"Türmə xatirələri"
layihəsində
Zaman keçdikcə yaddaşımın təmiz qatında qalan dustaq
həyatını yenidən yaşamalı oluram. Birlikdə caza çəkdiyim həbsxana
yoldaşlarımla ilk görüş, tanış olmam, onlarla etdiyim söhbətlər
gözlərimin qarşısında canlanır. Və başa düşürəm ki, bura həyatımın
daha çox qazandığım və itirdiyim günlərinin
toplusudur.
Həmişə xatırlayacağım dustaq yoldaşlarımdan biri də "Xaqan" deyə
çağırdığımız keçmiş döyüşçü idi.
Xaqanla – əsl adı Xəqani idi – ilk dəfə Bayılda, 3-cü korpusun
105-ci hücrəsində qarşılaşdıq. İçəri ilk girişimdə hər kəslə adbaad
tanış olmuşduq. Kubinkalı Elnur (Sadıqov) bu tanışlıqda xüsusi
canfəşanlıq etmişdi. İmkan tapıb içərinin qanunlarını diqtə etmiş,
mənim səbirlə qulaq asdığımı gördükdə isə "daxili qanunlara riayət
etmək hər kəsin borcudur", demişdi. Onun təqdimatından və
məsləhətindən sonra demişdim:
- Bu kamera Bayıl təcridxanasında yerləşdiyim 4-cü
kameramdır...
Anlatmışdım, işarə etmişdim ki, qaydaları
bilirəm.
Böyük qardaş, avtoritet
Yadımdan çıxmır, Elnur cavabımdan pərt olmuşdu:
- Yenə də olsun. Dedim ki, biləsən. Bura "qardaşlıq
xatasıdır".
Bu sözü bütün hücrələrdə, ilk tanışlıq zamanı deyirlər.
...Sonra ayaqlarını ayaqlarının üstünə qoyub fikirli halda
siqaret çəkən hündürboy, təxminən 45-50 yaş arasında olan yaraşıqlı
adamı göstərdi:
- Xəqani böyük qardaşdır. Avtoritetdir. Buranın və korpusun
ağsaqqalıdır, - dedi.
- Çox gözəl, - dedim, keçib stolun arxasında
oturdum.
Qısaca tanışlıqdan sonra çay süfrəsinin tədarükü görüldü.
Söz-sözü çəkdi, hər kəs özünün tarixçəsini qısaca nağıl elədi.
Hücrədə ilk günümü illərin tanışı kimi başladım. Söhbətin
maraqlı yerində "Deputat" ləqəbli dustaq, Masallının Alvadı
kəndindən olan Elçin Quliyev Xəqaniyə işarə ilə:
- Dağlar oğlu az danışandır, ona fikir vermə, - dedi...
O, keçmişi haqda danışmağı sevməzdi
Xəqani kəlbəcərli idi, rayon işğal olunandan sonra ailəsi ilə
Tərtərdə məskunlaşmışdı. Ailə deyəndə, qoca anası və bir də qızı
vardı.
- Xaqanın həyat yoldaşı, qızı körpə olanda, onu tərk edib, -
bunu Elnur mənə dedi.
Özü isə bu haqda heç danışmazdı. Ümumiyyətlə, o, keçmişi haqda
danışmağı sevməzdi, yalnız anasından və qızından bəhs edərdi. Bir
qardaşının olduğunu, onun da kasıb vəziyyətdə yaşadığını deyərdi.
O, içəridən qardaşına və anasına dolanışıq üçün pul göndərərdi.
Xaqana döyüşçü dostları və kriminal aləmdə nüfuz sahibi olanlar çox
böyük dəstək olurdu.
Xaqan sakit adam idi. Günün çox hissəsi qaşları düyünlü olardı.
Oturuşunda, duruşunda, siqaret çəkməsində xüsusi bir əda hiss
olunsa da, əslində, bu onun xarakterindən irəli gəlirdi.
Fərqlənmək, seçilmək üçün bəzilərinin etdikləri jest yox idi onda.
Təbii idi... Hücrədəkilər onun hörmətini saxlayır, ondan məsləhət
alır, onunla hesablaşırdılar.
Ölümün gözünün içinə düz baxan
Çox vaxt dustaqlar domino oynayar, Xəqani isə çarpayının üst
qatında uzanıb yuxarıdan oyunu izləyərdi.
Onunla tez isinişdik. Mənim maraqlarıma rəğmən heç nəyi
gizlətmir və soruşduğum, öyrənmək istədiyim çox şeylərə aydınlıq
gətirirdi. Ağır döyüş yolu keçmişdi və ölümün gözünün içinə düz
baxmışdı.
Bir dəfə gəzinti zamanı Salyanlı Vüqar çəliyinin bir tayını saz
kimi sinəsinə basıb aşıqsayağı gəzişmələr etdi. (Vüqara istintaq
vaxtı işgəncələr verib qabırğasını və qıçlarını sındırmışdılar
deyə, çəlikdə gəzirdi). Kefimiz kök idi. Və birdən Xəqani Bəhmən
Vətənoğlunun dillər əzbəri olam "Lev çayının sahilində" şerini
oxumağa başladı. İki bənddən sonra üzünü mənə tutdu:
- Şair, ardını gətir.
Və mən bədahətən deməyə başladım:
İmkan tapıb etsəz söhbət,
Tanıyarsız məni əlbət,
Hamınızı aşkar-xəlvət
Lev çayının sahilində...
Xəqani sanki dəyişmişdi, ürəkdən şənlənirdi. Gəzinti vaxtımız
bitdikdə qapını açan nəzarətçinin ovcuna bir əlliminlik (indiki 10
manat, o zaman böyük pul sayılırdı) basdı:
- Uşaqlarla işin olmasın, qoy havalarını dəyişsinlər.
Bir saat da artıq qaldıq gəzinti odasında. Şeir isə hər kəsin
xoşuna gəldi. Xəqanidən başqa hamı elə düşündü ki şeirin müəllifi
doğrudan da belə yazıb. Amma müxtəlif bəndlərdə dostların adını
çəkməyim onları duyuq saldı:
Bizim Vüqar meyid kimi
Elnur barsız söyüd kimi
Tutub sizi Seyid kimi
Lev çayının sahilində...
Seyidin günahı qarşı tərəfin razılığı ilə azyaşlı qadınla əlaqə
qurmaq olmuşdi...
Çıxandan sonra canandan-zaddan yazacaq
Xəqani bu hadisədən sonra mənimlə dost olacaq qədər yaxınlaşdı.
Domino oynayarkən ikimiz bir olardıq. "Komabat" ləqəbli Mikayıl
adlı hərbiçi, "Deputat" ləqəbli Elçin Quliyev və digərləri bizi
udmaq üçün çox çalışırdılar. Amma bu, heç də mümkün olmurdu.
Hücrəmizdə mənim yazı adamı olmağıma da xüsusi hörmət vardı. Dustaq
yoldaşlarım "haqqımızda yazarsanmı" soruşanda, "əlbəttə" deyərdim.
Təkcə Elnur inanmazdı:
- Şair sözdür də deyir, çıxandan sonra canandan-zaddan yazacaq,
biz heç yada da düşməyəcəyik.
Elnurun dediklərini heç kəs ciddiyə almırdı. Xəqani deyirdi:
- Elnur narkomandır, onun ətrafında həmişə pis niyyətli adamlar
olub və yalan danışmaq da o tip insanların peşəsidir. Bu baxımdan
da o sənə inanmır.
Belə hallarda Elnur incik halda:
- Qədeş, bu olmadı ki, mən səni çox istəyirəm və yalan
danışmaram.
Sən Allaha "paçka" gəlirsən
Xəqani bir dəfə Elnura acıqla dedi:
- Ay yazıq, sən Allaha "paçka" gəlirsən, onu aldadırsan.
Dərmandan atıb uyursan, namaz qılanda canamazın üstündə yuxu basır
səni.
Elnur utanırmış kimi başını aşağa saldı.
- Utanmağın da yalandandır, - dedi Xəqani.
Bir neçə dəfə Elnur namaz zamanı alnı möhürdə yuxuya getmişdi.
Uşaqlar hay-küy salıb oyatmaq istəyəndə Xəqani imkan
verməmişdi:
- Dustağı yuxudan oyatmazlar, fikirli olarkən fikrini
dağıtmazlar, bəlkə də o indi yuxuda, yaxud fikirli olarkən bayırda,
doğmalarının yanındadır.
Mənim çoxlu lətifə bilməyim də dustaq yoldaşlarıma xoş idi. Uzun
gecələri səhərə ancaq belə daşıyırdıq. Hər kəs özünün həyatını,
macərasını danışardı həm də. Xəqanidən başqa. O, hər kəsin həyat
hekayətinə qulaq asar və qısaca:
- Yaxşı qurtarıbsan, - deyərdi.
Bizim hücrədə olan Elnur və Vüqardan başqa hamı şərlənərək həbs
olunduğuna inanırdı.
Peyinə görə həbs
Məsələn, batalyon komandiri mayor Mikayıl əsgərlərə qışa
hazırlıq üçün peyindən gərmə hazırlatdırdığına görə bir valideynin
şikayəti əsasında həbs olunmuşdu. Acınacaqlısı da o idi ki, peyini
Vaqif Cabbarovun mal fermasından götürdüyünə görə daha bir cinayət
işi əlavə olunmuşdu...
Xəqanin həbsinin səbəblərini isə heç kəs bilmirdi. Təkcə onu
bilirdik ki, bu, onun ikinci həbsidir. O, bir dəfə həbs olunub və
azadlığa çıxıb. Əslində, onun azadlığa çıxması qanuna zidd imiş. Bu
haqda bir az sonra..
Bir dəfə girəvə tapıb ondan günahın nə olmasını soruşdum:
- Niyə tutulmusan?
Eləcə üzümə baxdı. Və dərindən köks ötürüb dedi:
- Hansını danışım? Birdir, ikidir?
Sonra da domino daşlarını stolun üstünə tökdü, qarışdırıb:
- Gəl oynayaq, vaxt tapıb danışarıq, - dedi.
Ziya Bünyadovun gorunu o qədər söymüşdüm
ki...
Axşam yeməyindən sonra birdən üzümə baxıb dedi:
- Şair, Sən Ziya Bünyadovu tanıyırdın?
Deputat dilləndi:
- Xaqan, onu tanımayan var ki?
- Mən tanımırdım. Adını da eşitməmişdim. Onun gorunu o qədər
söymüşdüm ki!
Hamı təəccübləndi. Elə bil üstümüzə su çiləndi. Mən:
- Xaqan, o Sovet İttifaqı Qəhrəmanı olub. Çox böyük
tarixçi, akademik idi. Ermənilərə onun kimi tutarlı cavab verən
hələ olmayıb. Heç kəsdən də qorxmurdu, həqiqəti deyərdi
həmişə...
- Hə, çox sonralar bildim ki, o, yaxşı kişi olub. Bilirsən, məni
onun ölümündə günahkar bildilər. Hər gün işgəncə verdilər ki, qətli
boynuma alım, deyim, onu mən öldürmüşəm...
Diri də gətirmişəm, ölü də...
Sonra stəkana qaynar su töküb içdi. Xəqani heç zaman çay
içməzdi, qaynadılmış dağ su içərdi. Suyu içib boğazını
təmizlədi:
- Düzdür, mən adam öldürmüşəm, amma dinc adama güllə atmamışam.
Mən düşmən öldürmüşəm. "Boz qurd" idim. İpə-sapa yatmamışam, gecəni
durmuşam, iki nəfər yaxşı oğlan götürmüşəm, dağı aşmışam, səhərə
qədər 2-3 ermənini diri, 3-4-nün başını, qulağını gətirmişəm. Amma
yenə də mülkü ermənini yox, döyüşçüsünü, yaraqlısını. Şair,
bilməzsən, mənə nələr yaşatdılar bizimkilər... Sonra da dedilər ki,
guya Şəmsi Rəhimovun, Ziya Bünyadovun, daha nə bilim, kimin
ölümündə əlim olub. Vicdansızlar... - dedi qaşlarını bir az da
çatdı. - Nə oldu? Təsdiq edə bilmədilər, boynuma qoya
bilmədilər.
Xaqani o gün səhərə qədər nağıl danışırmış kimi bizə öz
hekayətini danışdı:
- Kəlbəcəri müdafiə edirdik. Vuruşurduq kişi kimi. "Kamaz"
maşınım vardı, satdım, verdim silah-sursata, gecəmiz-gündüzümüz
olmadı. Silahımız-sursatımız tükənəndə keçdim o tərəfə, bir dənə də
"Kamaz" keçirtdim bu üzə, satdıq, verdik patrona. Məni bunda
günahlandırdılar, şair, dedilər, oğurluq etmişəm...
Mənimlə olun: qızıma, gəlinimə dəyməyin
Bir dəfə gəldim bir evə, gördüm bizim döyüşçülər sərxoş halda
evin gəlinini, qızını, bir də arvadını küncdə durmağa məcbur
ediblər. Sataşmaq istəyirlər. O zaman dustaqları buraxmışdılar ki,
gedin döyüşün, günahınızı yuyun. Bunlar da əsgər deyildi, həmin
dustaqlardan idilər. Dəli oldum, dedim, siz nə edirsiz? Mənə məhəl
qoymadılar. "Biz evimizdən, eşiyimizdən olmuşuq, bunları qoruyuruq,
bunlar bizə halaldır", - dedilər. Biri mənə dedi ki, çox danışma,
yoxsa səni də...
Ana isə yalvarırdı ki, hər üçünüz mənimlə olun, qızıma, gəlinimə
dəyməyin.
Dözmədim, şair, avtomatın bütün gülləsini boşaltdım bunların
sinəsinə. Gecəynən də basdırdım. Mənim atışıma dostlarım gəldi, "bu
nə atəş idi", soruşdular. Dedim ki, mən filankəsləri öldürdüm.
Killer olmağı təklif etdilər
Yenə də susdu və siqaretini təzələdi:
- Mənim həbsimin bir səbəbi də budur. Şair, deyirsən, günahım
nədir? Günahım o idi ki, yaxşı gün-güzəran qura bilərdim özümə,
övladıma. Qurmadım. Sənin kimi şairlər demiş, öncə Vətən dedim.
Pulum, varım, dövlətim olardı.. Olmadı. Rusiyadan qazandığım hər
şeyi gülləyə dəyişdim, erməniyə atdım, qorxmadım. Mənə atəşkəs
dövründə killer olmağı təklif etdilər. Bilirsən kimlər?
Çiyinlərində ən azı polkovnik rütbəsinin ulduzlarını gəzdirənlər,
nə bilim kimlər. Adını deyim? Demərəm, yazıqsan. Danışarsan,
yazarsan, məhv edərlər səni. Razı olmadım, "yox" dedim. Dedim, mənə
icazə verin, aşım dağları, keçim erməni tərəfə, kəsim doğrayım,
öldürüm, partladım, amma öz millətimə güllə atmayım. Bax onda məni
həbs elədilər.
Türmədə sevgi macərası
Xəqani sonra türmə həyatından danışdı:
- Pentensiar xidmətin rəisi vardı. General idi. Onun zamanında
məni azadlığa buraxdılar. Adım isə türmədə gedirdi. Deyəcəksən, bu
necə oldu? Danışım: Mənim bir yerlim vardı. Cavan oğlan idi, həbs
olunmuşdu. Onu himayə etdim. Qoymadım toxunsunlar, incitsinlər.
Zonda hər kəs mənimlə hesablaşırdı. O, anasına haqqımda danışmışdı.
Anası mənə minnətdarlıq etmək üçün oğlu ilə görüşə gələndə məni də
çağırtdırdı. Gözü düşmüşdü mənə. Qardaşları təsəvvür edə
bilməyəcəyin vəzifənin və nüfuzun, var dövlətin sahibləri idi.
Oğlunu çox keçmədi buraxdırdı. Sonra mənim üçün görüş aldı, mənə
dərdini açdı, "sevirəm, mənim olmalısan", dedi. Və beləcə məni
günlərin bir günü azadlığa buraxdılar. Şəhərin ən böyük
restoranlarından birini verdilər mənə, "işlət, dolan" dedilər. O
qadın məni çox qısqanırdı. Evə gec gələndə şantaj etdirirdi,
"tutduracam səni" deyirdi. Olurdu ki, qadınlara pul verirdi,
göndərirdi yanıma. Məni yoxlayırdı. Qovurdum hamısını: müştəri kimi
yeyib-içirdilər, görürdüm tamahları başqadır, rədd edirdim.
Bilirdim ki, bunun işidir. Gəldim evə, basdım döydüm. Deyirdi, döy
məni, vur, amma xəyanət eləmə. Mən isə doğurdan da onu dəyişmədim.
Ancaq sonradan həmin məsələ təzədən qalxdı. Çox adamlar həbs
olundu, məni də yenidən tutdular.
Balam necə qəşəng olmuşdu!
Şair, mən bilirsən özümə nəyi bağışlaya bilmirəm? İki ilə yaxın
azadlıqda qaldım, Tərtərə gedib anamı, qızımı görmədim. Dedim, ev
alaram, gətirərəm Bakıya. Qadın da qoymurdu gedəm. Həm də mənə
xüsusi olaraq tapşırılmışdı ki, Bakını tərk etməyəm. Məhkəməmdə
anamı gördüm, oturmuşdu. Qoca arvad, yanında da o qədər gözəl bir
qız vardı ki! Ürəyim çırpındı, sinəmi parçaladı. Başını aşağı
salmışdı. Birdən başını qaldırıb gözlərimə baxdı. Dizlərim
qatlandı, titrədim, çökdüm yerə. Bu mənim qızım idi, İlahi, o nə
qədər böyümüşdü! Düz 9 il idi görmürdüm onu. Mən tutulanda 6 yaşı
vardı. Allah, balam necə qəşəng bala olmuşdu!
Xəqani danışmadı. Siqaret yandırdı. Tüstüsünü ciyərlərinə çəkdi.
Xeyli susduq. Sonra yenə mənə üzünü tutdu:
- Şair, mən anama oğul, qızıma ata ola bilmədim. Amma çıxım
burdan, onları xoşbəxt edəcəm. Şair, indi qızımın 19 yaşı var, heç
istəmirəm mən içəridə olanda ərə getsin...