"Məşhurlarin şəxsi həyatı"
layihəsində
O, azadlıq axtarırdı, fəqət sonunadək kişilərə qarşı
əlacsız duyğulardan qurtula bilmədi. Bu duyğular onun bütün
həyatını alt-üst etdi.
"Mən nə vaxtsa özümdən danışmağa ehtiyac hiss edirdim... Həmişə
özümə verdiyim ilk sual bu olurdu: qadın olmaq nə deməkdir? Elə
zənn edirdim ki, həmən cavab verə biləcəm. Ancaq bir balaca diqqət
edən kimi anlayırdım ki, bu dünya (qadın dünyası nəzərdə tutulur –
tərc.), hər şeydən öncə, məhz kişilərçün yaradılıb..." – Simona
de-Bovuar özü haqqında belə yazırdı.
Sözəbaxan qız idi, atası necə tələb edirdisə, elə də davranırdı:
əl işini öyrənirdi, musiqi ilə məşğul olurdu, kilsəyə gedirdi.
Özünün məhəbbət macəralarını heç vaxt gizlətməyən ailə başçısı
qızlarını ideal gəlin, mömin qız kimi yetişdirmək istəyirdi. Odur
ki, ata qızını ciddi intizamlı katolik məktəbinə qoyur. Burada əsas
fənn "Əhdi-ətiq" idi.
Doğuluşundan itaətkarlığa adət etmiş Simona atası kimi Allaha da
can-başla itaət edirdi. Sonralar o, xatırlayırdı ki, İususun
"ayaqlarına" sığınarkən həyəcandan donub qalar, ağlayar və
"mələklərin ağuşuna düşərdi".
Düzdür, heyrətdən donub qalması elə də uzun çəkmədi. Birinci
Dünya Savaşının sonunda ailə atanın uzağı görə bilməməsi üzündən
əziyyət çəkdi – o, Rusiya dəmir yolu aksiyalarına qoyduğu bütün
pullarını itirdi. Simona cehizindən, yəni yaxşı adaxlıdan məhrum
oldu.
Ata xeyli götür-qoydan sonra qızının həyatını "düzəltmək"
qərarına gəlir – qoy indi oxusun və özü pul qazansın. Bəs o vaxt
burjua ailələrindən olan qızlar necə pul qazanırdılar? Yalnız
müəllimliklə, fəaliyyətin digər növləri qadın cinsinin
nümayəndələri üçün, demək olar ki, əlçatmaz idi. Simonanı
Sarbonnaya, özünün sərbəst qanun-qaydaları ilə məşhurlamış
universitetə yollayırlar. Bəlkə də məhz bu hadisə qızı düşünməyə
vadar edib: bu dünyanı kim idarə edir? Nə üçün o, kişilərin kefi
belə istəyir deyə əvvəlcə, lap rahibə kimi yaşamalı, sonra isə
əxlaqsızlığın girdabında çabalamalıdır?
Gənc qız ilk dəfə idi ki, nəinki təkcə atasının nüfuzuna,
ümumiyyətlə, "güclü cins"in nüfuzuna şübhə ilə yanaşmağa başlayır.
Növbəti dəfə katolik keşişi Marten onu nəyə görəsə məzəmmət etməyə
başlayanda Simona qəribə bir ikrah hissi keçirdi. "Onun səfeh əli
peysərimdən basıb başımı aşağı əyməyə, üzümü yerə toxundurmağa
vadar edirdi. Ölənədək məni yerdə sürünməyə məcbur edəcək…" –
Simona xatırlayır.
On doqquz yaşında ən yaxın rəfiqəsinə daha Allaha inanmadığını
etiraf edir. Fəqət heç nəyin yeri boş qalmır. Bəli, inadcıl atasına
və Allaha itaət etməkdən boyun qaçırdı, lakin onun sərbəstlik
sandığı şey əslində bir fars (yüngül komediya, məzhəkə - tərc.)
idi. Sahibi, lideri izləmək meyli yox olmadı, təbii ki… Simona,
sadəcə, büşqa cür bacarmırdı. Və bu ziddiyyət – kişi hakimiyyətinə
qarşı qiyam və eyni zamanda da ona olan ehtiyac – son nəfəsinədək
ona əzab verdi.
"Əgər mən sevsəm, - Simona o vaxtlar yazırdı, - bu, ömürlük bir
eşq olacaq və mən bu hissə bütün qəlbim və vücudumla təslim olacam,
başımı itirəcəm və bütün keçmişi unudacam. Mən bu halla əlaqəsi
olmayan hiss və həzlərlə kifayətlənməkdən imtina edirəm". O,
Sartrla - özünün əzabkeşi və hökmdarı ilə görüşə tam hazır idi.
Müvəqqəti əxlaq
Qadın düşkünü, allahsız və ekstremal Jan-Pol Sartr Simona üçün
yeni səcdəgaha çevrilir. "Sanki öz əkizimə, oxşarıma rast gəlmişəm.
Bilirdim ki, o, həyatımda əbədi qalacaq". "Oxşarın" 158 santimetr
boyu, çəp gözləri, fasiləsiz siqaret çəkməkdən saralmış dişləri,
pinti, çopur, sızanaqlı üzü var idi. Lakin çox orijinal insan,
ağıllı və mahir natiq hesab olunurdu.
Simona da başqaları kimi onu dahi hesab edirdi. Buraxılış
imtahanlarında o birinci, Simona isə ikinci yeri tutur. Qiymətlər
arasındakı fərq cüzi idi. Bu qayda axıracan da davam edir - əvvəlcə
o, yalnız sonra Simona.
Onların münasibətləri çox qəribə idi, hətta Sarbonnanın
azadfikirli tələbələri üçün də qeyri-adi görünürdü. Sartrın ilk işi
sevgilisinə onu dəyişə biləcəyini bildirmək oldu. O, tələb edirdi
ki, sevgilisi ağıllı və müdrik qadın kimi onu anlamalı və qəbul
etməlidir. Simona heç də təəccüblənmir – uşaqlıqdan arvadbaz atası
və hər şeyi bağışlayan anası onunçün ailə münasibətlərinin etalonu
olmuşdu.
Doğrudur, burada söhbət ailədən getmirdi – Simona heç vaxt Jan
Polla bir çatı altında yaşamadı. Lakin Sartr öz nikahlarını
morqanatik (padşah nəslinə mənsub adamın adi adamla evlənməsi –
tərc.) adlandırırdı və bu, Simonaya bəs idi. Necə olursa-olsun, hər
halda nikah idi. Bir də ki Sartr hər dəfə onu özünə çəkəndə Simona
sanki "mələklərin ağuşuna düşürdü".
Sartr və Bovuar yazılmış tarix boyunca sədaqəti inkar edən
yeganə sevgili cütlük oldular. Onların birgə məişətləri, uşaqları
yox idi. Həmçinin qısqanclığın da onlar üçün yad olduğunu
söyləyirdilər. Bəlkə də bu kişi üçün həqiqət idi, qadınçünsə yox –
Simonanın ölümündən sonra dərc edilmiş məktublarından da onun birgə
yaşadığı kişinin yelbeyinliyindən necə əzab çəkdiyi görünür. Ancaq
var gücüylə bunu büruzə verməməyə çalışır, incə təbəssümlə
gülümsəyirdi, sanki heç onun xəyanətindən yaralanmayıbmış kimi...
"Biz o zaman veyil həyat keçirirdik, - Simona xatırlayır. –
Oyunlar, parodiyalar və bir-birimizin şəninə yağdırdığımız
təriflərin öz məqsədi var idi: bunlar bizi ciddiyyət ruhundan
qoruyurdu. Halbuki biz eynən Nitşe qədər və eyni səbəblərdən onu
tanımaqdan qəti şəkildə imtina etmişdik – xəyal dünyanın əzici
ağırlığını fantaziyalara bələyib sanki onu bu acılardan məhrum
edirdi..."
Əlbəttə, qız aşiq idi. Fantaziyalar aləmində yaşayaraq özünün
çəpgöz həmrahına heyran olur, eyni zamanda da ona bir zamanlar
atasının etdiyi kimi, itaətkarlıq aşıladığını etiraf edirdi. "Mən
ağıllı olacam, qabları yuyacam, döşəməni süpürəcəm, yumurta və
peçenye alacam və sən icazə verməyənədək saçlarına, boynuna,
çiyinlərinə toxunmayacam", - deyə Simona yazırdı.
Xülasə, bu iki nəfər bir-birilərini yaxşı tapmışdılar – kişi
parlayır, qadın fəxr edirdi; kişi istehza edir, qadın dözürdü.
Sartr məktəbə müəllim düzəlir, Simona da onun yolu ilə gedərək
sevgilisini izləməyə tələsir. Sartr burjua dəyərlərini ifşa etmək
və yeni fəlsəfə yaratmaq istəyirdi. Simona da onun fikilərini
bölüşürdü: "O, inqilabçılardan daha artıq anarxist idi, cəmiyyəti
mövcud olduğu şəkildə, nifrətə layiq şəkildə qəbul edirdi". Hər
ikisi hansısa bir ali hakimiyyəti rədd edir və bildirirdilər ki,
dövlət, cəmiyyət, valideynlər insan üçün heç bir məsuliyyət
daşımır, hər kəs öz həyatını özü qurmalıdır.
"Siz sərbəstsiniz, odur ki, seçin", - Sartr yazırdı. Özünün isə
beş sevgilisi var idi – madam ki, Allah yoxdur, deməli, əxlaq da
yoxdur. O, qadınları başdan çıxarmağı gözəl sözlərdən, mənalı
sükutdan və məharətlə seçilmiş obrazlardan ibarət olan "ədəbi iş"
kimi təsvir edirdi. Beləliklə, onun əxlaqı çox "elastik" idi. Elə
özü də onu "müvəqqəti əxlaq" adlandırırdı. Simona qısqanmırdı, ya
da özünü elə göstərirdi. Lakin Sartr rus aktrisası Olqa Kozakoviçə
vurulanda o, çox gərilmişdi. Sartr ilk dəfə Simonadan ayrılaraq
bütün məzunyyətini Olqa ilə keçirmiş və hətta ilk hekayələr toplusu
olan "Hasar"ı da ona həsr etmişdi.
De Bovuar da borclu qalmır – öz növbəsində əvvəlcə Olqanın
"başını yeyir", sonra isə "O gəlmişdi ki, qalsın" adlı roman yazır.
Roman ümumi sevgilinin məharətlə düşünülmüş qətli ilə bitir.
Gerçək həyatda isə heç kim heç kimi öldürmür. Kozakoviç bu
qəribə ailənin tamhüquqlu bir üzvünə çevrilir. Filosofun demək olar
ki, bütün sevgililəri bu metoddan istifadə edirdilər. Jan Pol isə
Olqanın bacısı ilə əylənirdi.
O bu gözəl gənc qızı, Vandanı "öhdəsinə götürmüşdü". 1939-cu
ilin sonunda Vanda ilə Fransanın cənubuna etdiyi səyahəti Bovuara
belə xəbər verirdi: "Bu gün səhər onunla ilk dəfə yatdım. Təmiz,
fəci, bütün 45 dəqiqə ərzində mənə nifrət etdiyini bildirən bu qızı
axırda çarpayıda qoyub tərk etdim". Digər tərəfdən də Simonaya
bildirirdi ki, Vanda ilə aralarında ideal məhəbbət var,
bir-birilərinin əllərindən tutub gözlərinin içinə baxmaq onları
xoşbəxt edir.
Ancaq o, tezliklə Vandayla münasibətlərindən peşman olur,
bununla belə "Azadlığın yolu" trilogiyasını məhz ona ithaf edir. O,
qızın başını xarab edir ki, ona görə hər kəsdən keçər, onu
inandırmağa çalışır ki, Simona onunçün, sadəcə, dostdur. Filosof öz
prinsiplərinə sadiq idi: "Elə insanlar var ki, onlarla ünsiyyətdə
yalan, sadəcə, zərurətdir".
Sartrı gerçəkdən həyəcanlandıran bəlkə də yeganə şey – xəyanət
əhvalatları idi. Sevgililərindən belə hekayətlər eşitmək onu
özündən çıxarırdı. Simona bunu görürdü, odur ki, bu silaha
sarılmağı qərara alır və o vaxtdan yalan-doğru macəralarını
Jan-Pola söyləməyə başlayır.
Misalçün, o, zərif tələbə Byanka Benenfeldlə dostluğundan
danışardı. Söyləyərdi ki, onun on altı yaşı var, gözəldir,
ağıllıdır, birlikdə gəzməyə çıxıblar, bir çarpayıda yatıblar. Bu
aralar Vanda ilə münasibətdə olan Sartr isə hər şeyi təfsilatı ilə
bilmək istəyirdi. Sonda isə dayanamayaraq Vandadan Byankanın
ağuşuna atılır. Ona qarşı laqeyd olmayan tələbə isə təslim olur.
Bəs necə? Axı o, sevimli müəlliməsinin kumiri (səcdəgahı) idi.
Doğrudur, Jan-Pol Byanka ilə yaxınlıqdan elə də zövq duymur.
Deyirlər ki, bəstəboy-ekzistensialist çarpayıya yollanmazdan əvvəl
su tasında uzun-uzadı ayaqlarını yuyar, əvvəl bir, sonra isə o biri
ayağının barmaqlarını dartışdırardı.
Bovuar adətən olduğu kimi, bu əlaqəyə də zahirən iltifatla
yanaşsa da, Byankaya məktubunda onu sancaraq acı ilə qeyd edirdi
ki, şəfqət iki nəfər arasında gözəl olur, üç iştirakçı arasında
deyil. Aydın məsələ idi ki, o, Byanka üçün darıxmırdı. Simona onu
nadir hallarda göylərə qaldıran, daha çox isə "yerlərdə sürünməyə
məcbur edən" segilisinin, arxadaşının, pərəstişkarının,
səcdəgahının nəvazişini özləyirdi. Simona bir qadın kimi, hər an
sevgilisinin bu dəfə də onu deyil, bir başqasını seçməyin faciəsini
yaşayırdı.
Müqayisəolunmaz sevgi
Jan-Pol da Simonanın kədərini duyurdu və başqa qadınlarına
olduğu kimi ona da bir az yaltaqlıq, bir az gerçəklik, bir az da
yalanlardan düzəldilmiş bihuşedici kokteyldən pay verirdi.
Sevgililərini qarmağa keçirməkdə bu sehrli iksirin çox köməyi
dəyirdi. "Mənim misilsiz məhəbbətim, - deyə o, yazırdı. – Sən ən
kamil, ən yaxşı və ən ehtiraslı sevgilisən. Sən mənim təkcə həyatım
deyilsən, həm həyatımdakı yeganə səmimi insansan".
1940-cı illərin əvvəllərində Simona öz tələbəsi, rus Natali
Sorokina ilə yeni bir macəra yaşayır. Yenə də Sartra yazılı duyğulu
hesabatlar axmağa başlayır – gənc tələbəsilə neçə öpüşür, onun
vücudundan necə ilham alır. Lakin sevgilisi heç bir reaksiya
vermir, onda Sartr gənc qıza həsr etdiyi "Başqalarının qanı"
romanını yazır. Artıq bu məqamda Sartr səhnəyə atılır və Natali ilə
münasibətə qoşulur: Natali isə onun haqqında deyirdi: "Özünü dahi
zənn edir".
Natali, yeri gəlmişkən, münasibətlərində heç də ehtiyatlı
deyildi. Sartrdan sonra ekzistensialist fəlsəfənin daha bir
davamçısı ilə münasibətdə olur. Yeni məşuq birlikdə keçirdikləri
gecədən sonra oteldə yatarkən Natali oradan döşək ağı və üz
dəsmalını oğurlayaraq qaçır – və onu administrasiya qarşısında
naqolay vəziyyətdə qoyur.
1942-ci ilin martında Sorokinanın anası Bovuardan Təhsil
Nazirliyinə rəsmi şikayət göndərir. Ana iddia edirdi ki, müəllimə
əxlaqsız sutenyor kimi onun həddi-buluğa çatmamış qızını özünün
tanış kişilərinin yatağına itələyib. Kifayət qədər dəlil-sübut
olmadığından işi bağladılar, amma Bovuarı da məktəbdən
çıxardılar.
Sartr rəfiqəsinin karyerasından ötrü heç də narahat olmadı. Bu
aralar o öz nöqteyi-nəzərincə, daha mühüm məsələ ilə məşğul idi.
1942-ci il idi, Paris almanlarla dolmuşdu və Jan-Pol Müqavimət
Hərəkatına qoşulmuşdu. O, siyasətə meyillənmiş və belə bir fikrə
gəlmişdi ki, yalnız şəxsi azadlığa aid olan fəlsəfədə siyasi
azadlıq üçün də yer tapılar. Yəqin ki, artıq demək gərək qalmayıb
ki, sədaqətli Simona yenə də dostunu dəstəkləyərək onun ardınca
redaktor olur. Belə ki, 1945-ci ildə Sartr və Bovuar "Tan modern"
jurnalının ilk nömrəsini çıxarırlar.
Beləliklə, bu fədakar qadın filosofun bütün həyatı boyunca onu
bir kölgə kimi izləyir, yardımçı, dəstək olur. Təəccüblüdür ki,
Sartra olan bu hisləri Simonaya tarixə bir cinsin digəri üzərində
üstünlüyünü şübhə altına qoyan böyük intellektual zəka sahibi kimi
daxil olmasına əngəl olmayıb.