Yuxarı

Demə əcəlinə çapırmış...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

O gün də hər zamankı sabahlardan biri idi. Xəstə və halsızdım. Nə kimsəylə danışacaq həvəsim, nə də işə getməyə halım vardı. Amma yeni başladığım işimin həvəsi, daha sonra Axar.az-da apardığım layihələr məni ruhlandırırdı.

Hər dəfə saytda yerləşdirilən layihələrdən sonra təşəkkür zəngləri alırdım. O gün də elə günlərdən biri idi. Telefonum zəng çaldı. Artıq bu gün dünyada olmayan Qarabağ əlili, min ölümdən sağ çıxmış Sevil Abbasova idi. Həmişəki kimi şən idi; hal-əhval sorduqdan sonra onunla müsahibəm üçün təşəkkür etdi və məni görmək istədiyini bildirdi. Əslində, işlərim çox olduğundan, üstəgəl xəstəliyim üzündən görüşə getmək istəmirdim. Amma Sevil üzüləsi adam deyildi.

İzn alıb, işdən bir saat tez çıxdım. Sevil xanımsa durmadan mənə zəng edirdi. Durum eləydi ki, telefona cavab verə bilmirdim. Artıq işlərimi bitirib evə qayıdırdım. Nəsə məni bu görüşdən vaz keçməyə zorlayırdı, ancaq yenə də Sevil xanımın israrlı zənglərinə cavab vermək məcburiyyətində qalıb telefonu açdım. O bu axşam beş dəqiqəlik də olsa, mütləq məni görmək istədiyini bildirdi və gülərək dedi:

- Adətən xanımlar bəylərlə görüşmək istəyirlər, amma burda bir xanım səni görmək istədiyini dilə gətirir. Gülüşdük. Təslim oldum.

Onunla bir neçə gün qabaq, müsahibəmizdə tanış olsaq da, bu çox qısa vaxtda bir-birimizə isinişmişdik – belə mərd adamla dost olduğuma sevinirdim. O, olduqca cəsarətli, gülərüz, sözün əsil mənasında kişi adam idi. Qısası, çox çətinliklə olsa da, görüşə bildik (hələ o gecə şəhərdəki tıxac ucbatından kilometrlərlə piyada yerimək bahasına da olsa, görüş yerinə çatmışdım).

Görüşdük. Oradaca başqa bir Qarabağ qazisi Firudin bəydən "Cəbhə xətti" üçün müsahibə aldım. Xəstə olduğumdan çox otura bilməyəcəyimi bildirdim. Və qalxdıq. Öncə Firudin bəyi evinə apardıq. Firudin bəy düşdükdən sonra Sevil xanım ön oturacağa keçməyimi xahiş etdi. Keçdim. Xoş əhvali-ruhiyə ilə yola düşdük. Sevil xanıma israrla: "Səni evdə qızın gözləyir, gecikmə, get. Mən taksiylə gedərəm", - dedim. Güldü. "Səni burda bu xəstə vəziyyətində yarı yolda qoymaq kişilikdən deyil, - dedi, - səni evinə aparım, sonra biz Solmazla gedərik".

Belə də oldu. (Amma nə bilərdik, ayrılıq var, ölüm var...).

Yola düşəndə səhərdən məni bu görüşdən uzaqlaşdıran o qara hiss yenidən içimdə baş qaldırdı.

Önümüzdə məni evə çatdıracaq iki yol ayrılırdı. İçimdəki deyirdi ki, ona öz düşündüyün yolu de. Ancaq məsləhəti sevmədiyi üçün demədim (keşkə desəydim).

O lənət olası işıqfora yaxınlaşdıq. Qızrmızı işıqda gözləyən maşınlara baxırdım. Bir maşının tələsdiyini görüb Sevil xanıma dedim: "Bu maşından ehtiyatlı ol". O isə həmişəki kimi gülərək, "Məni erməni tankları əzə bilmədi, indi deyirsən bu "Cip" əzəcək?" – dedi.

Gülə-gülə nə isə ölümdən danışırdıq. Ani olaraq "Cip" qaydanı pozaraq çox yüksək sürətlə üstümüzə gəlməyə başladı. Sevil maşını sağ tərəfə qaçırdıqca, sanki sürücü də israrla avtomobili üstümüzə sürürdü. Mən öncə ani olaraq həyatımı, ailəmi, sevdiyimi, ümumiyyətlə, bütün yaşadıqlarımı 20 saniyədə gözümün önünə gətirdim. Və elə məhz o anda "Cip" bizə çırpıldı.

Öldüyümü zənn etdim. Yox ölməmişdim; öncə ayaqlarıma, sonra çevrilib Sevil xanıma baxdım. O, büsbütün qan içindəydi... rəngi ağappaqdı... arxa oturacaqdakı Solmaz xanım da qan içində durmandan qışqırırdı. Yenə də özümü itirmədim. Bir yandan da maşınımızın hər an partlayacağını düşünürdüm. Çevrilib Sevil xanıma kömək etmək istədim (bu arada artıq adamlar ordaydı, amma maşının qapılarını aça bilmirdilər), mən heç cür tərpənə bilmədim, çünki içimdəki ağrılar, sifətimin tanınmaz halda olması və gözlərimin qanla dolması məni hərəkətsiz etdirdi. Tək xatırladığım odur ki, hamıdan Sevillə Solmazı xilas etməyi xahiş edirdim. Anidən adamların arasında rəhmətlik atamı gördüm və yenidən öldüyümü, ancaq ruhumun bu olanları izlədiyini düşündüm. Atam məlul-məlul mənə baxırdı. İlk dəfəydi onu bu qədər çarəsiz, səssiz görürdüm. Sonrasını tam xatırlamıram: bizi xəstəxanaya yerləşdirdilər və orada 15 gün Sevilin ölümündən xəbərsiz, sağalıb onunla yenidən görüşəcəyimizi düşünərək yatdım.

Xəstəxana məhbəs kimidir; insan özünü çarəsiz hiss edir. Orada hər kəsdən Sevili soruşurdum. Onun komada olduğunu deyirdilər. Bir insanın dərman qoxulu otaqda 15 gün sadəcə bəmbəyaz pəncərə, yamyaşıl şam ağacları, bir də qapqara buludlardan başqa heç nə görməməsi çox dəhşətdir. Və nəhayət, 15 gün sonra Sevilin öldüyünü bildim, amma o, orada olduğum hər gecə yuxuma girir, mənə (heç sevmədiyim) təsəlli verirdi.

Sağ olsun bütün dostlar, tanışlar - məni dar günümdə tək buraxmadılar. Amma bir şeyə yenidən əmin oldum ki, Allahın insanın canını almaması onu öldürməməsi anlamına gəlmir və ya ona şans verməsi deyil, onu daha çox cəzalandırması imiş!

Bəlkə də belə deyil, amma...

Tarix
2014.11.17 / 23:40
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Nazirlik sağlamlıq imkanları məhdud gəncləri işə cəlb etdi

Mənə cansız bədənini gətirdin - Nənəsinin Mövlud fəryadı

Milli qəhrəmanın deputat xanımından etiraflar – Foto

Qara magiya: Ruhları çağırmağın sadə yolu – Video

“Titanik” batmayıbmış: Əsrin fırıldağı – Video

Gələcəyi qorxuya salan 10 dəhşətli silah – Video

Keçmiş gizir: “General Rzayev mənə dedi ki...”

Zabit: “Erməninin başına 30 güllə vurduq”

“Dedi ki, ermənilər postumuza hücum edib”

“Barselona” şərhçisindən ölkəmizə salam - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla