Yuxarı

İntihar edən dahi qızının sürgündə keçən ömrü

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
İntihar edən dahi qızının sürgündə keçən ömrü

"Varislər" layihəsində

Marina Svetayeva – yazar, tərcüməçi və XX əsrin ən böyük şairlərindən biridir.

Alya, İrina və Mur. Çoxsaylı ayrılıq və umu-küsülərə baxmayaraq, Marina Svetayevanın bütün uşaqlarının atası qanuni əri Sergey Efrondur.

Alya – Ariadna Efron Oktyabr inqilabından və hətta Birinci Dünya müharibəsinin başlanmasından əvvəl, 1912-ci ildə doğulub. Sənətşünas, memuarist, şairə, tərcüməçi, rəssam - bütün bu sözlər hamısı onun haqqındadır.

Lap körpə vaxtlarından Svetayeva qızında çətinlikləri dəf etmək qabiliyyətini tərbiyə etmişdi. Həmişə onunla öz yaşıdı kimi söhbətləşər, böyük qız kimi davranardı. Yəqin ki, bu, ölkəni silkələyən inqilab və müharibələr zamanı, xaricdə keçirdikləri yarımac mühacirət illərində və Stalinin cəza düşərgələrində ayaq üstə qalmasında qıza yardımçı olmuşdu. Körpə Alya üçün ən böyük hədiyyə şirniyyat və yeni oyuncaq deyil, ona nağıl söyləmək və gəzinti, hətta ilk baxışda əhəmiyyətsiz kimi görünən "anasının otağına keçə bilmək", onun yazı stolu arxasında otura bilmək, şairənin press-papyesinə (yazını qurulamaq üçün alət –tərc.) toxunmaq və anasının karandaşı ilə onun dəftərinə şəkil çəkmək fürsəti idi.

Alya oxumağı çox tez, heç üç yaşı tamam olmamış öyrənmişdi, həm də sözləri hecalara bölməmiş oxumağa başlamış və mənalarını da tam mənası ilə dərk edə bilmişdi. Altı yaşına az qalmış isə artıq yazmağa və özünün ilk gündəliyini qaralamağa başlamışdı. Bu, bir körpənin parlaq müşahidələrindən görünən bir dünya idi. Elə o vaxtdan da öz xatirələrini qələmə almaq Ariadna üçün bir ənənəyə çevrilir. Bu gün tədqiqatçılar onun və valideynlərinin haqqındakı məlumatların çoxunu məhz bu dəftərlərdən öyrənə bilir.

Xoşbəxt və dinc uşaqlıq illəri çox uzun sürmədi. Əsrarəngiz həyat tədricən paramparça olurdu - əvvəlcə Almaniya ilə müharibənin lap başlanğıcından yaxınlıqlarında lazaret (hərbi xəsəxana – tərc.) açılır, anası ilə birlikdə getdikləri teatr isə tez-tez yaralı və yetimlərin xeyrinə tamaşalar verməyə başlamışdı. Bu vaxtlar valideynləri də münasibətlərinin gərgin dövrlərini yaşayırdılar. Marina Svetayeva ərini tərk edərək şairə Sofiya Parnokla romantik ünsiyyətə baş vurmuşdu. Sonralar Svetayeva bu romanı "həyatının ilk fəlakəti" adlandırır və iki il sonra Efrona geri dönür.

1917-ci ildə İrina dünyaya gəlir, lakin cəmi üçcə il yaşayır və vətəndaş müharibəsi illərində Kunsevoda uşaq evində aclıqdan ölür.

Denikinin darmadağın edilməsindən sonra Sergey Efron mühacirət etməyə məcbur olur, 1922-ci ildə isə arvadı və Ariadna yeni dövlət tərəfindən təqibə məruz qalacaqlarından ehtiyatlanaraq onun ardınca yollanırlar. Berlin, Praqa ətrafı və nəhayət, 1925-də üçüncü uşağın - Georinin dünyaya gəlişindən sonra Paris… Oğlu şairənin övladları arasında ən intizarla gözləniləni və arzuediləni idi. Marina Svetayeva oğlu olmasını və Svetayev nəslini davam etməsini istəyirdi. O, çox arzulayırdı ki, oğlu özünə oxşasın. Belə də olur. Oğlu dünyaya gələndən sonra Efron qohumlarına yazırdı: "Mənə qətiyyən oxşamır! Qəribə uşaqdır! Eynilə Marinadır!"

Uşağın atasına oxşamaması onun, əslində, Efrondan deyil, Marinanın sevgililərindən biri Konstantin Rodzeviçdən olması haqqında şayiələrin yaranmasına səbəb olur. Ancaq bunu təkzib etmək çox asan idi, çünki Marina hamilə qalmamaışdan xeyli əvvəl adı çəkilən cütlüyün məhəbbbət romanı başa çatmışdı.

Alya Parisdə tətbiqi sənət məktəbini bitirərək kitab, qravyura və litoqrafiya (daş basması, daş basma çapxanası, daş basması üsulu ilə alınmış şəkil – tərc.) tərtibatı üzrə mütəxəssis olur. Sonra isə "təsviri incəsənətin tarixi" ixtisası üzrə Luvr Ali məktəbini bitirir. Bu, dəhşətli aclıq, yoxsulluq illərinə təsadüf edir. "Mənim yeganə gəlir yerim – qələmim idi. Ərim xəstədir və işləyə bilmir. Qızım şlyapa tikərək qəpik-quruş qazanır. Oğlumun səkkiz yaşı var. Biz dördümüz də bu pulla dolanırıq. Daha doğrusu, biz tədricən acından ölürük", - Svetayeva mühacirət illərini belə xatırlayırdı.

Ailə üzvlərindən ilk dəfə məhz Ariadnaya vətənə dönməyə icazə verirlər. 1937-ci il martın 15-də Moskvaya uçan Ariadnanı təkcə doğmaları deyil, çoxsaylı tanışları da yola salırdı. Onların hər biri Alyaya hədiyyə gətirməyi özlərinə borc bilirdilər və o, SSRİ-yə zəngin "gəlin" kimi gəlirdi: kürk, təzə pal-paltar, bəzək əşyaları və hətta anasının aldığı, çoxdankı arzusu olan qrammafon. Rusiyaya gəlişi və burada işlərinin qaydaya düşməsi sanki bir göz qırpımında baş verdi. Arianda öz ixtisası üzrə işə düzəlir, kitab illüstrasiyası ilə məşğul olur. Qız çox xoşbəxt idi və həyatında hər hansı bir bədbəxtliyin baş verəcəyini ağlına belə gətirmirdi. Fəqət bu günlər çox sürmür. 1939-cu il avqustun 27-də Ariadna Efronu casusluqda günahlandıraraq həbsə alıb səkkiz illik islah-əmək düşərgəsinə məhkum edirlər. Alya həbs müddətini günə-gün yatır və 1947-ci ilin 27 avqustunda azadlığa buraxılır.

Həbsdən sonra isə Moskva və bütöv bir şəhərlər siyahısı yaşamaq üçün ona qadağan edilir. Alya Ryazanda məskunlaşır və yerli bədii məktəbdə qrafikadan dərs deyir. Tənhalığı valideynlərinin həyatda olmaması ilə (anası intihar etmişdi, atasını isə 1941-ci ildə güllələmişdilər) daha da dozülməz hala gəlmişdi. Dostları ilə isə yalnız məktublaşa bilirdi.

1949-cu ildə repressiyanın yeni dalğası başladı, əsasən də əvvəllər həbsdə olanlar yenidən düşərgələrə, dar ağaclarına göndərilirdilər. Fevralın 22-də Ariadna Sergeyevna yenidən həbs edilib Krasnoyarsk vilayətinin Turuxansk rayonuna ömürlük sürgünə göndərilir. Əvvəllər rastına gələn hər işdən yapışmalı olurdu: papaqlarını satmağa çıxarır, qazları otarır, döşəmə yuyur, məktəbin divarlarını ağardır... Ağır fiziki iş onu əldən salırdı. Axır ki, Parisdə aldığı təhsil onu qüvvəsi xaricində olan işdən qurtarır. Ariadnanı payonun Mədəniyyət evinə rəssam götürürlər. Lakin o, təkcə rəssamlıq etməklə qalmır, eyni zamanda, maarfçilik fəaliyyəti ilə də məşğul olurdu: xüsusi müxbir, şair, redaktor kimi fəaliyyət göstərir, ədəbi gecələr təşkil edir, müstəqil tamaşalar qoyur, onlara dekorasiyalar hazırlayır, kostyumlar tikirdi. Bir sözlə, bütün şəhər əhlini aktiv ictimai həyata cəlb etməyə çalışırdı.

"Xiffət tayqadan yayılır, küləklə Yenisey böyunca dalğalanır"... Onu mədəniyyət və sivilizasiya ilə bağlayan yeganə tel Pasternak və bibisi Yelizaveta Yakovlevna Efronla yazışmalar idi. Yalnız 1955-ci ildə Ariadnanın işinə yenidən baxılır, cinayət əməli olmadığına görə o, bəraət alır və Moskvaya dönməsinə icazə verilir.

Ariadnanın ürəyi xəstə idi, o, bir neçə dəfə infakt keçirmişdi. Və 1975-ci il iyulun 26-da Tarussk xəstəxanasında növbəti infaktların birində dünyasını dəyişir.

Marina Svetayevanın oğlu – Georgi Efron və ya anasının dililə desək, Mur isə gənc ikən dünyasını dəyişir. Onun ömrünə cəmi on doqquz il yazılmışdı.

Doqquz aylığından Parisdə böyüyən Mur məhz bir fransız şəxsiyyəti kimi yetişmişdi, ona görə də tanışları yarızarafat, yarıgerçək onu "fransız" adlandırırdılar. Hələ uşaq vaxtlarından öz həmyaşıdlarını xeyli qabaqlamışdı: altı yaşında fransız və rus dillərində sərbəst oxuyur və yazırdı, axşamlar isə anası ilə həm də alman dili ilə məşğul olurudu. Çoxlarının on altı yaşında oxuduqlarını o, artıq on yaşınadək oxuyub mənimsəmişdi. Böyük bacılarından nümunə götürərək gündəlik yazırdı, ancaq çoxsaylı yerdəyişmələr zamanı onun körpə qələmi ilə yazdığı gündəlik it-bata düşür.

Mur yaxşı mənada anasının oğlu idi. O, anasını çox sevir, onu hər yerdə müşayiət edirdi. Ancaq hərdən anası haqqında çox kəskin danşmağı da vardı. Bəziləri hesab edirdilər ki, Georgi anasına hörmət etmirdi, ancaq Svetayeva çox şeyi oğluna güzəştə gedirdi: "Keçəcək. Hələ gəncdir..."

1939-cu ildə atası və bacısının ardınca Georgi anası ilə birlikdə Rusiyaya – onunçün naməlum olan vətənə köçür. Sanki Mur məhz doğmalarının həbsini görməkçün gəlmişdi vətən deyilən o yerlərə. İki ildən sonra isə anası oğlunu tənha qoyacaqdı: "Mur! Bağışla məni. Mən ağır xəstəyəm, bu, artıq mən deyiləm. Səni dəlicəsinə sevirəm. Anla ki, mən artıq yaşaya bilmirdim. Əgər görsən, atana və Alyaya de ki, onları son nəfəsimədək sevdim və başa sal ki, divara dirənmişdim".

Mur Svetayevanın intiharını çox ağır keçirir, hətta dəfndə belə iştirak etmir, çünki anasını ölü görməyə gücü yetmir. On altı yaşında yetim qalan Georgi internata yerləşdirilir, sonra isə Orta Asiyaya qaçır. Moskvaya qayıtdıqdan sonra bir qədər Ədəbiyyat institutunda oxuyur, müharibə başlayanda isə gənci orduya çağırırlar, o, repressiyaya uğramış atanın oğlu kimi cərimə batalyonunda döyüşür. Efron müharibədən yazır: "Ölüm dəhşətlidir, iyrəncdir. Hər tərəfdə təhlükə var, ancaq hər kəs ümid edir ki, onu öldürməyəcəklər. Qarşıda ağır döyüşlər var, almanlar çox ziyankar, hiyləgər və inadkardırlar. Ancaq güman edirəm ki, ölüm məndən yan keçəcək, lakin çox ehtimal ki, yaralana bilərəm". Məktub Murun ölümündən bir həftə əvvəl yazılmışdı. 1944-cü il iyulun 4-də Mur yaralanır və tibbi sanitar batalyonunda gözlərini əbədi yumur.

Tərcümə etdi: Təhminə C.B.

Tarix
2014.12.31 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla