"Gerçəkləşməyən arzular"
Şair Vəli Xramçaylı ilə görüşüb söhbət etmək keçdi könlümdən.
Şeirləri və xarakteri ilə seçilən bu şairin "Gerçəkləşməyən
arzular"ını çözmək, öz dilindən oxucularımıza təqdim etmək istəyi
ilə "Azərbaycan" nəşriyyatının 7-ci qatına qalxıram. Vəlinin
təsisçisi və baş redaktoru olduğu "Ocaq" qəzeti bu qatda yerləşir.
Qapını ərklə itələyib içəri keçirəm. Özü yoxdur. Qəzetin əməkdaşı
Arif bəy deyir ki, elə indicə çıxdı, bu dəqiqə gələr. Yerimi
rahatlamağa imkan tapmıram. Qapı açılır. Əvvəlcə ayaqları, sonra
isə əzəmətli gövdəsi görünür. Şairlə görüşüb salamlaşmaq üçün hər
ikimiz enerji sərf edirik. O, uca boyunu aşağı, mən isə bəstə
boyumu yuxarı dartıram.
İş varmı, işdən danışaq?
- Ayə, havaxt gəlibsən, indi çıxmışam ki... Daha az-az
görünürsən, – Vəli qonaqpərvərlik edib, oturmağa yer göstərir.
Otururam. Qəzet vərəqləri, əlyazmaları və təbii ki, külqabılarla
"səliqəli" görünən stoluna işarə edirəm:
- Vəli bəy, işlərin, yaradıcılığın necədir?
Danışdıqca dodaqlarına pərçimlənən siqaret rəqs edir:
- Faiq, qağa, iş varmı, işdən danışaq? Yaradıcılıq isə
yerindədir, ancaq yaradıcılıqla məşğulam. Hələ ki ilham bulağım
qurumayıb.
Sonra da stolun üstünü səliqəyə salır. Ayağa qalxıb pəncərəyə
yaxınlaşır. Açıq pəncərədən şəhərə tərəf boylanır, siqaretin
kötüyünü ehmalca aşağı atır. Kötüyün ardınca baxır, sanki kiminsə
başına düşə bilər, yaxud nə isə başqa ziyan edə bilər. Söhbətə
çəkirəm. Zatən söhbətcil adamdır, amma bu gün nədənsə az
danışır.
Azaldı mən görən kişilər
- Ay Vəli , "Azərbaycan" nəşriyyatının "7 arxadan
dönəni" ayağının altındadır. 7-ci mərtəbədə "Ocaq" qalamısan.
Burdan Azərbaycan necə görünür?
- Düz 17 il ikinci mərtəbədə idim. İndi də 17 ildir ki, 7-ci
mərtəbədə otururam. 7 rəqəmi indi özün düşün, necə görünər. Yaman
azaldı mən görən kişilər, mən görən yazarlar... 17 ili Məmməd
Arazla – o böyük şairlə bir yerdə olan şairin baxışı necə ola
bilər? Gələn gəlir, gedən gedir, zaman öz işindədir. Nəşriyyat daha
mən görən deyil.
Xramçaylı dərvişdir, Dərviş də Xramçaylı...
Heç belə görməmişdim şairi. Həmişə yeyib-içməkdə, kefi kök,
zarafat etməklə hər kəsin rəğbətini qazanan şairin qayğılı vaxtına
təsadüf etmişdim.
- Nə olub, şair, niyə belə pəjmürdəsən?
- Yox, ay qağa. Sualın məni uzağa apardı. Köhnə vaxtlara...
- Görürsən də, hər şey dəyişir. Sən gördüyün vaxtlar
deyil, deyirsən. Yaxşı, de görüm, "Xramçaylı" imzasını, "Dərviş"
imzasına dəyişməklə nə qazanmaq istədin?
- Xramcaylı mənim təxəllüsümdü. Ədəbiyyata bu təxəllüslə
gəlmişəm. Elə bu gün də elə o adla varam. Ancaq ruhum Dərvişdir.
Dərviş Vəli kimi silsilə şeirlər yazdım. Hamı məni Dərviş Vəli kimi
tanıdı. Xramçaylı dərvişdir, Dərviş də Xramçaylı...
"Bəlkə bir az qıcıqlandırım onu", - fikirləşirəm. Yaş altmışı
haqlayıb axı. Bu gün-sabah yubileyi olacaq.
Ha əlləşdim, ha vuruşdum
- Ustad, illərdir yazırsan, soruşmaq istəyirəm, niyə
yazdın? Yazdıqlarınla sahmandan düşənləri sahmana sala
bildinmi?
- İllərdi yazıram, düz deyirsən. Neynim, yazmaya bilmirəm. Tanrı
verib bu yazını, bu əzabı, demək, mənlik deyil. Ha əlləşdim, ha
vuruşdum, elə bu gün də istədim sahmana sala bilim sahmandan
düşənləri.
Sonra nə isə xatırlayırmış kimi gülümsəyir:
- Ay qağa, bir az sahmana sala bilmişəm axı, deyəsən...
Şair olmaq arzum heç olmayıb
- Yəni ürəyini boşaltdığın ağ vərəqlər səni arzularına
çatdırmaq üçün ağ yol ola bildi?..
- Ürəyimi boşaltdığım ağ vərəqlər mənim həyat yolumdur. Mənim
taleyim, bir də əlçatmaz arzularım çətin ağ yol ola. Çox qaranlıq
yolları ağ yola çıxarmaq istədim amma. Nail olmuşam, yoxsa yox,
zaman göstərər.
- O qaranlıq yolları ağ yola çıxarmağın yolçusu olmaq
istəyərkən nələri arzuladın?
- Arzular məndən yan keçdi, qağa. Şair olmaq arzum isə heç
olmayıb. Neynim, İlahinin mənimlə işi olmasaydı, şairlik mənlik
deyildi.
Vəli yenə də pəncərənin önünə keçir. Gözləri yenə də qarşıdakı
binaların üstündən uzaqlara dikilib. Çəkdiyi siqaretin tüstüsü
baxışlarının ardınca bayıra uçur.
Arzum Peledən sonra...
- Şair, arzularım yan keçdi, deyirsən. Bəs bu arzulardan
hansısa hələ də gözünü yolda qoyubmu?
- Elə qoyub, elə qoyub! Mən bir futbolçu olmalıydım. Arzum
dünyanın bir nömrəlisi Peledən sonra ən məşhur olmaq idi. Bax, o
arzu elə arzu olaraq da gözümdə qaldı .
- 34 dörd ildir ki, nəşriyyatdasan. Bu nəşriyyatda
tapdığın nə oldu, itirdiyin nə?
- Bu nəşriyyatda tapdığım itirdiyim, itirdiyim tapdığımdır.
- Səni itirdiyinin acısı, yoxsa tapdığının sevinci daha
çox özündən edir?
- Hər ikisi. 50-50-yədir. – Sonra da ərklə qapıya tərəf gəlir. -
Ayə, qurtar bu söhbəti, dur düşək aşağı, görək bir nə edirik. Mədəm
acından sərbəst şeir "yazır".
Sərxoş olanda...
- Yox Vəli, vaxtım yoxdur, başqa vaxt. Amma de, sərxoş
olanda yazılan şeirlərin yaxşı səslənir, yoxsa sərxoş olanda yaxşı
səsləndirdiyin şeirlər yaxşı yazılıb?
- Sərxoş olanda şeirlərim daha ayıq, daha sərrast səslənib,
yazılıb. Ayıq olanda isə daha çox sərxoş.
Ayağa dururam. Əlimi Vəliyə uzadıram:
- Şair, vaxtını aldım, sənə "sağ ol" deyirəm. Təsadüfən
solçu deyilsən ki?
- Mən də sənə "sağ ol" deyirəm. Amma solçu deyiləm, sağçıyam,
ona görə də çox bəlalardan sağ çıxıram...