"Cəbhə xətti" layihəsinin bugünkü qonağı Ədalət Təvəkkül
oğlu Tanrıverdiyevdir. O, Bərdə rayonunun Kətəlparaq kəndində
anadan olub. Burada boya-başa çatıb. Birinci Qarabağ müharibəsi
veteranıdır, ailəlidir, ali təhsillidir.
Xocalı hadisələrindən sonra...
- Dünyaya ziyalı ailəsində göz açmışam. Kasıb, sayca böyük
ailəmiz olub. Orta məktəbi bitirib Azərbaycan İnşaat Mühəndislər
İnstitutuna qəbul oldum, oranı oxuya-oxuya əsgərliyimi də çəkdim.
Kasıbçılıqdan gündüzlər işləyib, gecələr oxumuşam. İnstitutu
bitirdikdən sonra çox gənc yaşımda mühəndislik etmişəm, inşaat
sektorunda yaxşı vəzifə tutmuşam. Daha sonra Milli Azadlıq
Hərəkatına qoşulmuşam. Vətənimə əlimdən gələn xidməti etmişəm.
Qaldı ki müharibəyə getməyimə, ordu sıralarına Xocalı
hadisələrindən sonra könüllü olaraq yazılmışam.
Buna görə qürur duyuram
Bir gün Bibi-Heybətdə təlim keçirdik. Xəbər gəldi ki, Şuşanı
bombalayırlar. Oradan birbaşa bizi Qarabağa yolladılar.
Könüllülərin əksəriyyəti təcrübəsiz idi. Bizim tikintidən 147 nəfər
könüllü vardı, onların hamısı Milli Azadlıq Hərəkatının
iştirakçıları idi. Kəsəsi, gecəylə döyüş bölgəsinə çatdıq, ancaq
heç yeri tanımırdıq. Könüllülərin içində zabit kimi bir mən vardım,
onlara mən başçılıq etdim. Hər kəsə sakit və mövqeyində ayıq-sayıq
olmasını tapşırdım. Nəhayət, səhər açıldı, komandirlərimiz
gəldilər. Biz Qarabağda bəlkə də ilk tankçılar idik - buna görə
qürur duyuram.
İlk döyüş əməliyyatımız
Bizə bir gün əvvəlcədən xəbər verdilər ki, sabah 47 nəfərdən
15-i döyüşlərdə iştirak edəcək. Ancaq əsgərlər bir-birilərini
didirdilər döyüşə getmək üçün. Hər kəs deyirdi ki, mən gedəcəm. Bax
bu idi vətəni sevmək. İndi də onların vətənpərvərliyi yadıma
düşəndə tüklərim biz-biz durur. Əbülfəs adlı əsgər vardı,
hönkür-hönkür ağlayırdı ki, məni də aparın. Nəhayət, səhər oldu, 5
tankla yola düşdük, qabaqda gedən tank bizimki idi. Yolda texniki
problem yarandı, uşaqlara dedim ki, arxa tankdakılar bizim tankın
problemli olduğunu bilməsin. Belə də oldu, döyüşə öndə biz girdik.
Ermənilər bizi atəşə tutdu, qabağımızda da "Quruçay" deyilən bir
yer vardı, azca su axırdı oradan. Bəxtimiz gətirdi, erməninin
atdığı mərmilər bizim tankın silah yığdığımız hissəsinə düşüb
dağıtdı, qalan mərmilər isə həmin çaydakı suya düşdü. Ermənilər
yüksəklikdə olduqları üçün onları vura bilmirdik. Amma uğurlu
əməliyyat oldu, Qırmızı Bazara girdik. Fəxr edirəm ki, Azərbaycanın
ilk hücum əməliyyatlarında iştirak etmişəm və Qırmızı Bazara girən
döyüşçülərin 17-nin 15-i bizim əsgər olub. Qırmızı Bazara girib
mövqelərimizi tutduq, ancaq bizə kömək gəlmədi. Bütün çətinliklərlə
10 km yol irəliləməyimiz boşa getdi.
Ora bir ay dayanmadan yandı
Bir döyüşdə də bizim tankımız atmırdı, xarab olmuşdu. Hücuma
keçəndə anidən böyük bir çuxura düşdük. Həmin an tankın xarab
hissəsi işləməyə başladı, əsgər mənə dedi ki, komandir, icazə ver
yoxlayım, görüm tank atırmı? Razılıq verdim, amma qarşımızda bir
ferma vardı, sən demə, bura ermənilərin silah anbarı imiş. Oranı
anında vurduq, böyük bir partlayış oldu. Həmin ferma bir ay
dayanmadan yandı.
Erməninin başına 30 güllə vurduq
Bir dəfə də sakitlik idi, arxadakı tankın yanından atəş səsi
gəldi. Geriyə baxıb gördüm Bakı nömrəsi ilə bir erməni maşınıdır.
Soruşdum, nə baş verir? Dedilər ki, ata-bala iki erməni tutduq,
"dayan" əmri verdik, qaçmağa başladılar, biz də vurub tutduq. Onlar
yalvarırdılar ki, maşında çoxlu pulumuz var, bizi öldürməyin, nə
istəsəniz, verərik. Ancaq bir müddət əvvəl bizim Hicran adlı bir
igidimiz minaya düşüb parça-parça olmuşdu, biz onun ətini bir yerə
yığa bilməmişdik, bu intiqam hissi içimizi yandırırdı. Sonra Azər
adlı bir döyüşçümüzü Ağdam istiqamətində öldürmüşdülər, onun da
intiqamı ürəyimizdə idi. Həmin atanı maşından düşürüb 30 güllə
vurduq, adamın başı, az qala, bədənindən üzülürdü. Oğlunu isə bir
güllə ilə öldürdük, onu vura-vura dedik:
"Biz Xocalının, Hicranın, Azərin qisasını qismən də olsa, aldıq.
Həmin maşından 56 min pul çıxdı, maşının üstündən tankla keçdik,
pulu isə təhvil verdik rotaya. Hansı əsgərin ehtiyacı varsa,
evlənirsə, ona üzük-filan aldıq. Nəhayət, axşam saat 5-də bizə əmr
gəldi ki, geri qayıdın. Biz orada evləri yoxladıq, yaşayış yox idi.
Anidən baxdım ki, atın üstündə bir adam gəlir, ona işarə elədim ki,
düş aşağı, ancaq o bizim bayrağımızı tankın üstündə görüb qaçmaq
istədi. İmkan vermədim, onu vurdum və əsgərə dedim ki, qulağını
kəsin.
Bizə baxıb ağlayırmışlar
Düzü, mən Hicran kimi kəşfiyyatçı əsgərin ölümünü qəbul edə
bilmirdim və bir növ, sərtləşmişdim, adi həyatdakı kimi deyildim.
Artıq ermənilər bizi mühasirəyə almışdı. Artilleriya komandirimiz
Nizami bəyə dedik ki, ermənilərin nöqtələrini vurun. Beləcə, oradan
xilas olduq. Həmin mühasirədə başını çıxaran erməni yerindəcə
vurulurdu. Biz qayıdanda xəbər verdilər ki, birinci rota Cəmilli
kəndi istiqamətində mühasirədədir, onları azad edin, oradan
uzaqlaşın. Ancaq elə oldu ki, biz geri qayıdanda mənim tankım
minaya düşdü, yaralandıq. Sonra dedilər ki, sizin tank minaya
düşəndə alt hissəsi tamam sıradan çıxıb. Kənardakılar ağlaşırmış
ki, biz ölmüşük, ancaq biz tankdan çıxanda onlar şok olmuşdular.
Tankımız qara tüstünün içində 5-6 metr yüksəkliyə qalxaraq yerə
çırpılmışdı.
Mübariz adlı əsgərimizi ermənilər vurmuşdu. Meyiti yanmışdı, onu
əlimizdə döyüş bölgəsindən adyalın arasında çıxardıq. Bakıya
gətirib atasının qapısında 6 saat dayandıq. Heç birimiz ürək edib
atasına xəbər verə bilmirdik. Bax, belə şeylər olub.
Əsgərlərə kartof soyacağam, ancaq...
Tərxis olunandan sonra sivil həyata qayıtdıq. Bu gün dövlətin
heç bir imtiyazından yararlanmıram və heç sevinə də bilmirəm, çünki
biz qalib yox, məğlub tərəfik. Bugünkü gənclərimizdən razı deyiləm,
ancaq bu, onların səhvi deyil, hamımızın evindəki agentin
ucbatındandır. Həmin agent - bizim telekanallar, gənclərimizi məhv
edən, vətənpərvərlikdən uzaq olan verilişlərdir. Gəncliyə son sözüm
odur ki, vətənsiz insan olmaz, əgər vətəni qorumasanız, ata-ana da
yox olacaq. Vətəni sevin, qoruyun! Bu gün müharibə başlasa, mən ilk
gedənlərdən biri olacağam. Lap əsgərlərə kartof soyacağam, ancaq
Bakıda oturmayacağam. Bu gün veteran kitabçası da almamışam, çünki
mən yararlıyam və bununla da fəxr edirəm.