"Sevgi etirafları"
layihəsində
Tanınmış yazar Sənəm Səbayellə söhbətimiz səmimi alındı.
Şeirlərinin misralarından oxucuya "boylanan" isti bir sevgini
gündəmə gətirdim. "Sevgi etirafları"nın qonaqlığını "verdim" xanım
yazara. Amma söhbətə körpü də salmaq gərəkirdi. O üzdən
də:
Mənə "Qar çiçəyi" deyirlər
- Arada görünmürsüz, sonra birdən yaz çiçəyi kimi
"çırtlayırsız". Bu "nihan olmalar" nə demək?
- Hə, hərdən gözdən itməyim var. Beş-üç kəlmə söz adamıyam.
Çörəyim sözümdən çıxır. Sözün ətəyindən yapışıb diyar-diyar
gəzirəm.
- Lap haqq aşıqları, aşiqləri kimi.
- Haqdan uzaq olmamışam. Arada el şənliklərinin aparıcısı da
oluram. Qədim adətlərimizi təbliğ edirəm ki, unudulmasın. Keçmişini
unudanın gələcəyi də olmaz, deyiblər. Hərdən sərhədi də keçirəm.
Xaricə - konfranslara, şeir müsabiqələrinə dəvət alıram.
Azərbaycanı təmsil etməkdən qürur duyuram. Yaz çiçəyi bənzətməsinə
görə təşəkkür edirəm. Ancaq məni yaxından tanıyanlar mənə "Qar
çiçəyi" deyirlər.
- Soyuqsuz, ona görə?..
- Yox, ona görə ki, həm ağ rəngi sevirəm, həm də möhkəm və
cəsarətli adamam. Qar çiçəyi də şaxtadan, sərt iqlimdən qorxmur.
Zərif vücudu, ağ ləçəyi ilə soyuğa, şaxtaya meydan oxuyur. Qarın,
buzun bağrını yarıb həyata gülümsəyir, göz oxşayır, könül xoşluğu
yaradır.
- Heç fikir verməmişəm, bənzətmənizdə
haqlısız…
- Bir oxşarımız da var qar çiçəyi ilə. Onun dörd ləçəyi, mənim
də dörd övladım var. Mətləbdən uzaqlaşdım, deyəsən. Nihan olanda
gözdən yayınıb daxili dünyamla, xəyallarımla baş-başa qalıram.
Mən gözüsulu qadın deyiləm
- Xəyallarınız hara aparır sizi? Sizi deyəsən axı
sevgilər çaşdırıb. "Bu sevgidən baş açmadım" deyirsiz. "Yazın
gurşad yağışı tək, Gözlərimdən axdı getdi", - deyirsiz. Bəlkə heç
sevgi deyil yaşantılarınız…
- Mən çaşan adam deyiləm. Xüsusən də sevgidə. Çaşmaqla baş
açmamaq başqa-baqşa anlamlardı məncə. Ancaq duyğularım doğrudan da
bəzən yazın gurşad yağışı tək gözlərimdən axıb ürəyimi yandırdığı
kimi, yanaqlarımı da yandırır. Əlbəttə, ötəri duğular da olur. Amma
o ötərilər ötüb gedər, onlar məni ağlada bilməz. Nə qədər qəribə
olsa da, mən gözüsulu qadın deyiləm. Gözümün yaşı ürəyimə axır. Mən
ağlayanda xəlvətə çəkilib ağlayıram, dərdim, üzüntülərim və göz
yaşlarım ancaq mənə aiddir və pünhandır. Sevgim kimi.
"Solaxay" jurnalistləri sevirəm
- Şeirlərinizlə sizi "vurmaq" istəyirəm: "Yenə düşdün
yadıma, göyüm-göyüm göynədim..." Sizi burada göynədən yuxarıda baş
aça bilmədiyiniz deyil, deyəsən?
– Sizinlə müsahibəyə razılıq verəndə bilirdim ki, dolu və
peşəkar birisi ilə həmsöhbət olacam. Solaxay jurnalistləri sevirəm,
vura bilirsizsə vurun. Göynərtiyə gəldikdə isə, hər bir kamil
insanın bu göynərtiləri ola bilər. Axı göynərti də insani hissdir.
O göynərtinin özündə bir şirinlik, acısı da şirin olan ancaq mənə
aid gözəl bir dərd var.
Onların sevgi barədə düşüncələri
- Yeniyetmə qızlar var. Şeirlər yazırlar. Siz də
bağışlayın, bəzilərinin şeirlərindən yataq iyi gəlir və yarımçıqdır
hər şey. Sızıltı, hıçqırtı, göz yaşı və sair. Bütün bunlarla nəyə
nail olmaq istəyirlər?
- Bu dünyada hər kəsin öz sinfi, öz təbəqəsi var. Dedikləriniz,
mən deyərdim ki, aşağı sinflərin düşüncələridir. Yəni o adamlar yüz
il yaşasalar da, ailə qurub uşaq sahibləri olsalar da, heç vaxt
əsil sevginin dadını bilməyəcəklər bəlkə də. Yəni onların sevgi
barədə düşüncələri ora qədərdi, siz dediyiniz yerə qədər. Təəssüf
ki, bəzən yaşlı nəsil yazarlarında da belələrinə təsadüf etmək
olur. Bir dəfə birinə dedim ki, yazıların çox çılpaqdır, get ona
paltar geyindir. Dedi ki, söz adamdır ki, paltar geyinsin?
Belələrinin meydanı daha geniş olur. Boş qabın səsi bərk çıxar.
Onlar bu ucuz istəkləri ilə özləri nəyə nail olduqlarını bilmir,
mən hardan bilim?
Daxili dünyama şeytan yol tapmadı
- Sizin də şeirlərinizdə nakam, əl çatmayan sevgi,
həsrət yuvalayır. Amma yüksək səviyyədə, inandırıcı şəkildə. Deyin,
bəs siz nəyə nail olmusuz şeirlərinizlə?
- Çoz düzgün bilirsiz o həsrət yuvasını. O yuva ürəyimdədir, ilk
sevgini dadan gündən. Əflatuni bir eşq, platonik bir sevgidir. Əl
çatmaz, ün yetməz... Ona qovuşmaq üçün gərək göylərə üz tutub, məni
orda basdırasız, deyirəm. Qurban olum o həsrətə ki, bir çimdik
hansı şeirimə qatıramsa daha çox oxucu qəlbinə yol tapıram. Bütün
sevənlər nəyə nail oldusa, mən də ona nail oldum. Tükümdən
dırnağımacan sevgidən yoğruldum deyə, daxili dünyama şeytan yol
tapmadı.
- Oxucu, şerinizi oxuduqda, tanıyanlar isə
baxışlarınızda yaralı bir sevgi sahibi olduğunuzu
düşünür.
- Dediklərimin içində bu suala qismən cavab vermişəm. Görürəm
ki, mən nə qədər sualdan yayınmağa çalışsam da, siz jurnalist
peşəkarlığı ilə məndən dəqiq cavab almayınca rahat olmayacaqsız.
Bəli, nə qədər xoşbəxt görünməyə çalışsam da, həssas adamlar o
nisgili duyurlar. Xüsusilə də gözlərim məni həmişə "satır". Göz
qəlbin aynasıdır axı…
Biz görüşəndə nə olmalıydısa o şey oldu…
Xəyalı haralara aparır onu, gözləri yol çəkir.
Barmaları stolun üstündəki örtüyün saçaqlarını "oynadır". Sanki nə
vaxtsa ayrı düşmüş yolları, ilmələri bir-birinə toxuyur. İri,
yaşıla çalan gözləri uzaqlardan "yığışır", gözlərimin içinə
baxır:
- O, dünyasını dəyişib. Çox cavan idi, haqqın dərgahına
qovuşanda. Mən onun yanına yaşa dolub gedəcəm, təəssüf ki... O,
həmişəki kimi cavan olacaq. Mən isə onun sevib-seçdiyi qız
olmayacam. Biz görüşəndə birinci nə olmalıydısa o şey oldu. Bütün
duyğuların təkrarı…
Yenə də susur. Və qətiyyətlə əlavə
edir:
- Mən insan bir dəfə sevə bilər fikri ilə heç razı deyiləm.
İnsan bir neçə dəfə sevə bilər. Sadəcə, heç kimi heç kimi əvəz edə
bilməz. Hər kəs özü olar, fərqli olar. Mən uzun illərdir onu
itirmişəm. Ölənlə ölmək olmur axı. Həyat davam edir. Təbii ki,
təkrar sevgim, sevgilərim oldu. Ancaq onun yerini ürəyimdə heç kəsə
vermədim. Hər kəsin öz yeri oldu.
- Bəs qərib bir axşamda sizin həmsöhbət olmaq
istədiyiniz haləli adam kimdir?
- O, həyalı, sevdalı, sevimli adam mənim sirrimdir. O, heç özü
də bilmədi ki, mənim ona qarşı duyğularım olub. Xəyallarımın
qəhrəmanına çevrildi. Bir şeir yazmışdım:
"Dəlilər xəyalnan dostluq eyləyər,
Dəli sevərsənsə, olum, hardasan?
- O, niyə belə insafsızdır? Məsələn, mən sizin
çağırışınıza, həmsöhbət olmaq istəyinizə müsbət cavab
verərdim…
- Elə ona görə də siz olmamısız da. Zarafat edirəm, incimə.
Bilirsiz, mən duyğularımı ünvanı ilə bölüşmürəm. Müstəsna halları
çıxmaq şərti ilə. Qoxuram duyğularımın əsiri olam və ucuzlaşam.
Fikrimcə, qadın əlçatmaz olmalıdır. Tez-tez sevirəm deyən adamların
sevgisini rusun borşa sevgisinə bənzədirəm. O, heç vaxt ona olan
duyğularımı bilmədi. Biləsə idi, olduğu yerdəki mövqeyinin də,
biznesinin də üstündən xətt çəkib gələrdi. Mən bunu istəmirəm.
Sevgililərim yox, sevgilim isə olub
- Səmimi söhbət edirik də. Deyin, sevgiləriniz çox
olub?
- Mən həmişə diqqət çəkən qadın olmuşam. Bu, qadının
xoşbəxtliyidir. Sevənlərim, pərəstişkarlarım həmişə olub. İndi də
sevgi etirafları, hətta evlənmək təklif edənlər də var. Sədaqətli
admamam. 12 ildir təkəm. Həyat yoldaşımı itirmişəm, duyğulu adamam.
Necə ola bilər ki, insan daşı, ağacı, torpağı sevsin, insanı
sevməsin? Təbii ki, həmdəm, sirdaş, lap elə sevmək kimi də
ehtiyacım var. Bu halda mənim sevgilim ola bilər, sevgilələrim yox.
Başımdan iki qarış aşağı olan ürəyimin istəyinə görə başımı aşağı
etmərəm. Bax, buna görə də duyğularım olub, sevgililərim yox,
Sevgilim isə olub.
- Bilirsiz də, biz "Sevgi etirafı"
layihəsindəyik?
- Deyirəm axı, niyə siz mənim ictimaii yüklü, döyüşkən,
vətənpərvər şeirlərimə toxunmursuz. Povest və hekayələrimdən bəhs
etmirsiz.
Hamının duyğularına hörmətlə yanaşmışam
- Qəlbini qırdıqlarınız çox oldu, yoxsa qəlbinizi
qıranlar?
- Mən heç vaxt heç kimin qəlbini qırmaq istəməmişəm. Hamının
duyğularına hörmətlə yanaşmışam. Rədd edəndə də mədəni surətdə,
kobudluq etmədən etmişəm. Ancaq elələri olub ki, özləri məcbur
ediblər, sərt olmuşam. Qəlbimə dəyməyə də icazə verməmişəm. Şərait
yaratmamışam, mümkün qədər. Özümü isə çox sevirəm.
- Eşitmişəm ki, gizlətsəniz də noyabrın 10-da doğum
gününüz olacaq. Geri baxırsız heç? Nələri yenidən yaşamaq
istərdiz?
- Maşallah, sizdən heç nə gizlətmək olmur. Hə,
noyabrın 10-da doğum günümdür. Bircə neçə yaşım olduğunu
soruşmayın. Çünki hərdən dünyanın özü qədər qoca, hərdən də
yeniyetmə qədər cavan hiss edirəm özümü. Hec özüm də bilmirəm neçə
yaşım var. Geriyə baxmaq sualına gəldikdə isə, əlbəttə, keşmişimə
baxıb bu günümü yaşayıram, gələcəyimi qururam. Dünənini unudanın
sabahı olmaz. Əgər geriyə qayıtmaq imkanım olsa, bəzi yaşantıları
silərdim həyatımdan. Tamamilə yox, bir az başqa cür yaşayardım.
Təbii ki, indiki ağlım olsaydı.
Sevgi isə hara getsəm, mənimlə gedir
- Deyəsən kövrəldiz. Yaxşı sizi göndərirəm ən saf
sevginizin ünvanına. Sağollaşıram…
- Yox, kövrəlmədim. Ümumiyyətlə, mən tez kövrələn adam deyiləm.
Şeirlərimin birində yazmışam: "Oğurlanıb göz yaşlarım, daha
ağlaya bilmirəm". O qədər ağlamışam ki, bərkimişəm daha...
Sizin dediyiniz o saf sevgi isə hara getsəm, mənimlə gedir. Yuvası
ürəyimdədi axı... Allaha əmanət olun. Söz ömrü, söz qüdrəti, sevgi
gözəlliyi yaşayasız.