"Cəbhə xətti" layihəsinin
bugünkü qonağı Talıbov İntiqam Həsən oğludur. O, 1962-ci ildə Bakı
şəhərində anadan olub. Burada boya-başa çatıb. Birinci Qarabağ
müharibəsi iştirakçısıdır. Ailəlidir, 3 övladı var.
Hamısı ermənilərə qaldı
- Sovet ordusunda xidməti başa vurub, vətənə qayıtdıqdan sonra
tikintidə işləməyə başladım. O vaxtlar iki ay işsiz qalmaq qəbahət
sayılırdı. Mən də hər gənc kimi həyatımı qurmalı idim. Avtobazanın
müdirinin şoferi idim. 20 Yanvar hadisəsi baş verəndə hərə bir
maşınla gedib "Salyanski kazarman"ı mühasirəyə alırdı ki, oradan
rus əsgərləri texnikayla çıxıb, xalqa divan tutmasın. Mən də
dözməyib bir KRAZ-ı sürdüm ora, əlimdən gələni etməyə çalışdım.
Onda müharibəyə könüllüləri cəlb edirdilər, çox adam ailəlidir
deyə, getməyə çəkindi. Mən isə subay idim. Düşündüm ki, getsəm,
problem olmaz. Mən də könüllü getdim. İlk getdiyimiz gün çadırları
qurduq, yenicə yerləşmişdik ki, erməni başımıza bomba yağdırmağa
başladı. Hərə bir tərəfə qaçdı... Əslində, biz Xocalıda
beşmərtəbəli binalar inşa edirdik, könüllü kimi bura gəlmişdik.
Ancaq bu binaları tikib, xeyrini görmədik. Müharibə şiddətləndi,
torpaqlar işğal olundu, hamısı qaldı ermənilərə.
Erməniyə görə 64 min...
Bir dəfə dedilər ki, bizdən 3 ahıska türkünü ermənilər əsir
götürüb, ya onları xilas etməliyik, ya bunun əvəzini çıxmalıyıq.
Həmin vaxt komendant saatı idi, ancaq rus əsgərləri harasa
gedib-gəlirdilər. Bir gün UAZ-la gedib yolu kəsdim. Bir də gördüm,
bir dənə "Moskviç" gəlir. Bunu sıxışdırıb saxlatdırdım, yanımda da
bir yerli adam vardı. Ona dedim ki, sən, sadəcə, erməniləri mənə
göstər. O, erməniləri mənə göstərib gizləndi. Kəsəsi, maşındakı bir
gənc erməni düşüb qaçmağa başladı, onu qovub tutdum. Gətirib
gizlətdim və heç kimə də yerini demədim. Həmin erməni üçün 64 min
pul, təzə "Volqa" təklif etdilər. Dedim ki, 3 türkü verin, onu sizə
qaytarım. Ancaq əsirlə necə rəftar olunursa, onunla elə rəftar
etdim.
Erməniləri bombalayıb qaçdım
O vaxt Xocalıya polislər də girə bilmirdi. Amma mən gecə vaxtı
Xocalıya getdim. Erməniləri bombalayıb qaçdım, anidən qabağımıza 3
erməni çıxdı. Tez yerə yatdıq, əlimdəki qranatları atıb onları məhv
etdim. Buna görə məni Türkiyəyə gəzməyə göndərmişdilər. Mən əvvəlcə
partizan kimi xidmət etmişəm, sonra Şuşada Milli Ordu sıralarında
xidmətə başlamışam. Bakıdan Şuşaya gələn ilk tanklara mən
bələdçilik etmişəm. Daha sonra məni Ağdərə istiqamətinə
göndərdilər, yeni batalyonda xidmətə başladım. Çünki yeni
batalyonun tərkibində 18 yaşlılar çox idi. Onları qorumalı, bəzi
şeyləri öyrətməli idik. Burada da ağır döyüşlər oldu.
Maşınlarımızdan birini vurdular. Başqa bir batalyonda xanım döyüşçü
vardı, az qalırdı bütün əsgərlərin qabağına durub desin ki,
hamınızı mən qoruyacağam. Bizim millətin tayı-bərabəri yoxdur:
istər qadın, istər kişi olsun, biz dünyanın ən gözəl
millətiyik.
General mənə dedi ki...
Nəhayət, könüllüləri tərxis etdilər, mən də Bakıya qayıtdım. Bir
həftə keçmişdi, general Şahin Rzayev məni çağırıb dedi ki, sənin
kimi əsgər bizə lazımdır və mənə kiçik gizir rütbəsi verdi. Yenidən
işləməyə başladım və məni 1994-cü ildə Türkiyəyə oxumağa
yolladılar. İzmirdə oxuyub qayıtdım. Düşündüm ki, mənə zabit
rütbəsi veriləcək, ancaq vermədilər. Məni Murov dağına yolladılar.
Artıq evli idim, 9 ay Murovda xidmət etdim. Şərait yox idi,
dəfələrlə müraciət edim, dedim ki, buyurun, bu da diplomlarım.
Ancaq nə rütbə verdilər, nə şərait yaratdılar. Beləcə, qaldım
havada, indi ailəm və qardaşım ailəsi ikiotaqlı evdə yaşayırıq.
Xahiş edirəm, mənim...
Mən döyüşmək üçün yaranmışam. Oğlumun biri yolumu davam etdirir,
bir oğlum da peşə məktəbində işləyir. Mən isə onun-bunun evində
tikə-para usta işi görürəm. Xahiş edirəm, mənim döyüşlərimi,
oxumağımı nəzərə alıb, zabit rütbəmi versinlər, gedib xidmət edim.
Axı mən kontuziya da almışam, can qoymuşam. Bizim kimi insanları
incitməsinlər ki, vətənimizə layiqincə xidmət edə bilək. Son olaraq
deyirəm: gənclərimiz vətənimizi sevsinlər, qorusunlar!