İnsan taleyi –
layihə
Əvvəlcə elə bildim, kişi səsidir. Çevrilib baxdım: yox,
bizim tərəflərin dediyi kimi, nənəm-nehrə bir arvad idi. Yolun əks
tərəfinə keçmək istəyirdi, arda-arda düzülmüş maşınlar acıq
verirmiş kimi onun bərabərinə çatdıqda sürətini bir az da artırır,
arvad məcbur olub irəli atdığı addımını geri qaytarırdı. Gözləri
mənə sataşdı, ona fikir verdiyimi görüb dedi:
- Başlarına daş düşmüşlər, Parisə döndərdilər bu xaraba qalmış
yolu...
Xoşum gəldi qarıdan. Yaşının çox olmasına rəğmən sifəti heç o
qədər də qırış deyildi. Əlbəttə, qarının kal, köhnəlmiş səsindən
xoşum gəldi deməyəcəm. Səs batıq idi və çox güman ki, illərin boğaz
tellərinə təsiri vardı. Heç bayaq bu "xaraba qalmış yolu" Paris
küçəsinə bənzətməzdən öncə ucadan dediyi söyüş də qadına yaraşan
ifadə deyildi. Bununla belə, onun yaşı imkan verirdi ki, bu söyüşü
eşidənlər qadının haqqında pis fikrə düşməsin.
"Kömək etmək gərəkdir", - ağlımdan keçirdim və səslədim:
- Ay arvad, qalacaqsan maşının altında, bir tavaxıl
elə...
Bilərəkdən qocaların çox işlətdiyi sözü dedim və ərk etdim,
yaxın gəldim.
"Gəlib səni doxdurxanaya aparacam"
Qarı çox kökdür, qarnı dizlərindən qabağa çıxıb, qalın jaketinin
altından döşlərinin az qala göbəyinə qədər yayxanması da hiss
olunur.
- Gözlə, - deyirəm.
- Gözləyirəm.
Qadının əlindən tutub yolun əks tərəfinə keçirirəm.
- Görüm, qada-bala görməyəsən səni.... – Bu onun təşəkkürüdür. –
Nəvəmi gözləyirəm. Dedi, aptekin yanında gözlə, gəlib səni
doxdurxanaya aparacam.
Əminəm ki, bu qadın bizim tərəflərin adamıdır. Vaxtı ilə qoca
nənələrimin də xəstəxanaya "doxdurxana" demələri yadıma düşdü və
qadına rəğbətim artdı.
- Ay, nənə haralısan?
- Əli Bayramlıda qalmışıq, oradanam. Amma əslim Zuatdandır.
Cəlilabadın dağlarından, sərhəd tərəfdən..
- Denən, Astarxanbazardanam da... – Söhbətə
körpü salıram.
- Hə, o qədim adıdır...
- Mən də dostumu gözləyirəm, - deyirəm və qarını söhbətə
tuturam. - Xeyir ola, nə məsələdir, niyə gedirsən
həkimə?
- Nəvəmin nəvəsi olub. Gəlin doğuşdan çıxıb, dedim, gedim görüm.
Ayıb olar, el tüpürər mənə getməsəm. Uşaq dedi ki, nəvəmi ertə gün
(sabah) çıxaracaqlar, evdə görərsən, dedim yox, gərək bolnisədə
görəm, mamanın ovcuna pul basam da, başına dönüm.
- Ay, xala narahat olma, o mamaçalar indi pulu
ovuclarında almır e, qabaqcadan bazarlıq edib,
halalaşırlar.
- Genə də olsun, a bala, bəs nənə payı? El mənə nə deyər?
Hamının balasının yanında olmuşam, buna gəlməsəm, yaxşı
çıxmazdı.
Suyum qalıb ki
Arvadla söhbətimin daha isti alınması üçün özümü yaxın adam kimi
göstərirəm:
- Xala, mən də sənin yerlinəm, suyun şirin gəldi
mənə..
- Suyum qalıb ki! - Dayanacaqdakı skamyada yerini rahladı. -
Suyum çəkilib, sən xalanın canının sulu vaxtlarını görməmisən.
Sənin işin-gücün nədir?
Aha, soruşmalı idi, bizim tərəflərin yaşlı arvadları
həmsöhbətinin yeddi arxa dönəninə qədər təftiş etməsə,
dincəlməz.
- İşim çoxdur, ay xala, gücüm isə yoxdur, başımı qatıram
da, belə, yaşlı adamlarla söhbət edirəm, danışıram. Sonra da
yazıram, çörək pulu qazanıram.
"Yazan adama pis baxırlar"
Havanın soyuq olmasına baxmayaraq tərləyib. Əlində tutduğu
dəsmalı yaxalığından içəri qoynuna aparır:
- Özünə iş güc tap, dilli-dilavər adama oxşayırsan, söhbət
eləməklə yetim-yesirin qarnını doydura bilməzsən. Həm də yazan
adama pis baxırlar.
- Yox, ay xala, o pis baxılan yazanlardan deyiləm, kitab
yazıram, şeir, məqalə...
- Həəə, onda yaz ay bala...
Yaşını soruşuram. Bir az fikrə gedir və deyir:
- Brejnivin vaxtından qocalıq (təqaüd- F.B) alıram. Hesabla
də... 90 olmayıb hələ...
- Neçə uşağın var?
Ağzının kilidi olmayan bir nəvəm var
Uşaqlardan söz düşəm kimi ağır yeriyən qaz sayağı yanbızlarını
skamyada qaldırıb endirdi, rahatlandı:
- Başına xeyir, işim gücüm doğmaq olub, dənə. Torpağı sanı
yaşayasan, kişi (ərini nəzərdə tutur) özü qayım-qıvraq idi. Gecə
növbəsində işləyəndə də qaçıb gəlirdi, uşaqlara baş çəkirdi
gedirdi. Buruqda işləyirdi axı.
- Uşaqlara baş çəkmək adıynan uşaqların sayını
çoxaldırmış... – Bic-bic gülürəm.
Arvad da ürəkdən gülür:
- Mənim ağzının kilidi olmayan bir nəvəm var, o da sənin
kimidir.
- Xala düz de, kişini çox istəyirdin?
- Onun yatdığı torpağa qurban olum, a bala, niyə istəməyim ki...
O nöyütdü paltarını da soyunmağa macal tapmırdı; dişim ağrıyırdı,
dişini tuturdu, başım ağrıyırdı başını divara vururdu ki, o da
ağrını hiss eləsin.
"Kişinin bir arvadı olar"
- Deyirsən, kişin heç yava gəzməyib?
- Əlimi Qurana basaram, o mənə deyirdi ki, kişinin bir arvadı
olar, mənim də arvadım sənsən.
- Heç qısqanırdın?
- Heç o da məni qısqanmazdı. Kimə qısqanaydı ki, hamı bir-birini
tanıyırdı.
Toyda yad adama demirik ki
- Ay xala, necə oldu ailə qurdun?
- El adətiynən. Elçi gəldilər, bizimkilər də verdi. Sonra da
gördüm, bəyəndim. Mən onda sənət məktəbində oxuyurdum. Görəndə,
bildim ki, bunu çox görmüşəm, gəlib gedirmiş məktəb tərəfə.
Evləndik, hələ bir az da işlədim. Sonra başım qarışdı hər il uşaq
doğmağa.
- Neçə övladın var?
- 13 öz uşağım var. 9 oğlandır. Nəvə, nəticə, kötücə - bir
toyxanadır. Toyda yad adama demirik ki! Özümüzkülər bəs edir.
- Kişi ilə birinci dəfə harada görüşdün?
- Elə buruqların arasında söhbət edirdik. Camaatın yanında. Day
o məni ötürsün, gecələr harasa gedək, olmazdı. Bura Əlibayramlı
idi. Hər gün dava, bir adam ölürdü.
Mənə gözü düşənləri döyürmüş...
- Ay xala, heç olubmu ki, ərindən qabaq səni istəyələr,
başqası ilə him-cim edəsən?
- Yox, olmayıb him-cim. Amma hamı deyirdi ki, Əşrəfin qızına,
yəni mənə, filankəs elçi düşmək istəyir. Xoşuma gəlirdi bu sözlər.
Gedələrə də baxırdım. Xoşuma gələnləri də olurdu. Gözləyirdim ki,
bu gün-sabah elçi gələcək. Sonra uzaq olurdular. Demə, bu torpağına
qurban olduğum basıb döyürmüş onları. Mən hələ məktəbdə oxuyan
vaxtdan gözü tutubmuş məni. Bu da əsgərlikdən gəlmişdi. Davadan
sonrakı illər idi. Böyük gedəm 47 də doğuldu. 46-da evlənmişdik.
Mənim yaşım düşürdü də ərə getməyə.
Sözü fırlayıram:
- Xala sevgindən danış.
- Biz bilməzdik sevgi nədir. Biz bir-birimizdən sarı ölərdik.
Ərimin dostları çox idi. Erməni qızlarını, rus qızlarını heç
bəyənmirdi.
"Nəvəm müharibədə öləndə sevindim"
Axır ki, xalanın adını soruşmaq yadıma düşür. "Ağaxanımdır" -
deyir.
- Ağaxanım xala, düz de, bu həyatda səni ən çox nə
sevindirib?
- Çox şey sevindirib. İnanmazsan, nəvəm müharibədə öləndə də
ağlaya-ağlaya sevindim. Allah məni öldürsün, gör nə deyirəm e...
Amma nəvəm narkoman kimi iynədən ölmədi, avariyadan ölmədi, davada,
düşmənlə üz-üzə öldü, dedim.
Qadın kövrəldi.
- Tifilimin adını, ondan sonra neçə uşaq oldusa, qoymadılar.
İndi nəvəmə demişəm ki, qızına desin, bəlkə əmisi uşağının adını
qoydura bildi balacaya.
Ağaxanım xalanın kök sifətinə, yorğun və qalın kişi səsinə kədər
və xırıltılı əlavə olunur. Könlünü alıram.
Ərinin baxışlarından az qala adam uşağa
qala
- Ərim məni gəzdirirdi, kurortlara aparırdı. Əynim başım,
pal-paltarım oraların dəbi ilə düz gəlmirdi, fikirləşirdim ki, kişi
sıxılar. Bir-iki dəfə elə bilmişdilər qaraçıyam. Amma rəhmətlik
kişi zəhmli, zabitəli adam idi. Erməni qızı vardı Soçidə,
sanatoriyada tibb bacısı idi, deyirdi ki, sənin ərinin baxışları
elədir ki, az qala, adam o baxışlardan uşağa qala.
- Sənin də acığın tuturdu.
- Yox, niyə acığım tutur, sevinirdim. Orda bir qadın vardı,
həkim idi, Maşa adında. Soruşdu neçə uşağın var, dedim 10. Onda 10
uşağım vardı. Dedi, belə kişi ilə 10 uşaq azdır, mən bir o qədər də
doğardım. - Sonra bir qədər də fikrə getdi. - Kaş Allah birinci
məni öldürəydi. Onda kişinin sözündən çıxmazdılar, yazıq nəvəmin
adını hansısa uşağa qoyardılar.
- Ay nənə, sənə demişdim axı, o tərəfdə, aptekin yanında dur,
yaxşı ki, ağlıma gəldi, bura keçdim. – Nəvəsi idi, yolun əks
tərəfindən onu haylayırdı...
- Allah səni saxlasın, başımı söhbətə qatdın, uşaq soyuqda məni
gəzirmiş..
Nənənin uşağının 55-60 yaşı olardı...