"Qəfil qonaq" layihəsində
Çoxdandır qəfil qonaq
olaraq kimsənin qapışın döymürdüm. Şair, tədqiqatçı alim,
filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləmanın əl qabiliyyətini,
qonaqpərvərliyini sınamaq istədim. Yaşadığı evin yerini təxmini
bilirdim. "Şamaxinka"dan Xırdalan istiqamətində aşağı enəndə yolun
sol kənarında ağaclığın içində olmalı idi. Yenicə təmirə başladılan
yolla aşağı düşürəm. Qarşıma çıxan ilk qadından Fəridə xanımın
evini soruşuram.
İşim çoxdur
– Düz gəlibsiz , qonşumdur, - deyir və iki ev sonranı göstərir.
Nişan verilən həyətin alaqapısını döyürəm. Gənc bir xanım qapını
açır, evin sahibəsini xəbər alıram. "Evdədir", - deyir və geri
dönür. Həyətə keçirəm. Səliqə-sahman göz oxşayır. Fəridə xanım
pilləkəndə görünür. Gözləmədiyi qonaqla üz-üzədir.
- Qonaq gəlmişəm.
Anidən ayılır, sanki:
- Xoş gəlibsən, buyur, keç içəri.
Dəhlizdən bir başa qonaq otağına dəvət edir. İş otağında
kompüterin işlək olduğunu hiss edirəm. Təklifimlə elə həmin otağa
keçirik.
- Deyəsən boş vaxtınız yoxdur, iş-güc
necədir?
- Doğrusu, işim lap çoxdur. Bir antologiya üzərində gərgin
işləyirəm. "Azərbaycan - Qdlar Yurdu" adlanır. Sənin də
Azərbaycanla bağlı şeirin varsa, göndər.
Stolun üstündə xeyli qəzet-jurnal var. Qeydlər edilmiş vərəqlər,
açıq kitablar gözə dəyir.
Yorulmaq, rahat olmaqdır
- Göndərərəm. Amma deyin, bu qədər gərgin iş rejimi sizi
yormur ki?
- İşləmək yaşamaqdır, istədiyin ümidlərə qovuşmaqdır. Yorulmaq
isə mənim üçün rahat olmaqdır.
- Yəni elə deyirsiz ki, guya heç vaxt əlinizin arxası
ilə alnınızın yazısını silirmiş kimi yorğunluğunuzu qovmaq
istəməmisiz.
- Təbii, bəzən bir udum hava yetir yorğunluğu qovmağa. Enerjimi
gözəl işlərə sərf edəndə yorğunluq barədə fikrləşmirəm.
Artıq diktofon danışıqlarımızı yaddaşına köçürməkdədir. Fəridə
xanım çay tədarükü görür. Evdəki gənc qız bu işdə ona yardıçmı
olir. Öyrənirəm ki, şairənin bacısı qızı, gənc şairə Pərvanə
Nizaməddindir, qonaq gəlib.
- Qonaq qonağı sevməz, ev yiyəsi hər ikisini, - deyib
zarafat edirəm.
- Nə danışırsan, hər ikiniz doğmamsız.
Baxışlar "qıyğacı" ola bilər
Bayaqkı mövzuya qayıdıram:
- Təbii, bayaq dedikləriniz bir yaradıcı xanımın
fikirləri idi. Bəs, evin sahibəsi, ailə qadını, ana olaraq heç evin
kişisinə "qıyğacı" baxdığınız olmadımı?
- Uşaq vaxtından gördüyümüz bir ailə ənənəsi olub bizdə. Ata-ana
münasibətində gördüklərimizi özümüz də ailə olandan sonra etik bir
norma kimi qoruyub saxlamağa çalışmışıq. Təbii səfərləri, yolçuluğu
çıxmaq şərti ilə. Üstə-üstə düşməyən fikirlər olduqda baxışlar
"qıyğacı" ola bilər. Səbir, məsləhət və qısa bir zaman kəsiyi
bunları yerinə qoyur. Görünür, bu da mənim həyata və ətrafa nikbin
baxış tərzimdən ibarətdir. Hər halda kişilər evdə birinci qüvvədir.
Sözü çevirmədən dinləmək və düşünmək olanları yerbəyer edir, -
deyir Fəridə xanım və şirin təbəssümlə fikrini "nöqtələyir".
Stolun üstündəki əlyazmalarına işarə edirəm:
Yazmaq ruhun boşalmasıdır
- Baxın, bu qədər yazırsız, şeir kitabları,
araşdırmalar, tədqiqat əsərləri, "zarisovkalar" və sair. Niyə
yazdız?
- Yox, Faiq. Sən ruh adamısan, yazmamaq olmur, bilirsən. Bu bir
gerçəklikdir. Bulud dolanda ağladığı, kirpiklərini sıxdığı kimi,
gecə-gündüz vaxtı gələndə öz yerini tutduğu kimi, ruhun
boşalmasıdır yazmaq.
İyrənirəm bu sözdən
- Niyə axı, bütün bunlar ruhun ehtiyacı kimi yozulur,
bəlkə dolanışıq, tanınmaq, şöhrət hissləri də adamı "qələmə
sarır"?
- Mən 55 kitab yazdım, elmi dərəcəm var, yüzlərlə ölkə daxili və
xarici mükafatlara sahib oldum. Bunlardan dolanışığa heç bir xeyir
gəlmədi. Amma gəlsəydi yaxşı olardı. Hamı kimi mən də işlədiyim
cüzi maaşa sığınmışam. Bir də elə şöhrətsizləri yüksək səviyyədə
şöhrətləndirirlər ki, iyrənirəm bu sözdən. Xalq şairi Mirvarid
Dilbazi mən AYB üzv olanda yazdığı zəmanətdə deyirdi: "Fəridə Ləman
bundan sonra heç yazmasaydı da, onun "Torpağın yaddaşı" kitabı
bütün yaradıcılığı boyu yetərdi".
- O ktabda nələri yazmışdız?
- Bu kitab sənədli bir əsərdir, 1984-cü ildə ermənilərə
bağışlanan torpaqlarımız haqqındadır. Amma fikir verən kimdir?! Bu
yazdıqlarım mənim vətəndaşlıq yanğılarımdır. Və hər zaman söz
üstündə milli təəssüblə yana-yana yazmışam.
Xəyallar aləmindən söhbət açmaq istəmirəm
- Xalq şairi Mirvarid xanımı xatırladız. Heç olubmu ki
özünüzü Xalq şairi kimi təsəvvür edəsiz?
- Faiq, yerinə düşən və düşməyən arzular var. Xalqın qələm
adamıyam, yetər. Məsələ o deyil ki, mən özümü bu yerə layiq
bilirəm, ya yox. Ümumiyyətlə, xəyallar aləmindən söhbət açmaq
istəmirəm. Real işləri də bu cəmiyyətdən gözləmirəm. Nəyin necə
olduğunu hər kəs gözəl bilir. Mən nüfuzlu qəzet və jurnallarda
işləmişəm. Müharibənin ən qaynar vaxtında döyüş bölgələrini
qarış-qarış gəzmişəm. Bölgə müxbiri kimi fəaliyyət göstərmişəm.
"Cəbhədən-cəbhəyə" döyüş bölgələrindən reportajlar kitabım da
çıxıb. Sən işlədiyim "Azərbaycan" qəzetinin 25 illiyində ordaydın.
Sabir Rüstəmxanlıya da təqdim etdim o kitabdan. Amma halalları
olsun, bir dəfə döyüş bölgəsinin üzünü görməyənlərə "Əməkdar
jurnalist" adı veriblər.
- Hə, belə hallar olur. Fəridə xanım, deyəsən xanım
olmanız özünü göstərdi. Giley etmənizi deyirəm. Axı xanımlar
giley-güzarı sevir, deyirlər.
- Xeyr, bu məişət söhbəti deyil ki…
- Fəridə xanım, paytaxtdan uzağda, Qazxda doğulubsunuz.
Arzularınızın ardınca düşdüz. Bu arzular sizi haralardan
keçirtdi?
- Yaşadığımız bu dinamik həyat insanın məkan və zaman daxilində
təbii ki, yerini dəyişdirir. Bölgədə doğulsam da, böyük axına
qoşula bildiyim üçün uca Allahıma təşəkkür edirəm. Yer öz oxu
ətrafında fırlandığı kimi, hara getsək də, hara dönəcəyimiz
göbəyimiz kəsilən yerədir. Orada bizi gözləyən ruhlar və ana torpaq
var.
Bilmirdim ki, evimə gələcəksən
- Danışdıqlarınızdan ən bəxtəvər adam təsiri
bağışlayırsız. Elə üzünüzün, gözünüzün ifadəsi də bunu deyir. Amma
ola bilməz axı, nədənsə narazı olmayasız. Hansısa gözləntiniz hələ
də gözlərinizin kökünü saraltmaya.
- Vallah hər kəs elə mənə bəxtəvərlik verir əslində. Kim necə
düşünürsə, təbii ki, o yönümdən deyir. Elə sən də o cür saydın. Çox
sağ olun. Hər kəs bəxtəvər olsun. Gileyim hər zaman olduğu kimi
haqsızlığadı. Haqq olan yerdə qulun haqsızlığı adamı yamanca
sındırır, Faiq. Sən özün azmı haqsızlıqla üzbəüz qalmısan. Mən
xalqıma bacardığım xidmətləri etdim və edirəm. Cəmiyyətdə olan
nüfuzum, hörmətim yetər. Sizin kimi dostların olması mənim üçün
önəmlidir.
***
Sonra bacısı qızının gətirdiyi təzə dəm çaydan süzür. Saçaqlı,
bahalı konfetlərlə, meyvələrlə, məzələrlə dolu vazları qarşıma
itəlyir. Təşəkkür edirəm, "çayı şirnisiz içirəm" deyirəm. Sonra
indi görürmüş kimi, gülümsər çıhrəsinə şirinlik qatır:
- Bilmirdim ki, evimə gələcəksən, bu gün mənlə müsahibə
götürəcəksən. Bu bir sürpriz oldu. Müjdələrimiz bir olan Allahdan
gəlsin. Sənə də təşəkkür edirəm. Çunki yaxşı insan, yaxşı
dostsan.
Amiranəliyi nə özümdə sevirəm, nə də
başqasında
- Deyəsən, evdə amiranəliyiniz yetərincədir. Ailə
üzvlərinin səsi diktafona düşmür.
- Əvvala, evdəkilər söhbətin getməsindən xəbərdardılar. İkinci
də qonağa ehtiram və onu dinləmək yetər. O ki qaldı amiraniliyə.
Yox, Faiq, mən çox sadə bir insanam. Amiranəliyi də nə özümdə
sevirəm, nə də başqasında.
Fəridə xanımın bu arada ani olaraq mətbəxə keçib geri qayıtması
ev sahibinin qonaq qarşısına təkcə sözlə çıxmaq istəməməsindən
xəbər verirdi.
Sevgi ocağı Cəlilabadda alışdı
- Fəridə xanım, mənim qəfil gəlişim kimi, qəfil də
gedişim olacaq. Siz heç narahat olmayın. Çayı isə belə dadlı
dəmləməyə isə qız vaxtı təyinatla Cəlilabadda müəllim işləməyiniz
səbəbdir, yəqin.
- Faiq, nə gözəl məqama toxundun. İnstitutu bitirəndə məni orada
saxlamaq istəyirdilər. Rəhmətlik dayım, professor Mürsəl Həkimov da
o zaman dekan idi. İstəmədim institutda qalmaq. Bilirsən, niyə?
Gənclik hər zaman romantika axtarır. Sərhəd aşmaq istəyirdim,
sərhəddən o yanda yaşayan insanları görmək istəyirdim. Biz iki
rəfiqə - Ema müəllimə və mən Cəlilabadı seçdik. Mən Novoqolovka
(indiki adı Uzuntəpə) Ema isə Maşlıq məktəbinə getdik. Rus
şöbəsində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq işə
başladım. Və orada Naxçıvandan təyinatla gəlmiş tarix müəllimi
Nurəddin müəllimlə tanış olduq. Bu sevgi ocağı Cəlilabadda alışdı.
O sevgidən bir cəlilabadlı kimi sənə verdiyimiz çaya da qatdıq. Nuş
olsun!
- Deyirəm axı, məni niyə çox istəyirsiz. Demək,
Cəlilabad sizin ana və gələcəkdə nənə olmanız üçün zəmin
olub.
- Nə gizlədək, bəli. Allah Azərbaycanımızın hər guşəsini var
eləsin.
Sonra da qəfildən ayağa durdu:
- Hava da soyuqdur. Qurutlu xəngəlimiz var, dur keçək qonaq
otağına.
Təşəkkür edirəm. Mənə olmaz.
- Faiq, onda bir az gözlə, çöl quşundan aş dəmləyim.
- Yox, bu, daha pis. Getmək vaxtıdır. Bir azdan tıxac
olacaq hər yerdə…