"Cəbhə xətti" layihəmizin
budəfəki qonağı Firudin Əfqan oğlu Məmmədov 1970-ci ildə Ağdam
rayonunun Seyidli kəndində anadan olub, orada böyüyüb, boya-başa
çatıb. Sovet Ordusu sıralarında xidmət edib. Birinci Qarabağ
müharibəsi veteranıdır. İki gözündən də yaralanıb. Birinci qrup
Qarabağ əlilidir. Hal-hazırda Vətən müharibəsi Əlilləri İctimai
Birliyinin sədridir.
Ağır döyüş yolu keçmiş veteranla görüşdük. Ənənəvi olaraq ilk
sualım onun cəbhəyə yola düşdüyü ilk günlə bağlı oldu:
Ermənilər tez-tez hücumlar təşkil edirdi
- Firudin bəy, siz döyüşə nə vaxt getdiniz? İlk
döyüşünüz hansı istiqamətdə oldu?
- 1988-ci il fevralın 2-də Ağdamdan Əsgəran istiqamətində dinc
yürüş oldu. Mane olmasaydılar, bəlkə də həmən gün Qarabağ məsələsi
həll olunardı. O, yürüşdə iştirak edənlərin yadına gələr.
Azərbaycan milisi o zaman bizim yürüşü saxlamasaydı, indi nə savaş
olardı, nə də işğal altında olan torpaqlar. Mən həmin yürüşdə ön
sırada olanlardan idim. Həmən yürüşdə Qarabağ ilk şəhidlərini
verdi. Əli və Bəxtiyar şəhid oldu. Onlardan biri mənimlə
çiyin-çiyinə gedirdi. Onu vuran adam isə o dövrdə Ağdamın polis
rəisi idi. Adı Eldar idi. 100 min nəfərlik bir yürüş idi. Biz artıq
Əsgərana çatmışdıq. Sıramızda Mingəçevirdən, Ağcabədidən, Yevlaxdan
minlərlə insan vardı. Bu ilk yürüşdən sonra mən Sovet Ordusu
sıralarında xidmət etdim. Bu arada Sovet Ordusu artıq erməniləri
silahlandırmışdı. Ermənilər tez-tez hücumlar təşkil edirdi. Onlar
özlərinə nizami ordu qururdular. Azərbaycan tərəfdən isə sadəcə
Azərbaycan Xalq Cəbhəsi fəalları, könüllülər müqavimət göstərir,
pərakəndə olsa da, torpaqları qoruyurdu. AXC-nin Ağdam rayon
təşkilatının sədri, demokratik blokun üzvü Eldar Bağırov bir gün
bizi Ağdamın Seyidli kəndinin klubuna topladı. Cəbhənin Seyidli
kəndində də dayaq dəstəsi vardı və bu dayaq dəstəsi ətrafına ən
aktiv gəncləri, vətəndaşları toplamışdı. Eldar bəy bizi bir mayorla
tanış etdi, dedi ki, bu gördüyünüz insan Şirin Mirzəyevdir. Gəlib
ki, Azərbaycanın könüllülərdən ibarət ordusunu yaratsın.
80 adam batalyona yazıldı. Bunlardan 25 nəfəri daha çox
təcrübəli olanlar idi. Məndə bu siyahıda idim. Ancaq tələbə olduğum
üçün mənim gözləməyimi lazım bildilər. "Lazım olsa, çağıracağıq", -
dedilər. Sərhədyanı kəndlərin hamısından könüllülər toplanırdı.
Artıq müharibə başlamışdı. Mən ilk olaraq Şirin Mirzəyevin 1991-ci
ildə yaratdığı Ağdamın birinci könüllülərdən ibarət müdafiə
batalyonunda oldum. Artıq ordu qismən formalaşırdı. Ağdamdakı 50
nömrəli peşə məktəbində yerləşmişdik. Bizə təlimlər keçirdilər.
Ordu çox ağır şərtlərdə qurulurdu.
500 əsgərə cəmi 25 avtomatımız vardı
- Bəy, siz orduya vuruşmağa gedəndə 21 yaşınız olub.
Gənc idiniz. Ən ağır döyüşləri harada keçirdiz?
- Gənclərin iki cür xarakteri olur: ya vətənpərvər, ya da
qorxaq. İnanın, bizim vaxtımızda bütün gənclər uşaqlıqdan necə
çılğın idilərsə, orduda da elə idilər. Bütün cəngavər gənclərimiz
döyüşdə idilər. Düzdür, "oblava"ya düşüb gələnlər də vardı,
çağırışla gələnlər də. Lakin demək olar ki, bizim batalyonda hamı
könüllülər idi. İlk döyüşüm batalyonumuzun dekabr ayının 29-da
Fərrux kəndi üzərinə hücumu ilə başladı. Həmin gün güclü qar
yağmışdı. Silahımız az idi. 500 əsgərə cəmi 25 avtomatımız vardı.
Patronun birini Bakıdan 1 manata alırdıq. Amma Ağdamda bir patron 5
manata idi. Həmən döyüşdə yaşca ən kiçik mən idim. Silahı isə daha
təcrübəlilərə verirdilər. Biz arxada gözləyirdik, əgər öndə
olanlardan ölən olsa, biz onların silahı ilə döyüşəcəkdik.
Ermənilər Fərrux yüksəkliyindən bizi nəzarətdə saxlayırdı. O
yüksəklik mütləq alınmalı idi ki, irəliləyə bilək. Fevral ayının
2–də yenidən hücuma keçdik. OMON-çularımızın və iki BTR-in köməyi
ilə erməniləri həmin yerdən qova bildik. Eyni zamanda bir erməni
kəndini də aldıq. Düşmən xeyli itki verdi. Bizim tərəfdən itki az
idi. Düşmən yenidən ora qayıtmasın deyə, kəndin bütün evlərini
partlatdıq. Bir müddət sonra ermənilər həmin kəndi böyük qüvvə ilə
geri ala bildilər. Şəhidlər verdik. Fərrux yüksəkliyindəki
döyüşlərdə on iki dəfə iştirak etmişəm. Deyim ki, ən qanlı döyüşlər
burda gedirdi. Bundan sonra dəhşətli döyüşlər Xocalıda oldu.
Xocalı soyqırımından yeddi gün keçməmiş komandirimiz dedi ki,
Xocalının qisasını almalıyıq.
Altmış erməni öldürdük
Ermənilərin yaşadığı, dörd tərəfi dağla əhatələnmiş bir kənd var
idi. Həmin kənddə düşmənin bir hərbi hissəsi yerləşirdi. Biz o
kəndi yağmalayıb oradan 5 tank götürmüşdük. Sonra Xocalının
intiqamını almaq üçün Qazançı kəndinə hücuma keçdik. Düşmən güclü
müqavimət göstərdi, biz səkkiz şəhid verdik, əsgərlərimizdən on üçü
yaralandı. Amma altmış erməni öldürdük, çoxlu sayda ermənini əsir
götürdük. O əsirləri Xocalıdan əsir düşənlərlə dəyişdik. Əzgillik
deyilən yer vardı, orda pusqu qurduq. Əlavə olaraq əsirlər
götürdük, onları da xocalılarla dəyişdik. Bir dəfə də erməniləri 4
gün mühasirədə saxladıq. Amma bizim tərəfdən hansısa satqınlıq
oldu, onlar mühasirədən qurtula bildilər. Arada dövlət məmurları
ilə görüşlər olurdu. İradlarımızı bildirirdik, hüquqlarımızın
pozulduğunu deyirdik. "Dövlətlə dövlətçilik edəcəksiz?" -
deyirdilər. Mən o məmurlarda günah görmürəm, əvvəllər də biz üç
tərəfdən qorunurduq; həm sovetə qulluq edən milisimizdən, həm
ermənidən, həm də içimizdəki satqınlardan.
Xocalı əsirləri
- Siz götürdüyünüz erməni əsirlərlə necə rəftar
edirdiniz?
- Biz əsrlərlə yaxşı rəftar edirdik. Çünki Şirin Mirzəyev bizə
onları oldürməməyi tapşırmışdı. Onlar bizə Xocalıdan düşmüş
əsirləri dəyişmək üçün lazım idi. Əslində, əsgərdən əsgərə fərq var
idi. Əsirə toxunmamalısan - bu bizim dinimizdə də deyilir. Amma
içimizdə əclaflıq edənlər də vardı. Məsələn, mən bir erməni əsirlə
nərd də oynamışam, onunla insan kimi davranırdım. Biz keçən il
Təbrizə dəvət aldıq, ordakı qazilərlə danışdıq. Onlar bizə
xatirələrimizi yazmağı xahiş etdilər.
Məğlubiyyətimizin səbəbi çoxdur
- Sizcə Ordudakı xəyanətkarlıq ucbatından biz məğlub
duruma düşdük, yoxsa döyüşə bilmirdik?
- Yox, bizim məğlubiyyətimizin səbəbi çoxdur. Amma satqınlıq,
xəyanət vardı. Məsələn, Ağdərəni 26 şəhid verərək erməni işğalından
azad etmişdik. Qarabağın 51%-ni ermənidən təmizləmişdik. Biz
döyüşləri təşkil edirdik, ermənilər də qaçırdılar. Artıq bizə qarşı
çıxa bilmir, məğlubiyyətləri ilə razılaşırdılar. Hər hücuma keçəndə
elə bilirdik ki, bu hücumdan sonra artıq Qarabağ xilas olacaq,
evimizə dönəcəyik. Amma hər dəfə də xəyanət olurdu. Biz mənəvi və
fiziki olaraq məhv olurduq. Harasa hücum edəndə, haranısa azad
edəndə 200 şəhid versək də, qanımız qaralmırdı. Amma bir kəndimiz
erməni tərəfindən alınanda bir şəhid versək belə, bu bizi məhv
edirdi. Amma sadaladığım uğurlardan sonra Surət Hüseynov
briqadasını döyüş meydanından geri çəkdi. Cəbhənin bir tərəfi
boşaldı. Gözləmədiyimiz halda 10 gün ərzində altmışa yaxın kəndi
ermənilər geri aldı. Ermənilər düşünürdü ki, sonuncu Ağdərədir, son
hücumla buranı da alacaqlar. Ermənistanın müdafiə nazirinə kimi
hamısı yığışmışdılar. Əhəmiyyətli döyüş idi. Biz də öz
səngərlərimizi qurduq.
Surət xəyanətkarcasına öz əsgərlərini geri
çəkdi
Min nəfərlik briqadamız vardı. Hər gün əsgərlərimizə deyirdik
ki, bu sonuncu döyüşdür, gedirik bayrağımızı Xankəndinə sancırıq,
bununla da hər şey bitir. Amma Surət xəyanətkarcasına öz
əsgərlərini geri çəkdi. Gecə saat 4-də deyilən nöqtəyə çatdıq. Bizi
Nəcməddin Sadıqov ön cəbhəyə yola saldı. Bu briqada qələbə
briqadası idi. Erməninin qabağını saxladıq, sanki divara
dirəndilər. Müdafiə nazirləri də ora gəldi, ancaq bizi aşıb keçə
bilmədilər. Bunu ilk dəfə deyirəm, mən hər gecə yuxuda hücumumuz
zamanı Qarabağı xilas etdiyimizi görürdüm. Bir pulemyotum vardı.
Özümə bir səngər düzəltmişdim. Səngərdən bir balaca pəncərə
düzəldib pulemyotumun lüləsini çölə çıxartmışdım. 3 min metr
məsafəni vura bilirdim. Hər dəfə o pəncərədən düşmən tərəfə baxanda
düşünürdüm ki, düşmən məni vursa, ancaq bu pəncərədən gözümdən vura
bilər. Orda hərəmiz özümüzə sanki bir qəbir qazıb girmişdik həmin
qəbrin içinə. Belə döyüşürdük biz. Səhər döyüş başlayacaqdı, gecə
yuxuda gördüm ki, erməni hücuma keçib, mən gözümdən
yaralanmışam.
Hər kəs öz "qəbrində" gizlənmişdi
Firudin bəy danışır və döyüşçü yoldaşı Sevil xanımı şahid
göstərir:
- Sevil təsdiq edə bilər, biz həmin döyüşdə bir yerdə olmuşuq.
(Sevil xanım bu müsahibə
alınandan 30 dəqiqə sonra avtomobil qəzasında dünyasını
dəyişəcək!!! - Red) Nə isə, səhərə yaxın ermənilər bizi güclü
atəşə tutdu. Ağır artilleriyadan yayılım atəşi imkan vermirdi ki,
başımızı səngərdən bayıra çıxara bilək. Hər kəs öz "qəbrində"
gizlənmişdi. Üstümüzü də torpaqla örtmüşdük, bir metrlik qar hər
səhər əriyib bədənimizə dolurdu. Ermənilər demək olar hər gün hücum
edirdi, onları qırır, texnikalarını məhv edib, geri qovurduq.
Yenidən yüzlərlə əsgərlə, tank və BMP-lərin arxasınca üstümüzə
gəlirdilər. Təsəvvür edin, vururuq, texnikalarını məhv edirik, amma
durmadan gəlirlər. Dəhşət bürüyüb bizi, gəlib beş yüz metrlikdə
dayanıblar. Bizim də bütün silahımız tükənib, qalmışıq. Çox az
minamyotumuz qalmışdı. Anidən erməninin bir tanki çıxdı üstümüzə,
geriyə qaça bilmədik. Biz tərəf açıqlıq idi. Arxada da əsgərlər
qoymuşuq ki, bizdən kimsə qorxub qaçsa, həmən vursunlar. Çünki bir
nəfər qaçsa, hamı qoşulub qaçacaqdı. Bu bir psixoloji şeydi... Nə
isə hamımız əl qumbaralarını düzmüşük səngərə ki, gəlsələr, son
olaraq onu ataq onları da, özümüzü də məhv edək. Yanımda bir dostum
qalxdı ki, baxsın düşmənlər nə edir. Qalxmağı ilə elə vurdular ki,
başı bədənindən ayrıldı. Bizim də qarşılıq verməyə heç nəyimiz
yoxdur. Biz tərəfdə sakitlik yarandı. Düşmənlər fikirləşdi ki, ya
biz qaçmışıq, ya da hamımız ölmüşük. Bu tank beş metrliyimizə qədər
gəlib dayandı. Tankdan qıp-qırmızı bir erməni çıxdı. Ətrafa baxdı,
biz uzanmışdıq deyə, görmədi və gülərək erməni dostlarına: "Gəlin,
bunlar qaçıb, - dedi. Bu anda bütün əsgərlərimə əllərindəki son
qumbaralarını buna tərəf atmalarını əmr etdim. Hər kəs atdı, amma
işə bax, bir qumbara da ona bir şey etmədi. Erməni özünü itirib tez
tanka mindi, düz səngərə - üstümüzə sürüb səngərin üstündə iki dəfə
tankı fırlatdı, geri dönüb qaçdı. Beş əsgər torpağın altında qaldı.
Amma heç biri ölmədi. Düşünün ki, bu tankı vurmağa heç nəyimiz yox
idi.
12 saat dayanmadan vuruşduq
Amma İrkutskdan könüllü olaraq gəlib bizimlə vuruşan Saşa adlı
rusun əlində tank əleyhinə bir qumbara vardı. Saşa səngərdən çıxdı.
İstəyirdi ki tankı çərçivəyə salıb vursun. Amma yağış kimi yağan
güllələr buna imkan vermədi. Qəribədi ki, heç o güllələr də Saşaya
dəymirdi. Amma bir tank mərmisi onun bir metrliyinə düşdü. Saşa
qumbaranı atsa da, tankı vura bilmədi. Bu arada Saşa özünü
itirməyib tank mərmisinin qazdığı quyuya atıldı. Tərslikdən də,
arxadakı rabitəçimizi vurdular. Qrad atanlarımıza da xəbər verə
bilmirdik ki, atsınlar. Amma erməni tankı aradan çıxandan sonra
rabitəni ələ keçirib qrad atanlara dəqiq koordinatı verə bildik.
Ermənilər qaçdılar. Biz əliyalın da olsaq onları qovduq. Amma həmin
döyüşdə 57 nəfərimiz şəhid oldu. Yaralılarımız da çox idi. 57 şəhid
verməyimizə baxmayaraq, əsgərlərimiz ruhlanmışdı. Ermənilərin bir
tankı döyüş meydanını tərk etməmişdi. Onu özlərindən götürdüyümüz
silahla vurduq. Düz 12 saat dayanmadan vuruşmuşduq. Meyitləri,
yaralıları döyüş yerindən çıxardıq. Mövqeləri saxladıq.
12 əsgərimiz parça-parça oldu
Yerdə qar olsa da, gün çıxmışdı. Bir neçə əsgərimiz özünü günə
verib yorğunluğunu çıxarırdı. İki nəfər isə elə yerdə oturmuşdu ki,
düşmən onları görə bilərdi. Onlara yerlərini dəyişməyi tapşırdım.
Füzuli adlı bir oğlan vardı. Onunla yanaşı 5 nəfər də əsgər. Bu
zaman ermənilər tankla atəş açdı. Mərmi Füzulinin belindən yarıb
keçdi. Yaxınlıqdakı 12 nəfər əsgərimiz isə parça-parça oldu.
Mən elə bildim, əlimdə siqaret partladı, dərədən aşağı üzü üstə
düşdüm. Gözlərim qaraldı. Nə qədər ovsam da, heç nə görmədim. Məni
Hospitala gətirdilər. Həmin döyüşdən sonra gözlərimi itirdim. Ağır
yaralı olduğumuz üçün bizi Bakıya gətirdilər. Burada üç ay yatdım.
İyulun birində hospitaldan çıxdım. Ağdama getdim. Məni kənd camaatı
qarşıladı. İyirmi üç gün sonra isə Ağdam işğal olundu...