Yuxarı

Həkimdən “qara kağız” alanda, belə olacağını bilirdim

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə ömürlük cəzaçəkmə koloniyasıdır

Yeni layihəmin qonağı kim olacaq? - deyə, çox fikirləşmədim. Səmimiyyəti ilə seçilən, poeziyası ilə sevilən şairə Fərqanə Mehdinin qapısını döymək qərarına gəldim.

Xətai rayonunda, N. Tusi küçəsi 25-dəki evin 5-ci qatına qalxıram. Mənzilin zəngini basmıram, eləcə, ehmalca itələyirəm. Qapı açıqdır. İçəri keçirəm. Mətbəxdən Fərqanənin səsi gəlir. Kiminləsə telefonla danışır, mən ayaqqabılarımı çıxarıb, foto-kameranı hazırlayıram, o isə telefonda danışdığı adama: "Sağ ol, deyəsən İlqar gəldi, sonra zəng edərəm",- deyir. Həyat yoldaşını deyir. Telefonla danışdığı adam isə şairə Narıngül imiş. İndi isə, mətbəxdən dəhlizə tərəf gələn ayaq səslərinin "ritminə" uyğun olaraq foto-kameranı o tərəfə tuşlayıram. Fərqanənin həyəcanlı səsi ilə foto-kameranın səsi üst-üstə düşür:

"Bıy, başıma xeyir, Faiq, sənsən? - Və kameranın çiqqıltısı. - Çəkmə, qurban olum, gör nə gündəyəm?" - deyir və qəfil qonağının gəlişinə təəccübdən çox sevinc hiss olunur səsində.

Aparsalar, İlqarı aparacaqlar

- Qapını, niyə bağlamırsan, açıq qoyubsan? Birdən başqası gələrdi.

- Evimdə qiymətli bildiyim İlqardı, o da aşağı düşdü, niyə bağlayım ki, aparsalar, onu apararlar, o da evdə yoxdu.

Könüllü əsir düşdüyüm dağların oğlu

- Nə bişirmisən axşama?

- Sən müsahibə götürməyə gəlibsən? – diktofonu əlimdə görən kimi əlavə edir.

- Yox, əşi, nə müsahibə, gəldim soruşum görüm, gecənin bu vaxtı nə iş görürsən, İlqarla bir-birinizə "poemadanmı deyim, nağıldanmı deyim" danışırsızmı?

- Qəfil gəldin, e, gözləmirdim. Hətta qapı açılanda elə bildim İlqardı. İlqar təkcə uşaqlarımın atası deyil ki... Könüllü əsir düşdüyüm dağların oğludur, qonşumdu, qohumumdu...

Elə bunu demişdi ki, İlqar içəri girir. Marketdən bazarlıq eləyirmiş.

Arxamca düşən kifayət qədər ağ atlı oğlan olub

- Ayə, Faiq müəllim, xoş gəlibsən, niyə xəbər eləmədin, araq da alardım. Bunu qaytaracam e dədəsi evinə. Gəlirəm evə, görürəm bozbaşı qoyub mizin üstünə, bir də dovğanı. Allah haqqı, bir həftədi yekə qazan bozbaşı bişirib yığıb "xolodilnik"ə, yedizdirir mənə. Yaxşı sosis almışam, qaynadar yeyərik. İlqarla hal-əhval tutduqdan sonra Fərqanəyə tərəf dönürəm:

- İlqar sənin gənclik illərində xəyalında canlandırdığın ağ atlı oğlana bənzədimi? Bəs, düzünü de, İlqara qədər ağ atlı oğlanın var idi?

- Arxamca düşən kifayət qədər ağ atlılar olub. Amma mənim xüsusi olaraq ağ atlım kimi gördüyüm insan yox idi aralarında. Bizim bununla sevgimiz çox təsadüfi olaraq baş verdi. O məni efirdən görüb bəyənmişdi. Qohumu da tələbə yoldaşım idi. Haqqımda öyrənibmiş, həm də. Mən həmişə demişəm, indi də deyirəm... mən onu görər-görməz könüllü əsir düşdüm.

- Maşallah, nənə də oldun, amma çiçək kimi açılırsan, günü-gündən qəşəngləşirsən. İlqar sənə dağların əzəməti ilə yanaşı ab-havasını da "transfer" eləyib. Mənəvi və maddi durumun necədir?

- Mənəvi və maddi durumum əlimə qələm alandan eyni qalıb. Eyni şeyə köklənmişəm. Mən heç kimin şair, ya da yazar olmasını istəmirəm. Həmişə demişəm: "Qələm şairin Əzrailidi, həmişə onunla üzbəüz durur. Keçən ilin bu vaxtı mən həkimdən xəstəliyimlə bağlı "qara kağız" alanda, elə belə olacağını da bilirdim. Mən hətta o kağızı alanda həyatı, yaşamağı unutdum, yenə də şeir yazmağa başladım. Vəziyyətlə, səhhətimlə əlaqəli şeirlər yazdım... - kövrəlir, ağlamsınır.

Yaradıcı adamlar ailə qurmamalıdır

- Maşallah, yaxşısan, xəstəlik-zad qaldı arxada. Stress keçirdin, ağrı çəkdin, indi sənin yerlilərin – salyanlılar demiş, "dəf" kimisən. Nə olub axı.

- Həm cəmiyyəti, həm işi, həm şairliyi, həm efiri, üstəlik də ailəni bir ovuc içində saxlamaq özü də bir əzabdır. Hər adam onu bacarmır. Mən bir tərəzidə hər ikisinin bərabər olmasını istəsəm də, elə alınmadı. Hərdən elə düşünürəm ki, sağlamlığımın itməsi tərəzini bərabər saxlamağımla əlaqədar oldu. Qadın gərək evinin xanımı olsun. İstər kişi, istər qadın şair olsun, gərək yaradıcı adamlar ailə qurmaya. Bəzən elə bilirik ki, həyat yoldaşımız bizi başa düşmür, əslində isə biz çətin adamlarıq. Biz həyata ayıq gözlə baxırıq. Hər kəsdən fərqli olaraq mən ağacın altında yox, üstündə oturub aşağı baxmaq istəyərdim. Həmişə həyat yoldaşım mənə deyirdi ki, sən niyə dərzi olmadın, başqa bir sənəti seçmədin, həkim, müəllim ola bilərdin. Bəlkə də bütün bunlar mənim özümə qapalılığımdan doğur. Hərdən mənə deyir ki, sən nə qazandın bu sənətdə, şairlikdə?

- Bəlkə, o səni şeirə olan sevginə qısqanıb. Şeirə olan bağlılığın olmasaydı, ona daha çox vaxt ayıracağını düşünüb? Bəlkə sənin poeziyada nəyəsə nail olmağın, onun nəyinisə itirməsinə səbəb olur?

- Mən yenə də deyirəm, işləsəm də, tez-tez tədbirlərə getsəm də evimin qadını, xanımı olmuşam. Yeməyimi də özüm bişirmişəm, ev işlərinin də öhdəsindən gəlməyi bacarmışam. Ona görə də qələm adamı, sənət adamı gərək öz istiqamətindən olan insanla ailə qursun. O məni yox, sənətimi daha çox sevməlidir. O məni şeirlərim ilə sevsə də, sonradan mənimlə razılaşmadı. O şeirsevər olduğu üçün mən düşündüm ki, mən onu öz dilim ilə başa sala bilərəm. Amma sonradan gördüm ki, vəziyyət heç də elə deyil.

- İlk dəfə şerin dərc olunanda sənin nə ailən, nə övladların vardı. Sadəcə, xəyalların var idi. Bəs o xəyallar nədən ibarət idi? Onlardan nələr gerçəkləşdi, nələr arxada qaldı?

- Ailə müqəddəs bir ocaqdır. Mən ona sahib oldum. Ana kimi müqəddəs ada sahib oldum. Hər zaman subay vaxtı fikirləşirdim ki, analar övladlarına necə lay-lay çalır, görəsən? Mən necə çalacam laylanı balalarıma? Amma çox rahatlıqla bacardım.

İstedadlı insanlar heç vaxt irəliləyə bilmir

- Bir evin çırağını yandırmaq arzun gerçəkləşdi, bəs bəzi arzular var ki... yəni ən əsası - ədəbiyyatda necə? "Ədəbiyyat məmurları" səni necə görürlər?

- Biz ədəbiyyata mizan-tərəzinin itdiyi bir anda gəlmişik. Mən demirəm ki, mən hər hansı bir zirvəyə çatmışam. Amma nüfuzlu bir jurnalda poeziya şöbəsinə baxıram. Amma ola bilər ki, müəyyən titullarım yoxdur, bəzi adlar verilməyib. İndi bir fakt var. İstedadlı insanlar heç vaxt irəliləyə bilmir. Şou-biznes nümayəndələrinə verilən qiymət heç vaxt yazarlara verilmir.

- Səbəb?

- Sovet dövründəki kimi ziyalıya, yazıçıya verilən qiymət indi yoxdur. İndi, söz arxa planda qalıb. İndi savadsızların, istedasızların daha çox kitabı var, əlaqələri var. Hərdən onlar mənə deyirlər ki, sənin 5, amma mənim 20 kitabım var. Ədəbiyyatda gərək özün olasan. Bəzilərinin elə üzü var ki..

- Demək istəyirsən ki, üzlü olmaq üzdə olmaq deməkdir.

- Əlbəttə. Məsələn, deyə bilərəm ki, mənə nəyisə veriblər, almışam, amma onlar bunu zorla alıb.

Şerin cinsi yoxdur

- Bağlı qapıları açmaq üçün qadın yazarlar daha bacarıqlı olur, yoxsa kişi?

- Şerin, yazının, yazarın cinsi yoxdur. Hər iki cinsdən var elələri, bərabərdirlər.

- Dostların haqda nə deyə bilərsən?

- Mən insanları yalnız xəstə olanda tanımağa başladım. O zaman anladım ki, hər kəsi sevmək, güvənmək olmaz. Hətta mən cərrahiyyə əməliyyatından sonra, ağır vaxtlarım olanda da mənə deyirdilər ki, bəzi insanlar mənim ölməyimi istəyirmiş ki, məndən sonra yerimə keçsinlər. İnanmırdım. Axı bunu niyə arzulasınlar? Mən bir jurnalda – "Ulduz"da poeziya şöbəsinin müdiriyəm. İnandıra bilməsələr də, bu söz-söhbət səhhətimə pis təsir edir, insanlara inamsızlıq yaradırdı.

- Sən bayaq dedin ki, hamını istəyən bir insansan, nə əcəb bu deyilənləri yaxına buraxırdın? Birdən-birə niyə bu fikrə düşdün?

- Düzdür, əvvəlcə inandım. Amma sonra unutdum. Olmaz belə, dedim. Təbrizdə əməliyyat olundum. İnan orda olan münasibəti, hörməti heç zaman unutmayacam. Məni şairlər, ozanlar necə qarşıladı, əməliyyata necə yola saldılar. Hər gün qaldığım evdə, şeir-sənət məclisi qururdular.

Məni İlqardan, zəmanədən sonra həmişə sən ağladıbsan

- Səhərdən göz yaşı tökürsən... – Ardıyca İlqaradan soruşuram: - Bunu həmişə ağladırsan?

İlqar dinmir. Fərqanə:

- Biz, Faiq, səninlə çox yaxınıq, bacı-qardaşıq. Hətta mənim bacım yoxdu. Sən o qədər doğmasan ki, bacıma deyəcəyim sözü də sənə demişəm. Məni İlqardan, zəmanədən sonra həmişə sən ağladıbsan. Bəzən mənim üstümə qışqırmağın məni həm ağladıb, həm güldürüb...

- Qızı köçürmüsən, bəs Ülfətlə aran necədir?

- Övladlarımla münasibətim normaldır. Ülfət mənim həm övladım, həm də oxucumdur. Ulfətlə ruhumuz yaxındır. Eynən Ülkərdəki kimi.

- Nəvəni çox sevirsən, yoxsa qızını?

- Mən həyata ayıq gözlə baxmamışam. Həmişə demişəm ki, şairlər yetim olurlar...

Şairlər bölünməz bütöv olurlar

Tüstüsü çıxmayan tütün olurlar

Şairlər balaları yetim olurlar,

Siz məni qoymayın şair olmağa...

Mən onu niyə demişəm. Əslində ona görə utanıram ki, mən uşağıma çaldığım laylanı şerlərə tökmüşəm. Şeir də mənim övladım olub, amma ən yaralı balam olub. Nəvəm mənim balalarımın davamıdır, ardıdır. Sevgimi bərabər paylaşmışam.

- Çox bədbinsən e...

- Mən xəstəliyimlə bağlı ömrümə "qara kağız" aldım. Anam həmişə deyirdi ki, "qara kağız" alanların bəzisi müharibədən sonra qayıdıb gəldi. Hələ də ümidim var. Düşünürəm ki, bəlkə xəstəliyim keçdi getdi.

Bizim ədəbiyyat xəstədir

- Ədəbi aləm necədir, sağlamdırmı?

- Bizim ədəbiyyat xəstədir. Çünki istedadlı adamlar arxa plandadır. Yazarların sağlam düşüncəli olanı azdır. Tanışlıqla gələndə belə olur. Bizim aldığımız əmək haqqı heç bizim yol pulumuzu ödəmir. Amma keçmiş yazarların kitabları dövlət tərəfindən çap edilirdi. Ev-eşiklə təmin olunurdular. Mən "Ulduz"dan aldığım maaşla yazdığım yazıya sərf etdiyim işığın haqqını ödəyə bilmirəmsə, bu nə deməkdir? Həqiqi ədəbiyyata meydan verilmir.

- Ədəbiyyata meydan verməyənlər kimlərdir?

- Mən Yazıçılar Birliyindən heç bir haqsızlıq görməmişəm. Gərək dövlət yazarın qayğısına qala. Təkcə bir il Prezident təqaüdü ilə dolanmaq olmaz. Bunun axırı yoxdur. Yəqin belə də davam edəcək...

Bir dəfə qızım uşaq olanda qabağıma qaçıb dedi ki, ana, "dolub-boşaldı dünya" nə deməkdi? Mən də belə yazdım...

Nə dərdinə qalıb, topunu oyna

Suyun heç bulağı qalxmayıb hələ.

Ananı top kimi fırladan həyat

Sənə göz ucu da baxmayıb hələ..

Sən hələ bunları bilməzsən, bala

Bu dünya nə tilsim nə sirdə qalıb.

Səni sualında yarıdan dünya

Mənə cavabında kəsrdə qalıb.

- Uşaqlığını xatırlayırsan?

- Biz o illərdə çox xoşbəxt idik... Həyatı belə dərin düşünmürdük. Həyatdı da, itirə-itirə gəlirik...

Həyat yoldaşımı balam kimi istəyirəm

Kövrəlir. Ağır sürən xəstəlikdən sonra yenidən həyata qayıdan şairənin sözlərini kəsmirəm. İlqarla siqaret yandırırıq.

- İnsan dünyanın işinə ancaq ailə quranda qarışır... Razılaşmalısan hər şeylə... Həyatın əzabın çətinliyinlə... Övlad doğmadır. Hər dəqiqə qorxu içində yaşayırsan... Övlad qorxusu... Mən müsahibələrimdən birində də demişdim ki, mən həyat yoldaşımı balam kimi istəyirəm. Bəli, ailə yükü budur..

Görəsən məndən sonra İlqar kimi alacaq?

- Yaman ölümdən danışırsan, birdən iraq olsun, ölsəydin, ölümqabağı nəyi arzulardın?

- Ölsəydim, son arzum bir yox, bir neçə olardı. Həmişə arzulamışam ki, əsgər anası olum... Ən böyük nigarançılığım isə ondan idi ki, qorxurdum, məndən sonra İlqar görəsən kimi alacaq? Mən onun alacağı qadına evminin künc-bucağını necə anladacam, nəyin harda olmasını necə başa salacam? İlqar onsuz da məndən narazıdır... Yazar olduğum üçün... Mən İlqarı o qədər çox istəyirəm ki, istəməzdim, o məndən sonra yalqız qalsın... Əziyyət çəksin.

Ailə ömürlük cəzaçəkmə koloniyasıdır

- Ənənəvi sual: yenidən doğulsan...

- Bir də həyata gəlsəm, sənəti yox, təkcə ailəni seçərdim. Bunu hər adam bacarmır. Ailə ömürlük cəzaçəkmə koloniyasıdır və amnistiyası yoxdur. Təbii ki, bu, yalnız sənət adamı üçündür. Gərək öhdəsindən gəlməyi bacarasan.

Fərqanəni gözü yaşlı qoyub, İlqarla çoxdan yarımçıq qalmış arağı içirik. Arada Gədəbəy ləhcəsiylə deyir:

- Ayə, ay insafsız, içib arağı gedəcəksən, mən indi onun könlünü almalıyam e...

Tarix
2013.12.11 / 10:07
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

Azərbaycan və Somali XİN başçıları görüşdü

İrəvan nə istəyir: sülh, ya müharibə? - Vasadze

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla