"Cəbhə xətti" layihəsinin
bugünkü qonağı Ehtiram Əlidir. O, 1955-ci ildə Göyçay rayonunda
anadan olub. Orta təhsilini Bakı şəhərində başa vurub. Birinci
Qarabağ Müharibəsi veteranıdır. Ailəlidir, üç övladı
var.
Məni xain kimi təqdim etdilər
- Əvvəla, sizi salamlayıram. Düşünürəm ki, sizin kimi
vətənpərvər gənclərimiz var olduqca bu vətən dimdik ayaqda duracaq.
Sözün düzü, mən bu günəcən görməmişəm ki, kimsə bizdən müsahibə
almaq üçün xahiş edə. Amma siz - Axar.az olaraq bunu həyata keçirir
və bizi sevindirirsiniz. Həyat yoluma gəldikdə isə başlayım
təhsilimdən.
...Orta məktəbi bitirib, Azərbaycan Texniki Universitetinə qəbul
olmuşam. Sonra Sovet ordusunda xidmət. 8 il Layihə İnstitutunda
işləmişəm, sonra Milli Azadlıq Hərəkatı başladı. Biz də bir
vətəndaş kimi hərəkata qoşulduq. İşlədiyim yerdə dayaq dəstəsi
yaratmışdım, fəal mübarizə aparırdıq. 1990-cı il 20 Yanvar
hadisəsindən sonra guya milli ədavəti qızışdıran vətəndaş kimi
işdən çıxarıldım. Həmin vaxt Moskvada aspiranturanı müdafiə
etməliydim, ancaq oraya məqalə yazaraq, məni xain kimi təqdim
etdilər. Beləliklə, müdafiəm dayandı.
Əsgərimiz həyəcandan sarılıq tutdu
Bir gün eşitdim ki, Əfqanıstan döyüşçüsü Mehman Mustafayev
Qarabağ üçün könüllü dəstə yaradır, getdim ora qoşuldum və Qarabağa
yollandıq. Ancaq Qarabağla bağlı tam qərarımı rəhmətlik Xəlil Rza
Ulutürkün oğlu Təbrizin dəfnində verdim. Orada çox kövrəlmişdim.
Bilirsiniz, o vaxtlar milli ruh yüksək idi. Adamların qanı çoşurdu.
Ulutürk öz oğlunun dəfnində bir damla göz yaşı axıtmadı və dedi ki,
mənim aldığım bütün adlardan ən böyük ad şəhid adıdır, o da oğluma
qismət oldu. Bu ifadə heç vaxt qulağımdan getməz. Bu sözlərdən
sonra Qarabağa getməyə özümü borclu saydım. Vuruşduğum vaxtdan
sonacan ən çətin günüm ilk gecəm idi. Hamı mənə deyirdi ki, bura
sənin yerin deyil. Müharibənin nə qədər faciəvi olduğunu
ermənilərlə ilk dəhşətli döyüşdə əsgərlərimizdən birinin həyəcandan
sarılıq tutmasından bildim. Bilirsiniz, hamı könüllü gedirdi, amma
orada vəziyyət fərqli idi. Nizami ordu yox idi, zabit çatışmazlığı
vardı.
Onun cəngavər kimi döyüşməsi...
Komandirimiz Tofiq Oğuz idi. Bir dəfə gecə yarısı mənə dedilər
ki, Tofiq bəy səni çağırır, gəlib gördüm ki, o, hazır hərbi
geyimdədir. Bizə dedi ki, sizi ən çox inandığım adam kimi
çağırmışam, ermənilər hücum edib bizim posta. Nə isə, bunun maşına
minib getdik Şuşanın Kosalar kəndinə. Baxdıq ki, ağır döyüş gedir,
özü silahıyla qabaqda getdi, biz də ardınca. Xeyli döyüşəndən sonra
bir əsgərimiz şəhid oldu. Məni ən çox şəhid yox, Tofiq Oğuzun
cəngavər kimi döyüşməsi kövrəltdi, qürurlandırdı. Təbii ki,
şəhidimizə üzüldük, amma müharibə qurban tələb edir.
Mən döyüşə gedəndə hamıya ziyalı kimi görünürdüm və doğrudan da
yazı-pozu adamıydım. Ancaq ora getdikdən sonra anladım ki, insan
həyatda hər şeyi bacarmalıdır. Qısası, döyüş məni dəyişdi, nisbətən
edə bilməyəcəyim şeyləri də öyrətdi. Hansı sahədə olursan-ol, kim
olursan-ol, amma hər kəs bir nəfər kimi torpağı uğrunda
döyüşməlidir. Orada elə döyüşlər gedirdi ki, bütün bu olanlar mənə
adiləşmişdi. Şəhid görməyi adi qəbul edirdik.
Snaryad atdılar, ayağımdan yaralandım
Bir dəfə Bakıdan yeni könüllü gətirmişdilər. Gətirən günü də
posta göndərmişdilər. Bunu eşitdim, etiraz edərək posta yollandım
və yeni gələn əsgəri özüm əvəzlədim. Həmin əsnada da snaryad
atdılar, ayağımdan yaralandım. Ancaq qan aparsa da, səsimi
çıxarmadım ki, yeni gələn əsgərlərdə çaşqınlıq yaranmasın. Dedim
ki, atışma dayansın, sonra məni sarıyarsınız, elə də oldu. Birgə
döyüşdüyüm əsgərlər hamısı bir yerdə işləyib könüllü müharibəyə
gedən adamlar idi. Bir-birimizi çox istəyirdik, canımızı qurban
verərdik bir-birimizə.
Bir gün dedilər ki, iki dustağı Bakıya aparacaqsınız, amma yolda
onlarla danışmayın. Yola düşdük, həmin erməniləri Bakıya
gətirirdik. Ancaq bilmirdik ki, bunlar ermənidir. Yarı yolda gördük
ki, danışmırlar. Bizə məlumat verildi ki, bunlar ermənidir.
Qorxurdular ki, onların erməni olduğunu bilərik, əlimizdən xəta
çıxar.
Bizim əsgər həmişə onlardan irəlidə olub. Çünki bizdə
vətənpərvərlik hissi daha güclüdür. Çünki biz nə üçün, kim üçün
vurşduğumuzu bilirdik, amma onlar nə üçün döyüşdüklərini belə
bilmirdilər və qorxurdular. Gənclərimizə üzümü tutub demək
istəyirəm ki, əziz gənclər, vətəni sevin. İlk əvvəl tamahınızı,
nəfsinizi üstələyin. Oxuyun, təhsilinizi dərinləşdirin ki, vətənə
daha yüksək səviyyədə xidmət edə biləsiniz.
Müharibə hələ bitməyib
İndi bizdə müharibə haqda çəkilən filmlərin heç birini
bəyənmirəm. Düşünürəm ki, keyfiyyətsiz, gərəksiz ekran əsərləridir.
Mən rejissor olsam, heç nə çəkməz, lazımı vaxtı gözləyərdim. Axı bu
gün biz nəyi çəkək? Biz qalib deyilik axı, bizim müharibə hələ
bitməyib, hələ olanlar olacaqlar.
1992-ci ildə tərxis olundum, yenidən sivil həyata ayaq uydurmağa
çalışdım. Bu gün veteran kimi 50 manat alıram. Başqa heç bir
imtiyazdan yararlanmıram. Vətən sağ olsun...