilın Lozanna sülh
müqaviləsinə görə, Trablislə Kirenaika Liviya adı altında İtaliyaya
verildi.
4 oktyabr 1912-ci ildə
başlanmaqla 25 sentyabr 1913-cü ilə qədər davam edən Balkan
müharibəsində, İttihadçıların xarici siyasətinin zəifliyi
ucbatından Qərbin və xüsusən Rusiyanın dəstəklədiyi,
Bolqarıstan, Serbiya və Yunanıstanın Türkiyəyə qarşı öz qüvvələrini
birləşdirdiyi məqamda ölkəsinə dönən Ənvər bəy düşmən ordusunun
Çatalcada durdurulmasında, hələ 1828-ci ildə Rusların ələ
keçirdikləri Ədirnənin qaytarılmasında bir gündə 20 min nəfərin
həyatı bahasına olsa da, önemli rol oynamaqla şəninə nəqmələr
qoşulan, hətta almanların Türkiyəyə gələn qatarın üzərinə təbaşirlə
"Ənvərin ölkəsi" yazdıqları yarımmifik romantik qəhrəmana
çevrildi.
1 yanvar 1914-cü ildə paşa rütbəsinə layiq görülməklə hökumətdə
hərbi nazir vəzifəsini tutan, həmin ilin 24 fevralında 16 yaşlı
Naciye Sultanla (1898-1957) ailə quran, bir il əvvəl hərbi
çevrilişlə öndərlərindən olduğu İttihat və Tərəqqiçilərin iqtidara
gəlməsinə nail olan Ənvər Paşa Almaniya ilə hərbi ittifaqın və Osmanlı dövlətinin
Birinci Dünya müharibəsinə
daxil olmasının təşəbbüskarlarından birinə çevrilməklə müharibə
illərində Hərb naziri vəzifəsini yerinə yetirir.
19 iyun 1914-cü ildə
Avstriya-Macarıstanın Serbiyaya hücumu ilə Birinci Dünya Müharibəsi
başladığından Almaniya dövləti pravoslav Serbiyanın müdafiəsi
məqsədilə geniş səfərbərlik həyata keçirərək Rusiya, onun Antanta
üzrə müttəfiqləri Fransa və İngiltərə ilə müharibə vəziyyətinə
girir. Almaniyanın Belçika ərazisindən Fransaya, Rusiyanın Şərqi
Prussiyaya hücumunun külli insan tələfatına səbəb olmasından sonra
Yaponiyanın Antanta, Türkiyənin isə Almaniya–Avstriya blokunda
birləşməsi müharibəni daha da qloballaşdırdı. Sonrakı mərhələdə
İtaliya və Rumıniyanın Üçlər ittifaqına, Amerika Birləşmiş
Ştatlarının isə Antantaya qoşulması bütün Yer kürəsini lərzəyə
gətirdi. Əsrin əvvəllərindən intensiv şəkildə Almaniyanın əsas
siyasi və hərbi müttəfiqinə çevrilmiş Türkiyənin hakim İttihad və
Tərəqqi partiyasının liderlərindən bir çoxunun bu ölkə ilə yaxın
əlaqələri və xüsusən bir neçə il hərbi attaşe kimi Almaniyada
çalışmış Ənvər Paşanın II Vilhelmlə şəxsi dostluğu münasibətlərə
emosional çalar da verirdi. Həmin dövrdə Rusiyanın ərazisi sayılan
Azərbaycan ictimai fikrində ölkənin müharibə apardığı düşmən tərəfə
rəğbətin gündən-günə artması paradoksal vəziyyət yaradırdı.
Mətbuatda gedən məqalələrdə Birinci Dünya Müharibəsində ərazilərin
yenidən bölüşdürülməsi prosesində Azərbaycanın gələcək qazanc
imkanları müzakirələrə çıxarılırdı.
20 dekabr 1914-cü ildə
Rusiyanın Osmanlıya müharibə elan etdidə ertəsi gün türk
qoşunları Ənvər
Paşanın komandanlığı altında
Qars-Batum istiqamətində Qafqaza Cənubi Qafqazla bərabər
Cənubi
Azərbaycan ərazisinə daxil
oldu. Qara dənizdə üstünlük qazanan çar donanmasının Osmanlıya
ərzaq, döyüş sursatı və pal-paltar gətirən gəmilərin batırması
səbəbindən hələ də qış geyiminə keçməyən ordunun təhcizat məsələsi
bərbad idi. Sarıqamış əməliyyatından əvvəl Allahu-Əkbər dağında,
dondurucu bir şaxtada silah-sursat yoxluğundan əziyyət çəkən 90
minlik ordunun əsgərlərini romantik pafoslu çıxışı ilə qarşıdakı
düşmənin imkanlarını nəzərə almadan Qafqazlara səsləyən Ənvər Paşa
Osmanlı tarixinə 78 min əsgərin (rusların itkisi 26 min idi. A.D)
məhv olub, donub əsir düşdüyü Sarıqamış faciəsinin günahkarı kimi
düşür.
1 yanvar 1915-ci ildən başlayaraq Türkiyənin hərbi naziri Ənvər
Paşanın əmisi Xəlil bəyin rəhbərlik etdiyi Türk Ekspedisiyası
Korpusunun İranın Təbriz, həmin ilin yazında isə Urmiya
əyalətlərinə daxil olması şimallı-cənublu bütün Azərbaycanda ruh
yüksəkliyi ilə yanaşı, rus qoşunlarına qarşı mübarizə üçün də real
şərait yaradır. Həmin ildə Almanlarla dövlət səviyyəli
münasibətlərini davam etdirən Ənvər Paşanın adı vaxtilə yaşadığı
Potsdam şəhərindəki, 1901-ci ildə tikilib, 1945-ci ilin yayında
partladılacaq körpüyə verilir.
23 aprel 1916-cı ildə isə türk
ordusunun Süveyş kanalına yürüşündə ingilis süvari alayının əsir
alınması dünyanın Şərqə münasibətini dəyişir. Tezliklə Rusiyada baş
verən inqilabın nəticəsində bu ölkənin xarici siyasətinin arxa
plana atılması Turan səltənəti xəyallarının gerçəkləşməsinə imkan
verir. Bu ideyanın reallaşması missiyasını üzərinə götürən Ənvər
Paşanın cənub cəbhəsindən vaz keçərək şimala və şərqə üz tutması
ərəb dünyasında ingilislərin əl-qol açmasına şərait yaradır. Həmin
ilin sonunda türk torpağını zəbt etmiş iki yüz minlik qoşunundan
otuz mininin itirilməsi fonunda Dardaneldən silah keçirə bilməyən
rus ordusunun məğlub olması çarizmi məhvə uğradan əsas səbəblərdən
biri olur.
15 dekabr 1917-ci il də gənc dramaturq
Cəfər Cabbarlının
"Ədirnə
fəthi" pyesinə H.Z. Tağıyev teatrının
səhnəsində quruluş verən Abbas Mirzə Şərifzadə Ənvər bəy rolunu da
uğurla ifa edir. Əsərdə mücərrəd ideya daşıyıcısı Şeyxin dilindən
səslənən: "Çağırın, İtaliya kimi qüvvətli bir hökumətin 3 yüz
minlik müntəzəm ordusunu... bir ovuc çılpaq ərəblərlə taru-mar
еdib, dənizlərə tökən Ənvərləri, qoyunuz onlar da milləti ya
büsbütün məhv еtsinlər, yaхud şərəf və namusla yaşatsınlar"
(6.s.176) çağırışı baş qəhrəmanı səciyyələndirməklə yanaşı "olum ya
ölüm" dilemması konkretləşdirilən ədalətin bərpasına deyil,
romantik milli qürurun qorunmasına yönəlir. Pyesdəki son
monoloqunda Ənvərin: "Еy qəhrəman türklərin igid balaları! Siz
şanlı türk övladları olduğunuzu hеç hərbə girmədən bu qədər böyük
məsafəni 3 günə piyada gəlirkən, sübut еtdiniz! Qardaşlar, biz
Ədirnəyə kimsəni əzməyə gəlmədik, biz kimsəyə hücum еtmək, kimsəni
tapdamaq istəmədik və kəndimizin də tapdanmamasına yol vеrmərik.
Bunu görməkdənsə, ölümümüzü görmək istərik. Еy Şərq günəşinin
hərarətli qoynunda bəslənən azad Asiyanın istiqanlı, igid
balaları... Qarışqalar kimi ayaqlar altında tapdanmağa da həyatmı
dеyirik? Хayır, türk olduğunu anlayan hər kəs, bunu qəbul еtməz!
Yеrin üstündə yatmaqdansa, altında yatmaq daha gözəl dеyilmi?" (6.
s.192) kəlmələri Rusiyanın inqilab dalğasından vəcdə gələn çıxış
yolunu türk birliyində görən gənc, romantik müəllifin mövqeyinə
çevrilir. Ənvər bəyin: "Bu gün Ədirnəni bütün Avropanın tələbinə
rəğmən хilas еdən kimdir? Nədir biliyormısınız? Türk millətinin
qəlbində oyanan intibah! Həqiqi bir insan kimi yaşayan intibahi bir
hiss, intibah! Onu yaşadacaq və üzərinə bütün Avropa, bütün dünya
qalхarsa, susdurmayacaqdır" xitabının qətiyyəti romantizmin
keçmişlə öyünmə göstəricisini səciyyələndirir "Ola bilər bundan
sonra bizi döysünlər, əzsinlər, fəqət naümid olmamalı,
qorхmamalıyıq. İsbat еtməli və əmin olmalı ki, təsir altından
qalхaraq, varlığıyla bütün dünyaya qarşı sеyr еdib dеyəcəklər: Ya
Türkiyə şərəf qoynunda, ya Türkiyə ölüm qoynunda!" çağırışı
şüarçılıqla süslənir və "Хalq: "Yaşasın Ənvər bəy" – dеyir"
remarkasından sonra, əsas personajön: "Haydı qardaşlar, qəhrəman
əsgərlər, yorulmuşsunuz, istirahətə. Yarın isə tərsa kilsəsinə
doğru hərəkət еdəcəyik" (6. s..193) qərarı pyesi radikal islam
ideyasında sonuclayır.
10 mart 1918-ci ildə Abbas Mirzə Şərifzadənin rəhbərliyi ilə
"Bakı Müsəlman Aktyоrları İttifaqı" Şərqdə ilk prоfessiоnal teatrın
yaranmasının 45-ci ildönümünü münasibəti ilə "İsmailiyyə" binasının
zalında göstərdikləri, Cəfər Cabbarlının "Trablis müharibəsi və ya
Ulduz" pyesinin strukturunda da müəllifin heyranlığının azaldığı
Ənvər bəy mühüm yer tuturdu. Pyesdə İzzət paşanın dilindən
səslənən: "Ənvər, oğlum! Siz çoх sərtsiniz. Bir dəfə diqqətlə
vəziyyəti еlə ölçərsiniz, yüzə bеş yüz çəkilmək məcburiyyəti hasil
olur. Biz ölümdən qorхmayırıq. Fəqət nəticəsiz qırılmadan nə
fayda?" (6. s.141) cümlələri sənədli personajın xasiyyətini
müharibədəki məqlubiyyyətin səbəbi kontekstində qabardır. Digər
personaj, Harisin dostuna: "Şüеyb, mənim də əlim onun üçün soyumuş!
Mən də istərəm düşmənlə üzbəüz durub, açıq çarpışaraq, məğlub
еdəsən. Fəqət italyanlar bilirlər ki, İzzət paşa şəhəri saхlamaz.
Şəhər altında müharibə olursa, ancaq Ənvər еdəcəkdir. Onda da
qüvvəsizlikdən bir şеy еdə bilməyəcəksə də, fəqət əvvəlcə onu
öldürməklə, minlərlə əsgərlərini ölümdən qurtarmaq istəyirlər" (6.
s.142) dəyərləndirməsi romantik qəhrəmanın əvəzolunmazlığını
qabardır. Harisin mətnindəki: "Hərbi aparan Ənvərdir. Orada cəbhə
хəttini yarıb arхamıza kеçən və toplarımızı susduran da odur"
informasiya dəyərləndirməni davam etdirsə də: "Mən onun sеvgilisini
qaçırmışam. O mənim qanıma susayır. Bəlkə də buraya ardımca
gəlmişdir. Fəqət mən ondan qabaq, onu öz sеvgilisinin qabağında
öldürmək istəyirəm (6. s.149) cümlələri melodrama üçbucağının şəxsi
motivini önə çəkməklə ictimai faktoru arxa plana atan romantizmin
mahiyyətini qoruyur. Ramizin: "Biz əvvəl qarşımızda başlı-ayaqlı
bir düşmən olduğunu zənn еdib, çəkildik, sonradan yatmışkən
öldürtmək istədiyiniz Ənvər gəlib, qarşımızdakı bir düşmən dеyil,
ancaq və ancaq qadınlara səcdə еdən və Kamança çalmağı bacaran
romalılar olduğunu anlatdı. Biz də müqabiləyə başladıq" izahı isə
romantizmin milli mənsubiyyət heyranlığı kimi digər faktoruna
söykənir. Romantizm ruhunda şzündən əvvəl səsi gələn Ənvərin:
"İstiqamət, qarşıdakı qazmalar! Əsgər, hücum! Allah! (Əsgər
səhnədən kеçir, özü də əlində qılınc) Haydı, qardaşlar, irəliyə!
Allah! (Müхtəlif komandalar, toplar, tüfənglər..." (6. s.153) kimi
qırıq mətni, məntiqsiz remarkası sadə strukturlu romantizmə
sədaqətini melodrama janrında qoruyur.
Gənc C.Cabbarlının İtaliya,
Balkan və nəhayət, Birinci Dünya Müharibəsi dövründə türk xalqının
istiqlal mübarizəsinin ən gərgin məqamlarını əks etdirən "Ədirnə
fəthi" (1917), "Trablis müharibəsi yaxud Ulduz" (1918) pyesləri
mövzu baxımından Asim Hacı Əbdürrəhmanzadənin "Ədirnə müharibəsi,
yaxud qəhrəman Şükür paşa", Rəhim Məmmədzadənin "Ənvər bəy, yaxud
Kamil paşa kabinəsi", Namik Kamalın "Osmanlı müharibəsi",
Məmmədbağır Əliyevin "Kamil paşa və yeni türklər" kimi pyesləri ilə
eyni mövzuda və strukturda olsalar da, onlar Yaxın və Orta Şərqin
milli azadlıq hərəkatı, xüsusən o dövrün ictimai həyatında təlatüm
yaradan Türkiyə problemlərinə biganə qalmayan müəllifin
yaradıcılığının romantizm mərhələsinin məhsuludur.
Birinci Dünya Müharibəsindən
sonra ərazilərini əldən verən osmanlılar inqilab nəticəsində
Rusiyanın parçalanmasından istifadə edib ötən əsrdə Türkiyənin
itirdiyi yerləri qaytarmaq fikrinə düşdülər. Bu dövrdə çiçəklənən
turanizmin romantik ideyalarından ruhlanan Ənvər Paşa itirilməkdə
olan səhralar əvəzinə tarixi ərazilərin birləşdirilməsinin vaxtı
gəldiyini dərk edirdi. İttihad və tərəqqi komitəsinin Qafqaz
şöbəsinin göndərişi ilə 1918-ci ilin martında məxfi tapşırıqla
Bakıya gələn Həsən Ruşeni buradakı həmfikirlərinin köməyi ilə
Şimali Qafqazda və Türküstanda turançılıq ideyasının tərəfdarları
ilə əlaqə qurmuşdu. Turanizmin liderlərindən Diyarbəkirdə
kürdçülükdən vaz keçib türkçülüyün qatl tərəfdarına çevriləna Ziya
Göyalp tarixi ərazilərdə yaşayan türklərin birliyini zəruri sayır,
panislamist Əhməd bəy Ağaoğlu Rusiya müsəlmanlarını türk milli
hərəkatına çağırır, Qafqazı qədim türk yurdu adlandıran Əli bəy
Hüseynzadə isə burada ya federativ, ya müstəqil müsəlman və gürcü
dövlətləri yaradılmasına, ya da ki, türklər yaşayan ərazilərin
Türkiyə ilə birləşdirilməsinə tərəfdar çıxırdı. Lakin həmin dövrdə
daxili və xarici siyasətini tam müəyyənləşdirməyən Osmanlı
diplomatiyası Zaqafqaziyanın müstəqilliyinə daha böyük maraq
göstərirdi. Çünki iqtisadi cəhətdən zəif dövlət olan Türkiyənin
parçalansa da, güclü resurslara malik Rusiya ilə bufer zonası
yaratması keçid dövrü üçün strateji cəhətdən də maraqlı
idi.
15 aprel 1918-ci ildə rus
imperializminin zülmündən təngə gələn acar türklərinin iştirakı ilə
osmanlıların Zaqafkom ilə səkkiz günlük davası nəticəsində
Acarıstan qırx ildən sonra yenidən Türkiyə ilə birləşdi. Həmin gün
eyforiyada olan müsavatçıların Gəncədə keçirilən toplantılarının
qətnamələrində silahlı dəstələrin yaradılması və türklərin köməyə
çağırılması məsələsi öz əksini tapdı. Əhməd bəy Pepinovla Trabzonda
danışıqlar aparan Məmmədhəsən Hacınski burada Ənvər Paşayla görüşdə
gürcü–türk münaqişəsinin həllinə də yönələn yeni sülh təşəbbüsü ilə
çıxış etməklə diplomatiya sahəsindəki bacarığını nümayiş etdirdi.
Türkiyənin Batuma üzərində hüququnun Rusiya tərəfindən tanındığını
önə çəkən Ənvər Paşa qondarma erməni siyasətinə uymaqla türklərə
düşmənçilik mövqeyində durmayacaq Gürcüstanın müstəqilliyini qəbul
edir. Həmin görüşdə M.Hacınski müstəqil Ermənistanın yaradılacağı
məsələsinə türklərin münasibətini öyrənmək istədikdə Ənvər Paşanın
ermənilər ingilis–rus siyasəti naminə türklərə qarşı fitnə-fəsada
son qoyarsa, Türkiyə onların erməni dövlətinin yaradılmasının
əleyhinə çıxmayacağını bildirməsi Osmanlı imperiyasının bu millətə
qarşı düşmən mövqedə olmadığına tutarlı sübutdur. Bu ərəfədə
Batumun tutulmasından sonra seym Vəhib paşanın sülh danışıqlarının
bərpası təklifinə müsbət reaksiya verdi və federativ hökumətin
yaradılması reallaşdı. M.Ə.Rəsulzadə Müsavat partiyası adından
Dağıstanla ittifaq və Bakının xarici casuslardan təmizlənməsi
məsələsini qəti şəkildə həll etdi.
31 aprel 1918-ci ildə
Almaniyanın İrandakı sabiq konsulu professor Q.Şreyder öz hökuməti
ilə Azərbaycan arasında vasitəçi olmağa razılıq verdikdən sonra
M.Hacınski Trapezund sülhməramlı nümayəndə heyəti tərkibində Ənvər
Paşa ilə danışıqlar aparır. Bu ərəfədə özləri üçün təhlükəni
cənubdan görən gürcü menşeviklərindən və erməni daşnaklarından
fərqli olaraq, azərbaycanlı müsavatçılar Rusiyaya bel bağlamaqdan
çəkinirdi. Məhz bu fikir ayrılığı strateji məqsədlərin həyata
keçirilməsi üçün taktiki gedişlər tələb edirdi.
2 iyun 1918-ci ildə Birinci
Dünya Müharibəsi illərində Şimali Afrikanın Liviya cəbhəsində
komandir olmuş minbaşı Nuru paşanın təlimatına əsasən "müstəqil
Azərbaycan islam dövlətinin xahişinə uyğun olaraq" müsəlmanların
bolşeviklərdən xilası üçün hərbi əməliyyata başlamaq nəzərdə
tutulsa da, bir sıra müsavatçıların ümumi düşməndən gözlənilən
təhlükə qarşısında tərəddüd etmələri məsələni uzadırdı. Yalnız Nuru
paşanın dost ölkənin siyasi işlərinə qarışmaqda dözümlülük
göstərməməsi gənc ölkənin gələcək taleyini müsbət həll etdi.
Azərbaycanın müstəqil dövlət olması Ənvər Paşanın Zaqafqaziyadakı
panturanizm siyasəti ilə üst-üstə düşməsə də, mayın sonunda onun
ana bir, ata ayrı qardaşı Nuru paşa komandanlıq etdiyi İslam Ordusu
qərargahını yaratmaq üçün Gəncəyə gəlir. Onunla görüşdə Cumhuriyyət
liderlərindən Məmmədbağır bəy və Nağı bəy və Şeyxzamanlıların böyük
bacısı Münəvvər xanımın oğlu, gənc folklorçu Salman Mümtaz Məhəmməd
Əmin oğlu xilaskar sərkərdəyə həsr etdiyi:
"Səmada yıldırım tek parlayan dəm tiğinin berqi
Işıqlandırdı şemsasa seraser alemi - Şarkı,
Nisarı - xaki - payınçün düzüldü bin güzel şərqı
Benim naçiz şeirimle veli var onların farqi
Mübarek vəchini görcek tapar əşarımız zivər,
Yaşa, ey gaziyi - əzam, yaşa, ey möhtəşəm Ənvər!"
sətirləri ilə tamamlanan "Ənvəriyyə" şeri gündəmə gəlir...
Şair-publisist Əliabbas Müznibin (Əhmədov) "Hürriyyət qəhrəmanı,
Ədirnə fatehi və Dardanel müdafei" epiqrafı ilə yazdığı "Qazi Ənvər
Paşa" şerində Bakını daşnak-bolşevik qırğınına məruz qoymuş
Şaumyanı qaçmağa məcbur edən "türk elinin qüvvəti", xilaskar ordu
komandanı şərəfinə söylədiyi: "Türkün qolu, türkün gücü, türkün
qılıncısan, Binlər yaşa bu şan ilə, ey sevgili Ənvər"- sözləri
dillərdə əzbər olur...
15 iyun 1918-ci ildə artıq Gəncə ətrafında olan Qafqaz İslam
Ordusu qüvvələri geniş miqyaslı döyüşlərə hazırlaşmağa başladılar.
Ənvər Paşanın müdafiə naziri olması, qardaşı Nuru paşanın hərbi
manevrlərlə yanaşı, siyasi gedişlər də etməyə şərait yaradırdı.
Məhz Osmanlı Türkiyəsinin daxili və xarici siyasətini tənzimləyən
İttihad və Tərəqqi partiyasının strateji maraqlarını önə çəkən Nuru
paşanın panislamizmin banisi Əhməd bəy Ağaoğlunu və xüsusən
Gəncəbasarda böyük nüfuzu olan, bu firqənin başçısı doktor Qarabəy
Qarabəyovu özünə müşavir təyin etməsi Qafqazdakı hərbi-siyasi
manevrlərdəki səhvləri minimuma endirməyə xidmət edirdi.
14 oktyabr 1918-ci ildə
atəşkəs şərtlərini yüngülləşdirmək naminə istefa verən Tələt Paşa
hökumətində hərbi nazir vəzifəsin itirən Ənvər Paşanı həmin ərəfədə
"Vatan ne Türkiye’dir Türklere, ne Türkistan; Vatan büyük ve
müebbet bir ülkedir: Turan" (7. s.5) sətirlərinin çağırışa
çevrildiyi "Türkçülüğün əsasları" əsəri ilə turançılığın parlaq simalarındən
birinə çevrilən Ziya Gökalp
bu romantik ideyanı
gerçəkləşdirəcək güvənli, iradəli, imanlı və ümidverən bir
ümummilli qəhrəman olaraq görürdü.
3 noyabr 1918-ci ildə,
İgilislərin İttihad və Tərəqqiçilərin həbsi qərarından sonra
partiya silahdaşları ilə birgə Almanların xırda torpedo gəmisində
Odessadan keçməklə Berlinə gedən, Hərbi məhkəmənin fərari kimi
qiyabi edama məhkum etdiyi Ənvər Paşa real personaj kimi dramaturji
kolliziyalar kələfində boğulan bədii qəhrəmanın həyatı
yaşayır.
19 may 1919-cu ildə kompassız,
xəritəsiz Samsuna yan alan "Pandorima" gəmisində Sultan Vəhdəddin
VI Mehmedin ittifaq dövlətlərinin zorakılığı ilə bölüşdürülən Şərqi
Anadoluda qayda-qanunu bərpa etmək üçün göndərdiyi, hamının Ənvər
Paşanın rəqibi kimi tanıdığı Mustafa Kamalın sultan iradəsinin
əksinə olaraq təşkil etdiyi milli mitinqləri və əhalinin beynəlxalq
hüququn tərkib hissəsinə çevrilən qərar və etiraz məktublarının
status qazanmaları yeni dövlətçiliyin başlanğıcı oldu.
Birinci Dünya Müharibəsindən
sonra artıq real dayaqlardan məhrum olan turançılıq ideyasının
həyata keçirilməsi üçün döyüşən Nuru paşa və Ənvər Paşanın
Türkiyəyə yeni qələbələr qazandırmaq istəkləri romantik görünürdü.
Bu ərəfədə Nuru paşanın qısa müddətli sülh sazişinə görə Osmanlı
qoşunlarını şimaldan təcavüz gözləyən Azərbaycanın ixtiyarına
verməyə çalışması isə Qərb imperializminə qarşı mübarizə aparan
Gənc türklərin Sovet Rusiyası ilə əməkdaşlığı fonunda perspektivsiz
görünürdü.
Birinci dünya müharibəsindən
sonra Ənvər Paşa xanımı Naciyə Sultanla, Mahpeykər (1917–2000),
Türkan (1919–1989), Əli (1920–1971) adlı üç körpə uşaqlarını
Almaniyaya köçən qardaşı Kamil Killigilə əmanət etməklə
Türkistanla bağlı tarixi missiyasını həyata keçirməyə
qərar verir. Və son vəsiyyətində amalı uğrunda həyatına son
qoyularsa xanımına və uşaqlarına sahib çıxmağı qardaşına
tapşırır... (Ərinin ölümündən sonra qərib diyarda qaynına ərə
getmək zorunda qalan Naciyə Sultanın Kamil bəydən Rana Eldem
(1926–2008) adlı bir qızı da doğulur)
1919-cu ilin iyul-avqust
aylarında Ərzurumda keçirilən Şərq Əyalətlərinin Hüquqlarını
Müdafiə İttifaqının iclasında Mustafa Kamalın bolşevizmi milli
hərəkatın ideologiyası hesab etməsə də, bu ideya altında rusların
xarici müdaxiləçilərə qarşı döyüşlərini qəhrəmanlıq adlandırması,
yeni Türkiyənin qorunması naminə hələ beynəlxalq aləmdə tanınmayan
Azərbaycan Respublikasının mənafeyinin az əhəmiyyətli görünməsinin
məntiqi mənzərəsini yaradırdı. Üstəlik Sovet Rusiyasının Türkiyəyə
hərbi köməyinin Azərbaycan Cümhuriyyətinin ərazisi vasitəsilə
həyata keçirilməsi fikri bu gənc respublikanın gələcək taleyini
indidən sual altına qoyurdu. Yenicə qurulmuş Azərbaycan dövlətinin
başı üzərində domokl qılıncı kimi asılan Rusiyanın işğalçılıq
siyasəti müstəqillik hüququnun tam bərqərar olmasına imkan
vermirdi. Hələlik Qızıl Ordu qüvvələrinin digər coğrafi regionda
vuruşması bir sıra vacib əhəmiyyətli məsələlərin həllinə şərait
yaratsa da, bütövlükdə müstəqillik tam hüquqi həllini tapmamışdı.
Özünün tarixi torpaqlarına sahib durmaq istəyən respublikanın 113,9
min kv.km ərazisinin 16,5 min kv.km-nin mübahisəli vəziyyətə
gətirilməsi Rusiyanın Qafqaz strategiyasına uyğun siyasi alət kimi
bütün həlledici məqamlarda istifadə olunurdu. Onu da qeyd edək ki,
ərazimizin sonrakı illərdə tədricən zəbt edilərək 86,6 min kvadrat
kilometrə qədər azalması və növbəti müstəqillik illərində təcavüzə
məruz qalaraq yenidən işğal olunması bədnam tarixin təkrarlanması,
həmçinin işğalçı siyasətin davamı kimi anlaşılmalıdır.
2 yanvar 1920-ci ildə
üzüntülərdən yatağa düşsə də həyat yoldaşına məktub yazmağa güc
tapan Naciye Sultanın: "Kıymetli Enverciğim!.. Doktorlar hastadır
diye rapor verdikleri halde bu hain İngilizler bana izin vermiyor,
beni ölüme mahkum ediyor. Oh! Enver bütün bu hakaretleri yaptıran o
amcam olacak hain adamdır. Fakat olsun, ben müteessir değilim.
Senin varlığın bana bütün acılarımı unutturuyor. Senin selametin,
afiyetin için her an Allahıma yalvarıyorum. Of! Sevgili Enver
minimini yavrularını görsen ne kadar seveceksin. Hele Mahpeyker, o
bedbaht çocuk Neneciğim babam nerede? diye resmini öpüyor. Eğer
sana getirirsem hiç yaramazlık etmeyeceğini bana yalvararak
söylüyor. Oh! Enver böyle damla damla can acısı çekmektense ölmeyi,
bu menfur,riyakar insanlardan kurtulmak için bin kere tercih
ederim. Fakat hayır Enver! Ben ölmek istemiyorum. Seninle bu acı
günlerimizden intikam alarak, uzun seneler bahtiyar yaşayacağız,
değilmi Enverim?" sətirləri psixoloji məngənələrdə sıxılan qadının,
ananın gələcəyə ümidinin son qığılcımlərını yaradır.
12 fevral 1920-ci ildə
sovetlərin səlahiyyətli nümayəndəsi, milliyyətcə erməni olan xarici
işlər naziri Karaxanın vasitəsi ilə Leninin qəbuluna düşən Turan
ideyasının simvoluna çevrilən generalisimus Ənvər Paşanın müvəqqəti
olaraq Moskvada məskunlaşması siyasi hadisələrin inkişafında dönüş
nöqtəsi oldu. İdeyasına nifrət etdiyi bolşevik silahlarından
bəhrələnməklə öz məqsədini gerçəkləşdirmək istəyən Ənvər Paşa
istər-istəməz sovetlərin Şərq siyasətinin həyata keçirilməsi yoluna
işıq salırdı. Qeyd etmək lazımdır ki, vaxtilə Türkiyədə Gənc
türklər hakimiyyətində məsləhətçi olmuş, milliyyətcə yəhudi
Almaniya vətəndaşı Aleksandr Parvus alman kapitalı hesabına
Rusiyada vətən müharibəsini vətəndaş qırğını ilə əvəzləyərək
inqilabın rəhbərinə çevrilməsində hamilik etdiyi Leninə bolşevizmin
Şərqə ixracında Ənvər Paşadan bəhrələnməyi tövsiyə
etmişdi.
1 sentyabr 1920-ci ildən
Bakıdakı Dövlət Opera Teatrı binasında V.İ.Leninin təşəbbüsü ilə
bir həftə ərzində keçirilən Şərq Xalqlarının Birinci Qurultayında
otuz yeddi millətin min səkkiz yüz nümayəndəsi və o cümlədən,
Türkiyədən Mustafa Sübhi, İrandan Heydərxan Əmiroğlu, İngiltərədən
Harri Kvelç, Macarıstandan Bela Kun, ABŞ-dan Con Rid kimi
beynəlxalq miqyasda tanınmış inqilabçılar da iştirak edirdilər.
Türkiyədən nümayəndə kimi gəlmiş Əli bəy Hüseynzadə də bu
qurultayda idi. Tədbiri açan, 1906-cı ildə RSDFP-nin proqramını ana
dilinə tərcümə etmiş Nərimanov Nərimanov burada iştirak edən 38
xalqın 2000-dən artıq nümayəndəsini salamlayır. Kommunist
ideyalarının ixracı məqsədini güdən qurultayda, insanın taleyini
Allahın müəyyənləşdirdiyinə inanaraq yeddi arşınlıq kəfənlikdən
ibarət çalmanı başında gəzdirən asiyalı marksizm ideoloqu
Zinovyevin boş vədlərinə inana bilməzdi. Qurultayda iştirak edən
Məhəmməd Əsəd bəylə, Volfanq fon Vayslın təqdimatındakı:
"Zinovyevin patetik nitqi zamanı qəflətən bütün nümayəndələr Ənvər
Paşanın daxil olduğu qapıya axışdılar, diz çöküb onun əlini
öpdülər" (8. s.225) - sözlərində qonaqlar arasında xüsusi nüfuz
sahibi olan Ənvər Paşanın iştirakının yaratdığı təlatüm əks olunur.
Qurultayda çıxışına icazə verilməyən Ənvər Paşanın mətnini
tərcüməsinin Ostrovski soyadlı bir bolşevikin oxuması çaşqınlıq
yaradır. Gecə qaldığı otelə çatarkən ÇK-nın qərarı ilə Reissicin
tapançadan açdığı atəş Ənvər Paşadan yan keçsə də, yaxalanan
cinayətkar həbsdən azad edilməklə fövqəladə komissar kimi Daşkəndə
göndərildi. Sovet Rusiyasının Şərq dünyasına riyakar münasibətini
anlayaraq Türküstana üz tutan Ənvər Paşanın: "İndi daha anlayıram
ki, idealımı gerçəkləşdirmək üçün imperializmin boyunduruğu altında
əzilən xalqların qurtuluşu üçün, öncə bu xalqlar üzərində rus
imperializminə son verməliyik" qərarı təfəkküründəki dönüş məqamını
səciyyələndirir.
18 dekabr 1920-ci ildə Ənvər
Paşanı macəraçı avantürist sayan Atatürkün Leninə vurduğu
teleqramdakı: "Mən arzu edilən məqsədə ancaq sıx əməkdaşlığımız
sayəsində çatacağımıza möhkəm əmin olaraq, bizi bir-birimizə
bağlayan dostluq əlaqələrinin gələcəkdə hər hansı şəkildə
möhkəmlənməsini alqışlayıram, istər Şərqdə, istərsə bütün dünyada
sizin yüksək təşəbbüsünüzlə Sovet Respublikası tərəfindən yeridilən
uzaqgörücü siyasət üçün öz dərin minnətdarlığımı bidirirəm" (9.
s.497) - fikirləri əslində Azərbaycanın işğalından sonra Türkiyəni
istiqlal mübarizəsinə qaldıran sərkərdəni dövlət xadiminə də
çevirən diplomatik bir addım kimi görünür... Tədricən avtoritarlığa
əsaslanan hakimiyyətini bərqərar edən sovetlərin Allahsızlıq
prinsipinin marksist rəhbərləri bütləşdirməklə əvəzlənməsi reallığı
açıb göstərirdi və çıxardığı nəticələr əsasında Basmaçılar
hərəkatını yaradan Ənvər Paşanın rus işğalına məruz qalmış Turan
ərazilərinin himayədarına çevrilməsi təbii idi. M.V.Frunze və
S.M.Budyonunun süvari ordularına üç il sinə gərən, yerli qüvvələr
hesabına güclənən Ənvər Paşa romantizmə xas mifik qəhrəmana
çevrilərək şanlı türk tarixinə həkk olunurdu.
15 fevral 1922-ci ildə Orta
Asiyada nüfuz sahibinə çevrilən Ənvər Paşa Düşənbədə düşmən
qarnizonunu əsir götürməklə rusların Buxara və Xorasandan geri
çəkilməsini tələb etsə də, Kafiran döyüşündə məğlub olaraq dağlara
çəkilir.
25 iyul 1922-ci ildə ölümündən
on gün əvvəl Berlinə yazdığı son məktubunda: "Naciyeciğim, sevgili
sultanım, cici efendiciğim! Bugün pek sıkıntılı bir hava, tuhaf bir
sis, güneş görünmüyor. Düşmanda hareket yok. Henüz sabah. Afgan
emirine, askerlerin ve yardımların çekilmesinin iyi olmadığını ve
bolşeviklere güvenilmeyeceğini bildirdim. Hiç olmazsa sağlık ve
diğer malzemelerin geri verilmesini istedim. Bakalım sonu ne
olacak?
Dua et! Artık, ancak tam bir başarıdan sonra dönerim. Allah bu
büyük işte de
utandırmasın. Sen bu biçare Türklük ve İslam alemi için dua et
Naciyem!
İşte efendiciğim, şu son satırlarımı yazarak mektubumu kapıyorum.
İçine, buranın her gün sana yolladığım yabani çiçeklerinden başka,
kaç gecedir altında yattığım karaağaçtan kopardığım ufak bir budaq
da gönderiyorum. Seni Hudanın birliğine yavrularımla beraber emanet
ederim; ruhum, efendiciğim... Karaağaca bıçağımla ismini yazdım…"
(10. s.378) sətirləri hissiyat gerçəkliyi üzərində qərar tutan
romantik qəhrəmanın monoloquna çevrilir.
4 avqust 1922-ci ildə
Daşnaksütunun üzvləri, bolşevik agentləri Akop Melkumov və Georgi
Ağabəyovun satqınlığı ilə Tacikistanın Çaqan qışlağı həndəvərindəki
qərargahının yeri məlum olduqda "qılıncını sıyıraraq otuz zabitlə
otuz min düşmənə hücum çəkən", Quran surəsini ucadan səsləndirərək
"heyvərə rus əsgərinin qılıncı ilə başını sol çiyni ilə bərabər
itirən" (8. s. 241) Ənvər Paşanın, ideya uğrunda şəhidliyi əfsanəyə
çevrilir. Düşanbənin 200 kilometrliyindəki Belçivan rayonunun Obtar kəndindəki qol-budaqlı bir
ceviz ağacı altındakı məzarı müqəddəs ocağa dönür.
18 iyul 1925-ci ildə birinci,
bir il sonra ikinsi hissəsi nəşr olunan, Adolf Hitlerin alman
faşistlərinin ana yasası sayılan "Mənim savaşım" kitabında
ölkəsinin Birinci Dünya müharibəsinin bədnam məğlubiyyətini: "O
möhtəşəm tarixi məqam gəldi ki, dünənki müttəfiqlər ertəsi gün əsl
düşmənə çevrildilər. Əfsus ki, müttəfiqlərin ikinci Balkan
müharibəsində gözlənilmədən üzbəüz səngərlərdə qarşılaşmaları
səmərəli nəticə vermədi. İş elə gətirdi ki, Almaniyanın öz Ənvər
Paşası deyil, reyxskansler Kunosu oldu" (11. s.592) yazmaqla türk
sərkərdəsinin rəşadətini yüksək qiymətləndirdiyi Ənvər Paşanın
məzarından əlavə Orta Asiyanın müxtəlif tərəflərindəki yeddi
türbəsi 1930-cu illərin ortalarına qədər ziyarətgaha çevrilir. Türk
dünyasında doğulan oğlan uşaqlarının bir çoxuna Ənvər adı
qoyulur...
1930-cu ildə Atatürkün istəyi ilə yaradılan görüntü
müxalifətinin rəhbərliyində təmsil olunmaqla nəhayət ki,
publisistikasındakı tənqidi realizm cərəyanına qayıdan Əhməd bəy
Ağaoğlunun 1931-32-ci illərdə yazsa da, ölümündən on bir il sonra
nəşr edilən "Sərbəst firqə xatirələri" əsərindəki: "Bizdə
cümhuriyyətdən ən uzaq bir nişanə də yoxdur. Bizdəki rejim tam
mənası ilə ən şiddətli diktatorluqdur ki, bunu da hamı bilir.
Lakin, buna baxmayaraq hamı hürriyyətdən, cümhuriyyətdən bəhs edir,
hər kəs sərbəst cümhuriyyət olduğunu söyləyir, iddia edir. Bu elə
qarşılıqlı aldatmadır ki, məmləkətin bir ucundan o biri ucuna kimi
davam edərək gedir. Ortada nə inanan var, nə inam! Beyin boşluğu,
ürək boşluğu, ruhi boşluq içərisəndə boş bir varlıq yuvarlanıb
sürünür. ...Ah! Şərqin bu riyakarlığı! Sözlərin altında gizlənərək
vahiməni mövcud, xəyalı gerçək kimi göstərməkdən çəkinməmək" (3.
s.42) kimi üsyanı siyasi rəqiblər və hətta, xilaskarlıq missiyasına
görə kütlənin sitayiş etdiyi Atatürkün özü tərəfindən belə
təftişçilik kimi dəyərləndirilirdi. Elə həmin əsərdə Ə.Ağaoğlunun
Fransız müxbirinin adından yazdığı "Bir məmləkətdə müxtəlif
firqələrin və müxtəlif cərəyanların yaşaya bilmələri üçün o
məmləkətdə ədalət hissinin inkişafı vacibdir. Sizin məmləkətdə isə
bu hissin varlığına inanmıram. Mən küçədə vətəndaşlarınızı polisin
döydüyünü və buna qarşı əksəriyyətin tamaşa etdiyini gördüm. Belə
bir məmləkətdə iki firqə yan-yana yaşaya bilməz" (3. s.113) fikri
artıq demokratiya və bazar iqtisadiyyatının sənət ekvivalenti
sayılan modernizm cərəyanının təzahürüdür.
Atatürkün başçılıq etdiyi
Cümhuriyyət Xalq Partiyası ilə müxalif olan yeni bir partiyanın
yaradılması diktatura istiqamətini demokratiyaya yönəltmək
missiyası daşısa da, səmərəli nəticə vermədi. Professor Vilayət
Quliyevin yazdığı kimi: "Tək partiyalılığın respublika şəraitində
belə son nəticədə diktaturaya apardığını görən Atatürk Amerika
modeli ilə hərəkət etmək, rejimin əsaslarını qorumaq şərtilə
bir-birinə qarşı dayanan və bir-birinin fəaliyyətini nəzarət
altında saxlayan, hakimiyyətdən sui-istifadə hallarına yol verməyən
iki partiya qurmaq istəyirdi. Lakin həmin partiya kütlələrin siyasi
şüurluğu və iradəsilə "aşağıdan" deyil, xüsusi tapşırıqla, kabinet
şəraitində "yuxarıdan" yaradıldığından onun məhvə məhkumluğu göz
önündə idi" (12. s. 43) qənaəti də, demokratiyanın sərbəst bazar,
müdaxiləsiz seçki və nəhayət azad fikir kimi təməl prinsiplərini
qabardır.
1952-cu ildə uzun illərin
ayrılığından sonra atalarının adını soyad kimi qəbul edən Türkan,
Mahpeyker, Əli ilə vətrənə qayıdan Naciyə Sultan hələ 1926-cı ildə
qəbul olunan yasaya görə ömürlük maaşla təmin olunur və ölkəsinə
qayıtmaq qadağası aradan götürülən kimi doğma yurda qayıdır və 4
dekabr 1957-ci ildə xərçəng xəstəliyindən vəfat edir.
4 avqust 1996-cı ildə ölümünün
74-cü ildönümü günündə Cümhurbaşkanı Süleyman
Dəmirəlin sayəsində vətənə
gətirilən Ənvər Paşanın ölkəsinin bayrağına bürünmüş cənazəsi
İstanbulda Şişlideki
Abidei Hürriyet
təpəsində Talat Paşanın yanındaki məzara dəfn edilir. Zaman
keçdikcə 1914-18-ci illərdə ölkəsində üç nüfuzlu simadan biri kimi
coşqun romantizmi sayəsində türk-islam ideyası zəminində qurduğu
ordunun döyüşkən ruhunun İstiqlal mücadiləsindəki rolu yetərincə
dəyərləndirilən Ənvər Paşanın haqqında XXl əsrdə də yazılan bədii,
tarixi əsərlərdən göründüyü kimi romantizmin nağıl qəhrəmanı kimi
tarixi simanın real mühitdəki və bədii strukturdakı varlığı
keçməkeşlidir. Müxtəlif tarixi mərhələlərin diqtəsi sayılan
cərəyanların dəyişkənliyi konkret fərdlə yanaşı ədəbi personajı da
ağır sınağa çəkir. Yaradıcılığında sentimentalizm, romantizm,
sosrealizm kimi cərəyanlardan keçən Cəfər Cabbarlının da hələ
repressiyalar başlamadan yaradıcılığının yetkin çağında dünyasını
dəyişməsi bu dəyişkənliyə bağlıdır.
XXl əsr ədəbiyyatşünaslığı
ötən dövrün sosioloji təhlilindən qalib çıxa bilənlərlə öyünməklə,
ötən tarixi mərhələnin ədəbi cərəyanlarının müstəqil
dövlətçiliyimizin yaranmasına xidmək ekvivalentini araşdırır. Və bu
nəticəyə gəlir ki, cəmiyyət kontekstindən kənar romantizmin
rüşeymindəki tərəqqi elementləri, tarix faktorunun üzərindən xətt
çəkməklə reallığı qabardan, demokratiya və bazar iqtisadiyyatının
sənət ekvivalenti sayılan modernizmin ərsəyə gəlməsində töhfəsini
vermişdir.
Ədəbiyyat
- Şahnəzər Hüseynov. Əhməd bəy Ağaoğlunun dünyagörüşü. B.,
1998.
- Kamal Talıbzadə. Azərbaycan ədəbi tənqidinin tarixi. B.,
1984
- Əhməd bəy Ağaoğlu. Seçilmiş əsərləri. B., 2007
- Hüseynzadə Ə. Siyasəti-Fürusət. B., 1994
- Namık Kemal. Vatan yahut Silistre; İ., 2004
- Cəfər Cabbarlı. Əsərləri. 2-ci cild. B., 2005
- Hikmet Tanyu. Ziya Gökalp; Kızılelma. A 1976
- Məhəmməd Əsəd bəy, Volfanq fon Vaysl. Allahu əkbər. B.,
1998
- Atatürk Araşdırma Mərkəzi dərgisi. 2-ci cild, 5-ci say.
A.,1986
- Şevket Süreyya Aydemir. Makedonyadan Ortaasyaya. Enver Paşa.
3-cü cild. A.,1960
- Адольф Гитлер. Моя борьба. М., 2003
- Vilayət Quliyev. Ağaoğlular. B., 1998