"Dahilərin qadınları" layihəsində
Çarlz Dikkensin Xoqart bacıları ilə münasibəti çox
dolaşıq və anlaşılmazdır. Yazıçı bacılardan birini sevib, ikincisi
ilə evlənib, üçüncüsü isə bacısının nikahı dağıldıqdan sonra ev
təsərrüfatı və Dikkensin uşaqlarının tərbiyəsi ilə məşğul
olub.
Xoqart bacılarının Çarlz Dikkensin həyatı ilə sıx bağlı olan
qadın həyatları haqqında oxuyanda elə təəssürat yaranır ki, sanki
yazıçının sentimental romanlarından birinin səhifələrini
vərəqləyirsən.
Və bəlkə də bir qədər qəribə səslənəcək, lakin məhz o, digər
yazıçılardan daha çox ailə xoşbəxtliyi və rahatlığından yazıb.
Halbuki belə səadətli günlər onun həyatının yalnız ötəri anlarını
bəzəmişdi!
Və bir də çox qəribədir ki, uşaqları bu qədər sevən, Devid
Kopperfild, Nikolas Nikklbi və Oliver Tvist kimi təsirli uşaq
obrazları yaradan yazıçı öz övladları ilə çox az məşğul olub!
Xoqart ailəsi ilə tanış olanda Çarlz Dikkens gənc idi, gələcəyə
böyük ümidlər verirdi, ancaq hələ bir yazıçı kimi tanınmırdı.
Əvvəlcə tanışlıq sırf rəsmi xarakter daşıyırdı: ailənin atası Corc
Xoqart "İvninq kronikl"ın redaktoru idi, ədəbi istedadı var idi. O,
Valter Skottun yaxın dostu olmasından danışmağı sevərdi.
Dikkens Xoqartın Çelsidəki evində olmuşdu. Redaktorun üç gənc
qızı da burada yaşayırdı. O vaxt bacıları arasında yalnız on doqquz
yaşlı Ket həddi-buluğa çatmışdı. Merinin yalnız on altı yaşı var
idi, Corcine və Elen isə daha kiçik idilər.
Uğurlu başlanğıc – "Pikviksk klubunun ölməz məktubları" – ilə
Dikkens və Ketin nişan mərasami üst-üstə düşür. Onların mebellərlə
bəzədilmiş üç kiçik otaqdan ibarət mənzili tezliklə Çarlzın subay
guşəsinə çevrilir. Ancaq tezliklə mister Pikvik və onun kompaniyası
müəllifə elə qazanc gətirdilər ki , Dikkens Londonun mərkəzində,
Douti-strit 48-də özünə ev ala bildi. Bu ev bizim günlərədək
qorunub qalmaqdadır.
Gənc Ket
Missis Çarlz Dikkens olan gənc Ket zahirən necə təsir
bağışlayırdı? O illərin portretlərindən bizə romantik gözəlliyə
malik gənc qız boylanır: tünd mavi gözləri, tünd saçlarla
haşiyələnmiş solğun üzü...
Dikkensin bioqrafları isə onu tamamilə fərqli təsvir edirlər:
süst, dolu qadın, laqeyd, zəif, deyingən, qıcıqverici, depressiyaya
meyilli, intellektual məsələlərdən bixəbər və s.
Qeyri-iradi belə bir sual doğur: gənc Dikkens onda nə görüb və
nə üçün onunla evlənib? Doğrudanmı, yalnız nəşr oluna bilmək üçün?
Nişanlı vaxtlarında onun Ketə göndərdiyi məktublar xarakter və
intonasiyalarına görə fərqlidir: o, nişanlısını soyuqluq və
kaprizlərinə görə kəskin qınayır, lakin bununla belə onu "əziz
ayıcığım", "sevimli donuzum", "əziz Teti" adlandırır, bu
müraciətlər - əzizləmə adlar məktublara istilik və mehribanlıq
qatır.
Lakin yazıçının yazışmalarından aydın olur ki, onun həqiqətən də
sevdiyi qadın Meri olib – Ketinin kiçik bacısı. Dikkens təkid
edirdi ki, Meri onun Doutti-stritdəki evinə köçsün.
Rəqib - bacı
Merinin bacısına kömək üçün onlara köçdüyüdən söhbət belə gedə
bilməzdi, çünki o, artıq xəstə idi, Ketin isə o vaxt yalnız bir
uşağı var idi, həm də xidmətçinin yardımı kifayət edirdi.
Nə üçün Ket bacısının onlara yerləşməsinə razılıq verir? Əri ilə
bacısını bağlayan tellərdən xəbərdar idimi? Bəlkə də elə güman
edirdi ki, bu, qohumluq duyğularından və intellektual yaxınlıqdan
doğan münasibətlərdən uzağa gedə bilməz, başqa münasibətlər üçünsə
Meri çox gənc və ağır xəstə idi.
Merinin ölümü Dikkens üçün sarsıdıcı zərbə olur. Bir dəfə axşam
Çarlz və Ket teatrdan qayıdarkən birdən Merinin otağından dəhşətli
bağırtı səsləri gəlir. Qaçıb onun yanına çatanda Meri ürək
tutmasından can verirdi. O, Dikkensin qollarında keçinir. Dikkens
qızın hələ soyumamış barmağından kiçik üzüyü çıxarıb öz barmağına
taxır və ömrünün sonunadək onu çıxarmır.
Çarlz uzun illər Merinin ölümündən özünə gələ bilmir. Həm də bu
fəlakətin ardınca bir sıra bədbəxtliklər bir-birini izləməyə
başlayır: Merinin anası bir həftədən artıq huşunu itirir, hamilə
Keti körpəsini itirir. Bəlkə də o, məhz həmin günlərdə ərinin
bacısına qarşı duyğularının nə qədər dərin olduğunu anlayır.
Dikkens baldızının ölümündən dolayı çəkdiyi acını gizlətmirdi:
"O bizim evimizin canı idi. Biz hamımız birlikdə çox xoşbəxt idik.
Mən ən yaxın dostumu, bütün digər canlı varlıqlardan daha zərif
sevməyi bacaran əziz bir qızı itirdim. Onun yoxluğunun acısını və
ona qarşı duyduğum hissləri sözlərlə təsvir etmək mümkün deyil".
Budur, bunlar onun qələmindən çıxan etiraflardır. Bir yazıçı kimi
isə Dikkens uzun müddət susur.
Ket daima Merinin üzüyünü ərinin barmağında görürdü. Ərinin
bacısının otağına qapanıb, onun ətrini hiss etmək üçün
qarderobundakı paltarlara toxunmasını görəndə nələr yaşamışdı...
Bunu yalnız Ketin özü bilir. Merinin qəbirüstü daşındakı yazı da
məhz Çarlza məxsusdur: orada yazıçının Meri ilə yanaşı dəfn olunmaq
arzusu ifadə olunub. Merinin saçının teli yarım ildən sonra onu bu
sətirləri yazmağa ilhamlandırmışdı: "Yoxluğunun məni necə sıxdığını
bilməni istəyirəm... belə sakit, hüznlü axşamlarda sobanın
kənarında oturub zərif təbəssüm və dostyana sözlərlə qurduğumuz
ünsiyyət mənim üçün bütün ömrüm boyu eşitdiyim sevgi etraflarından
daha dəyərli idi. Mən o günlərdəki söhbətlərimizi və hər şeyi
yenidən yaşamaq istəyirəm".
Uzun illər sonra isə o, Merinin anasına yazdığı məktubda etiraf
edirdi ki, Merinin ölümündən ötən aylar boyunca hər gecə onu
arzulayır, "bəzən onun ruhu gəlir, bəzən isə lap canlı kimi görünür
– lakin heç vaxt bu şirin xəyallarda mənim kədərimi dolduran acıdan
bir damla da olmurdu; bu, daha çox sakit xoşbəxtlik idi və mənim
üçün o qədər vacib idi ki, mən hər gün onu bu obrazda görə bilmək
ümidilə yatmağa gedirdim. O, daima mənim düşüncələrimdə idi
(xüsusilə də əgər hansısa uğur qazanırdımsa). Onun haqqında
düşüncələrim ürəyimin döyüntüsü kimi həyatımın ayrılmaz hissəsinə
çevrilmişdi".
Bu sətirləri oxuyanda anlayırsan ki, Dikkens sevdiyinə qarşı
duyğu və düşüncələrini o, sağ ikən etiraf edibmiş. Bəlkə də məhz bu
sevgi açılması və bunu xəstə qızın ölümünə səbəb olması yazıçının
ömrü boyu çiynində daşıdığı ən böyük acı olub.
Merinin ölümündən sonra Çarlzın arvadına olan bütün hissləri
sönmüşdü. Ket dünyasını dəyişmiş rəqibi qarşında geri çəkilir. Meri
isə Dikkensin romanlarının sətirlərini bəzəyərək gənc qız
obrazlarının timsalında yenidən və yenidən həyata qayıdırdı: "Devid
Kopperfild"də Dora və ya körpə Nelli.
Bu illərdə Ketin ev təsərrüfatı və bir-birrinin ardınca dünyaya
gələn uşaqları ilə (Çarlz, Keti, Memi, Uolter, Dora, Edvard,
Frensis, Henri və Sidney) bağlı qayğıları artır. Dikkensin
bioqraflarının əsas iddiaları, həm də ola bilsin ki, bəzən haqlı
görünməyən iddiaları da məhz ona – çoxuşaqlı anaya ünvanlanıb: o,
ərinin intellektual işində heç vaxt iştirak etmirdi, ədəbi aləmdə
təşkil edilmiş çıxışlar, naharlar və şam ziyafətləri zamanı heç
vaxt onun yanında olmurdu, evdə oturub yazıçını tək qoyurdu.
Bəlkə də qadının başqa seçimi yox idi? Tamamilə aydındır ki, Ket
hər şeyin öhdəsində tək gəlmək iqtidarında deyildi. Ancaq o özünün
adiliyi fonunda ərinin unikal yönümünü də görüb dəyərləndirməli
idi. Ketin yanlışlıqları Çarlzı qıcıqlandırırdı O, arvadının
məhdudluğuna istehza edirdi.
Daha bir vurğun bacı
Burada səhnəyə Ketin daha bir bacısı, Dikkensin sehrinə laqeyd
qala bilməyən Corcina çıxır. O, uğurlu ailə həyatından yalnız
bacısının ev işləri və uşaqları ilə məşğul olmaq naminə imtina
edir.
Dikkensin qadın cəmiyyətindəki məşhurluğunu onun şöhrətinin
ayağına yazmaq lazımdır: səcdəgahın ilahiləşdirilməsi... Ket özü də
ərinin cazibəsi və zəkası qarşısında dayana bilmirdi. Kim dayanardı
ki? Ancaq doğrusu, onun pərəstişkarları ilə münasibəti əsasən məsum
xarakter daşıyırdı.
Bununla belə, Ket və Çarlzın evlilik münasibətlərinin qəti
iflasına səbəb olan qadın mövcud idi. Bu əlaqənin xarakterinə
tədqiqatçılar müxtəlif nöqteyi-nəzərlər sərgiləyirlər: bəziləri
hesab edirlər ki, bu, iki sənətkar arasında yaranan təmiz dostluq
münasibətləri idi, digərləri isə onların sevgili olduqlarını iddia
edirlər.
Müasirləri sonuncu fikrin tərəfində idilər və odur ki, şayiələr
dolaşmağa başlayır. Bu qadın teatr truppalarından birinin aktrisası
– on səkkiz yaşlı Elen Ternan idi. Bir dəfə Ketin əlinə zərgərin
səhvən yazıçının ev ünvanına göndərdiyi bağlama keçir və o,
çəkilməz acı ilə anlayır ki, qutudakı boyunbağı ona deyil, Elenə
alınıb.
Əzəli və əbədi drama – sevgili üçbucağı - Çarlzın yalnız sırf
platonik münasibət mövcudluğunu inadla təkid etməsinə rəğmən, hər
şey ovcunun içi kim qarşısında idi. Yazıçı öz versiyasında elə inad
edirdi ki, Ket Ternan ailəsinə qonaq getmək təklifi ilə
razılaşmağa, yəni bütün dedi-qoduları susdurmaq üçün əlindən gələni
etməyə məcbur olur.
Dikkenslərin Elen Ternan ilə eyni yaşda olan qızları Keti
anasından xahiş edir ki, bu ziyafətə getməsin. Ancaq Ket verdiyi
sözü tutur və ərinin veridyi bir fincan "zəhəri" son damlasınacan
içir – Ternanların evinə gedir. Nəticədə isə şayiələr sakitləşmək
əvəzində daha böyük atəşlə alovlanır.
İyirmi iki illik ailə həyatından sonra ayrılıq qaçılmaz olur.
Yeznəsinin sehrinə düşən Corcina onun tərəfinə keçir. Məsələ həll
olunmalı idi: ər-arvad bundan sonra necə yaşayacaqlar? Evi iki
hissəyə bölməyi qərarlaşdırdılar.
…Təxminən ölən bacısı Meri yaşda olarkən Dikkensin evinə köçən
Corcina, deyilənlərə görə, ona heyrətamiz dərəcədə çox bənzəyirdi.
Bəkə elə məhz buna görə Çarlz onun qayğısına qalırdı? Yazıçı
Amerikada səfərdə olarkən o, Londonda qalıb uşaqların qayğısına
qalır və uşaqlar çox tezliklə gənc, simpatik və xeyirxah xalalarını
sevməyə başlayırlar.
Çox ehtimal ki, Çarlz Dikkens də ona laqeyd deyildi. "Axşamlar
biz – Ket, Corcina və mən sobanın ətrafında oturarkən mənə elə
gəlir ki, sanki ötən günlər geri qayıdıb, - yazıçı yazır. – Onda
mən ötüb keçənləri kədərli yuxu kimi xatırlayıram. O, eynilə Meri
kimi deyil, ancaq Corcina çox şeydə Merini xatırladır və mən elə
bil yenidən o günləri yaşayıram. Bəzən keçmişlə bu günü ayırd
etməkdə çətinlik çəkirəm".
Ər-arvad ayrıldıqdan sonra Corcina əvəzedilməz olur. "Təsəvvür
edə bilmirəm ki, Corcina olmasaydı biz hamımız, xüsusilə də qızlar
necə olardılar. O, evimizdəki xeyirxah mələkdir. Uşaqlar da onu çox
sevirlər".
Beləliklə, viktorianlığın ikili əxlaq qaydası növbəti qələbəsini
qeyd edir: cəmiyyətin nəzərində iflasa uğramış nikah davam edir,
hər iki tərəf aralarında buz və laqeydlikdən divar hörərək əvvəlki
kimi eyni evdə yaşayırlar. Lakin bu divar onların evini ikiyə
bölən, qapısının açarı ömürlük siyirmədə gizlədilmiş qapı qədər
keçilməz idi. "Biz onu şkafda gizlətmişik və heç kəs onun
varlığından xəbərdar deyil".
Çarlzın üzərində oxucuların da məsuliyyəti var idi. O özünü
pərəstişkarlarının rəğbətindən məhrum edə bilməzdi. Odur ki, açıq
məktub yazaraq "Haushold Uords" jurnalında dərc etdirir. Lakin
həmişə olduğu kimi, hansısa dedi-qodunu təkzib etmək istəyəndə
qalmaqal alovlanır və ya yarım həqiqətin gizlədilməsi əks effekt
verir. Gizlində qalanlar da açıqlanır və aləm qarışır.
Bütün bu peripetiyalar (gözlənilməz hadisələr – tərc.) zamanı
Corcina sədaqətlə yazıçını dəstəkləyirdi. Bundan başqa, o, iyirmi
iki il, 1870-ci ildə Dikkensin ölümünədək Keti ilə danışmır.
Corcina hətta Elen Ternan ilə dostluq da edir. Dikkens onun üçün
Londonda ev tutmuşdu. Belə görünür ki, Corcina özü üçün heç nə
istəmirdi.
Üç bacıdan məhz Corcinanın məhəbbəti fədakar və sədaqət rəmzinə
çevrilə bildi. Dikkensin yazdığı kimi, o xeyirxah mələk idi.
Corcina bütün məhəbbətini ona və onun ailəsinə bəxş etdi. Onun
naminə qarımış qız qaldı. Yazıçı onun qolları üzərində gözlərini
əbədi yumdu. Dikkens 8000 funt və bütün qızıl-zinətlərini, şəxsi
kağızlarını ona vəsiyyət etdi.
Üç bacı – Meri, Ket və Corcina – öz talelərini Dikkenslə
bağlamışdı. Bəlkə də Dikkens onların üçünü də sevirdi. Ancaq bəs
onlar özləri nə hiss edirdilər?
Yəqin ki, Dikkensin qızı haqlı idi: "Yox, o, heç vaxt qadınları
anlaya bilmədi".