"Namizəd" layihəsində
Niyaz Baxas oğlu Qubadov 1967-ci ildə Yardımlı rayonun
Bürzünbül kəndində anadan olub. 1984-cü ildə Azərbaycan Kənd
Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar
Universitetinin) Kənd təsərrüfatının mexanikləşdirilməsi
fakültəsinə daxil olub. 1991-ci ildə ali məktəbi fərqlənmə
(qırmızı) diplomla bitirdikdən sonra təyinatla Abşeron rayonuna
göndərilib. Əmək fəaliyyətinə ixtisası üzrə başlayıb. Sonra
Xirdalan Südçülük-tərəvəzçilik sovxozunda mühəndis, qaraj müdiri,
yol tikinti idarələrində iş icraçısı, baş mexanik vəzifələrində
çalışıb.
Niyaz bəy eyni zamanda siyasi fəaliyyətlə də məşğuldur. O,
Vətəndaş Həmrəyliyi Partiyasının Abşeron rayon təşkilatının sədri,
Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin
birinci müavini və Masazır bələdiyyəsinin Yerli sosial məsələlər
daimi komissiyasının sədridir. Ailəlidir, 3 övladı var.
Niyaz bəy budəfəki bələdiyyə seçkilərində də 45 saylı Abşeron
DSK-dan Masazır bələdiyyəsi üzvlüyünə namizədliyini irəli
sürüb.
Beləliklə, "Namizəd" layihəsinin ilk qonağı Niyaz
Qubadovdur.
- Niyaz bəy, siz Masazır bələdiyyəsinin üzvüsünüz. Ötən
seçkilərdə namizədlər arasında ən çox səsi də siz toplamışdız.
Seçicilərin etimadını qazanmağınızın sirri nədədir?
- Seçicilər məntiqli şəkildə düşünərək mənə səs vermişdi. Hesab
edirəm ki, buna nail olmaq, seçicilərin böyük faizinin səsini
qazanmaq hər namizədə qismət olmur. Bunun üçün namizədlə seçici
arasında heç bir sərhəd, rəsmi qayda və tikanlı məftil olmamalıdır.
Bundan başqa, namizəd təkcə seçki vaxtı ortaya çıxıb seçicilərdən
səs istəməməlidir. İnsanlar arasında, cəmiyyətdə nüfuzu olmalıdır,
insanların problemlərini dinləməyi, bu problemləri həll etməyi, ən
azından, düzgün yol göstərməyi bacarmalıdır. İnsanlar tanımadığı
namizədə etimad göstərməz, savadına, intellektinə, peşəkarlığına,
işgüzarlığına güvənmədiklərinə səs verməzlər. Seçki oldu-olmadı,
Masazır sakinlərinin əksəriyyətinin evində olmuşam, hamısı ilə
tanışlığım, dostluğum var. Məsələ bundadır ki, onlar istənilən vaxt
mənə sözlərini, şəxsi problemlərini deyə bilirlər. İndiyə qədər
belə olub, bundan sonra da belə olacaq. Vətəndaşların səsini
qazanmaq üçün onların sevgisini qazanmalısan, onlarla təkəbbürlə
davranmamalısan, onların problemlərini öz ailə problemin kimi qəbul
etməlisən, insanların yolunda mayak olmağı bacarmalısan. Amerika
tarixçisi Kurt Londonun seçkilərlə bağlı gözəl fikiri var. O deyir
ki, xalqı qul gözündə görənlərin bir qismi seçki vaxtı xalqdan səs
dilənir, bir hissəsi də xalqın başının üzərindən dilənir. Sevinirəm
ki, nə insanlara qul kimi baxıb, sonra onlardan səs dilənirəm, nə
də onların başı üzərindən nəsə umuram. Avropanın bir sıra
şəhərlərində seçicilərin səsini qazanmaq üçün heç təbliğata da
ehtiyac olmur. Belə ki, insanlar onlarla ən yaxşı, xoş rəftar edən
namizədə səs verirlər. Düşüncəyə baxın, onlar üçün ən layiqli
namizəd onlarla xoş rəftar edən, onları dinləməyi bacaran
namizəddir. O biri namizədlər milyonlar da xərcləsə, insanlardan
bir səs belə ala bilməzlər.
Atam bir məktəb idi
- Mərhum atanız Baxas dayı hazırda yaşadığınız rayonda
böyük hörmət sahibi idi. Onun qazandığı hörmətdən sizin uğurunuza
pay düşməyib ki?
- Atam çox xeyirxah adam idi və bunu onu şəxsən tanımayan, adını
eşidənlər də təsdiqləyir. Mən də onun mənəvi varisiyəm – həm də
zahirən atama çox oxşayıram. Çalışıram, onun insanlara
münasibətini, həyata olan baxışlarını yaşadım. Atam bir məktəb idi
və mən onun yanında çox olduğum üçün bu məktəbi daha yaxşı
mənimsəmişəm. Ümummilli lider Heydər Əliyev hələ Naxçıvanda olanda
atam rayonda YAP-ın rayon təşkilatını yaratdı və rəhbərlik etdi.
Buna görə onu tutduğu vəzifədən o zamankı hakimiyyət azad etdi. H.
Əliyevin hakimiyyətə qayıdışından sonra ədalət bərpa olundu və atam
da öz işinə qaytarıldı. Atama görə məni də o zamankı hakimiyyət
Xırdalan Südçülük sovxozunda qaraj müdiri vəzifəsindən azad
etmişdi.
Verdiyim sözə əməl etdim
- Maraqlıdır, seçicilərin səsini qazanmaq üçün onlara nə
vəd edəcəksiz?
- Hazırda 45 saylı Abşeron Seçki Dairəsindən Masazır
bələdiyyəsinə namizədliyim qeydə alınıb. 23 ildir Abşeron rayonunun
ictimai-siyasi həyatında fəal iştirak edirəm. Masazır isə mənim ilk
təyinatla gəlib işlədiyim yerdir. Masazır kəndində mühəndis kimi
əmək fəaliyyətinə başlamışam. Masazır bələdiyyəsinin üzvü olaraq
mənim otağımdan bu günə qədər heç bir vətəndaş narazı çıxmayıb.
İnsanların problemlərinə öz problemlərim kimi baxmışam. Çox vaxt
onların yerində özümü hiss etmişəm. Əgər onların yerində olsam, hər
hansı bir yerə müraciət etsəm, mənə necə cavab versələr, necə kömək
etsələr, məni qane edər, deyə fikirləşmişəm. Gücüm və imkanlarım
daxilində insanlara kömək etməyə çalışmışam. Abşeron rayonundakı
inkişaf Azərbaycanda gedən iqtisadi inkişafin bir nümunəsidir.
Rayon İH-nin başçısı Zakir Fərəcov çox böyük işlər görüb. Rayona
rəhbərlik etməyə başladığı vaxt yol qırağı tikililərin qarşısında
işlər görüləndə bəziləri zənn edirdilər ki, bu yerlər boşaldılıb,
sahibkarlara satılacaq. Amma burada piyadaların gediş-gəlişinin
rahat olması üçün səkilərin salındığını görəndə rayon rəhbərinə
sakinlərimiz arasında inam daha da çoxaldı. Mən də bu prinsiplə
bələdiyyə üzvü kimi işə başladım. Verdiyim sözə əməl etdim.
İnanıram ki, bu seçkidə də Masazır sakinlərinin etimadını
qazanacağam.
Ukraynaya Heydər Əliyev kimi şəxsiyyət
lazımdır
- Siz DAK-ın Azərbaycan nümayəndəliyinin 1-ci müavini
kimi də məsuliyyətli bir vəzifəni daşıyırsız. Bu istiqamətdə hansı
irəliləyişlər, uğurlar əldə olunub.
- Mən həm də DAK Məşvərət Məclisinin üzvüyəm. Yəni diaspor,
onların problemləri, haqq səsimizin dünyada yayılması istiqamətində
atılan addımlara dəstək verməyə çalışıram. DAK-ın xaricdə və
daxildə keçirilən bütün tədbirlərində iştirak edirəm, çalışıram ki,
həqiqətlərimizin dünyada təbliğinə az da olsa, töhfə verəm.
Bilirsiz ki, bu tədbirlərə nə dövlət dəstəyi, nə də hansısa
qeyri-hökumət təşkilatının maliyyə dəstəyi ilə qatılıram. Yalnız öz
istəyim, daxilimdəki arzumla, təmənnasız olaraq bu yoldayam.
Əksinə, xaricdə keçirilən önəmli təbliğat kampaniyalarında hansısa
ziyalımızın daha çox xeyir verəcəyini düşünürəmsə, o ziyalı ilə
əlaqə qurub, onun səfərini təşkil etməyə çalışıram. Əlbəttə, daxili
siyasətdə də varam. Amma indi 90-cı illər deyil, Azərbaycan artıq
müstəqildir və müstəqilliyimizə heç bir təhlükə ola bilməz, çünki
güclü dövlət aparatı və siyasəti var. Vaxtilə müstəqilliyimizə
təhdidlər vardı və biz o zamanlar vətəndaş həmrəyliyi, milli birlik
ideyası ətrafında birləşib, bu təhdidlərə qarşı çıxmağa çalışırdıq.
Amma 1993-cü ildəki təhlükələr - cənubdan və şimaldan separatçı
qüvvələrin gətirdiyi narahatlıq indi yoxdur. Ümummilli liderin
hakimiyyətə qayıdışından sonra bu təhlükələrə son qoyuldu.
Bu gün Ukraynada həmin proseslər gedir. Krım Rusiyaya
birləşdirilib, Donetsk və Luqansk Xalq Respublikaları elan olunub.
Ukraynanı parçalanmaq təhlükəsi gözləyir. Ukraynaya Heydər Əliyev
kimi şəxsiyyət lazımdır ki, bu təhlükəni aradan qaldırsın...
Bu baxımdan hesab edirəm ki, hazırda xaricdə Azərbaycan
həqiqətlərini təbliğ etmək, güclü diasporun yaradılması yönündə
atılan addımları dəstəkləmək daha çox lazımdır. Dünya düzəmi
dəyişib, 90-cı illərdə sidq-ürəklə inandığımız və güvəndiyimiz
beynəlxalq güclərin indi əsl mahiyyətini, hansı siyasət yeritdiyini
görürük. Belə məqamda yalnız bir olmaq, öz gücümüzlə haqqımızı
almaq, təbliğatla hər yerdə görünmək lazımdır. Əgər dünyanın gözü
qarşısında Ukrayna işğal olunursa, Suriya və İraq xarici qüvvələrin
poliqonuna çevrilibsə, biz bunlardan dərs almalıyıq və bütün
gücümüzü dövlətimiz naminə səfərbər etməliyik.
Bəzi namizədlər asfaltla qalib gəlmək
istəyir
- Artıq 4 gündür ki, seçki təbliğatı başlayıb.
Təbliğatınız necə gedir?
- Mən təkcə seçki vaxtı deyil, başqa dönəmlərdə də
insanlarımızla birlikdə olmuşam, ona görə də bu kampaniya mənim
üçün başlamayıb, sadəcə, davam edir. Digər tərəfdən,
təbliğat-təşviqat prosesində qanunla nəzərdə tutulmuş vasitələrdən
istifadə edirəm. Ən əsası odur ki, şəklimi divara vurub özümü
tanıtdırmağa ehtiyac yoxdur. Çünki yaşadığım ərazidə demək olar ki,
hər kəsin doğma adamı kimiyəm. Bəziləri asfalt çəkdirməyin
seçkilərdə qələbənin yeganə yolu olduğunu düşünür. İnanın ki, bir
çox namizədlər də seçkilərə bu düşüncə ilə qatılırlar. Onlar elə
zənn edirlər ki, şirin vədlərlə, 200 metr asfalt çəkdirməklə,
insanlara olan-olmaz vəd etməklə onları aldada bilərlər. Bu
təbliğat vasitələri bəlkə də müəyyən dövrdə işə yarayıb, amma indi
reallıqlar başqadır: insanlar səmimiyyət istəyir, tanıdığı şəxsi
dəstəkləyir.
Dövlət tərəfindən bələdiyyələrə zəruri...
Düzdür, bələdiyyələrin imkanları geniş deyil, onların büdcələri
öz hesablarına formalaşır, nəzərdə tutulan vəsaitlərlə isə böyük
işlər görmək çox çətindir. Əgər biz bələdiyyələrin formalaşmasını,
önəmli bir quruma çevrilməsini, səlahiyyətlərinin artırılmasını
istəyiriksə, o zaman dövlət tərəfindən bələdiyyələrlə bağlı zəruri
olan addımlar mütləq atılmalıdır. Əks təqdirdə, bir müddət də belə
davam etsə, insanların yadına nəinki bələdiyyə seçkiləri, heç
bələdiyyələrin özləri də düşməyəcək. Konkret danışsaq, deyim ki,
Türkiyə təcrübəsindən istifadə etmək lazımdır. Qardaş dövlətdə
bələdiyyələr çox mühüm qurumdur. Biz hələ də "kənd soveti"
çərçivəsindən çıxa bilməmişik. Əgər bələdiyyələr varsa, dövlətimiz
də beynəlxalq təcrübədən bütün parametrlər üzrə istifadə edirsə, o
zaman bələdiyyələrlə bağlı da müvafiq addımlar atılsın. Bura
bələdiyyələrin mali